Səhifə 4 / 14 · 21%

Tulanı Xalığa on il əvvəl bir tənəkəçi usta bağışlamışdı. Xalıq evin damına dəmir vurdurmaq üçün Yevlaxdan usta gətirmişdi. Ustanın adı Turab idi. Amma bu kəndin camaatı daldada onun adına doqquzbarmaq deyirdi, çünki Turabın sağ əlində baş barmağı yox idi. Turab bu barmağını müharibədə qoymuşdumu, dəzgah-bıçağın ağzına vermişdimi, bilən yox idi. Ancaq məlum məsələ idi ki, Turab da bütün bəni-insanlar kimi anadan onbarmaqlı doğulmuşdu. Deyilənə görə, Qarabağda onun kimi taxtapuş düzəldən yox imiş. Turab yanınca Patron adlı bir tula da gətirmişdi.

Umud Turabı görmüşdü, saatlarla dayanıb onun işinə tamaşa eləmişdi. İndi qoca tulaya baxanda nəfəsi çiynindən çıxan o arıq, cılız kişini xatırladı. Turab tək işləyərdi. Titrəyəndə göy gurultusu qoparan ağ dəmir laylarından doqquzbarmaqlı yapışıb dama tək qaldırardı. Tənəkələri taxtalara tək mıxlayardı. Səhərdən axşamacan heç kimlə kəlmə kəsməzdi. Çoxlu su içərdi, çoxlu siqaret çəkərdi. Xalıq yeşik-yeşik mineral su alıb qoyardı dama. Turab bir dəmir vurandan sonra bir butulkanın ağzını qurumuş dodaqlarına dirəyib boşaldardı. Gün təpəsinə döysə də, qırış-qırış, seyrək tüklü, sarımtıl üzündə bir damcı da tər görünməzdi.

Solmaz tulaya yaman mehr salmışdı. İşi-peşəsi səhərdən-axşamacan Patronla oynamaq idi. Solmaz Patronun boğazına qırmızı lent bağlayardı. İri dişli dəmir daraqla tez-tez onun başını, belini darayardı. Yaxşı deyiblər ki, “uşaq məhəbbətə, it əppəyə gələr”. Solmaz küncüddən tutmuş qarpız tumuna qədər əlinə nə düşsə, Patrona yedizdirərdi. Patron da bu xeyirxah, səxavətli qızcığazın dizlərindən uzağa getməzdi.

Turab işini qurtardı. Haqq-hesabını üzüb Yevlaxa qayıtmaq istəyəndə Solmaz tulanın boynunu qucaqlayıb ağladı.

– Vermərəm, – dedi. – Mənimkidi.

Əsli də kövrəldi, Xalıq da.

Xalıq Turabı dilə tutdu:

– Uşaq yaman öyrəşib bu itə, usta. Neçə deyirsən verim, aparma bu iti.

Turab qaşqabağını tökdü:

– Yox... Satmıram... – Sonra Solmazın yanaqlarına süzülən yaşa baxdı, tulanın göyümtül, şəfəqli gözlərinə baxdı. – İndi ki, mehrini ona salıb, qoy havayı götürsün, – dedi. Əllərini yelləyib həyətdən çıxdı. Bircə dəfə də dönüb geriyə, canından çox istədiyi Patrona baxmadı.

– Dədə, bu tulanın cavanlığı yadındadı?

Məcid kişi oğlunun səsinə əl saxladı. Pıçalaqlı gözləri ilə mürgü vuran Patrona baxdı. Sonra Umuda məzəmmətli nəzər saldı:

– Sarsaq oğlu, sarsaq! Guya tula mənim tay-tuşumdu, – deyib təzədən işə girişdi.

Əsli eyvanda göründü, Piriyə nəsə dedi, sonra evin kəlləsində boşqabları suya çəkib çinləyən Güləndamı səslədi:

– Ay Güləndam! Bir az əlli-ayaqlı ol! Mitil-şitilin yununu çırpmaq lazımdı!

Əsli butalı, uzun xalatının açıq yaxasını örtdü, dirsəklərini məhəccərə qoyub Məcid kişinin işləməyinə xeyli tamaşa etdi. Sonra nəzərləri Patrona sataşdı.

– Ay Umud! – dedi. – O çər dəymişi qov ordan! Quyunu murdarlayar.

Umud tulaya baxa-baxa qaldı. Bilmədi Patrona necə acıqlansın, onu necə qovsun. Lap yavaşcadan, özü də çox həvəssiz dilləndi:

– Sürük burdan.

Patronun bir tükü də tərpənmədi. Bu dünya onun vecinə deyildi. Heç kimin də hədəsindən qorxmurdu. Umud başa düşdü ki, mürgüdən ayılmaq, yerindən qalxıb onca addım yerimək Patron üçün cəhənnəm əzabından da betərdi. Daha Patronu qovmağa Umudun ürəyi gəlmədi. Yenə onun yadına tulanın keçmiş sahibi düşdü. Gündə bircə dəfə qarnına qulluq eləyən cansız-cəsədsiz, sarı-sısqa Turab! Turab iki dəfə Yevlaxdan bura basa-basa Patronun görüşünə gəlmişdi. Axırıncı kərə tulanı qucaqlayıb bağrına basmışdı. Sonra barmaqlarının doqquzunu da Patronun belində, başında gəzdirə-gəzdirə göyümtül gözləri yaşara-yaşara demişdi: “Bu, qızıldı, qızıl... Bundan muğayat olun. Bu da mənim kimi təkdi, kimsəsizdi”. Sonra Turab bu yerlərdə görünmədi. Xalıq dedi ki, Turab Yevlaxda kiminsə damından yıxılıb ölüb. Yazıq Turab dünyadan vaxtında köçüb. Patronun bu gününü görsəydi ürəyi partlardı. Patron bu boyda səmanın altında tək-tənha qalmışdı.

Piri qaça-qaça gəldi. Tut ağacının altına köhnə kilim saldı, kilimin üstünə qalın döşəkcə tulladı, mütəkkə qoydu, yenə qaça-qaça evə getdi. Bir azdan Piri döşəkağına bükülmüş bir şeyi qucağında bərk-bərk tutub, hıqqına-hıqqına pillələri düşdü. Elə bil döşəkağının arasına bir şaqqa quyruqlu ət qoymuşdular və Piri yeridikcə bu ət tir-tir titrəyirdi. Piri qucağındakını ehmalca döşəkcənin üstünə qoyub döşəkağını götürdü. Dümağ bir baş göründü. Hərəsi zoğal boyda bir cüt qıpqırmızı, kirpiksiz göz göründü. Umud anladı ki, döşəkcənin üstündə yumaq kimi bükülmüş bu kündəsifət məxluq Minnət qarıdır.

Piri döşəkağını qarının çiyninə alıb tıncıxa-tıncıxa dedi:

– Dincəl, bu kölgədə.

Piri qollarını sinəsində çarpazlayıb eyvanda dayanmış Əsliyə ötəri nəzər saldı. Dodaqlarının ucu ilə gülümsəyib həyətdən çıxdı.

“QAZ-69” nərildəyə-nərildəyə doqqazdan uzaqlaşdı. Əsli də əlləri qoynunda, köks ötürə-ötürə maşınının qaldırdığı qatı toz dumanına uzunuzadı baxdı.

Umud gözlərini Minnət qarıdan çəkmirdi. Neçə il idi Umudun ayağı bu həyətə dəymirdi. Neçə il idi Umud Minnət qarını görmürdü, onun səsini eşitmirdi. Qarının bu kökə düşəcəyini Umud ağlına da gətirməzdi.

Minnət qarının qaşları da yox idi. Burnu yastıqlanıb yanaqlarına bitişmişdi. Amma yanaqları qırmızımtıl idi, elə bil onlara qızılgül suyu çəkmişdilər. Umud fikirləşdi ki, qarının üzündəki çalın-çarpaz qırışları saymaq üçün düz bircə gün vaxt lazımdır. Qarının boğazı görünmürdü: çiyinlərinin üstündə yumru bir daş dayanmışdı. Dodaqları əyilib ağzına girmişdi və adama elə gəlirdi ki, Minnət qarı daim utana-utana gülümsəyir.

Umud gördü ki, atası da dayanıb mat-mat Minnət qarıya baxır. Məcid kişi beli torpağa sancdı, asta-asta gəlib Minnət qarının qarşısında çöməldi:

– Nə təhərsən, ay tanrının fağırı? – dedi.

Minnət qarının zoğal gözləri tərpəşdi. Amma qarı heç hara baxmırdı, heç nə görmürdü. Qıpqırmızı gözlərinin içində bəbəkləri də itib-batmışdı.

Məcid kişi köynəyinin ətəyilə alnının tərini silə-silə dedi:

– Bunun bir ağmaya vaxtı vardı ki... Dünya gözəli idi Minnət. – Ağzını qarının büzüşmüş qulağına tutdu. – Səninçün aranla dağın nə fərqi var, a bəxtəvər?! İstəyirsən çeşmə suyu iç, istəyirsən quyu suyu, təfavütü yoxdu!.. Yəqin Allah-təalanın yadından çıxmısan, yoxsa səni bu vaxtacan boğazlamışdı.

Qarı onun dediklərini eşitməsə də, zoğal gözlərini səmaya tuşlayıb, titrək dodaqlarının arasından civiltiyə bənzər bir səs çıxartdı.

Məcid kişi ayağa qalxdı.

– Qurban olum ilahinin məsləhətinə. Gündə neçə cavanı qara yerə quylayır.

Kişi elə bərkdən danışdı ki, eyvanda dayanmış Əsli də onun sözlərini eşitdi. Əsli əllərini qoynundan çıxarıb təzədən məhəccərə dirsəkləndi.

Məcid kişi quyunun yanına qayıdanda nəzərləri tulaya sataşdı. Qazdığı torpaqdan bir ovuc götürüb Patrona tərəf atdı.

– İtil burdan!

Tula diksinib gözlərini açdı, ancaq yerindən tərpənmədi. Məcid kişi təzədən aşağı əyildi.

– Sənnən döyüləm?!

Patron gümüşü saçlı, pəhləvan cüssəli, çalqaş qocaya mürgülü gözləri ilə baxıb tənbəl-tənbəl qalxdı. Yavaş-yavaş samanlığa tərəf getdi.

Eyvanda Əslinin səsi eşidildi:

– Kül onun it başına! Bu qapıya gələni bircə kərə də hürməyib! Səsinə həsrət qalmışıq! Amma beş adamın payını tıxır!

Məcid kişi bellə quyunun divarını hamarlaya-hamarlaya oğluna baxıb qımışdı.

– Bu da heyvanların müftəxorudur, – dedi.

Əsli Məcidin sözlərini eşitmədi. Gözlərini hündür daş hasarın üstündən uzaqlara zilləyib Patronun qarasınca deyindi:

– Çər dəymişi bir azdıran da yoxdu. Xalığa ha deyirəm, bu qulağından alıb, o qulağına verir.

Tula gedib samanlığın qabağında sərələndi. Umud o tərəfə baxdı. Yoğun pasnaya söykədilmiş motosikli bayaqdan bəri görmədiyinə təəccüb elədi. Motosiklin üstünə cır-cında atmışdılar, təkcə təkərlərinin yarısı açıq qalmışdı. Onu Tofiq sürərdi. Umud da gendə dayanıb Tofiqə həsədlə baxardı. İkitəkərli bu maşını kəndin tozlu küçələrində heç olmasa, bircə dəfə sürmək Umuda qismət olaydı. Tofiq onu lazımsız bir şey kimi atıb getmişdi. İndi yəqin köhnəlib.

Umud özünü saxlaya bilmədi, yaxınlaşıb motosiklin üstündəki cındırın bir ucunu qaldırdı. Avtomobil müfəttişlərinin motosikli eynən bu rəngdə olur, kəhrəba rənginde... Umud istər-istəməz əlini yəhərə çəkdi. Yəhərin üstündə bir barmaq qalınlığında toz vardı. Motor da tozlu idi.

– A gədə, gəl bu torpağı kürə burdan. – Məcid kişi çəkilib tut ağacının kölgəsində, Minnət qarıdan bir az aralıda oturdu.

Quyu üç bel ağzı qazılmışdı. Dərinliyi dizəcən olardı.

Umud torpağı kürəyəndə elə bil qəlbinə işıq doldu. Düşündü ki, göz yaşı kimi dupduru bu suda Solmaz əl-üzünü yuyacaq. Bayaqdan bəri qızı xatırlamadığına heyrətləndi... Eh, niyə də xatırlasın? Xatırlamağın nə xeyri? Solmaz hara, Umud hara? Nə olsun ki, hərdən gecələr Solmazı yuxusunda görür? Əsgərlikdə də Solmaz onun yuxusuna girirdi. Görən, Umud da Solmazın yuxusuna girirmi? Bax, məsələnin düyün yeri buradır. Yox, Umud, bir daş altdan, bir daş üstdən!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Şehli çəmənlərin işığı

Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?

198526 dəq
Evin kişisi

Çəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...

1 saat 10 dəq
Küçələrə su səpmişəm...

Xəlil qapıdan girəndə arvadı təəccübləndi; Xəlilin vacib işi olmasaydı günortalar evə gəlməzdi. Teybə çox vaxt axşam xörəyindən saxlayıb çörəyin arasına qoyar, onu qəzetə yaxşı-yaxşı bükərdi. Xəlil də səhər evdən çıxanda həmin bükülünü qoltuğuna vurardı. Aparmaq üçün fərqli xörək olmayanda Xəlil günorta hamamın yanındakı yeməkxanaya gedərdi. Bir də ki, onun yeməyi nə idi? Uşaq kimi, dörd yarpaq dolması onu xirtdəyəcən doyuzdurardı. Teybə yeddi il idi ki, onunla bir damın altında yaşayırdı və bu yeddi ildə Xəlilin istirahət günlərindən başqa günortalar evdə tikə kəsdiyini görməmişdi.Teybə ərinə nəzər saldı və qorxdu. Xəlilin arıq, uzunsov sifəti bozarmışdı. Damağındakı “Kazbek”in islanmış kötüyünü çeynədikcə batıq ovurdları tərpənirdi. Qıyılmış xırda gözləri otağın künc-bucağında nəsə axtarırdı. O, papirosun kötüyünü dişləyib tüpürdü.

197154 dəq
Dədə palıd

Kürün sağ yaxasında yaşıl zolaq kimi uzanıb gedən meşədə Bağır düz iyirmi il idi ki, gözətçi işləyirdi. Ən uca, ən qoca palıdın otuz-qırx addımlığında balaca bir koma qaralamışdı və Bağır bu komada olanda ən uca, an qoca palıdın hənirini eşidirdi. Hərdən Bağıra elə gəlirdi ki, bu meşədə qoca palıddan savayı acac yoxdur və Bağır iyirmi ildir ki, yalnız bu ağacın keşiyini çəkir.Bağır bu palıdı hər gün görürdü; səhərdən axşamacan onun yanından bəlkə yüz dəfə ötürdü. Onun kölgəsində süfrə açırdı, dincəlirdi. Bürkülü gecələrdə bəzən elə buradaca – palıdın çətiri altındakı taxta çarpayıda yatırdı. Bu palıd Bağırçın dünyanın özü qədər qədim idi, əbədi idi. Bağır bu palıdın bozumtul, çat-çat gövdəsinə kürəyini bəlkə min dəfə, milyon dəfə söykəmişdi, ancaq elə bil palıdın təpəsinə baxmamışdı, fikir verməmişdi. Yəqin ki, baxmışdı, amma Bağır bu gün, bu yay səhərində gördüyünü əvvəllər görməmişdi.

19791 saat 40 dəq

Başqa şairlərin şeirləri