Səhifə 2 / 3 · 33%

– Bu nə dəm-dəsgahdı, ay əmi!

Sultan köynəyini soyuna-soyuna qımışırdı.

– Hə, belədi!.. Üç vanna, üç duş! Kefin hansını istəyir, seç. Öyrədimmi? Özün aça bilərsən?

Səməd sarımtıl yağ boyalı divarlarda qoşa-qoşa lampalara, döşəmədə əlvan metləxə, qara dəri “tyubik”lərə, dəmir ayaqlı uzun stol üstündə balıqqulağı külqabılara baxırdı.

– Məhərrəm Abbasoviçin ailəsi böyük deyil ki! Neynir bu qədər dəm-dəsgahı?!

– Ailənin əsas mənzili başqa yerdədi. Bura ayrı cür evdi. – Sultan divar şkaflarından birinin qapısını aralayıb, yan-yana asılmış açıq mavi köynəklərin çiyinlərində general-leytenant, general-mayor, polkovnik, podpolkovnik paqonlarını göstərdi.

– Aydındı?... Necə deyərlər, quş gəlsə qanad salar, dəvə gəlsə dırnaq salar! Əmma sən öz şəxsi mənzilin kimi ola bilərsən burda. Lazım gəlsə, palmanın o yanındakı kabinetlərdən birinə də yiyələnə bilərsən. Bura ayaq basan adamların imtiyazları böyükdü. Bildin?

Sultan divar şkaflarından ikincisini açıb, paltarını asıb, məxmər pərdələrdən birinin arxasına keçdi.

Səməd paltarını “tyubik”lərdən birinin üstünə atıb, Müslümün haradansa bir cüt qara “trusı”, bir cüt tor “mayka”, bir cüt də ağ, qolsuz köynək gətirib, müəmma ilə: – Bu evdə hər şey sənindi, – dediyini eşidəndə nə isə çox dumanlı narahatlıq hiss etdi. Duşun altında bəlkə heç beş dəqiqə də səbr edə bilməyib, yalnız başındakı xırda-xırda yaraları ehtiyatla yuyub, çıxıb Müslümün açdığı üçüncü divar şkafından mələfə götürüb qurulandı, orda-burda zərbə yerlərinin şişi hələ o qədər də çəkilməmiş bədəninin üstündə biçilmiş kimi rahat paltarı geyinib, dumanlı narahatlığın səbirsizliyini duya-duya:

– Mən söhbətə hazıram, əmi, – dedi.

“Söhbət çoxdu...” Əlbəttə, çoxdu. Bütün yol uzunu Səməd demək olar ki, hər on-on beş dəqiqədənbir mürgüləyib, dərhal da nədənsə diksinib oyanmışdı və vaxtı ilə ağ daş binada, divanda əmisi ilə yanaşı oturan görüntünü – atasını maşının şüşəsi arxasında, qaranlıqda görmüşdü. Əmma sədr Mədəd “Sultanı dinlə! Sultanı dinlə!” – sözlərindən başqa bir şey deməyib yoxa çıxmışdı. Belə vəziyyətdə, anlaşılmaz qayğı-yük altında, mürgü ilə sərsəmlik arasında üzülmüşdü. İndi isə, pərdə arxasındakı su şırıltısına qulaq asa-asa, qaz qoxulu alovun gurultusunda çardaq altında, ocaq qırağında hərəkətsiz Gülgəzi, Torksini, Abını, Qılıncı, kəndi, cəmaatı, hadisələri bütün təfərrüatı ilə görürdü və anbaan əsəbiləşə-əsəbiləşə elə bil kənar bir iradənin hökmü ilə bir növ mexaniki danışırdı:

– Abı açıq-açığına qovdu məni! Qurban əmi də qovdu! Ələsgər müəllim də! Cəmaat dördəlli yapışıb məndən. Ağsaqqallar qovurlar! Müslüm bir yandan müəmma saçır, sən özün də bir yandan! Hamı sirdaşdı mənim əmimnən, tək Bircə balasından başqa!.. “Vərəsə”dən xəbərim yoxdu, əmma özüm Varis adlanıram! Atam Elm qurbanı olub, bilməmişəm! Xalq sürülüb, qırılıb, bilməmişəm! Niyə susmusan, əmi? Niyə kor böyütmüsən məni?! Təhlükələrdən qorunmaqdan ötrü hökmən kor qalmalıydım mən?! Hamı, hamı, hətta Cəfər əminin Torksin qızı da həqiqi alim kimi danışır, mən gözlərimi döyürəm! Ya da, təbii olaraq, hamıya etiraz eləyirəm. İnsanın məlumatsızlığı lap dəhşətli faciə imiş!

