Süleyman padşahın xəzinəsi 4
Səhifə 1 / 4
Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.
– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!
Qəzəblə, hiddətlə, bir az da ağsaqqal ərkilə Səmədi itələyə-itələyə aparıb həyətin yan qapısından o yana, qonaq evinin alçacıq dəmir dirəklər başında araxçınsayağı dəmir qalpaqlar altında solğun lampalarla işıqlanmış həyətinə saldı, eynilə ağ binanın yançağındakı tut ağacı kimi, budaqları yanlara süzmüş ağacın altına, dəyirmi stol dövrəsindəki qarğı kreslolardan birinə basdı, çamadanını da böyrünə atıb:
– Qulaq as! – dedi. – Bircə kəlməmi də buraxma, huş-guşnan dinlə!
Mədədin vəsiyyətini eşitdiyin vaxtdan nə qədər keçib? O qırx altinci ilin dekabrı, bu əlli dördüncü ilin avqustu. Səkkiz ilə yaxındı hər dəfə səni görəndə içim qaynayır. “Elm və eşq” deyib sənə Mədəd Sultanın tapşırığıynan, iki qardaşın vəsiyyətini deyib. Sultan özü sənə millətimizin, dünyamızın taleyi barədə çox şey danışammır. O ağ binanın dəlmə-deşiklərinin hamısına anfaq doldurub KeQeBe. Ona görə burda
²⁹ Xəbərçi.
³⁰ “Dəli Alı” – məşhur qaçaqbaşı. danışıram sənnən. Babanız da alim olub sizin: Məhəmməd Əmir. Təbrizdə indinin özündə də çox şeyi gizlədirik Məhəmməd Əmirin barəsində. Çünki şahın siyasilərindən xeyli adam şəxsən Stalinin tapşırığıynan göndərilən casuslardı. Yəni o tayda da tutqu gedir, qırğın gedir! Bildinmi?! Beynin boşdu sənin! Elmin yoxdu! Lənət sənin partiya məktəbinə! Partiya tarixinə! Elmi kommunizminə!
Hoppanma! Sakit otur və dinlə!
Sultan bir kəlmə də danışammayıb sənə bu “elmi kommunizm” adlanan nəzəriyyənin təhrifliyindən. Niyə? KeQeBe qorxusu öz yerində. “Dəli Səməd”sən sən! Hamanca “hoppanan”, ərköyün bircə balasan. Allahların Elmi barədə məlumatın olsaydı, “elmi kommunizm”in təhrifliyini bilib təhsil alammazdın o məktəbdə. Sultan ehtiyatlanıb ki, dilinə içki-zad dəyəndə ehtiyatını itirib dilindən söz qaçırdarsan, Mirqəzəbin agentlərinin qələminə keçərsən, evimiz yıxılar, varissiz qalarıq... Varis deyirəm. Çünki varissən sən! Bilmirsən!
“Allahların Elmi” deyirəm, bunu da qanmırsan! Şeyxlərin yox, məhz “Allahların!” Hoppanma! Qulaq as! Göbələk Məmiş Əlləzoğlunun, Hənifə arvadın ocağından çıxan gözəl eşqilə yox, Elm eşqilə yaşamalısan! Qızarıb-bozarma!.. – Arada Xeyrə arvaddan “bir tikə çörək, çay” istəyib, “Əlli tərpən, yoldan gəlib bu adam”, – deyəndən sonra Xızr Abı kreslosunu Səmədə lap yaxın çəkdi, iri, sallaq döş cibləri qələm, qəlyan, kibrit və sair xırda-para şeylərlə dolu olan tünd yaşıl qalın köynəyinin yaxasını açıb, uzun günlüklü boz kepkasını stolun küncünə atıb, nəfəsini dərib, birdən-birə sakitləşən, bəlağətli səslə heyrətli sözlər yağdırdı:
– Bağday, Bağ OdEy nədi? Bağ Ata kimdi? Ulu Bağ kimdi? EySar kimdi? Bilmirsən!.. O vaxt o rəhmətliyin yazdığı kimi, OdƏr sözlərini mən də yazım bu bloknota, bax. Mədədin yazdığını elə orda qoymusan, stolun üstündə, götürmüşəm, səkkiz ildi saxlayıram bu bloknotun arasında. Bunu də götürərsən söhbətimizin axırında... Təkcə bu yazdığım sözlərin mənalarını bilsən və bu mənalarla bağlı mənaları öyrənsən, “Yer” adlanan bu planetin bütün tarixini bilərsən... Ey! Fikrin hardadı?! O evdəki müsibəti unutmalısan sən! Çünki o deyil müsibət, Həqiqət Elmi, Kainat Elmi, Ağların – SafAğların SafAğ Elmi adlanan Elmin Varisinin dünyadan xəbərsizliyidi! Bu millətin az-çox savadlı aşığının da bələdliyi var SafAğ Elmindən. Bakıya gedirəm, Sultan putyovka düzəltdirir, göndərir. Üzümə baxandaca bilirlər kiməm, sevinirlər, parolumuzu deyirlər: “Əmi Bağdan gələr, dayı dağdan gələr!” Nə deməkdi bu, millətiyin müstəmləkə olandan bəri dilindən düşməyən, milyonlarla adamın bildiyi parol nə deyir? “Bağ” – Bağdı. Yazıram oxu. “Dağ” – OdAğdı. Nə deməkdi OdAğ, ey dili dilim-dilim doğranan bədbəxt?! Qulaq as, cahil!.. – Kor-kobud barmaqlar düyünləndi, Xızrın yumruğu stolu titrətdi. – Qulaq as!
Səməd boğulurdu. Lap körpəlikdən, atasının dililə sadəcə “Abı” çağırdığı indi “AdıPünhan ƏlifBeyə” çevrilən bu qocanın belə rəftarının səbəbsiz olmadığını görsə də, ağ binanın həyətindən gələn tüstü içində itkinin ağırlığından və “məhv etmək” qərarının icrası əvəzində bu sirrli, sehrli nitq qarşısında əsirliyindən boğulurdu.
Çay gəldi. Bir-iki qurtum qaynar çay içib, hətta “qismət kəsdi” – bir az yuxa, pendir yedi, diqqətini toplamağa çalışdı. Əmirli!ərin “iç adamı” sayılan, “Quranın əslini bilən”, “böyük həriflə Alim” kimi tanınan bu adam ailəyə üz vermiş bədbəxtliyin səbəbi barədə danışmağı, heç olmasa, Xeyrə arvadın bayaq dediyinə uyğun əlavə bir şey deməyi lazım bilmirdimi?!
Bloknotdan cırdığı vərəqə biri-birindən qəribə sözlər yaza-yaza:
– Bax! Bax!.. Fikrin yayınmasın bu müqəddəsatdan! – dedi. – Sultan özü, şəxsən özü verəcək sənə Elmi. Sağ qalsa... Başımıza gələn müsibətlərin arasında, belə qanıqara vaxtımda dərs demək, Elm öyrətmək deyil mənim məqsədim. Ayıltmaqdı, Cüzi də olsa ayıltmaq!.. Partiya işçisi olmuyacaqsan. İndidən nəzərə almalısan ki, başqa bir yolun yolçususan sən.
Dərk eləyirsənmi ki, qulsan sən?! Vətənin parça-parça, Rusun, Farsın, Erməninin, Gürcünün əlində müstəmləkə! Millətini aramsız qırırlar! Aramsız! Gecələr! Səssiz-səmirsiz, doldururlar maşınlara! Yurdun Viran qalır! Sən isə “Yaşasın Stalin!” deyirsən! Çünki korsan! Korsan!..
Bayaq bura gələndə itələdiyim kimi itələmiyəcəyik, Təzə yolla özün gedəcəksən. Çünki bu yolun lap əvvəlindən həvəs verilir insana, sonradan Eşqə çevrilir verilən həvəs.
Diqqətli ol, gör nə deyirəm indi.
Ərəb dilində “ilahiyyat” elmindən, “Tövrat”dan, “İncil”dən, “Quran”dan başlayırıq sözümüzü, sonra cəmi dillərin kökü OdƏr dilində əzəli-əbədi həqiqətləri açırıq.
Rus dilində “SSRİ tarixi” öyrədiblər sənə o məktəbdə. Xəbərin varmı ki, “Rus” dili, “Rus” xalqı olmayıb tarixdə?! “Araz” dediyin ƏrÜz çayının o tay-bu tayında OdƏrcə ƏrÜz adlanan vilayətdən tərik düşüb Tərikə – “Türk”ə, sonra “Rus”a dönən millətindi o “böyük Rus xalqı”, ey dünyadan xəbərsizim!
