Evin kişisi
Səhifə 3 / 10 · 20%
İndi Koroğlu yadına düşəndə Qaçay əsgərlikdəki türkmən dostu Nurmurad Çarıyevi xatırladı. Onun yanında Koroğludan bir-iki ağız oxumuşdu. Nurmuradın gözləri kəlləsinə çıxmışdı. “Koroğlu?! Sən onu hardan tanıyırsan? Koroğlu bizim igiddir!” Qaçay gülmüşdü: “Bəlkə onun sevgilisi Nigar sizinkidir?” Nurmurad yumruğunu sinəsinə vurub səsini qaldırmışdı: “Ay-vay-ey, Qaçay jan, men yılanmı neme?” Nurmurad badamı xırda gözlərini qıyıb, əl-qolunu ölçə-ölçə danışmışdı. Dediyindən dönməmişdi. Koroğlu bizimkidir, vəssalam! Koroğlu türkməndir. Hətta Türkmənistanda qəbri də var. Nurmurad özü də o qəbri ziyarət eləyib. Nurmurad demişdi ki, hər il payız girəndə Koroğlu günbatan tərəfdə bir dəfə görünüb yenə yox olur. Qılıncını fırlada-fırlada buludların arasında at çapır. Həmin gün adamlar pis əməllərdən əl çəkirlər. Hamı Koroğlunun qəzəbindən qorxur... Qaçay çaş-baş qalmışdı. Necə yəni Koroğlu türkməndir? Axı, ona demişdilər ki, Koroğlu azərbaycanlıdır. Onun oxuduğu kitabda da belə yazılmışdı. Aşıq Məhəmməd toylarda “Koroğlu” dastanını neçə dəfə nağıl eləmişdi. Aşıq Məhəmməd Nurmuraddan az bilir? Yox, Koroğlu azərbaycanlıdır, məskəni də Türkmənistan yox, Çənlibel olub. Əgər Qaçaya desəydilər ki, sənin atan Mikayıl ingilisdir, yapondur, yaxud həbəşdir, bəlkə də inanardı. Amma Koroğlunun türkmən olduğuna heç cür inana bilmirdi.
Qaçay elə buradaca odun yara-yara düşündü ki, o da Sahibovun nəzərində Koroğludur. Oğlan baltanı kötüyə sancıb gülümsədi: “Onda Canəli də keçəl Həmzədir. Görəydim Sahibov Canəliyə baxanda keçəl Həmzə yadına düşürmü?”.
O, xörəyini yeyib qurtarınca anası yanında oturdu. Qaçay bir-iki dəfə qərəzləndi, ağzını doldurdu ki, Cavahirlə Ağca barədə danışsın. Ancaq ürəyi gəlmədi. Bu qorxaqlığına, cəsarətsizliyinə özü də təəccüb etdi. Gözlədi ki, söhbətə anası başlasın. Cavahir də dinmirdi. Süfrənin saçaqlarını didişdirə-didişdirə oğluna baxırdı. Qaçay anlayırdı ki, anası narahatdır, gec-tez dillənməlidir. Deyəsən, məqam gözləyirdi. Bu məqamı, bu imkanı Qaçay yaratmalı idi.
O, süfrədən çəkildi. Artırmada qoyulmuş açılıb-yumulan çarpayıya uzandı. Əllərini başının altında çarpazlayıb fikrə getdi... Bu gecə Ağcanın tək-tənha oturduğu otaqda elektrik lampası yandırılmamışdı. Bu gecə dəmir şəbəkəli qoşa pəncərədən işıq süzülmürdü: artırma da, həyət də qaranlıq idi. Ancaq bu qaranlığın, tut ağacının altındakı taxta çarpayıda yatan Mikayıl kişiyə heç bir dəxli yox idi. Bəlkə də yatmamışdı, vaxtı keçmiş qızının taleyini, sabahını fikrində götür-qoy edirdi.
Cavahir stolun üstünü yığışdırandan sonra gəlib oğlunun yanında dayandı. Cırıltılı köhnə kətili altına çəkib oturdu. Qaçay tez dikəldi. Arvad balaca, soyuq əlini onun sinəsinə ehmalca qoydu:
– Dincəl, bala, dincəl. Yorğunsan...
– Bağışla, ana. – Qaçay yenidən uzandı.
Cavahir yarıyacan ağ pərdə çəkilmiş qaranlıq pəncərəyə baxıb köks ötürdü:
– Günorta bir söz demədin, a bala. Məsləhətin nədi?
– Nə deyim, ana? Ağcanın böyükləri sizsiniz.
– Evin kişisi sənsən.
Qaçay diksindi. Bu dəqiqəyə qədər o özünü uşaq sanmışdı. İyirmi iki yaş nədir ki? Üzünə ağıllı-başlı tük də gəlməmişdi. Hələ gözləyirdi ki, heç vaxt ülgüc vurdurmadığı seyrək, yumşaq bığı sıxlaşacaq, codlaşacaq və o, kişiyə oxşayacaq. Qaçayın ürəyini qəribə bir sevinc bürüdü. Qaranlıq tavana zillədiyi gözlərini yumub-açdı. Nə tez böyüdü Qaçay? Cəmi bir ay bundan qabaq o, işsiz gəzəndə evin kişisi Mikayıl idi. İndi kişilik yükü Qaçayın çiyninə düşüb. Oğlan birdən xoflandı. Üç adamın taleyi üçün daşıdığı məsuliyyətin ağırlığından qorxdu.
