Gümüşgöl əfsanəsi
Səhifə 16 / 17 · 88%
Az qaldı Orxan sükanı buraxıb, başına ikiəlli qapaz salsın. “Ay sarsaq, nə vaxtacan səhf eləyə-eləyə, özünü aldada-aldada yaşayacaqsan? Axı, bu səhvlərinin əzabını özün çəkirsən. O gölün qırağındakı nə alışmaq idi, nə yanmaq idi? Məhəbbət idimi o? Dəmir kimi pəzəvəngin nə təqsiri vardı ki, ondan mənasız intiqam almaq fikrinə düşüb, günahsız qızın qəlbini yaraladın?”
Bir uca dağın başında bir gözəlin gözləri uzaqlara dikiləcək, əhd-peymanına inandığı bir şəhərli oğlanın yolunu gözləyəcək o. Oğlanın ürəyində, xəyalında gəzdirəcək, yuxularında görəcək, Gümüşgölün kənarında axtaracaq. Oğlan isə ya qaranlıq otaqda, ya kimsəsiz xiyabanda süd bənizli bir qızın şabalıdı saçını tumarlayacaq. “Bizim kəbinimiz göydə kəsilib, can-ciyər. Bir-birimizə elə bağlanmışıq ki, bizi heç fələk də ayıra bilməz”. Bəs oğlanın şabalıdı saça tumar çəkən əli göynəməyəcək? Süd bənizli qızın qulağına söz deyən dili göynəməyəcək? Axı, uca dağlar başında ümidli qoyub gəldiyi qaragözlü qız yadına düşəcək. Yadına düşsə, yəqin ki, vicdanı ağrıyacaq. Vicdanı ağrısa, yəqin ki, o ağrıya məlhəm tapacaq. “Mən Bənövşəni yoldan azdırmamışam. Onun məhəbbətini qazanmaqçün hiylə işlətməmişəm. Mən o binəyə getməmişdən qabaq Bənövşə ürəyini ümidlə, məhəbbətlə doldurub, ağ atlı qismətinin yolunu gözləyirdi. Təsadüf məni seçib. Əgər əlahəzrət təsadüf ora başqa oğlan göndərsəydi, Bənövşə “qismətim” deyib onu tutacaqdı. Yox can-ciyər, məndə günah yoxdu. Günah bənövşənin rəngli yuxularındadır”.
Bu təsəllidən Orxan, doğrudan da, arxayınlaşdı. Sən demə, ağrıyan vicdanı ovundurmaq o qədər də çətin deyilmiş. Vicdanı sakitləşəndən, uyuyandan sonra Orxan ən müşkül məsələləri həll eləyə bilər. Lap Fatma həkimin inadını qırıb, Səfayla evlənə də bilər. Ayağını yerə bərk dirəsə, Fatma həkimi yola gətirər. Bu vaxtacan özü baş qoşmayıb, çünki ürəyinin ən gizli, ən dərin guşəsindən həmişə bir səs gəlirdi ki, Səfadan sənə arvad olmaz, onunla evlənməyəcəksən, evlənməyəcəksən, evlənməyəcəksən... Amma indi “Jiquli” də Bakıya gedə-gedə ürəyinə qulaq asdı: ürəyinin ən gizli, ən dərin guşəsindən daha etiraz səsi qalxmadı. Və Orxanın içini qəribə bir sevinc bürüdü. “Gəlirəm, Fatma həkim, təslim ol”. Fatma həkimi təslim eləməyin yolunu Orxan bilirdi. Simanın canı sağ olsun. Orxan Yəməndəki bacısına yazacaq ki, “Səfa mənim olmasa, bu dünyadan nakam gedəcəm”. Sima da kövrəlib anasına uzun bir namə göndərəcək. Onda Fatma həkim mum kimi yumşalacaq. Fatma həkimçün bütün dünya bir yanadı, Sima bir yana.
Orxan birdən-birə hiss elədi ki, Səfadan ötrü darıxır, maşının sürətini artırdı...
Gecəyarıdan keçəndən sonra “Jiquli” ikinci mikrorayonda, Səfanın yaşadığı binanın qabağında dayandı. Orxan üçüncü mərtəbədəki pərdəli pəncərəyə baxa-baxa maşından düşdü. Otaqda işıq yanmırdı. Orxan pilləkənləri qaça-qaça qalxdı.
Nə illah elədi, açarı açar yerinə sala bilmədi. Mərtəbənin işığı yanırdı və Orxan bu işıqda baxıb gördü ki, qıfıl dəyişilib, qıfıl onun qoyub getdiyi qıfıl deyildi. Orxan bir az keyikib qaldı, sonra başladı qapını yumruğu ilə döyməyə. Döydü, döydü... Qulaq asdı: içəridə səs-səmir eşitmədi. Heç ağlına da gətirmədi ki, Səfa harasa gedə bilər. Əgər Səfa bu vədə evində yoxdursa, demək, başında bir iş var onun. Orxan qapını bərk-bərk yumruqladı. Yenə nəfəsini içinə çəkib dinşədi. Dəhlizdə elektrik düyməsi çıqqıldayanda Orxanın ürəyi üstünə gəldi. Açar iki dəfə buruldu, sonra zəncir şaqqıldadı və qapı azacıq aralandı. Orxan qapının arasında bir cüt yuxulu göz gördü, düyünlənmiş aypara qaşlar gördü, elə bildi ünvanı səhv salıb. İstədi geri dönsün, birdən aypara qaşlar tanış gəldi ona. Orxanın içində elə bil nəsə qırıldı. Orxan, boynunun dalından başlayıb dabanınacan uzanan zoqqultudan, ağrıdan tıncıxa-tıncıxa:
– Ay köpəyoğlu! – deyib, əlləri əsə-əsə qapını itələdi; qapı zəncirdə idi, açılmadı.
Yavər o tərəfdən kal səslə:
– Ağzını təmiz saxla, – dedi.
Orxan qapının dəstəyindən yapışdı, bilmədi haray-həşir qopartsın, ya yox. Hirsindən boğula-boğula:
– Səfanı çağır, – dedi.
– Səfa yatıb.
– Dedim, Səfanı çağır!
– Dedim, Səfa yatıb!
Orxanın boğazı quruyub göynədi.
– Bu dəqiqə qapını sındırıb, ikinizi də öldürrəm!
Yavər eynini də pozmadı, arxayın-arxayın dedi:
– Səfa sənin kəbinli arvadın döyül... Day bura gəlmə! Eşitdin? Biz sabah ZAQS-a gedirik... evlənirik... Bir də bura ayaq bassan, özündən küs.
Orxan qapının arasından içəri boylana-boylana çağırdı:
– Səfa!.. Səfa!.. Səfa!...
Qapı Orxanın lap burnunun qabağında çırpılıb bağlandı. Orxan az qaldı hönkürüb ağlasın, ürəyini əzib-ağrıdan hirsi-hikkəni, incikliyi gözünün yaşına qatıb axıtsın, bəlkə ürəyi bir az boşala, rahatlana. Burda qalıb deyişməyin, savaşmağın nə mənası? Bu andan dünyada onunçün Səfa adlı adam yoxdu. Səfa ölüb, Orxanın qəlbində bu itkinin ancaq göynərtisi qalıb. Ölü ilə haqq-hesab çəkməzlər.
Orxan çöldə, binanın qabağında xeyli dayandı; hələ özünə gəlməmişdi, hələ içindəki əsməcə səngiməmişdi. Yaxasını açdı, sinəsini mehə verdi. Sonra sükanın arxasında oturdu...
Mirzə Muxtarın evinin qabağında, “Jiquli” nin içində Orxan səhəri dirigözlü açdı. Yorğun idi, qulaqlarında qıjıltı vardı, amma ürəyi sakitləşmişdi, daha gecəki təki göynəmirdi. Orxan ağlının bir az sərin vədəsində fikirləşib özünü inandırmışdı ki, Səfada günah yoxdu, Səfa onu çox gözləyib, onun şıltaqlığına da, soyuqluğuna da gücü çatanacan dözüb. Orxan öz cəzasını çəkir. Əsl xəyanətkar Orxan özüdür. Dağlarxanın dövrü olsaydı, bu günahı üçün Orxanı Gümüşgöldə batırardılar. Səfa xəyanətə cavab verib... Bəs kövrək, büllur Bənövşə bu ağrıya, əzaba necə dözəcək?.. Orxan içində qaynayan bu suala xəcalət çəkə-çəkə cavab axtarırdı. Və xəcalət çəkə-çəkə fikirləşdi ki, ürəyi məhəbbətlə dolu bir qızı bu dünyada xoşbəxt eləsə, özü də xoşbəxt olar. Bəlkə Bənövşə, doğrudan da, taleyin yazısı ilə onun bəxtinə düşən qismətdi? Sevdiyi adamı başqasına dəyişə bilən Səfa Orxanın nəyinə lazımdı? Orxan Çapıqqayadan şəhərə gələrkən, yolda avara-sərgərdan fikirlərlə özünü nahaq aldadıb, ürəyinin ən gizli, ən dərin guşəsindən gələn etiraz səsini nahaq boğub. Səfadan ona arvad olmaz. Orxana Bənövşə lazımdı. Bənövşə ona hava-su kimi gərəkdir. Orxan tərəddüdünə, şübhələrinə son qoymalıdır, hərdəmxəyallığın daşını atmalıdır. Bir sözlə, Orxan kişi olmalıdır.
Və Orxan elə burda – Mirzə Muxtarın evinin qabağında, maşının içində qərara aldı ki, bu gündən bütün qüsurlarının, günahlarının dalınca bir qara daş atır, bu gündən Bənövşəyə layiq bir insan kimi ömür sürəcək. Mərhum Mirzə Muxtarın evinin qabağında bu gün dünyaya yeni bir Orxan gəlib. Qədəmləri mübarək! “Səfanın acığına, bütün xəyanətkarların acığına, lap öz acığıma da Bənövşəni alacam. Qoy Səfa da, Yavər də görsünlər ki...” Orxan sinə dolusu nəfəs alıb Mirzə Muxtarın eyvanına baxdı. Pəncərənin qabağında sarışın bir qadın saçını darayırdı. Əvvəllər rəhmətlik Mirzə Muxtar dayanardı orda, qəlyanını tüstülədə-tüstülədə qollu-şaxəli tut ağacına saatlarla tamaşa eləyərdi. Tut ağacının budağı eyvana toxunardı... Orxan baxıb gördü ki, eyvana budaq-zad toxunmur, gördü ki, Mirzə Muxtarın evinin qabağı açıqlıqdır. Tut ağacı sərələnmişdi meydançaya. Torpaqdan dartıb çıxartdığı sarımtıl rişələri əyri-üyrü caynaqlara oxşayırdı. Yəqin ki, küləyin işi idi bu; Mirzə Muxtarın atasının yadigan Xəzər küləyindən savayı heç kimə, heç nəyə can verməzdi. Orxan məyus-məyus fikirləşdi ki, Mirzə Muxtarın nəsli-kökü daha yer üzündən kəsildi.
Süpürgəçi Səlimcan qabağına bozumtul, çirkli önlük bağlayıb tut ağacının həndəvərini süpürürdü. Ağazəki də kürəyini balaca ərzaq mağazasının örtülü qapısına söykəyib ona baxırdı. Ağazəki bərkdən dedi:
– Səlimcan! İstəyirsən səhər-səhər sənə sveji bir sual verim: o hansı ölkədi ki, orda cəmi-cümlətani otuz soldat var, onlar da kralın keşiyini çəkirlər?
Səlimcan əl saxlayıb gülə-gülə Ağazəkiyə cavab verdi:
– Elə o bizim evdi, znaçit. Hamısı oturublar, znaçit, ağızlarını açıblar. Gözləyirlər, mən qazanım, znaçit, onlar da ötürsünlər.
