Süleyman padşahın xəzinəsi 4
Səhifə 2 / 4 · 25%
Qulaq as.
ƏrÜzdən azma “ruz” sözü də var. “Nov ruz” Fars sözüdümü? Bəli! İndi belədi. “Araz”ın o tayında, bu tayında hamımız “Novruz” bayramı eləyirik. Əmma bilən yoxdu ki, Farsın dilindəki “Novruz” OdƏrcə – “Tərik”cə – “Türk”cə ÜnEv ƏrÜz sözündəndi. ÜnEv aydındı ki, Evin səsi deməkdi. EySarın Evinin Ünü. ƏrÜz də ki, dedim, məna işığı deməkdi. ÜnEv ƏrÜz – Ün Evinin məna İşığı deməkdi. Həmin qədimdən qədim ÜnEv ƏrÜz günü EySarın evindən göndərilən məlumatı ayrı-ayrı alimlər yox, bütün əhali eşidərmiş. İlk bahardan başlamış hansı ərazidə nə əkilməlidi, hansı ayda nə yeyilməlidi, hansı xəstəliklər olacaq, əlacı-dərməni nə olacaq və sairə bu cür məlumat gəldiyi gündən başlayaraq, Bağdayın bütün əhalisi bayram elərmiş.
Budu ÜnEv ƏrÜz – “Novruz”. Görürsənmi necə azıb Fars dili həqiqətdən? Başqa dillər də bax belə azıb OdƏr dilindən. Vahid bəşəriyyətimiz parça-parça olub! Niyə?
Həqiqi tarixə yaxın gəlmiyən “Midiya tarixi” öyrədiblər sənə o məktəbdə. “Midiya” bədbəxtliyimiz də Qrek dilindən gəlir. Əsli – OdƏrcəsi BağOdEydi “Midiya”nın. Dedim Od – Kainatın energiyasıdı, OdƏrcə Həqiqət deməkdi, Ey, bayaq dedim, Uca deməkdi, BağOdEy – Uca Həqiqət Bağı deməkdi. “Tərik” – “Türk” dilində Bağday demişik. Bağın və ya Bağların “day durduğu” – ayağa qalxdığı yer, məkan! Bax belə vətənin olub, oğul. İndi də var o vətən. Əmma ixtiyarı gedib əlimizdən! Od – həqiqət də gedib, ad da gedib! “Yer”də yaşayan Ün eşidənlər də yox dərəcəsindədi.
“Azər bay can” sonrakı şeydi. Düşmən sözüdü: “Az ər” “bay”, yəni “vay” can. “Aytropatan” Qreqcədi, yaddı bizə, Dünyaya.
Tarix deyil bu təhrif, təhqirimiz adlar tarixi. Sonra biləcəksən.
Vətəni qaytarmaqdan ötrü vətənin həqiqətini bilməlisən, oğul. Bilməlisən ki, ƏrÜz – məna İşığı Bağlarımızın Üzünün – mənasının işığıdı. “Araz”, “Rus”, “ruz” isə ilahi məna işığından məhrum təhrif sözlərdən ibarətdi.
OdƏr dilindən, OdƏr bəşəriyyətindən ayrılma xəstəliyinin tarixi, elmi izahı xüsusi elmdi. “Yer” adlanan bu EyƏr – Uca İşıq planetinin ən böyük dərdi ayrılıq dərdidi, oğul. Əsli OdƏrcəsi ÜnƏs (Yaradan Ün) olan “ins”anın bu böyük dərdi barədə də əmin danışacaq sənə. Ayrılığın səbəbi çoxdu. Hələlik bunu bil ki, “ins”anın özünü tanımamağı, özündən ayrılması, BağÜnünün “beyin”ə çevrilməsi nəticəsində hissiyat şüuru üstələyib, hissiyat əsiri insan isə belə çəyirtkə təki artıb, Bağday ərazisindən uzaqlaşıb, ya quru səhraya, ya dəniz sahilinə, ya da dağadərəyə qapanıb, həm bədəncə, ağız-burun, dil-dodaqca, həm də şüurca daha da dəyişib, yalnız müvəqqəti yaşamaqdan ötrü yaradılan təhrif ərazilərdə sözü, mənanı elə təhrif tələffüz eləyib, daha əslinə qayıda, yaxınlaşa da bilməyib. Nenin üzünə bax, Hindin üzünə, Çinin üzünə, Qazağın, Rusun üzünə bax, öz üzünə bax! Gör ərazinin ab-havası nə kökə salır insanı. Ev ƏrEy (Uca İşıq Evi) hara, Yevrey hara?! EvƏrƏs sözü “Pərəsu”ya “Pers”ə, “Pars”a, “Fars”a, yəni tam mənasız “sözə” dönüb. Halbuki fars da bizdən olub vaxtilə. Və ya. Gur (Güclü) SafAğ İnsan mənasında olan GurAğ – “Qrek”ə, ƏrEv tamam təhrif “Ərəb”ə dönüb! EvƏrÜn – “Fər” Ünə – “Faraon”a dönüb!.. Yenə deyirəm, kütlələr məcburən təhrif ərazilərə düşdükcə üzləri dəyişdiyi kimi, dodaq, diş, damaq da dəyişib. “Dillər” Bağdaydan uzaqlaşdıqca dediyim kimi, hissiyat gücləndikcə “beyinlərdə vəhşi ehtiras”lar hakim olub, Əs – yarat, yaradan mənası verir. ÜnƏs – Yaradan Ündü. “Beyni” ehtiraslarla tutulan ÜnƏs bir daha OdƏr – həqiqət işığı ola bilərmi?! “İns”anı ÜnƏsə qaytarmaqdan ötrü Eylik – Ucalıq tələb edən OdƏrlərimizə, Bağlarımıza qarşı hücumlar başlanıb, nə başlanıb! Müharibə, basqın, qırğın!
