Quyu
Səhifə 5 / 14 · 29%
– Dədə, qazımmı?
– Korlayarsan. Quyu gərək düppədüz olsun, divarları şüşə kimi hamar olsun. Bir balaca əyildimi, onda o, quyu deyil, lağımdı.
– Qoy özümü sınayım.
– Belə dur görüm. – Məcid kişi beli oğlundan aldı. – Ta sənlik iş yoxdu burda. Get, kənd-kəsəydə veyillən, axşamüstü gələrsən.
Umud getməyə bir bəhanə axtarırdı, ancaq hara gedəcəyini də bilmirdi. Hara olur olsun. Heç olmasa atasının gözündən iraq arın-arxayın papiros çəkər. Bir az tut ağacının altında dayanıb Minnət qarıya baxdı. Minnət qarı başını mütəkkəyə qoyub büzüşmüşdü. Zoğalı gözlərinin qızartısı da görünmürdü. Qarının üstündəki kraxmallı, ağappaq döşəkağı asta-asta enib qalxırdı.
Umud samanlığın kölgəsində mürgü vuran Patronun yanından ötdü, motosiklin böyründən keçəndə kiçik uşaqlar kimi əlini yəhərə çırpdı.
Umud Xalıqgilin həyətindən çıxanda gün günorta olmuşdu.
Kəndin küçələrində adam görünmürdü. Yollardan toz qalxmırdı, elə bil maşınlar da kölgəyə təpilmişdi. İtlər də susurdu. Qarğı çəpərlərdə, kol hasarlarda cırcıramaların biahəng, yeknəsəq cırıltısı eşidilirdi.
Papiros Umuda ləzzət vermirdi. Umudun ağzında ocaq tüstüsünün təmi vardı. Papirosu atdı. Kölgədən çıxmağına peşman olmuşdu, ancaq bu tezliklə geri qayıtmağa da utanırdı. Tozlu yolda ayaqlarını ehmallıca ata-ata gedirdi. Cırcıramaların mürgü gətirən səsi Umudun qulaqlarında bitməz-tükənməz uğultuya dönmüşdü. Gün təpəsini oyurdu və bu istidə Umud heç nə fikirləşə bilmirdi, elə bil beyni yerli-dibli yox idi, buxarlanıb uçmuşdu.
Umud qəflətən başını qaldıranda bir anlığa özünü itirdi. Yeməkxana binasının çat-çat olmuş divarına çaşqın-çaşqın baxdı. “Lənət şeytana! Bura niyə gəldim?” İçəridən səs-küy eşidilmirdi, mətbəxin hisli-qurumlu bacasından tüstü qalxmırdı. Həmişə qapının ağzında dayanıb, sümsük gözlərini girib-çıxanların əlindən çəkməyən, canavara oxşayan boz köpək mətbəxdən azacıq aralıda, qıvrım çayırların arasında uzanmışdı. Hərdən qulaqlarını şappıldatmasaydı, deyərdin bəs ölüb. Umud yavaş-yavaş uzunsov binanın qarşısına keçdi. İkilaylı hündür qapıda qapqara iri qıfıl görəndə Umudun ürəyindən bir səs qopdu: “Yaşasın Xalıq dayı!”.
Yan-yörədə hələ kartof, pomidor qabıqları gözə çarpırdı, ancaq bu həndəvərdən daha ət iyi, soğan iyi gəlmirdi. Yeməkxananın qarşısındakı dayaz çalanı, nədənsə, torpaqlamamışdılar. Bu çalanın içindəki sür-sümüyə yepyekə, yamyaşıl milçəklər daraşmışdı. Milçəklər o qədər çox, o qədər yaşıl idilər ki, elə bilirdin sür-sümüyün üstünə bir yaşıl pərdə çəkiblər və bu pərdəni yel vurub yellədir.
Umud kəndin aşağısından keçən qobuya tərəf getdi.