Sonra Ağazəki, deyəsən. Təzə sual verdi, amma Orxan onun dediyini eşitmədi, çünki Baton elə bu dəm maşının qapısını açıb oturdu Orxanın yanında və oturan kimi soruşdu ki:
– Qərdeş, maşın nöş palçıqlıdı?
Orxan onun hara getdiyini bilirdi, yenə xəbər aldı ki:
– Səhər-səhər hara gedirsən?
Baton yuxulu gözlərini qardaşının üzünə zilləyib yorğun-əzgin dedi:
– İşə gedirəm... amma bu gün deyəsən işləyə bilməyəcəyəm, qərdeş, canım yaman ağrıyır. Neçə gündü başımda səs var.
Orxan əlini Batonun çiyninə qoyub:
– İşə getmə, – dedi. – Yat, istirahət elə, dincəl.
– Getməsəm, olmur. Metroda o qədər qoca arvad-kişi var ki. Hamısına gərək yer düzəldəsən. Bunlar bu qədər hardan çıxır, qərdeş? Qocalar evlərində oturmurlar, qarışqa kimi doluşurlar metroya... Zəmbilli, sumkalı... Müsibətdi, vallah, yorulmuşam day.
Kitabxana.az · https://kitabxana.az/works/isi-melikzade-gumusgol-efsanesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ağarəhim Borçalıda cəmi-cümlətani bircə gecə qaldı. Bu da işdir sən allah, dünən gəl, bu gün qayıt. Gərək, heç olmasa, üç-dörd gün gəzəydi burda, üç-dörd gün Bakının basabasından səs-küyündən uzaq olaydı. Borcalının “qaymaq” havasından udaydı, “bal” suyundan içəydi. Ağarəhim könülsüz-könülsüz “Jiquli”yə oturanda qayınanası yalvardı ki, “qal, getmə”. Ağarəhimin əvəzinə arvadı Pərvanə cavab verdi: “Getməlidi, – dedi, gərək ponidelnik işdə olsun”. Ağarəhim ürəyində: “Tüpürüm ponidelnikə”, – deyib maşını tərpətdi, amma başa düşdü ki, “ponidelnikə” tüpürə bilməz, çünki “ponidelnik” institutda olmalıdı, axşam şöbəsinin tələbələrindən imtahan götürməlidi...Sağ-solunda yastı, bomboz təpələr görəndə Ağarəhim anladı ki, maşında tək-tənha uzaq yol getmək müsibətdir. Gələndə arvad-uşağı yanında idi və onda elə bil buralar belə bozumtul, belə qərib deyildi, yol belə əyri-üyrü, dolanbac deyildi, asfalt adamın gözünün toyşunu aparmırdı. Gələndə təkərlərin səsi eşidilmirdi, amma indi şırıltıya qulaq as; elə bil şəlalə şırıltısıdı, adama layla çalır, mürgü gətirir. Ağarəhim fikirləşəndə ki, hələ qabaqda dörd yüz kilometrdən çox yol var, başladı darıxmağa, təntiməyə və o dəqiqə də başa düşdü ki, bu qədər yolu darıxa-darıxa getmək olmaz – adamın bağrı partlayar, vallah. Özünə ürək-dirək verdi, toxtaq olmağa çalışdı. Cəhənnəm olsun yolun ağlığı da, uzaqlığı da. Təptəzə “Jiquli”nin əlində dörd yüz kilometr yol nədir ki? Qaldı təklik məsələsi – onun da çarəsi var. Radioqəbuledicini aç, səsi gəlsin, ya da maqnitofonu işə sal, kefin nə qədər istəyir, oxusun səninçün. Bəs maqnitofonu nədən ötrü almısan, atam-qardaşım, Yapon maqnitofonu üçün alverçiyə min manatı niyə vermisən?
QatardaDostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.
Şehli çəmənlərin işığıAltmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?
Evin kişisiÇəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...
Başqa şairlərin şeirləri
Kəndin laf eyliyib aşığam demə,Sən də olar bir gün dara düşərsən,
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər
Ey sərvi-səhi, sən gələli seyr ilə bağəEy sərvi-səhi, sen gələli seyr ilə bağəSər çəkmədi ər-ər,
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?