Xüsusi dərs keçəcəksən, inanacaqsan hər şeyə. “Rus” nədi, özümüzdən – OdƏr adımızdan məhrum olmuşuq. Nəinki OdƏr dilindən, vaxtı gələndə dərk eləyəcəksən ki, hətta o kök dildən yaranmış “Türk” – “Azərbaycan” dilindən də məhrum olmuşuq. Heyrətlənmə! Dilimizlə birlikdə Adımızdan da məhrum olmuşuq deyirəm!
“Azər” nədi?! Guya od deməkdi bu, “az ər”, “atəş”di guya!.. Savadsızlıq-ölümdü! Bir institut bitiribsən, bir də ali məktəb səviyyəsində məktəb, əmma savadsızsan! Mən deyirəm “az ər”, gözünü döyürsən. İndi “Rey” deyilən yerdən, ƏrEydən qırıb-çatıb qovublar bizi, parça-parça olan, tarixini unudan savadsız millət hardan bilsin ki, “Malenkaya respublika” deyil. Nəhəng dünyası olub! Vahid dili olub! Ayrı-ayrı biri-birini başa düşmüyən Türkmənə, Qazağa, Qırğıza, Tatara, Başqırda, Xakasa, Nenə-filana dönübsən! “Rey”də EvƏrEy olubsan, qovulub dünyaya səpələnib “Yevrey” olubsan!
Mədəd “ƏlAğ” deyib, (SafAğ İnsanın Əli – Oğlu). Yəni kim? Deyirəm: “Boq Otes”in yox, insanı insana bağlayan Bağ Atanın Əli – Oğlu: EySar! Ey – Uca deməkdi, Sar – əhatə eləyən, saran hökmdar. Uca hökmdar – EySar “İsa” olub Ərəbin təhrif dilində! “İis+us” olub Qrekin müsibətli təhrif dilində! Yer bəşəriyyətini planetlərin, yəni bütün Kainatın OdƏr bəşəriyyətinə bağlayan Bağ ilk dəfə məhz Qrek dilində “Boq”a dönüb. Cahil insan deyir “Bağ olmasın, Boq olsun, Allah olsun, nə fərqi var?!” Bəxbəxt hardan bilsin ki, OdƏr dilində “Bağ” kəlməsini unudandaca həqiqətdən məhrum olur insan! Beyindən, daha doğrusu, BağÜndən, yəni Bağ əcdadlarımızın planetlərdən gələn Ünündən – səsindən məhrum olur... Bəli, Ün eşidəndi insan! Milyon kilometrlərlə məsafədən Ün eşidəndi insan!
Heyrətlənmə!
Mən ƏrÜz – “Rus” deyəndə EvƏrEy – “Yevrey” deyəndə dəhşətə gəldin, gördüm, əmma izah eləmədim. Çünki vətəndən tərikliyimiz – “Türk”lüyümüz, “Rus”luğumuz, “Yevrey”liyimiz yəni kökdən, OdƏr dilindən azan dillər barədə Sultan özü danışacaq sənə. Diksinmə. Görüşməlisən əminlə! Onun özündən dərs almalısan! Mən ancaq bəzi vacib şeyləri deyirəm. Müxtəsərcə bil hələlik ki, Ər – İşıq deməkdi, Üz – məna deməkdi. ƏrÜz – məna işığı deməkdi. Nə mənadı belə?
Kitabxana.az · https://kitabxana.az/works/isa-huseynov-suleyman-padsahin-xezinesi-4
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xızr Abının müəmmalı pərtliyi nəzərə alınmasa, qələbə ətrafında hamının, hətta Qarışqa qarının da dirçəldiyinə, ümumi şadlıq, vəcd hökm sürdüyünə baxmayaraq, Səməd özü əldən-ayaqdan düşmüşdü, yəqin ki, içərisi boş olmayan çadıra gedib dincəlməyə ehtiyac duyurdu. Əmma hardasa nal səsləri və Qurban əminin “Qorxmayın! Qorxmayın! Sultan özü gəlir”, – dediyini eşidəndə bədəni tarıma çəkildi.– Torksin! Qara Zal! Sarı Zal! Qızlı, oğlanlı, hamı dalımca gəlsin. Əlləzoğlunun evinə getməliyik. Hamılıqla! Gəlin! Əlləzoğlunun evinə!