İndi qıvraq yeriyirdi. Sağ olsun Xalıq dayı. Avaraların ayağını kəsdi burdan. Qoy gedib fərli bir işin qulpundan yapışsınlar. Qızlar, gəlinlər səhərdən axşamacan günün qızmarında bellərini əyib alaq vururlar, amma bığıburma cavanlar əllərini stola döyüb, Umuddan əmlik kababı istəyirlər. Bunlar da adlarını kişi qoyublar. Avaralar!.. “Bəs mən? Bəs özüm?”. Umud ürkə-ürkə yan-yörəsinə baxdı. Guya çöldə alaq vuran qızlar kənarda dayanıb ona göz qoyurdular və bu qızlar onun beynindən keçən sualdan xəbərdar idilər. Yaxşı ki, ətrafda heç kim yox idi.
Umud addımlarını yeyinlətdi. Yerdən od qalxırdı, göydən od ələnirdi. Umud bu iki kürənin arası ilə gedə-gedə fikirləşdi: “Mənə ürəyimcə iş versinlər, meydan versinlər, onda görərlər ki, analar necə oğullar doğub”.
Umud qobuya çatan kimi köynəyini soyunub böyürtkən kolunun üstünə tulladı. Şalvarını çıxara-çıxara düşündü ki, o, bu işıqlı dünyaya kartof-soğan doğramaq, borş bişirmək üçün gəlməyib. Onu daha böyük, nəcib işlər gözləyir.
Umud nəyə güvəndiyini hələ anlamırdı, ancaq inanırdı ki, gözlədiyi gün uzaqda deyil. Bu inamla da Umud özünü suya tulladı.
Su ilıq idi. Umud başını sudan çıxarıb dikələndə ayaqları palçığa dirəndi. Yadına düşdü ki, bir vaxtlar bu ensiz qobunun dibi taxta kimi hamar idi. Onda kəndin bütün ətcəmətən uşaqlarını harda itirsəydin, burda tapardın. Deyəsən, Umud əsgərliyə gedəndən bəri bura ayaq dəymir. Qobunun enişində kol-kos, sarıtikan bitib. Bura su çiləyərdilər, burdan qarnı üstə sürüşüb tısbağa kimi qobuya girərdilər.
Umud suya cumub çıxdı. Başı sahildə, kökü suda olan yulğun ağaclarının dibində zirehli, qaramtıl, balaca tısbağalar dayanıb səksəkə içində Umuda baxırdılar. Qobunun kölgə tutan, nəm divarına yapışmış yaşılbel, dombagöz qurbağaların boğazı təngimiş ürək kimi çırpınırdı. Təyyarəvarı, uzunqıç cücülər suyun üstündə nazik iz qoya-qoya sürətlə o tərəf bu tərəfə qaçışırdılar.
Umud qırağa çıxmaq üçün ayağını qoymağa yer tapmadı. Sapsarı çayırlardan yapışıb yuxarı dırmandı. Başını kandalaş kolunun altına soxub kürəyini günə verdi. Beli qızdıqca canında hərarət, xoş bir süstlük duydu. Sonra şappıltı eşitdi. Dikəlib baxdı. Bəndin aşağısında, çayın dayaz yerində üç-dörd camış uzanmışdı. Camışlar qapqara lığ içində idilər. Hərdən tərpənib ağnayır, ağırlaşmış yaş quyruqlarını işıldayan bellərinə çırpırdılar.
Qobunun o tayındakı geniş sahədə pambıq kolları iki qarışacan boy atmışdı. Cərgələrin arasıyla tırıldaya-tırıldaya traktor gedirdi. Dörd-beş qız bir-birindən aralıda çömbəlmişdi. Qızlar hərdən dikəlib əyilə-əyilə irəliləyirdilər. Elə bil bu torpaqda, nəsə, qiymətli bir şey salıb itirmişdilər, həmin qiymətli şeyi axtarırdılar. Qızların hamısı başına qıyqac bağlamışdı. Umud onlardakı dözümə, təpərə məəttəl qaldı. “Görəydim isti kar eləmir bunlara? Gün yazıqları qovurğaya döndərib”.
Umudun bədəni çoxdan qurumuşdu. Başının ortasına elə bil dağ basırdılar. Canında heysizlik vardı. Suya girmək istəyirdi, amma yerindən qalxmağa həvəsi yox idi. Təzədən başını gəndalaş kolunun altına soxdu.
Tofiq onu burda vurmuşdu. Bu qobunun qırağında.
Tofiq ondan bir yaş böyük idi, ondan bir sinif yuxarıda oxuyurdu. Uşaqlar çiçək üstünə toplaşan arı kimi Tofiqin başına yığışırdılar. Hamı onun karına gəlməyə can atırdı, hamı onun işinə yaramağa tələsirdi. Təkcə Umuddan başqa. Umud Tofiqi çox istəyirdi, çünki Tofiq Solmazın qardaşı idi, qaşları da onun qaşlarına oxşayırdı: nazik, uzun.
Bu qobuya çimməyə gələn uşaqların hamısının tumanı dizlərinə düşürdü. Çoxu da qobuda lüt anadangəlmə çimirdi. Tofiqin tumanı göyümtül idi. Qırağında ağ haşiyəsi, üstündə də bapbalaca cibi vardı. Özü də elə bil əyninə biçilmişdi.
...Tofiq həmin göyümtül tumanda dizlərini qucaqlayıb oturmuşdu. Umud sudan çıxıb bir ayağı üstündə silkinəndə Tofiq onu çağırdı: “Bura gəl, çəyirtkə!” Tofiqi dövrələyən tay-tuşları uğundular. Umud arıq idi, uzun idi, dayananda belini bir az əyri tuturdu, doğrudan da, çəyirtkəyə oxşayırdı. Gülməkdən uşaqların gözləri yaşarmışdı. Tofiqə bax ha, gör bu ayama ağlına necə gəlib. “Çıxart görüm o məktubu”. Umudun nitqi qurudu: “Nə məktub?” Tofiq ayağa qalxdı: “Mənim bacıma yazdığın məktub”. Bu məsələdən Umudun iki yoldaşı xəbərdar idi, indi ikisi də Tofiqin yanında dayanmışdı. Umudun ürəyindən bir sızıltı keçdi. “Görəsən, hansı satıb məni?” Bilmədi bu xəbəri Tofiqə hansı çatdırıb. Onda da soruşmadı, ondan sonra da. Tofiq yeriyib Umudla üzbəüz dayandı. “Tez ol, ə!” Umud çiynini çəkdi: “Məndə məktub-zad yoxdu. Mən heç kimə məktub yazmamışam”. Umud bu sözlərdən xəcalət çəkdi. Düşündü ki, bu məsələdən xəbərdar olan dostlarının gözündə acizləşdi, xırdalaşdı, qorxacaq bir dovşan oldu.
Umud məktubda Solmazın adını yazmamışdı. Məktubu Tofiqə verə bilərdi: nə eybi var, qoy oxusun. Ancaq bu məktub Solmaz üçün yazılmışdı. Di gəl ki, oradakı sözlərdən Solmazın heç xəbəri olmayacaqdı, çünki məktubu Solmaza verməyə Umudun cəsarəti çatmazdı. Umud elə-belə, ürəyini kağıza boşaldıb yüngülləşmişdi. Fərli bir söz də yazmamışdı. Tofiq oxusaydı, güləcəkdi.
“Mən həmişə sənə baxıram, ancaq bilmirsən ki, qəlbimdə nələr var, ay insafsız. Qəlbimdə sən varsan. Səni görməyəndə darıxıb ölürəm. Mən səni unutmaram. Unutsam, qara torpaqlara qismət olum.
“Stolun üstündə üzüm,
Sənə qurban iki gözüm,
Məndən yaman gen gəzirsən,
Ayrılığa necə dözüm?”
“Kənkan Məcidin oğlu yəni belə qudurub?”. Şillənin zərbindən Umudun başı çiyninə əyildi. Umudun sol yanağı od tutub yandı. Umud keyikmiş uşaqlara baxdı. Sonra Tofiqin alacalanmış gözlərinə baxdı. Bu gözlərin lap dəriliyində sevinc gördü, qürrə gördü, üstünlük, qələbə gördü. Umud Tofiqdən boylu-buxunlu idi, özünü ondan güclü sanırdı. İnanırdı ki, Tofiqi burmalayıb ayaqlarının altına basa bilər. Ancaq əllərini tərpətmədi, çünki Tofiq Solmazın qardaşı idi, qaşları da onun qaşlarına oxşayırdı: nazik, uzun.