Şırıltı arasından gülüş eşidildi.

– Qaynama, Dəli Səməd! Deyəsən vəziyyətini hiss eləmisən! Elə ona görə belə qaynayırsan.

– Qaynayıram! – Səməd yumşaq çəkələkdə ayağını metləxə necə çırpdısa, pəncəsinə saysız-hesabsız iynə dolmuş kimi, sızıltı sümüyünə işlədi. – Belə getsə, doğrudan da dəli olacam! O nə “etiket” söhbətiydi?! Məhərrəmov kimi arxası olan, Rudenkoya söykənən adam da “etiketinin qoparılmağı”ndan qorxarmı, əmi?! Mənim “cinayət işim” qopardacaq sənin “etiketi”ni?! Bezobraziye niyə məğlubedilməz olsun axı?! Stalin ölməyibmi?! Mirqəzəb tutulmayıbmı?! Əl-qolunuz açılmayıbmı?! Heç olmasa qismən açılmayıbmı?! Nə vaxta qədər tək kimi qalacam?! Yoldaşlarım, dostlarım, əmim, Qılıncım, Təftişim var, – əmma elə təkəm!

Qurban əmi gözümü açdı bir az. Sonra məlum oldu ki, “Vərəsə”ni gizlətmisiniz məndən. Abı çox şey dedi, əmma başımı dumanlandırmaqdan başqa bir xeyri olmadı... Atamı görürəm! Bax belə, səni gördüyüm kimi!.. Səsini eşidirəm! “Sultanı dinlə” deyir!.. Qırx altıncı ildə Naxçıvana “duz” səfəri aydındı, Mirqəzəb varıydı onda, Pers varıydı, mübarizə gedirdi! İndi niyə süst kimisiniz?!

...Cəfər əminin, yetimlərin başlarına gələnləri, “on yeddi nəfərin işi”ni təzə bilmişəm! On iki dekabr qırğınının əsrlərdən gələn siyasi köklərini indi bilirəm!

Vaxtilə mənim həyatımı proqramlaşdırmışdın sən. İki il bundan qabaq bura – Bakıya göndərəndə dediyin sözlər indi də qulağımdadı: “Hər şey proqram üzrə gedir, qardaşoğlu. Get oxu, gəl vətənə xidmət elə”. Həyatdan baş açmıyan adam necə xidmət eliyə bilər vətənə?! Vətənim “Midiya” – BağOdEydisə, Bağdaydısa, niyə indi bilirəm mən bunu?! “Sultanı dinlə! Sultanı dinlə!” Özü tamam aydın görünür, sevincimi dərdə qarışdırıb gedir! Bu nədi belə?! Antiq dünyaya düşmüşəm, nədi?!

Sultan yenə qəh-qəhə çəkdi.