Kainat sakinləri 1...O gecə olduğu kimi, Sultan yenə həmin balkonda, həmin vəziyyətdə, islaq yaylıq alnında, arxası üstə döşəli, asta-asta inildəyirdi.Səməd bir xeyli hərəkətsiz, iniltini dinləyib, nəhayət, dözmədi:
Kainat sakinləri 2Müslüm gedəndən sonra Sultan dönə-dönə başını bulayıb, papiros sümürdü.– Sui-qəsd... Yenə sui-qəsd! Ağ Əmirnən Boz Əmirin başlarını xurcunda gətirib nümayiş elətdirdilər qələbələrini! “Boqi obezqlavleni” yazdılar, yenə də qələbə hiss eləmədilər. O tayda qırğınlar, bu tayda sürgünlər, qırğınlar! Türkiyədə bədbəxt AtaTürkümüzün öldürməknən kifayətlənməyib orda da gizlin qırğın getdi! Ermənilərin aralarındakı Sovet kəşfiyyatçılarıynan bir yerdə Andranikin qılıncını işə saldılar! Yenə sakitləşmədilər! Pariji, bütün Avropanı Erməniynən doldurub tufan, tünü kimi antitürk təbliğata başlayıb dünyanı əleyhimizə qaldırdılar! Guya Bakıda on səkkizinci ildə Türkü qıran da Erməni deyilmiş! Guya əsas neft yataqlarını xaricilərə satan da Erməni deyilmiş! Hətta Leninə məktubları var: “Baku, eto armyane i ruskiye!” Uddular var-yoxumuzu, yenə də qələbə hiss eləmədilər! Yekəbaş, pensneli “ziyalı” Beriya Moskvaya çağırdı, gözümün içinə dedi: “Mı boremsya s boqami, çtobı osçastlivit lyudey!” “Vot “Bibliya”, proçti, Sultan: “Avram pobedil Boqa”. Ponyal?!..³⁸ “Bir gecə səhərə qədər içə-içə mübahisə elədik, çalışdım başa salım ki, “Avram” deyil, EvƏrimdi, Bağ Atanın oğludu, atasıynan döyüşməz. Qanmadı: “İtak, “Bibliya” vret?!”³⁹ Yenə çalışdım qandırım ki, “Bibl”iya deyil əsli, OdƏrcə – türkcədi orijinalı. “Tövr+at”, “Tora” adları OdEvƏrdəndi, “Bibl” – Bağbildəndi. “Xa! Xa! Xa!” – qəhqəhə çəkdi... Güllələndi!... Heç Stalin də öz əcəliynən ölmədi... Bunlar heç... Romanovların taleyini danışıram, görün deyirəm necə faciələrnən qurtardı dövranları. Dərs götürün, ayılın deyirəm. Qanmırlar, oğul! Qanmırlar! Əmma qorxma. Qurtaracaq bu qanqırğınlar!.. Mənim ölümünnən dəyişdirəmməzlər dövranın gedişatını: Millətin Pünhandı, ƏsAğ – “Aşıq”dı, Alimdi!...
Ölüm-dirimMin doqquz yüz əlli dördüncü il ilə min doqquz yüz səksən səkkizinci illər arasında, yəni Sultan Əmirlinin yeganə yadigarı Mədədin otuz dörd illik ömründə, necə deyərlər, çox sular axsa da, Mədəd universitetin dissertantı olub, tarix elmləri namizədlik dissertasiyasını tamamladığı bir vaxtda gözlənilmədən hər şeyi atıb, Qonaqlıdakı Əmirli mülkünə qayıtdığı günə qədər baş verən hadisələr içində, Əmirli nəslinin sonuncu nümayəndəsi kimi tanınan bu oğlanın zehnində üç hadisə daha dərin iz salmışdı.Birinci hadisə: Mədəd hələ beş yaşında ikən əmisi Səməd Əmirli rayonda ən məşhur – bilikli, bacarıqlı kolxoz sədri sayılarkən Bakıdan general Məhərrəmov ağ, par-par “Volqa”sında gəlib onu – Səmədi zorla maşına basıb aparmışdı və Səməd cavan, gözəl arvadı Torksinlə oğulluğa götürdüyü körpəni Qonaqlıda qoyub, ildə bir-iki dəfə bir-iki günlüyə qayıtmağı sayılmasa, uzun müddət yoxa çıxmışdı.