Səhifə 1 / 2

Xızr Abının müəmmalı pərtliyi nəzərə alınmasa, qələbə ətrafında hamının, hətta Qarışqa qarının da dirçəldiyinə, ümumi şadlıq, vəcd hökm sürdüyünə baxmayaraq, Səməd özü əldən-ayaqdan düşmüşdü, yəqin ki, içərisi boş olmayan çadıra gedib dincəlməyə ehtiyac duyurdu. Əmma hardasa nal səsləri və Qurban əminin “Qorxmayın! Qorxmayın! Sultan özü gəlir”, – dediyini eşidəndə bədəni tarıma çəkildi.

– Torksin! Qara Zal! Sarı Zal! Qızlı, oğlanlı, hamı dalımca gəlsin. Əlləzoğlunun evinə getməliyik. Hamılıqla! Gəlin! Əlləzoğlunun evinə!

Heç kəs görmürdü ki, enləri ilə uzunları tən gələsi dərəcədə iki kök qadın qaranlıqda biri-birindən xeyli aralı dayanıb Səmədin son sözlərini eşidəndən sonra, hər ikisi eyni iti addımlarla işığa çıxdılar. Gülbəniz Səmədin bir qulağına: – Neynirsən sən, a canım-ciyərim?! O cırdığın məktubda bədbəxt bacım dönə-dönə yazmışdı sənə ki, Sultan adında adamdan züryəti olmuyacaq, – deyəndə, Şənbə Səmədin o biri qulağına: – Cəmaatı niyə yığırsan ora?! Bilmirsənmi ki, o uşağı daha saxlamaz qarnında?! – dedi.

Səməd mat-məəttəl Gülbənizin enlənib, krem yaxılmaqdan ağarmış üzünə, gah da Şənbənin əprilmiş yanaqlarına baxırdı: cəmi üç nəfərin – Sultanla qardaşoğlunun və Müslümün arasında olan söhbəti bunlar hardan bilirdilər, doğrudanmı o məktubu Gülgəz özü yazmışdı və uşaq söhbəti də ordandı?!

Səməd bu iki nəfər yad ikən məhrəm, məhrəm ikən yad qadının arasından çıxıb, bir də qışqırdı:

– Torksin! Eşitmədinmi nə dedim?! Gülgəzin yanına getməliyik! İş var!

Belə qəfil, gözlənilməz, qəribə sözlərdən, əlbəttə, çaşmayan, tutulmayan qalmadı. Yalnız Səməd meydandan xeyli aralanandan sonra Torksin: – O boş söz deyərmi? Lazım olmasa çağırarmı bizi? – deyib Səmədin ardınca yüyürəndə başqaları da tərpəndilər.


Gülgəz qalın, hündür çəpər arxasında, evin sol səmtindəki çardağın altında, boz kilim üstündə dizlərini qucaqlayıb oturmuşdu. Ocağın alovu təzə-təzə qızışıb, qara, yığcam qazanın altından atıla-atıla həyəti az-maz işıqlandırırdı. O tutqun işıqda, cığaları qaşlarının üstünə sallanmış, zərif, doğma sifəti, qaynarlığı, gözəlliyi uzaqdan da sezilən gözləri görərgörməz, Səməd iti, qulac addımlarının öz-özünə yavaşıdığını, hələ Bakıda rulun-sükanın arxasına keçdiyi dəqiqədən başlayaraq beynində dolandırdığı sözlərin yoxa çıxdığını duyub, hətta ətrafındakı cavanları heyrətləndirən sarsıntı ilə dayanıb, başını sağ çiyninə əyib, yazıqlaşdı, məzlumlaşdı. Heç kəs, o cümlədən Səməd özü də bilmədi ki, belə ləngiməyi arxadan taleyin hökmü ilə gələn Xızr Abının özünü yetirib dəstənin qabağına keçməsinə səbəb oldu.

Abının gözləri geniş açılıb Səmədin, sonra sağ-solundakı cavanların, qızların üzlərində gəzdi. Səsində qəzəb gurladı:

– Deyir görüm məhəbbət nə deməkdi?!

Qızlar oyan-buyana baxdılar. Cavanlardan bir-ikisi pıqqıldaşdı. Sonra hamı Səmədə baxdı, hamısı çaşqınlaşdı.

Səməd özü isə, başı çiyninə əyili, həmin məzlum, yazıq görkəmdə susurdu.

Abı başdan-ayağa müəmma idi.

– Ələsgərin damında dərs keçibsiniz hamınız. Səməddən başqa... “Mövlud keçirmək”, peyğəmbər ƏlEy ƏsƏlimin əsli-nəsli haqqında danışmaq ixtiyarı alıbsınız. Peyğəmbərin rütbəsi barədə sual verirəm. Səsiniz niyə batıb?!

Birinci yenə Torksin dilləndi:

– Yeridimi, baba?! Səmədin vacib sözü var Gülgəzə. İstəyirsən sən də gedək.

Abı daha da sərtləşdi:

– Səməd deyib sözünü! Artıq danışıq nəyə lazımdı?!

Səməd qamətini düzəldib, fikrini toplamağa çalışdı.

– Mən heç nə deməmişəm...

Abı əlini çadır səmtinə uzatdı.

– O yuvaları dağılan qaranquşların civiltiləri də eşidilir bu həyətdə. Axşam quyunun üstündə sən o cür danışanda eşidilməyibmi burda?!. Sus indi sən! Hünər göstərib aləmi çaxnaşdırıbsan! Bir çaxnaşma da burda salacaqsan?! Tanımırsanmı Əlləzoğlunu?! Xəstəxanadan çıxarıb gətirib salarlar üstünə, böhtan çirkabında batarsan. Bildin?!. Cavanlara sual verdim. Cavablarına qulaq as sən bunların, gör nə deyirlər... Niyə dillənmirsiniz, bala? Necə yəni “yeridirmi?!” Xızr Abı yersiz danışar?! Cavab ver sualıma! Təzəlikcən dil çıxardıbsan. Danış da!

Torksin, bir gözü Səməddə, bir gözü Abıda:

– “Məhəbbət” rütbədi, – dedi – İndiki dilimizdə təhrif olunub. Əslində cəmi Bağların, OdƏrlərin rütbələrindən biridi. OdƏrcəsi BağHəmOddu (Vahid həqiqət Bağı). Təhrif dillərdə “Muhamməd”, “Mühəmməd”, “Məhəmməd” və sair müxtəlif sözlərə çevrilib. “Muhabbət”, “Möhübbət”, “Məhəbbət” sözləri də peyğəmbər ƏlEy ƏsƏlimin BağHəmOd rütbəsindən azıb təhrif olunub. Hər hansı bir insan SafAğ Elminin əsasını mənimsəyibsə OdƏr – Həqiqət İşığı olursa, eyni zamanda BağHəmOd (Vahid Həqiqət Bağı) olub, Odun – Həqiqətin köməyi ilə insanı insana bağlayır. Həqiqəti bilən insan Həqiqəti bilən insana bağlananda isə, eyni zamanda ƏlEyə – Uca Ələ, yəni ƏlAğa – “Əllah”a bağlanır.

Budur məhəbbət, baba!

Həqiqətdən xəbərsiz insanın “məhəbbət”i təhrif sözdü, təhrif mənadı, yalnız hissiyyata, başqa sözlə, şəhvətə bağlandığına görə, şəhvət hissi öləndə təhrif “məhəbbət” də ölür. Bu deyilənlərə əlavə olunmalıdır: ƏlAğ – “Allah” EySarımız bizi həqiqətdən xəbərsiz insan “məhəbbət”indən qorusun!

Torksin gözlərini Səməddən çəkmədən, gərginlikdən, qəhərdən boğula-boğula udqunda.

Abının gözləri də Səməddə idi.

– Eşitdin?! Dərk elədin?! O çardağın altında oturan bədbəxtimizə az-çox məlumdu bu həqiqətlər. Sultandan dərs alıb bu dörd ayda. Sultanın övladını bətnindən qovmaz o, oğul! Bu barədə Sultana da düz deməyiblər, sənə də. Həm orda – Bakıda başını yeyiblər sənin. O şofer düz adam deyil. Burda da iki zənən deyib sənə bu barədə. Mənə məlumdu bunun hamısı. Sultanın hələ dünyaya gəlməmiş züryətinə anası yox, başqaları qəsd eliyərlər. Bacarırsansa, bax elələrindən qoru o bədbəxti. Təhqirlərə, söz-söhbətlərə dözəmmir. Başa düşdünmü?! O cırdığın məktubu bu yazmayıb sənə. Məktəbin arxivindən bunun “rus dili” dərsindən “diktant” dəftərini tapıb Xaş nəçənnik, Şüşəlidə oturub bunun xəttinə oxşada-oxşada, hırıldaşa-hırıldaşa yazıblar, insanı sözlə zəhərləmək, əsəbiləşdirib öldürmək kursu keçən o ilan zənəni məcbur eləyiblər məktubu versin, görüşdürsün sizi, o yandan da Qudalı itlərini çağırsın, şəklinizi çəksinlər bax o çardağın altında, qəzetə verib ifşa eləsinlər: “Zəmanəmizin Məcnunu Leylisindən qaçmır!” Plandı bu. KQB-də Xudiyevi xəlvəti əvəz eləyən Xalıq Qudalovun şəxsi planıdı! İki zənənə tapşırıb bunun icrasını. Burdadılar ikisi də. Çox yaxşı tanıyırsan hər ikisini!

Ətrafında baş verən hadisələr çatmır sənə, oğul! Çünki çox, çox təmizsən və sadəsən! Bezobraziyenin nə iş gördüyünü bilmirsən. Sarı Zal səndən yaxşı görür Bezobraziyenin əməlini: Varisin başındadı hər şey deyir, o cür taraqqa-taraq vuruşmanın arasında qabağını kəsib başa salır səni, yenə başa düşmürsən kimsən, kim olmalısan!

Abı üzünü cavanlara tutdu.

– Aparın bunu, dərs deyin o çadırda!.. Eşitdinmi, ey pak nadan?! Dərs keçməlisən! SafAğ Varisi rütbəsinə layiq olmalısan! Yoxsa, özünü də məhv eləyəcəksən, əmini də, bizi də və o dizlərini qucaqlayan xoşbəxt bədbəxti də! Bəli, xoşbəxtliyi də var onun. Vaxtı çatanda biləcəksən. Nə baxırsan üzümə?! Göyə bax! Bu aylı, ulduzlu Kainat miqyasında nə qədər bilmədiyin şeylər var! Bir dəfə BağHəmOdun öz sağlığında, iki yüz illik müharibənin lap başlanğıcındaca məhv eləyiblər bu Elmi. Yeddinci əsrdə. Bir dəfə Mənsur Həllacın zamanında – onuncu əsrdə qırıblar alimlərimizi. Bir dəfə Firdovsinin zamanında! Bir dəfə Nizaminin zamanında! Bir dəfə Nəimi ilə Nəsimi bədbəxtlərimizin zamanında! Bir dəfə “Şeyx Səfi” dedikləri Şeyx SafAğın zamanında! Bir dəfə onun oğlunun, bir dəfə də nəvəsi Şah İsmayılın zamanında! Bütün Kürreyi-ərz deyilənin bəşəriyyəti məşğul olur bu işnən ay yazıq Varis balam! Bu doqquzuncu dəfədi. ƏlAğ EySarımızın edamını da əlavə eləsək, onuncu dəfədi! SafAğ Elminin minlərlə ad altında gizlənən milləti özü-özünə qılınc qaldırır indi! “Faraon” dedikləri EvƏr-EyÜnlərin zamanlarında EvƏrEy OdƏrlərimizin özlərini o dərəcədə nadanlaşdırıblar ki, ƏrAğları – “ruh”ları birbaşa OdAğÜz BağOdƏrə uçan EvƏrEyÜnlərin hamısına mavzoley tikdirib, yanına da azuqə qoyub guya Yerdə saxlayıblar. İndi cəmi Yer üzündə “Yevrey” düşmən sayır EvƏrEyÜnləri – “Faraon”ları. Niyə? Çünki İlan belə qandırır! “Misr” – BağSar tariximizi öyrənsən, görərsən ki, on bir dəfə yox, bəlkə yüz bir dəfə məhv eləyiblər Varislərimizi! Get öyrətsinlər! Get!

Səməd quruyub qalmışdı.

– Abı!.. Abı, axı, əmimin özünün sözüynən gəlmişəm mən bura!

– Dedim Sultanı başdan çıxaranlar var! Sultanın yox, Müslümün sözüynən gəlibsən! Daha doğrusu, Çax-çuxun!.. Tanıdınmı Müslüm Müslüm oğlunu?!