– Antiq dünyaya yox, təzə-təzə həqiqət dünyasına düşürsən! – dedi. Mədəd niyə deyib “Sultanı dinlə?!” Qurban sənə deyir: “Saşa, Pişəvəriyə xəbər çatdırıb ki, “Səni bu gün Astara yolunda öldürəcəklər. SeKa-ya zəng vur ki, ailəm Ağdamdadı, gedirəm görüşüm, gəlim, sonra maşınını sür o yana, keç sərhəddi, özünü xilas elə. Pişəvəri çox etibar elədiyi “Nun” kliçkalı yoldaşına sirr verib, onu da götürüb, özü oturub rulda, maşını sürüb birbaş Borjomiyə ki, orda dağ döşündən dar dolayı yolnan Türkiyə sərhəddinə getsin, ordakı gizlin fədailərin köməyiynən keçib getsin”. Əmma həmin dolayı yolda bir “qruzovik” çıxıb qabaqdan Pişəvərinin maşınını vurub salıb dərəyə – Kürə! Kür çayı orda lap balaca dağ çayıdı, daşlı, qayalıdı. Əzik-üzük olub maşın, bədbəxt Pişəvərimiznən...” Bu qədər bədxəbər sözdən bir kəlməsini eşitmisənmi, ay əzizim?! Yox! Çünki fikrin “qara saç, çal saç” yanında olub! Atan danışdı mənə bu bədbəxtliyi... Sonra özüm dedim burda ki, “Dağlı gürcü dostum doktor Revazın oğlu Mark Bortolidə KQB-də həkim işləyirdi. Zəng vurdu məni çağırdı, getdim Pişəvərinin maşınının dərəyə uçan yerini göstərdi: “Vot otsyuda brosili vaşeqo Pişəvəri!” Maşının əziyini gətirib Yevlax tərəfdə körpünün böyrünə tullayıblar. Qayıtdım onu da gördüm, guya Pişəvəriynən bir yerdə avariyaya düşən çekistimizi – “Nun” kliçkalı dostumu da gördüm xəstəxanada. Qıçının üstündən gipsi kəsdirdi, sap-sağlam qıçını göstərdi, mərd-mərdanə!.. Eşidirsən?! Suyun şırıltısını da kəsmişəm, deyirəm: “Budu əmiyin cinayəti!” “Nundan soruşdum ki, Pişəvərinin heç bir son sözü olmadımı?” Dedi: elə, “fəlakət! fəlakət!” deyirdi. “Demokrat firqəsini bağlayacaqlar!” – deyirdi...

Heç kəsə heç nə demədim. Qanını batırdım Pişəvərinin. Budu əmiyin ikinci cinayəti!.. Eşidirsən?!

Səmədin beyni uğuldayırdı.

O da öz sözünü deyirdi:

– Partbiletimin arasında şeyx əmilərimin qəbirlərinin şəkillərini gəzdirirəm. Necə yəni “Boqi obezqlavleni?!” Yer Bağları, deyirsiniz, xaliq deyillər... Olmasınlar! Niyə bu qədər acizdirlər?! Necə yəni “Bağ varisi?!” Heç cür, heç cür təsəvvür eliyəmmirəm. Qəribə-qəribə gizlin söz-söhbətləri Atamın indi o cür görünməyi! Nədi bu, ay əmi?! Nədi bu?! Kobud danışıram, bağışla, sirr dağarcığısan!

Sultan mələfəyə bürünüb çıxıb, qara dəri “tyubik”lərdən birində oturdu.

Çiməndən sonra rəngi avazımışdı. Pırpız qaşlar çatılıb, enib gözlərinin üstünü örtmüşdü.

– Şalvarımın cibinə bax, gör papiros qalıbmı?

“Kazbek” qutusunda beş-on papiros və kibrit vardı.

Səməd dedi:

– İcazə ver birini də mən yandırım.

Nə vaxtsa, uşaqlıqla ilk gənclik arasında Yusif kimi gözəl Yusif Cəfər əminin tütünündən oğurlayıb, qəzetə büküb çəkəndə Səməd də çəkmişdi, Yusifdən ayrılandan sonra tütündən də ayrılmışdı. İndi nədənsə birdən-birə meyl yarandı. Götürüb “kazbek” yandırıb, tüstü qaynağına baxdı.