– Fikriniz nədir? – deyə soruşdu və səsindəki titrəyişi boğa bilməməyinə təəccübləndi. – Siz razısınız?
– Razıyıq.
Anasının tələm-tələsik qərara gəlməyi oğlanı acıqlandırdı. “Ağcanı başlarından eləmək istəyirlər. Kim olur-olsun, təki ər olsun, təki Ağca bu evdən getsin. Heç bilmirlər ki, Cahid kimdir, hansı yuvanın quşudur? Ağcaya layiqdirmi?”.
Cavahir oğlunun fikrini duyubmuş kimi dilləndi:
– Bikə çox tərifləyir oğlanı. Deyir ki, qanacaqlıdı, başıaşağıdı. Heç kimi yoxdu. İndi əl-ayağını bir yerə yığıb evli-eşikli olmaq istəyir. Fağır bir dəfə evlənib, baxtı qara gəlib. Arvadı ölüb.
– Demək, dul kişiyə verək Ağcanı?
– Bəs neynəyək?
Qaçay anasının bu acizanə, bir qədər də əsəbi sualının əsil mənasını başa düşdü. Bu böyüklükdə rayonda Ağcaya meyl salan, yaxın duran adam tapılmayıb. Görəsən, oğlanların gözləri hara baxırmış?
Cavahir əllərini dizlərinin üstünə qoyub astadan danışırdı:
– Cahid məsələni yubandırmaq istəmir. Fikri var ki, payız girən kimi toy eləsin. Payıza nə qalıb? Bir ay! Bikə də deyir ki, gərək Ağcanı dəm-dəsgahnan köçürəsiniz. Deyir, bu saat oğlanın əlində-ovcunda bir şey yoxdu. Gərək Ağcanın cehizi tutarlı olsun ki, babat güzəran qura bilsinlər... Bikə otağın birini hələlik verib Cahidə. Sonra Cahid özü ev tikdirəcək... Gərək Bikə deyən kimi eləyək. Mebel alaq, özü də importnı.
– Özümüzünkü olsa, keçməz?
– Bikə dedi ki, mebel importnı olsa yaxşıdı... İndi dəbdi. Bir də ki, a bala, kimdən əksiyik? Gözümüzün ağı-qarası vur-tut bir qızdı. Abırlı-ismətli köçürsək, Allaha da xoş gedər. Ağcanın ürəyi sınıqdı. Onun taylarının dörd-beş uşağı var... Sandığım doludu, qızın heç nədən kəsiri yoxdu. Təkcə importnı mebeli çatmır... Çarəmiz nədi, a bala? Cehiz vermək dədə-baba adətimizdi. Cehizsiz köçən qızın dili gödək, gözü kölgəli olar.
Arvad çox gözlədi, oğlundan səs çıxmadı. Nəhayət, əsl mətləbini dedi:
– Gör neyləyirsən, oğul... Mebeli deyirəm...
Qaçay yuxudaymış kimi fikirləşmədən cavab verdi:
– Yaxşı, ana, qoy səhər açılsın.
Bu sözləri elə dedi ki, guya mebeli harasa öz əliylə qoymuşdu, sabah gedib götürəcəkdi.
* * *
Qaçay işdə qərar tuta bilmirdi. Mebel tapacağını boynuna götürdüyü üçün özünü dönə-dönə danlayırdı. Necə alacaq, hansı pulla alacaq? Axı, qulluğa girdiyi cəmi bir aydır, hələ əlində, ovcunda heç nə yoxdur. Məgər anası Qaçayın vəziyyətindən bixəbərdir? Niyə bu ağırlığı onun üstünə atdı? Mebel qoz-fındıq deyil ki, gedib bazardan ucuz alasan?...
Qaçay özünə toxtaqlıq verməyə çalışırdı. Nəyəsə arxayın idi. Sanki göydən ovcuna pul düşəcəkdi. Axırda bu qərara gəldi ki, bəd ayaqda kimdənsə borc götürmək olar. Sonra qaytarmaq asandır. Məvacibini də yığar, atasının əlillik pensiyasını da. Üst-üstə qoyub borcunu verər. O, Ağcanın xatirinə hər çətinliyə, hər əzaba dözər.
Qaçay günortaya yaxın Sahibovdan icazə alıb idarədən çıxdı. Raykoopittifaqın anbardarı Tapdığın yanına gəldi. Eşitmişdi ki, Tapdıq xoşxasiyyətdir, xeyrə-şərə yarayandır.
– Bir diləyə gəlmişəm, Tapdıq dayı.