Umudun boğazına acı qəhər tıxanmışdı. Bu qəhər iri yumruq kimi idi. Nə irəli gedirdi, nə geri. Umud bükmələyib yulğun topasının dibinə atdığı dizləri domba, nimdaş şalvarını götürdü. Dil-dodağını çeynəyə-çeynəyə cibindən dördqatlı bir kağız çıxardıb Tofiqə verdi: “Oxu”. Bu bircə kəlmə də, elə bil ağzından çıxmadı, boğazındakı qəhərə toxunub içinə düşdü.
Tofiq məktubu tikə-tikə cırıb suya atdı. “Anqır, tayını tap” dedi.
Umud tək-tənha kəndə tərəf üz tutub gedəndə arxadan Tofiqin qürrəli səsini eşitdi: “Qara çəyirtkəmiz əskikdi elə”. Bu dəfə “çəyirtkə” sözünə gülən olmadı. Sanki qurbağa gölünə daş atmışdılar.
Kitabxana.az · https://kitabxana.az/works/isi-melikzade-quyu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?
Evin kişisiÇəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...
Küçələrə su səpmişəm...Xəlil qapıdan girəndə arvadı təəccübləndi; Xəlilin vacib işi olmasaydı günortalar evə gəlməzdi. Teybə çox vaxt axşam xörəyindən saxlayıb çörəyin arasına qoyar, onu qəzetə yaxşı-yaxşı bükərdi. Xəlil də səhər evdən çıxanda həmin bükülünü qoltuğuna vurardı. Aparmaq üçün fərqli xörək olmayanda Xəlil günorta hamamın yanındakı yeməkxanaya gedərdi. Bir də ki, onun yeməyi nə idi? Uşaq kimi, dörd yarpaq dolması onu xirtdəyəcən doyuzdurardı. Teybə yeddi il idi ki, onunla bir damın altında yaşayırdı və bu yeddi ildə Xəlilin istirahət günlərindən başqa günortalar evdə tikə kəsdiyini görməmişdi.Teybə ərinə nəzər saldı və qorxdu. Xəlilin arıq, uzunsov sifəti bozarmışdı. Damağındakı “Kazbek”in islanmış kötüyünü çeynədikcə batıq ovurdları tərpənirdi. Qıyılmış xırda gözləri otağın künc-bucağında nəsə axtarırdı. O, papirosun kötüyünü dişləyib tüpürdü.
Dədə palıdKürün sağ yaxasında yaşıl zolaq kimi uzanıb gedən meşədə Bağır düz iyirmi il idi ki, gözətçi işləyirdi. Ən uca, ən qoca palıdın otuz-qırx addımlığında balaca bir koma qaralamışdı və Bağır bu komada olanda ən uca, an qoca palıdın hənirini eşidirdi. Hərdən Bağıra elə gəlirdi ki, bu meşədə qoca palıddan savayı acac yoxdur və Bağır iyirmi ildir ki, yalnız bu ağacın keşiyini çəkir.Bağır bu palıdı hər gün görürdü; səhərdən axşamacan onun yanından bəlkə yüz dəfə ötürdü. Onun kölgəsində süfrə açırdı, dincəlirdi. Bürkülü gecələrdə bəzən elə buradaca – palıdın çətiri altındakı taxta çarpayıda yatırdı. Bu palıd Bağırçın dünyanın özü qədər qədim idi, əbədi idi. Bağır bu palıdın bozumtul, çat-çat gövdəsinə kürəyini bəlkə min dəfə, milyon dəfə söykəmişdi, ancaq elə bil palıdın təpəsinə baxmamışdı, fikir verməmişdi. Yəqin ki, baxmışdı, amma Bağır bu gün, bu yay səhərində gördüyünü əvvəllər görməmişdi.
Başqa şairlərin şeirləri
Gecə gündüz dad-fəryad eylərəmMəni bu hicrana salan yar hanı
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.
Əlli il yaşadımƏlli il! Bəsimdir orta bir ömür,Taleyin hökmü də vaxtını bilir.
Qəzəl: Aftabi-aləmi-candır ruxi-zibayi-dostAftabi-aləmi-candır ruxi-zibayi-dost,Rövnəqi-bağı-candır hüsni-bihəmtayi-dost