– Mənə ən çox əzab verən budu ki, duman içindəyəm... Müslüm nələr danışır mənə! Heç nə, heç nə başa düşmürəm. “İstoriya Midii” kitabında nə varsa, hamısı yalandı?! Hamısı? Niyə bu dərəcədə?! Bizim keçmişimizi belə gizlətməkdə sovet alimlərinin qəsdi nə olub?! Bir tərəfdən aydındır, əhali özünü tanımasın! Bəs siz... Siz ki bilirmişsiniz hər şeyi! Elm barədə eşitdiklərimi nəzərdə tutsaq, belə çıxır ki, lap savadsız qalmışam mən. Hamı “nadan” deyir. Hamı!.. “İstoriya Midii”ni bittə-bittə oxumuşam, Midiya hökmdarları barədə Herodotun, Ktesinin xronikalarını əzbərlətdiriblər: “Astiaq”-filan!.. Bir nəfər də OdƏr Türk adı yoxdu o xronikalarda. Bütün tələbələr bir səsnən soruşdurdular: “Niyə belədi?!” Məhərrəm Abbasoviç gülürdü: “Belə suallara cavab vermək olmaz.!” Niyə axı?!. İndi məlum olur ki, illər uzunu oxuduğumun hamısı yalanıymış! Bağdayı “Maday”, “Mada”, “Midi”, “Midiya” yazıblar! Bağdayın ilk ərazisi Olamın adını “Elam” yazıblar! Müslüm deyir “Elam” çox təhqiramiz sözdü. “Bağıstan” sözünü necə qəsdən “Bi sütun” eləyiblərsə, “Olamı” da o cür “Elam” eləyiblər! Olamın sahibi Ulu Bağı “Lullu bəy” yazıblar! Sən də bunun hamısını bilirsən! “Elam”, “Lullu bəy”, “Bisütun”, “Ar az”, “Az ər!..” Gah “Ac atan” yazıblar, gah “Xan adan!”, gah “Tavriz”, gah “Tər biz”, gah da “Təb riz!” Partiya məktəbində baş-başa yığışırdıq, hamımızın üzümüzdə heyrət, dəhşət: “Atropatan” hara, “Azərbaycan” hara?!. Təkcə sənin dostun Heydər Hüseynov deyirdi: “Özünüz də görürsünüz ki, başqa-başqa sözlərdi. “Az ər”+“bay”+“can” da sonradan düzəldilmiş şeydi. Biz bir şey deyəmmirik sizə. Özünüz fikirləşin, axtarın görün niyə belədi?!” “Azər”dəki iki sözü – “az ər”i də o deyib bizə, “Araz”da iki söz olduğunu da, “ar az”. Bu cür hırıltı! Təhqir! Bunu yazanı da yaxşı tanıyırmışsan sən, təsdiq eləyən akademikləri də!.. “İki tərəfə işləyən” şoferin, açığı, əməlli-başlı şübhə yaratdı məndə sənə qarşı. Herodotun yazdığı “neponyatnıy midiyskiy yazık”ın Odu da, Əri də, OdƏr dili də “ponyatnıy” olduğunu vaxtında deyəmməzdinmi, əmi?!. Müslüm deyəndə ki, Olamı “Olimp” eliyən Qreklərdə, əslində Ulu Bağın sarayındakı daş yazılarında dil indiki dilimizdən çox az fərqlənir, yaş boğdu məni!.. Atam ölən günü bilməliydim mən ki, şeyx əmilərim Olamın xarabalıqlarından ana dilimizdə yazılı daş kitablar yığıblar, fədai yurdunda illərnən oturub ərəb dilinə, fars dilinə tərcümə eləyiblər. Paytaxtımız ƏrEydən qovulmuşuq, Farslar ƏrEyə “Rey” deyiblər, “müqəddəs” din kitabları ƏrEyi “Ray”a döndərib əfsanəyə çeviriblər! “Ray”dan qovulan OdƏrləri tək insan qələmə veriblər! Dəhşətə bax!.. “Sultanı dinlə!”, “Sultanı dinlə!..” Sultan dillənmirsə, mən necə dinləyim Sultanı?! Yeddi yüz əlli cildlik kitabxana!.. O tay-bu tay vətənimizin tarixi! Kitabxanamızın çox hissəsi elə maşın kalonunun təkərlərinin altında məhv edilib! Müslüm deyir o duz səfərinin səhərisi Culfadan, Naxçıvandan zəng vurdular Sultan Mamedoviçə, mən bir də getdim deyir Əlincə qalasının yanına. İlan dağı var, deyir, orda, İlan dağının ətəyi, sağ-sol düzəngahlar dümağ ağarırdı – kağıznan doluydu. Külək yoldan aparmışdı, deyir, maşınların təkərlərinin altında asfalt da xıncmınc kitabnan, kağıznan doluydu deyir... Erməni katolikosların ərazi-filan barədə məktubları heç nədi Ulu Bağ ƏsƏlmənin – “Süleyman padşahın yerin altında qalan “xəzinəsi”nin yanında! Ermənilərin məktublarına, Stalinin teleqramına görə yox, “Vərəsə” kitabxanasına, Bağday tarixinə görə öldürüblər atamı! Məhz tarixə görə sürülür, ərazilərimizdən uzaqlaşdırılır bu xalq! Düzdü?!. Bu müsibəti vaxtında bilsəydi, kim olardı bu indiki Dəli Səməd?! Atam ölən günü bilməliydim mən ki, general Persin uydurduğu “qan düşmənçiliyi” üstündə yox, “Allah” – ƏlAğ uğrunda, Bağday uğrunda, Ulu Bağ ƏsƏlMən – “Solomon” uğrunda qurban gedib sədr Mədəd! Sultan Əmirlini bütün varlığıynan sevən ürəyim var mənim. Əmma sevgim kordu! Beynim boşdu! Deyirik “mühit yetirir insanı”. Mühitim də belə qapalı! “Batin!” İncimə məndən, qurbanın olum, əmi, səni sarsıtmağa gəlməmişəm bura. İstəyirəm, doğrudan da açıq, mərdanə danışaq, doğrudan da heç bir gizlin şey qalmasın aramızda. Bu saat sən qapalı dünyasan məndən ötrü. Məsləkdaşın Qılınc Qurban bir cür qapalı dünyadı, sirdaşların Xızr Abıynan Ələsgər müəllim başqa cür qapalı dünyadılar. Bütün millətin özü qapalı dünyadı! Qapılarınız təsadüfdən təsadüfə açılıb tezcə də qapanır! Nəsə eşidirəm, görürəm, onda da bircə şey dərk eləyirəm: dünyadan xəbərim yoxdu!.. Acam mən, əmi! Həqiqət acıyam! Ağıl, idrak acıyam! Belə vurnuxa-vurnuxa, əslində, demə, həqiqət axtarıram mən!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Süleyman padşahın xəzinəsi 8