Həqiqətimizin üstündə “İns” adında İlan qıvrılıb, oğul! BağƏsƏr (Yaradan İşıq Bağı) ikən “bəşər”ə dönmüş İlanın zəhəri okeandı! Başqa ünvanı, başqa adı da var İlanın. Onu da Sultan tanıtdıracaq sənə...
Səməd hiss etdi ki, bu heyrətli, sehrli nitqi bir az da dinləsə, baş vermiş bədbəxtliyin səbəbləri barədə nə isə aydın bir söz-xəbər eşitməsə, daha dözməyib kobudluq eliyəcək.
Və elədi. Səbrsiz, sərt hərəkətlə əlini qocanın ağzına basıb:
– Bəsdi! – dedi. – Atamın ölümündən betərdi bu iş! Necə olub axı bu?! Sultan Əmirli günahsızdısa, niyə danışmırsan ki, “günahsızdı” deyənlərin bildiyini mən də bilim, mən də deyim günahsızdı!
Abı qəlyanını, tütün kisəsini çıxara-çıxara başını buladı.
– O barədə aydın bir söz deyəmmiyəcəm mən. Əmiyin özündən də gözləmə heç. O günüqara gözəldən də... Düzünü heç bu “günahsızdı” deyənlər də bilmirlər, həqiqətən günahsız bədbəxtlər özləri də bilmirlər.
– Nə?! – Səməd necə axmaqcasına, əməlli-başlı dəli kimi şaqqıldayıb güldüyünə özü də təəccübləndi. – A kişi! Nə danışırsan?! Necə yəni “özləri də bilmirlər?!”
Abı qəlyanı alışdırıb, gözlərinin açıq maviliyində od közərə-közərə, boğazını Səmədə doğru uzadıb səsini endirdi:
– İlan elə çalıb ki, dişinin yeri də bilinmir. Sultannan o günüqara oyanıb görüblər bir yorğanın altında ər-arvaddılar. Daha nə deyim bundan artıq?!
Səməd də istər-istəməz səsini endirdi:
– Şənbə, Lüt əhvalatı?!
– Təfsilat lazımdımı, ay oğul?!
– Demək, qurğu olmağına qurğudu?! Kimin işidi?!
– Coşma!
– Xudiyev dəstəsi?! KeQeBe?! O dəstənin işidi, ya yox?!
– Oğul! Ay gözümün nuru! Qaynama! Coşma! Bayaq “vəhşi” ehtiras dedim. Sonra çox vacib söhbət başladım. Səndən ötrü bu saat hava, su kimi vacib söhbətdi, inan! Məni eşitməsən, bir varis kimi öhdənə düşən işdən xəbər tutmasan, daha böyük, daha ağır müsibət olacaq. SafAğ İnsanların SafAğ Elmi varissiz qalacaq!.. Qırğın gedir dünyada! Bəli, dünyada! “Az ər baycana döndərilən Bağdayımızı əsrlər boyu parçalayıb, indi görürlər bu Şimalımızda da qalıb Elm, Cənubumuzda da, Şərqimizdə də, Qərbimizdə də! Yenidən parçalamağa hazırlaşırlar! Lap xırda-xırda, arası sərhədli dövlətlər eləmək istəyirlər. Plan var ey, ay oğul! Plan var! Əmma həyata keçirəmmirlər. Ona görə də qırırlar. SafAğdan az-çox başı çıxanların hamısının sağ gicgahına iti uclu çəkic çaxırlar. Gürcüstandakı o Georgi kilsəsinə şifrəli teleqramlar gedir, bir-iki kəlmə: “Bir Sak!”, “Beş Sak!”, “On Sak!”³¹ Ordan da Stalinə hesabat verilir!.. Qohumlarınız vardı Qazağın Muğanlı kəndində: AğEy Bağlar! Ağabəylər deyirdik. Şamaxıdan sürülmüşdülər otuz yeddinci ildə Muğanlıya, Getdim soruşdum ki, sizləri Sibirə sürürlər axı, niyə bura göndəriblər? Dedi Dərbəndi, Şamaxını, Muğanı hələ birinci Aleksandrın vaxtında ƏsAğsız qoyublar, yerində heç nə başa düşmüyən, saz da çalammayan bədbəxt, “Aşıq”lar qalıb, ƏsAğ əvəzində, ey oğul! Bədbəxtliyimizin dərəcəsini duyursanmı?! Sovet alimləri deyirlər: “Sak” olub vaxtilə, ƏsAğ hara, “Sak” hara?! “Kaspi”lər olub deyirlər, “Xəzəri”lər olub! Bir xalqı elə yazı-pozudaca yüzlərlə təhrif sözə parçalayırlar ki, Bağday silinsin tarixdən. Xəbərin varmı Qrek neçə əsr tapdalayıb Bağdayı?! O fatehin iki sözü var: “ki”, “at”, ikisi də od deməkdi. Kainat Odu – həqiqət mənasında yox adi od-alov mənasında işlədirlər. “K”, “ka”, “ko”, “ku”, “xə”, “xa” – hamısı “ki”dəndi. Fikir ver: “Sak” –
³¹ Əsli: ƏsAğ. İndiki Gürcüstan ərazisindəki bir bölük əhali. Açar adı da Odərdəndir. hara, – ƏsOd (Yaradan Od) hara?! “Ka s pi” hara, OdƏşBağ (Yaradan Həqiqət Bağı hara?! “Xə z ər” hara, OdƏsƏr (Yaradan İşıq həqiqəti) hara?! Sənə bax belə, qıyma-qıyma, incə-incə dərs deməlidi əmin! “Varis” – EvƏrEyƏs sözündəndi. ƏrEyimizin Yaradan Evi olmalısan sən! Ev – beyin mənasında da işlənir. Beyin olmalısan sən!
Səməd ayağa qalxdı.
– Abı! Bu saat heç nə girmir beynimə! Beyinsiz deyiləm, başa düşürəm ki, “dilim-dilim” dil, “Boq” – Bağ çox ciddi məsələdi. Əmma qan tutub ağlımı-fəhmimi bədbəxtliyimiz öldürür məni! Qan içəcəm! Qan içən itəm bu saat!
Abı da ayağa qalxdı.
– Qaynama!
– ...Qaynıyacam da, daşacam da!... Atamın qanı batıb! Bu iş də eləbelə qalacaq?!. Dözəmmərəm! Yeməz-içməz qalaram! Yuxum ərşə çəkilər, ölərəm, Abı!.. Gedirəm! Çax-çux Xalıq çox şey bilir. Ondan başlıyacam. Xirtdəyindən yapışıb öyrənəcəm hər şeyi, qıracam hamısını! Xançalnan doğruyacam! Səssiz-səmirsiz! Elm nədi?! Cəlladam mən bu saat!
Abı bozardı.
– Bu boyda SSRİ-nin qanını içəmməzsən!
– Mən soyumalıyam, Abı! Qan içməliyəm, soyumalıyam.
Abı burda bir az fikrə gedib, sonra, gözlənilmədən, astadan soruşdu:
– Heç olmasa beş-on dəqiqə qulaq asammazsanmı mənə?!
– On dəqiqə?!. On dəqiqədən sonra əl çəkəcəksən yaxamdan?
– Hökmən! Bayaq dedim qulaq as, sonra hara gedirsən get.
Kitabxana.az · https://kitabxana.az/works/isa-huseynov-suleyman-padsahin-xezinesi-4
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xızr Abının müəmmalı pərtliyi nəzərə alınmasa, qələbə ətrafında hamının, hətta Qarışqa qarının da dirçəldiyinə, ümumi şadlıq, vəcd hökm sürdüyünə baxmayaraq, Səməd özü əldən-ayaqdan düşmüşdü, yəqin ki, içərisi boş olmayan çadıra gedib dincəlməyə ehtiyac duyurdu. Əmma hardasa nal səsləri və Qurban əminin “Qorxmayın! Qorxmayın! Sultan özü gəlir”, – dediyini eşidəndə bədəni tarıma çəkildi.– Torksin! Qara Zal! Sarı Zal! Qızlı, oğlanlı, hamı dalımca gəlsin. Əlləzoğlunun evinə getməliyik. Hamılıqla! Gəlin! Əlləzoğlunun evinə!