– Nə?! Nə dedin?! Müslüm bizimkidi, Abı!

– Təkrar eləyirəm: çox, çox sadəsən, uca nadansan, oğul! Bakıda tək ulduzla, mayor paqonuyla, burda qoşa ulduzla, polkovnik paqonuyla qabağına çıxan, kül-xınc elədiyin adamı tanımırsan sən. Xalıq deyil o! Qudalı deyil! Yağır Məmmədəlinin oğlu deyil! Xəlvət Rəhimin qardaşı oğlu deyil! On birinci ildə Səttar xan vurulandan sonra Yağırı aparıb Londonda, Romada – filanda saxlayıblar. Sonra Peterburqa göndəriblər. Sonra yenə Cənuba qaytarıblar. Bax onda Jalə adında bir dul arvadla evləndiriblər, arvadın Xudat adında oğlunu da “Xalıq” adıyla yazdırıblar Yağırın üstə, olub Xalıq Qudalı!.. Əslində heç Xudat da deyil! Heç o dul arvadın da oğlu deyil! Nikolay vaxtından, on yeddi yaşından göndərilib Azərbaycana, burdan da göndərilib dul arvadın evinə... Aç gözünü, yenidən bax Xalıq Qudalıya! Bütün Azərbaycanda Mirqəzəbnən Pers bilir, bir də Sultannan mən bilirik kimdi o. Eşitsə ki, sirr açıram, bax bu cəmaatın gözünün qabağındaca gülləliyər məni! Səni də gülləliyər, Sultanın özünü də. O yekəlikdə, o təcrübədə qatil zır-zır ağlayır ki, “Yağır Məmmədəlidi mənim atam! Kim uydurub bu avtobioqrafiyanı?! Rəhim kişi doğma əmimdi mənim!..” İnanmaz! Çünki Peterburqda Rəhimnən Məmmədəlinin qoşa şəklini veriblər, bir-birinin kopyasıdı! Odu ha, Rəhimin evinin divarında!.. Müslüm çox biləndi. Nəsə duyub, ya da nəsə bilir onun barəsində. Odu ki, öl deyəndə ölür, qal deyəndə qalır. Sənə deyib: “Məktub yaz, verim bacıya, uşağına xətər yetirməsin”. Sultanın tapşırığı deyil bu! Çax-çuxun tapşırığıdı! Nəyinə lazımıymış elə bir məktub, Qurban soruşub. Açıq deyib ki, “Səməd əmisini vurandan sonra məhkəmədə əşyayi-dəlil nə qədər çox olsa, bir o qədər yaxşı olar”. Yəni Müslüm Gülgəzə yox, Çax-çuxa verməliydi sənin məktubunu. Sultan da bilir bunu, Məhərrəm də. Sən elə bir şey eləsəydin, Müslüm məktubu Çax-çuxa verəndə Məhərrəmin adamları almalıydılar Çax-çuxdan. Belə şeylər var, oğul!.. Elə xurd-xəşil süründü hara getdi, bilirsən? Prokuror Sayılovnan həkim gözləyirmişlər Xəlvətin həyətində. Çəkməsinin boğazından xançal çıxarıb, sinəsinin qanına bulayıb verib həkimə ki, “Bax bunnan öldürmək istəyirdi məni o dəli”. Bildinmi hansı xançaldı?! Kim aparıb, necə aparıb əmiyin bağından o xançalı?! Necə olub ki, Bakıda Xalıqın dizlərinin üstündə görübsən o xançalı?! Gör nələr eləyir Bezobraziye!.. Ayıl, oğul! Yazıq Qurban lap cana doyub. Deyir “iki yerə bölünsəydim, yarım Bezobraziyeni izliyərdi, yarım da dəlimizin özünü!” Qılınc Qurban deyir ey bunu! Di get! Get! Aparın bunu o çadıra! Yenə qan axır başından. Sestranı çağırın. Acdı həm də bu bədbəxt! Aparın!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Xəzinə üstündə yatan ilan 8