Fəlakətdən xəbərsiz Səməd zalda bayaqkı yerində təkcə oturmuşdu.Uşaqlıqdamı, ilk gənclikdəmi, nə vaxtsa, əzələlərini daşlaşdırmaq fikrinə hələ təzə düşdükləri günlərdə, əzələ qayğısından başqa heç bir qayğıları olmayan çağlarda sədr Mədədin ərköyünü ilə Cəfər əmi – Lüt Cəfərin qaynı Yusif, Sudüşənlə meşənin arasında kərpickəsənlərin sarı torpaq çıxartmaq üçün qazdıqları dərə kimi dərin qaznağa su buraxmışdılar, göl düzəltmişdilər. Hər gün məktəbdən çıxanda birbaş o gölün qırağına yüyürərdilər, kitab-çantalarını bir yana, paltarlarını o biri yana atıb, suya baş vurardılar, “eşmə” üzə-üzə çıxıb, canı sulu-sulu meşəyə cumub, ağacların budaqlarını turnikə çevirərdilər, pambıq əkini üçün köklənmiş sahə kənarında kötükləri ştanqa çevirərdilər, turnikdə oynamaqdan, ştanq qaldırmaqdan pörtəndə isə bir də suya baş vurub çıxıb, paltarları qoltuqlarında, çantaları çiyinlərində, kandarında çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan evə qayıdıb, Ayna bacının, Gülbənizin və ya Gülgəzin həmişə hazır saxladıqları süfrənin qırağında çıl-çılpaq oturub, bir əllə çörək yeyib, o biri əllə “Ədəbiyyat müntəxəbatının”, “Cəbrin”, “Həndəsənin”-filanın vərəqlərini o yan-buyana aşırandan sonra yenə gölə cumardılar. Ömrün necə şirin çağları varmış! Əmma elə gün olmazdı ki, Qıllı Qeybalı şirinə acı qatmasın. Dantes Qeybalı yox, o vaxtlar Qıllı Qeybalı və “Ataman” deyilən pələpüsür oğlan suyun altında qara camış kimi peyda olub Səmədin ayaqlarından asılanda, Qudalı uşaqları da cin-şəyatin kimi qaynaşa-qaynaşa Yusifin əl-qoluna sarılardılar. Sudan kənarda sədr Mədəd vardı, Qılınc Qurban vardı, adı Lüt qoyulsa da partkomluğunda qalan Cəfər əmi vardı, orda sədrin ərköyünü ilə partkomun qaynına yaxın düşmək çətin idi, suyun altında isə ərköyünün tərifli qara, gur saçlarından çəngə-çəngə qopartmaq olardı, “Yusif kimi gözəl Yusifin” ağzını cırmaq, burnunu burub əzmək, şişirtmək olardı. Odur ki, suyun altında nə qədər qalmaq mümkündürsə, bir o qədər qalıb, lap boğulunca vuruşardılar. Xüsusən sədr Mədədlə Qudalı ağsaqqalı Rəhimin idarədə-iclasda sözləşdikləri günlərdə suyun altında vuruşma çox çəkərdi. Elə çox ki, qıllı camışla cinşəyatin dəstəsinin ardınca sudan çıxanda göl dibinin həyəcanla dolu, uğultulu sükutu Səmədin beynindən getməzdi.