Kainat sakinləri 1...O gecə olduğu kimi, Sultan yenə həmin balkonda, həmin vəziyyətdə, islaq yaylıq alnında, arxası üstə döşəli, asta-asta inildəyirdi.Səməd bir xeyli hərəkətsiz, iniltini dinləyib, nəhayət, dözmədi:
Kainat sakinləri 2Müslüm gedəndən sonra Sultan dönə-dönə başını bulayıb, papiros sümürdü.– Sui-qəsd... Yenə sui-qəsd! Ağ Əmirnən Boz Əmirin başlarını xurcunda gətirib nümayiş elətdirdilər qələbələrini! “Boqi obezqlavleni” yazdılar, yenə də qələbə hiss eləmədilər. O tayda qırğınlar, bu tayda sürgünlər, qırğınlar! Türkiyədə bədbəxt AtaTürkümüzün öldürməknən kifayətlənməyib orda da gizlin qırğın getdi! Ermənilərin aralarındakı Sovet kəşfiyyatçılarıynan bir yerdə Andranikin qılıncını işə saldılar! Yenə sakitləşmədilər! Pariji, bütün Avropanı Erməniynən doldurub tufan, tünü kimi antitürk təbliğata başlayıb dünyanı əleyhimizə qaldırdılar! Guya Bakıda on səkkizinci ildə Türkü qıran da Erməni deyilmiş! Guya əsas neft yataqlarını xaricilərə satan da Erməni deyilmiş! Hətta Leninə məktubları var: “Baku, eto armyane i ruskiye!” Uddular var-yoxumuzu, yenə də qələbə hiss eləmədilər! Yekəbaş, pensneli “ziyalı” Beriya Moskvaya çağırdı, gözümün içinə dedi: “Mı boremsya s boqami, çtobı osçastlivit lyudey!” “Vot “Bibliya”, proçti, Sultan: “Avram pobedil Boqa”. Ponyal?!..³⁸ “Bir gecə səhərə qədər içə-içə mübahisə elədik, çalışdım başa salım ki, “Avram” deyil, EvƏrimdi, Bağ Atanın oğludu, atasıynan döyüşməz. Qanmadı: “İtak, “Bibliya” vret?!”³⁹ Yenə çalışdım qandırım ki, “Bibl”iya deyil əsli, OdƏrcə – türkcədi orijinalı. “Tövr+at”, “Tora” adları OdEvƏrdəndi, “Bibl” – Bağbildəndi. “Xa! Xa! Xa!” – qəhqəhə çəkdi... Güllələndi!... Heç Stalin də öz əcəliynən ölmədi... Bunlar heç... Romanovların taleyini danışıram, görün deyirəm necə faciələrnən qurtardı dövranları. Dərs götürün, ayılın deyirəm. Qanmırlar, oğul! Qanmırlar! Əmma qorxma. Qurtaracaq bu qanqırğınlar!.. Mənim ölümünnən dəyişdirəmməzlər dövranın gedişatını: Millətin Pünhandı, ƏsAğ – “Aşıq”dı, Alimdi!...
Ölüm-dirimMin doqquz yüz əlli dördüncü il ilə min doqquz yüz səksən səkkizinci illər arasında, yəni Sultan Əmirlinin yeganə yadigarı Mədədin otuz dörd illik ömründə, necə deyərlər, çox sular axsa da, Mədəd universitetin dissertantı olub, tarix elmləri namizədlik dissertasiyasını tamamladığı bir vaxtda gözlənilmədən hər şeyi atıb, Qonaqlıdakı Əmirli mülkünə qayıtdığı günə qədər baş verən hadisələr içində, Əmirli nəslinin sonuncu nümayəndəsi kimi tanınan bu oğlanın zehnində üç hadisə daha dərin iz salmışdı.Birinci hadisə: Mədəd hələ beş yaşında ikən əmisi Səməd Əmirli rayonda ən məşhur – bilikli, bacarıqlı kolxoz sədri sayılarkən Bakıdan general Məhərrəmov ağ, par-par “Volqa”sında gəlib onu – Səmədi zorla maşına basıb aparmışdı və Səməd cavan, gözəl arvadı Torksinlə oğulluğa götürdüyü körpəni Qonaqlıda qoyub, ildə bir-iki dəfə bir-iki günlüyə qayıtmağı sayılmasa, uzun müddət yoxa çıxmışdı.