Gülənov nə vaxt ayağa qalxdı, hara getdi, niyə getdi? “Yoldaş Səmədi” gündüz “çörək kəsməyə” çağırıb, axşamısı burda neştər çıxardan Qudalı ağsaqqalı, Qıllısı, Piylisi və it xılı məhləsinin gur dəstəsi ilə hara rədd oldu? Səməd bunların heç birini bilmədi. Sədr Mədədin Bircə balası ilə Qonaqlı cəmaatının yeddi il səkkiz ay ayrılığından sonra birdənbirə elə görüş vulkanı püskürmüşdü ki, bu vulkanın gözündə Sudüşən, Hacehsan çəmənlərinin axşam sərinliyindən, moy, mixək ətrindən, kəpənək, qaranquş qanadlarından, doğma səslərdən və isti nəfəslərdən başqa heç bir zir-zibil yoxdu: Səmədi qolları ilə yox, Sudüşənin, Hacehsanın axşam sərinliyi ilə qucaqlayırdılar, alnından, yanaqlarından dodaqları ilə yox, kəpənək, qaranquş qanadları ilə öpürdülər, öpəndən sonra üzünü kəlağayılarının, qıymaçalarının ucları ilə yox, moy, mixək ətri ilə silirdilər, qucaqlaya-qucaqlaya, öpə-öpə dediklərini də adi səslə yox, ən gözəl mahnıdan da gözəl mahnı ilə deyirdilər:– Mədədimizin balası, Mədədimiz! Umudumuzu sənə bağlamışıq, ay umudumuz! Dizimizə dirək gətirdin, ay dirəyimiz! – deyirdilər.

19 dəq
Xəzinə üstündə yatan ilan 9

Birinci qeyri-adi hadisə anbarın qabağında, Təftişlə Möhsün kişinin asdıqları “yel fanarları”nın işığında baş verdi.Nə qədər ki, şəhər onilliyinin və dəmir yol məktəbinin yorğun-arğın müəllimləri ilə pərakəndə orduya bənzəyən şagirdlər Ortayolda susqun axınla ağır-ağır gəlib meydanın dövrəsində, təpəcik üstündə “dustaq damı” adlanan daxma ilə idarə səmtində dikdirlərə döşənişməmişdilər, burda – anbarın qabağında Səmədin lap körpəlikdən – otuz dördüncü-otuz beşinci illərdən bəri, avqustun axırından noyabrın ortalarına qədər hər gün gördüyü adi iş gedirdi: qapan-tərəzidə pambıq çəkilirdi.

26 dəq
Xəzinə üstündə yatan ilan 10

Meydan əldə-ayaqda parçalanmış çamadan qırıqları ilə, əzik-üzük vedrə, bidon, xurcun, heybə, bağlamalarla, toz-torpağa qarışmış “buxanka” “bulka”, “bublik” xıncımları ilə dolmuşdu. Günəbaxan yağı, yumurta, pavidla, şoraba tökülən yerlərdə palçıq əmələ gəlmişdi.Muradova həmin yerdə – boz “Pobeda”nın yanında yumruqlarını pencəyin ciblərinə basıb, həmin vəziyyətdə – hərəkətsiz durmuşdu. Fərq bircə bunda idi ki, katibi həyalı gəlinə oxşadan, boşurğu bağlanmış ağ kəlağayının dairəsi arasında uzun, tutaş kirpiklər birdən-birə dik qalxıb, birdən-birə də xırp endikcə, bircə göz qırpımında ətrafa iti nəzərlə baxan “nəlbəki gözlər”də soyuq rəsmiyyət parlayıb, “həyalı gəlin”i dərhal məhv eləyib, Səməddə nə isə dumanlı narahatlıq əmələ gətirirdi. Mirbağır müəllim də həmin yerdə – “Pobeda”nın yanında, həmin vəziyyətdə, yoğun ortasını qısa boynu ilə birlikdə o yan-bu yana fırlada-fırlada, onun-bunun üzünə baxırdı. Fərq bircə bunda idi ki, “Vay-vay” əvəzinə indi “Bezobraziye! Bezobraziye!” – deyirdi və bu aramsız deyinti də o soyuq rəsmiyyət kimi, Səməddə dumanlı narahatlıq əmələ gətirirdi.

23 dəq
Kainat sakinləri 1

...O gecə olduğu kimi, Sultan yenə həmin balkonda, həmin vəziyyətdə, islaq yaylıq alnında, arxası üstə döşəli, asta-asta inildəyirdi.Səməd bir xeyli hərəkətsiz, iniltini dinləyib, nəhayət, dözmədi:

19 dəq

Başqa şairlərin şeirləri