Quyu
Səhifə 7 / 14 · 43%
Məcid kişi qalın, çal qaşlarının altında qaynaşan xırda gözlərini oğlunun üzünə zillədi. Umud başa düşdü ki, bir az da ləngisə, atası hövsələdən çıxacaq.
Umud əvvəlcə aşağı mərtəbədə, artırmadakı qab-qacaqlara baxdı. Gözünə su qabı dəymədi. Naəlac qalıb ikinci mərtəbəyə qalxdı. Eyvanda heç kim yox idi. İstədi Əslini səsləsin. Ürək eləmədi. “Birdən yatmış olar”. Pəncələri üstə yavaş-yavaş gedib qarşısına çıxan birinci qapını itələdi. İlk gözünə dəyən enli çarpayının üstündə Pirinin qıllı kürəyi oldu. Piri qapının cırıltısına qıvrım başını kötük boynu üstündə geri döndərdi və Umudu görəndə dəyirmi gözləri hədəqəsindən çıxdı. Həmin andaca Pirinin tüklü sinəsinin altında Əslinin hənalı başı tərpənib yastığın qırağına düşdü.
Piri çarpayıdan cəld sıçrayıb üzünü divara çevirdi. Əsli heyrətdən içini çəkib nazik adyalı tələm-tələsik hənalı başına dartdı.
Umud ilanvurmuş kimi taxta pillələri hoppana-hoppana düşəndə, qulaqlarında dünən gecə Əslinin ərinə dediyi sözlər guruldayırdı: “Xalıq... Xörəyi soyutma...Ye!.. Ye!..Ye!..”.
3
Umud səhərəcən işığı yanılı qoymuşdu. Atası iki-üç dəfə haylayandan sonra gözlərini açdı. Dikəlib yerinin içində oturdu. Yumruqlarını sinəsinə vurub gərnəşdi:
– Mənsiz getsən olmaz?
– Elə bilirsən sənin qara qaş-gözünə aşiq olmuşam? Quyunun pəstahası bundan sonradı. Dur ayağa, dur! – Məcid kişi tavandan sallanan elektrik lampasına baxdı. – Bunu göz qırpmağa qoymursan. Ayın axırında bunun haqqı kimin kisəsindən çıxacaq? – Qapının küncündəki düyməni çıqqıldadıb işığı söndürdü.
Atası gedəndən sonra Umud əlini ağzına tutub əsnədi. Həvəssiz-həvəssiz paltarını geyinməyə başladı. Yadına düşəndə ki, yenə o həyətə gedəcək, uzaqdan da olsa Əslinin hənalı başını görəcək, təzədən paltarlı-zadlı uzandı yatağa.
Məcid çöldə beli vedrəyə vurub danqıldatdı:
– Nooldun, o?! A yıxılı evin dirəyi, harda qaldın?!
İri laylı qırmızı darvazanın zəhmi birdən birə Umudu basdı. Umud elə bildi ki, bu darvazanın bala qapısı bir daha onun üzünə açılmayacaq. Daş barı da bu səhər Umuda yaman hündür, qaşqabaqlı göründü. Bu barı bir azdan acığını Umudgilin evinin üstünə tökəcək. Gün qalxdıqca barının qara kölgəsi xəlvəti, çərək-çərək sürüncək və Umudgilin çiy kərpicdən tikilmiş beşmərtəbəli daxmalarını bərk-bərk qucaqlayacaq. Məcid kişinin evi bu qara kölgənin ağırlığı altında nəfəsini də çəkməyəcək. Dözümü ilə kölgəni də, günəşi də heyrətdə qoyacaq. Sonra günəş ayaqlarının altındakı dünyanı şəfəqli, odlu gözləri ilə süzüb gizlənəcək və Məcid kişinin birmərtəbəli daxması daş barının qır-saqqız kölgəsindən çıxıb, gecənin qaranlıq qucağına atılacaq.
Umud bayıra baxdı. Hələ kölgədən əsər-əlamət yox idi, çünki günəş yuxulu gözlərini təzəcə açırdı. Bu an Umudun ağlına qəribə fikir gəldi: “Kölgənin ömrü günəş ömrünə bənddi. Günəş olmasa, kölgə də olmaz”.
Onlar həyətə girəndə Minnət qarını tut ağacının altında gördülər. Qarı yenə ağ başını göyümtül mütəkkəyə qoyub yumağa dönmüşdü. Güləndam daş hasarın dibində çöməlib, ocağın üstündəki iri qazanı çömçə ilə qarışdırırdı. Cəfərqulu onunla üzbəüz kətildə oturmuşdu, dizlərinin kündəsində də dərin boşqab vardı. Tikəsini görəndə Cəfərqulu dodaqlarını marçıldadıb dedi:
– İşin irəli, a Məcid!
– Xoş gəldin, – deyib kişi qırağı əyilmiş köhnə vedrəni torpaq qalağının yanına tulladı. Sonra gedib Minnət qarının başının üstündə dayandı.
Minnət qarı qıpqırmızı zoğalı gözlərini bir anlığa açıb təzədən yumdu. Ağzını tərpətdi və bürüş-bürüş, dəyirmi üzü kündə kimi yayıldı.
Məcid kişi yavaşcadan dedi:
– Bu nə bilir qarın ağrısı nədi? Quyu bunun nəyinə lazımdı? Bizi də əngələ saldı allahın mağmın bəndəsi.
Məcid kişi beli götürüb quyuya girdi. Quyunun dərinliyi onun qurşağından idi. Kişi bir ovuc torpağı xışmalayıb barmaqlarının arasından ələdi.
– Dərin olacaq bu quyu, – dedi.
– Nədən bilirsən, dədə?
– Yuxarının torpağı çox qurudu. Kəsəkdi elə bil. Hələ nəmlikdən əsər-əlamət yoxdu.
Məcid kişi qaramtıl, qabarlı əllərinə tüpürüb belin sürüşkən sapından yapışdı.
Umud çəkinə-çəkinə, ehtiyatla eyvana baxdı. Əslinin iyi-tozu da görünmürdü. Birdən Pirinin tüklü kürəyi Umudun yadına düşdü. Umudun qulaqlarında uğultu qopdu, özü də bilmədi ki, bu nə uğultudur. Yenə gözləri zəhrimar barıya sataşdı. Düşündü ki, bu barı Əslini qonşum-qonşudan, Minnət qarını dünyadan ayırıb. Bu barı Patronu kəndin zəncir çeynəyən, yava itlərinə yad eləyib. Barı qəflətən Umudun nəzərində köydələnə düşdü: “Bura quş gəlsə, qanad salar, qatır gəlsə dırnaq”.
Umud dizlərini təzəcə atılmış sarımtıl torpağın üstünə qoyub udquna-udquna dedi:
– Dədə, bu quyunu qazmağa niyə razılıq verdin?
Məcid kişi belin ağzındakı torpağı çölə tulladı.
– Sarsaq-sarsaq danışma.
– Gəl gedək. Tüpürüm onların puluna.
– Pula mən də tüpürüm. Əvvəllər də olmayıb, indi də yoxumdu. Pul nəyimə lazımdı?
– Bəs niyə özünü həlak eləyirsən burda?
Məcid kişi belə ayaqlarının yanında torpağa sancıb tövşüyə-tövşüyə dedi:
– Kamranın çörəyinə bais olmaq istəmirəm.
– Əşi, Kamranın bura nə dəxli?
– Kamran çobandı. Özü də Xalığın kolxozunda, Xalığın fermasında. Mən bu quyunu qazmasaydım, Xalıq Kamrana quyu qazardı. Xalıqda dəvə kini var. Onun kolxozunda mən də işləmişəm. Ovcumun içi kimi tanıyıram onu. – Məcid beli torpaqdan dartıb çıxartdı.
Umud şüşələrində günəşin bərq vurduğu aynabəndə baxdı. Yadına qobu düşdü, şəvə saçlarını, boynunun ardında düyünləyən tunc bədənli Tubu düşdü. Umud gülümsədi və fikirləşdi ki, bu həyət, bu barı onun təsəvvür elədiyi qədər də zəhmli deyil. Yəqin dünənki əhvalatdan sonra Umudun gözləri böyüyüb, bu həyətdəki hər şey ona sirli, müəmmalı görünür, hər şey ona ölçüsündən böyük görünür.
Umud qalxıb pasnaya söykədilmiş motosiklin yanına getdi. Cındırı yana çəkib yəhərə baxdı.
Darvazanın qabağında maşın dayandı. Motor dərindən nəfəs çəkib susdu. Sonra Piri balaca qapıdan həyətə girdi. Əlində ağır zənbil vardı. Tula quyruğunu bulaya-bulaya onun qabağına yüyürdü.
– Cəhənnəm ol burdan!
Pirinin səsi guruldayanda Umud üzünü yana çevirdi. Hiss etdi ki, boynu, sinəsi birdən-birə istiləndi. Umudun qıçları da əsdi. Ancaq bu əsməcə bir anlıq oldu. Umud fikrini yayındırmaq üçün çöməlib motosiklin motorunu qurdaladı. Sonra yanında Pirinin kölgəsini gördü, tövşüyünü eşitdi. Piri zənbili çaparaq qoyub qayıtmışdı.
– Xoşun gəlir?
Bunu Piri soruşdu, ancaq bu səs Pirinin səsinə oxşamadı. Umud elə bildi ki, bu səs dədəsinin qazdığı quyudan gəldi. Umud Pirinin enli kölgəsinə baxdı:
– Yox, – dedi.
– İstəyirsən bunu...
– İstəmirəm! – Umud cındırı motosiklin üstünə çəkib durdu. Utana-utana, gözlərini tez-tez qırpa-qırpa tut ağacının təpəsinə baxdı.
Piri motosiklin açıq təkərlərinə nəzər saldı. Şəhadət barmağı ilə tüklü üzünü qaşıdı.
– İndi qayıdıram, – dedi. Bala qapıdan çıxmağı ilə maşının işə düşməyi bir oldu.
Umud quyunun yanına qayıtdı. Atasının yaxalıqsız ağ köynəyi tərdən islanıb kürəyinə yapışmışdı. Sümüklü boynunun kösöv kimi dərisinə elə bil şeh düşmüşdü.
– Dədə, ver bir az qazım.
– Fas-farağat otur yerində. Sənin də nobatın çatacaq. Bu quyunun lilini, palçığını sən çəkəcəksən.
Cəfərqulu yumyumşaq təndir çörəyini yavan-yavan yeyə-yeyə gəlib quyunun qırağında durdu.
– Dünəndən bəri qazdığın elə budu, ay Məcid?
Məcid kişi başını yuxarı qaldırmadan dilləndi:
– Bir şahını bəyənməyən, bir abbası çıxardar. Əlindən gəlirsə, irəli dur.
Cəfərqulu iki addım geri çəkildi.
– Yox, mənim qırıjam var, – dedi. Axırıncı tikəni ağzına basıb çeynəyə-çeynəyə getdi...
Yenə darvazanın qabağına maşın gəldi, yenə motor dərindən nəfəs alıb susdu. Piri, əlində dəmir qab həyətə girdi.
– Benzin gətirmişəm.
Piri motosiklin üstündəki cır-cındanı götürüb atdı. Yaş əski ilə tozunu tər-təmiz sildi. Tofiqin bir vaxtlar kənddə səyirtdiyi sarı motosikl gün işığında parıldayanda köhnə həsəd Umudun ürəyində təzədən baş qaldırdı.
Piri nasos gətirib şinlərə hava vurdu. Sonra motosikli işə saldı. Tırıltı, gurultu həyəti bürüdü. Bu səsdən Patron səksənib qaçdı. Bu səsə Məcid kişi başını quyudan çıxarıb baxdı, ocağın qırağında dümələnən Güləndam döyükdü. Amma Əsli eyvanda görünmədi. Bu gurultu Minnət qarının vecinə olmadı. Minnət qarı zoğalı gözlərini yumub yatmışdı, qarının üstündəki soruq da asta-asta qalxıb-enirdi.
Piri yaman pörtmüşdü. Onun alnından, çənəsindən tər süzülürdü, amma tərini silmək yadına düşmürdü. Elə hey Umuda baxıb yazıq-yazıq gülümsəyirdi. Piri Umudu qaş-gözü ilə, təbəssümü ilə çağırırdı.
Umud ayağını yəhərin üstündən nə vaxt aşırdığını özü də bilmədi.
Piri hündür darvazanın bir tərəfini itələyib açdı...
İsti külək Umudun saçlarını dalğalandırır, üz-gözünü yalayırdı, köynəyinin yaxasından girib ətəyini torbalandırırdı. Təkərlər çalaçuxura düşdükcə, Umudun əti silkələnirdi. Ona elə gəlirdi ki, dabanlarından başlamış peysərinə qədər yüz əl onu qıdıqlayır. Umudun gülməyi tuturdu.
Kitabxana.az · https://kitabxana.az/works/isi-melikzade-quyu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?
Evin kişisiÇəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...
Küçələrə su səpmişəm...Xəlil qapıdan girəndə arvadı təəccübləndi; Xəlilin vacib işi olmasaydı günortalar evə gəlməzdi. Teybə çox vaxt axşam xörəyindən saxlayıb çörəyin arasına qoyar, onu qəzetə yaxşı-yaxşı bükərdi. Xəlil də səhər evdən çıxanda həmin bükülünü qoltuğuna vurardı. Aparmaq üçün fərqli xörək olmayanda Xəlil günorta hamamın yanındakı yeməkxanaya gedərdi. Bir də ki, onun yeməyi nə idi? Uşaq kimi, dörd yarpaq dolması onu xirtdəyəcən doyuzdurardı. Teybə yeddi il idi ki, onunla bir damın altında yaşayırdı və bu yeddi ildə Xəlilin istirahət günlərindən başqa günortalar evdə tikə kəsdiyini görməmişdi.Teybə ərinə nəzər saldı və qorxdu. Xəlilin arıq, uzunsov sifəti bozarmışdı. Damağındakı “Kazbek”in islanmış kötüyünü çeynədikcə batıq ovurdları tərpənirdi. Qıyılmış xırda gözləri otağın künc-bucağında nəsə axtarırdı. O, papirosun kötüyünü dişləyib tüpürdü.
Dədə palıdKürün sağ yaxasında yaşıl zolaq kimi uzanıb gedən meşədə Bağır düz iyirmi il idi ki, gözətçi işləyirdi. Ən uca, ən qoca palıdın otuz-qırx addımlığında balaca bir koma qaralamışdı və Bağır bu komada olanda ən uca, an qoca palıdın hənirini eşidirdi. Hərdən Bağıra elə gəlirdi ki, bu meşədə qoca palıddan savayı acac yoxdur və Bağır iyirmi ildir ki, yalnız bu ağacın keşiyini çəkir.Bağır bu palıdı hər gün görürdü; səhərdən axşamacan onun yanından bəlkə yüz dəfə ötürdü. Onun kölgəsində süfrə açırdı, dincəlirdi. Bürkülü gecələrdə bəzən elə buradaca – palıdın çətiri altındakı taxta çarpayıda yatırdı. Bu palıd Bağırçın dünyanın özü qədər qədim idi, əbədi idi. Bağır bu palıdın bozumtul, çat-çat gövdəsinə kürəyini bəlkə min dəfə, milyon dəfə söykəmişdi, ancaq elə bil palıdın təpəsinə baxmamışdı, fikir verməmişdi. Yəqin ki, baxmışdı, amma Bağır bu gün, bu yay səhərində gördüyünü əvvəllər görməmişdi.
Başqa şairlərin şeirləri
Gecə gündüz dad-fəryad eylərəmMəni bu hicrana salan yar hanı
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.
Əlli il yaşadımƏlli il! Bəsimdir orta bir ömür,Taleyin hökmü də vaxtını bilir.
Qəzəl: Aftabi-aləmi-candır ruxi-zibayi-dostAftabi-aləmi-candır ruxi-zibayi-dost,Rövnəqi-bağı-candır hüsni-bihəmtayi-dost