14 dəq
Süleyman padşahın xəzinəsi 9

Səməd səndələyirdi. Əmma beyni açıq idi. Əmisinin ardınca gedə-gedə, bayaqkı müəmmalı qandan, ocaq, tüstü qoxusundan içərisinə necə üzüntülü, qat-qarışıq hisslər dolduğunu, eyni zamanda bu hissləri cilovlamaq üçün indi bir o qədər çətinlik çəkmədiyini bütün aydınlığı ilə başa düşdü. Qırmızı tuf daş binanın pillələrini qalxanda, özünün düşündüyü kimi “əməlli başlı toxtamışdı”. Qəbul otağında dörd divarın dördünün də dibində sıx cərgə ilə düzülü stullardan çesuyçalılar bir nəfər kimi gurultu ilə ayağa qalxdılar. Bu gurultuda gizlin məna vardı: birbaş dermantinli qapıya gedən əmisinin ardınca yeriyib heç kəsə baxmasa da, Səməd hiss etdi ki, həbs xəbərini burda da eşitmişdilər və teleqramdan sonra yarımallah olan Sultan Əmirlinin bu dəfəki qələbəsindən sarsılmışdılar, məhz buna görə də, stullardan dik atıldılar, qısıq, müti, rəzil qullara çevrildilər. Pıçıldaşıb, “Kişi, Kişi” dedilər.Qısıqlığı, qorxaqlığı, mütiliyi, rəzilliyi Səməd dermantin qapının sağında, küncdə dayanmış üç nəfərin üzündə daha aydın gördü. O üç nəfərdən – Xudiyev dəstəsindən birincisi prokuror Sayılovdu. İkincisi milis rəisi Gülənovdu. Üçüncüsü RİK Atamalı idi.

22 dəq
Süleyman padşahın xəzinəsi 10

Yoxluq, heçlik içində bir qaraltı göründü. Səmədə elə gəldi ki, düz bu yana gələn qaraltı kim isə Sultanın adından gəlir. Əmma qaraltının böyründə “Pobeda” maşını görünüb faraların qəfil parlayan gur işığında o “qaraltı”nı zərli paqonlarında üç iri qırmızı ulduzu işıldayan bəstəboy, dolu, möhkəm, gözəl bir oğlana çevirdi. Axsaya-axsaya, bir yanının üstünə çökə-çökə, sürətlə yaxınlaşıb, sol əlini tənziflə boynundan asılmış sağ qolunun altından çəkib, iri, qabarlı pəncəsini Səmədin qarşısında geniş açıb:– Salam, əzizim. Mən Saşayam, – dedi.

18 dəq
Süleyman padşahın xəzinəsi 11

Hardasa kim isə heybətli səslə bağırırdı:– Korsunuz?!. Görmürsünüz?!.

46 dəq

Başqa şairlərin şeirləri