Kişi dəmir həlqəyə keçirtdiyi topa açarları ovcunda bərk-bərk sıxıb, dəyirmi iri gözlərini oğlanın ağzına zillədi:
– Mən qulluğunda hazır.
– Sizdə importnı mebel var? – Qaçay, anbardarın enli sinəsinə baxıb, fikirləşdi ki, Tapdıq bu boyda, bu ağırlıqda bədənini qısa ayaqlarının üstündə necə gəzdirir.
Kişi əllərini arxasında qoşalaşdırıb açarları cingildatdı:
– Kəsdiyimiz çörək haqqı, importnı mebellərin adı çıxıb. Özümüzünkülərin nəyi pisdi? Mağaza doludu, bilmirəm niyə almırlar.
– Mənə importnı mebel lazımdır, Tapdıq dayı. Vacibdir.
Kişi köks ötürdü. Tərləyib qarnına yapışmış, koftaya oxşayan ağ köynəyinin yaxasını iki barmağı ilə tutub dartdı, yeriyəndə titrəyən ətli ovurdlarını hava ilə doldurub sinəsinə üfürdü.
– Anbarda yoxdu. Kəsdiyimiz çörək haqqı! Neçə aydı almırıq. Bolqarski mebel gəlməlidi. Gözləyirik.
– Birini mənə verərsinizmi?
– Sədri gör, bala. İmportnı mebelləri Baxış özü paylayır. O, razılıq versə, mən nə karayam? Get yanına, müzayiqə eləməz. Mənə tapşırsa, gələndə bir komplekt saxlayaram.
* * *
Qaçay içəri girəndə Baxışın yanında beş-altı adam vardı. Hamısı da ayaqüstə dayanmışdı. Sədr oğlana başı ilə stul göstərdi. Qaçay əyləşdi. Baxış qarşısındakı kağızlara dördrəngli qələmlə tələm-tələsik qol çəkirdi. İmzası yaman uzun idi, vərəqin yarısını tuturdu.
Oğlan, ömründə birinci dəfə girdiyi bu geniş, işıqlı otağa nəzər saldı. Sədrin sağ tərəfində hündür, dəmir seyf qoyulmuşdu. Dolabçanın üstündə həsir şlyapa vardı. Baxışın geyim-keçimdə səliqəli olduğunu Qaçay bilirdi. Ütüsüz şalvar geyinməzdi. Cürbəcür qalstuklar bağlayardı. Baxışın sifətində azacıq çopur vardı. Sümüklü uzun burnunun ucundakı xırda göyümtül xalı elə bil tuşla döymüşdülər. Qaçay sədrin qaramtıl sallaq dodaqlarına baxdı və bədənindən üşütmə keçdi. Pənahın dodaqları! Qaçaya elə gəldi ki, indi burda oturub sinəsini parıltılı uzun stola söykəyən Pənah özüdür. Ancaq qara eynəyini taxmayıb. Oğlanın qulaqlarında yaşıl “Volqa”nın siqnalı guruldadı. Gözlərinin qabağında toz dumanı qalxdı. Bu dumanın içində hər şey itdi; müşəmbəli qalın qapı da, hündür dəmir seyf də, dolabça da. Ayaqüstə duran adamlar da ağ örtüyə büründülər. Bu sonsuz ağlığın fonunda təkcə Baxışın qələmi möhkəm tutan uzun qara barmaqları donub qaldı.
Kitabxana.az · https://kitabxana.az/works/isi-melikzade-evin-kisisi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.
Şehli çəmənlərin işığıAltmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?
Küçələrə su səpmişəm...Xəlil qapıdan girəndə arvadı təəccübləndi; Xəlilin vacib işi olmasaydı günortalar evə gəlməzdi. Teybə çox vaxt axşam xörəyindən saxlayıb çörəyin arasına qoyar, onu qəzetə yaxşı-yaxşı bükərdi. Xəlil də səhər evdən çıxanda həmin bükülünü qoltuğuna vurardı. Aparmaq üçün fərqli xörək olmayanda Xəlil günorta hamamın yanındakı yeməkxanaya gedərdi. Bir də ki, onun yeməyi nə idi? Uşaq kimi, dörd yarpaq dolması onu xirtdəyəcən doyuzdurardı. Teybə yeddi il idi ki, onunla bir damın altında yaşayırdı və bu yeddi ildə Xəlilin istirahət günlərindən başqa günortalar evdə tikə kəsdiyini görməmişdi.Teybə ərinə nəzər saldı və qorxdu. Xəlilin arıq, uzunsov sifəti bozarmışdı. Damağındakı “Kazbek”in islanmış kötüyünü çeynədikcə batıq ovurdları tərpənirdi. Qıyılmış xırda gözləri otağın künc-bucağında nəsə axtarırdı. O, papirosun kötüyünü dişləyib tüpürdü.
QuyuI**Umud gözlərini soğan, kartof qabıqları tökülmüş torpaq döşəməyə zilləyib, çirkli xalatının düymələrini yavaş-yavaş açmağa başladı. Neçə gündən bəri ürəyində ağır daş kimi gəzdirdiyi sözləri indi bərkdən dedi: