Quyu
Səhifə 8 / 14 · 50%
Motosikl divarları yarıyacan hörülmüş hamam tikilisinin yanından ötdü. Sonra kol hasarlı bir bağın böyründən keçdi. Yarpaqları tozdan bozarmış ağaclar motosiklin gurultusunu sürətlə bir-birinə ötürdü. Artezian quyusu da arxada qaldı, qapısı qara qıfıllı yeməkxananın uzunsov binası da.
Umud hərdən başını geri döndərib, təkərlərin altından fəvvarə kimi çıxan toza baxırdı. Uçmaq istəyirdi! Lap uzaqlara! Bax, göyün yerlə birləşdiyi o üfüqə. Orda nə porsuq Piri var, nə də saçları hənalı, bənizi solğun Əsli. Piri indi Umudun qolubağlı quludur. Umud onu dənə də göndərə bilər, dəyirmana da. Əgər Piri Xalığın yanında desə ki, “adamın ağzı pörşələnəndə niyə yuxarı baxır?”, onda Umud dinməz-söyləməz qalxıb Pirinin ənginə bir yumruq ilişdirə bilər. Piri də dinməz-söyləməz dəsmal çıxarıb ağzının qanının silər.
Umud ürəyində “Tüpürüm Piriyə!” deyib sürəti artırdı. Qobunun üstündəki ensiz taxta körpüdən keçdi. Kənarları kol-koslu araba yoluna buruldu. Motosiklin uğultusu qarğılığa düşüb dalğa-dalğa yayılırdı. Yan-yörədəki sərçələr, torağaylar hürküşüb pırıltı ilə havaya qalxırdı.
Umud dayaz arxı keçib açıqlığa çıxanda ucsuz-bucaqsız sahədə Tubunun traktorunu gördü. İstədi qayıtsın, amma onu qəribə bir maraq bürüdü: “Görəsən, Tubu məni tanıyacaqmı?”
Umud motosikli yolun kənarında qoyub traktora tərəf addımladı. Traktora yaxınlaşdıqca ürəyinin döyüntüsü də artırdı. Özünə acığı tutdu: “Lənət kor şeytana! Mən niyə belə ağciyərəm?”
Tubu traktorun yanında dayanıb Umuda baxırdı. Umud ona çata-çatda qız da irəlilədi:
– Xoş gəlmisən, saldat. – dedi. – Sənin də üzünü görmək olarmış.
– Umudun əlini bərk-bərk sıxıb silkələdi.
Umud onun qaramtıl barmaqlarında oğlan gücü duydu. Qızın əzələli çiynini, qollarını xatırladı.
– Yaman böyümüsən ha, Tubu.
– Elə cırtdan qalmayacaqdım ki! – Qız Umuda zəndlə baxıb gülümsədi və qızın qabaqdakı üç qızıl dişi parıldadı. – Bığ sənə yaraşır, – dedi.
– Sənə də qızıl diş yaraşır.
Tubu əlini yellətdi:
– Heyf deyil adamın öz dişi. Texniki peşə məktəbində təcrübə keçirdik, traktordan yıxıldım, dişim sındı.
– Maşallah, yaman dilli-dilavər olmusan.
– İclaslarda danışmaqdan çənəmin çüyü çıxıb. İndi elə bir yığıncaq olmur ki, orda mənə söz verməsinlər. Tez-tez də Bakıya çağırırlar. Radio, televiziya, komsomol aktivi. Nə bilim nə... Əsgərlikdən qayıdanı Solmazı görmüsən?
Tubunun söhbətin səmtini birdən dəyişdirməyi Umudu çaşdırdı. Umud mat-mat qızın üzünə baxıb soruşdu:
– Necə yəni?
– Qonşunuzu də... Elə-belə xəbər alıram.
– Bir dəfə görmüşəm.
– Medsestra olacaq. İnstituta girmək istəmir. Texnikuma da zorla göndərdilər. Hamımız sözü bir yerə qoymuşduq ki, mexanizator olaq. Xalıq dayı az qalırdı Solmazı şişə çəksin.. – Qız yolun kənarındakı motosiklə baxdı. – Səninkidi?
Umud özünü eşitməməzliyə vurdu.
– Ordenin də mübarəkdi, – dedi.
Tubu:
– Sağ ol, – deyib utancaq-utancaq gülümsədi. Nazik dodaqlarının cəvcəsi qırışdı.
Umud onun işıqlı, qaynar gözlərinə heyran-heyran baxdı. Qız Umudun sirayətedici nəzərlərindən sıxılıb üzünü yana döndərdi:
– Çənəm söhbətə qızışıb, – dedi və traktora tərəf yönəldi.
– Bu kombinezonu geyinməsən olmaz? – Umud istədi desin ki, bu paltarda oğlana oxşayırsan, amma sözünün dalını gətirmədi, çünki bu dəm Xalığın səsi qulaqlarında cingildədi: “Yumurta kimi qızdı”.
– Belə yaxşıdı. – Tubu bir sıçrayışla sükanın arxasında oturdu.
Umud traktora niyə dırmandığını özü də anlamadı. Ha fikirləşdi bu “niyə”nin cavabını tapa bilmədi, “Lənət kor şeytana. Birdən Tubu elə bilər ki, mən sırtığın biriyəm”. Umud istədi yerə hoppansın, ancaq yadına bir atalar sözü düşdü: “Eşşəyə minmək bir ayıb, düşmək iki ayıb”. Umud əzəl binadan zarafat eləməyi bacarmırdı, indi naəlac qalıb zarafata keçdi:
– Sür “İsa bulağına”.
Bu sözləri deyəndə ağız-burnunun, gözlərinin nə kökə düşməyindən Umudun xəbəri yox idi, amma Tubunun ona diqqətlə baxıb qımışmağından hiss etdi ki, sir-sifəti xəmir kimi sıyrılıb. Umud dodaqlarını bir-birinə sıxıb dişlərinin üstünü örtdü. Bu məcburi zarafatı yarımçıq qoymaq olmazdı. “Çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu”.
– Ordan da sürərsən “Turşsu” yaylağına.
Tubu traktoru tərpətdi:
– Bəxtəvərlikdən dəm vurursan, saldat.
Maşın cərgələrin arası ilə silkələnə-silkələnə irəlilədi. Tubunun qolları, kombinezonunun yaxasını dikəltmiş döşləri titrəyirdi. Umud oğrun-oğrun qızın sinəsinə baxdı. Ovcunun içi kimi bilirdi ki, bunun bu titrəyən döşləri yupyumrudur, həm də bədəninə nisbətən ağımtıldır. Umud istədi ki, Tubunu xəyalən kombinezondan çıxartsın, onu dünən Qobuda gördüyü təkin görsün. Ancaq qorxdu ki, təsəvvürünə güc versə, dünən Qobunun qırağında olduğu kimi birdən yenə onu əsməcə tutar. Umud fikrini yayındırmaq üçün bayaqkı söhbətin üstünə qayıtdı. Ağzını qızın qulağına yaxınlaşdırıb, maşının gurultusunu üstələməyə çalışdı:
– Yaylağa getmək yəni heylə bəxtəvərlikdi?!
Tubu gözlərini cərgələrdən çəkmədən qışqırdı:
– Mənim yaylağım burdadı! Səhər sübhdən ta şər qarışanacan gün vannası qəbul eləyirəm!
Umud yenə ağzını qızın yaraşıqlı, balaca qulağına dirədi:
– Ona görə də canın polad kimidi!
Qız sifətinə dəyən isti nəfəsdən səksənib başını yana elədi və deyəsən, gülməmək üçün alt dodağını bərk-bərk dişlədi.
Traktorun gurultusundan az qalırdı Umudun qulaqları tutulsun. Bu gurultu onun fikirləşməyinə, söz axtarmağına mane olurdu. Umud danışmaq istədi, Tubunu söhbətə çəkmək istədi, ancaq düşündü ki, nə desə qışqıra-qışqıra, boğazını yırta-yırta deməli olacaq, Tubu da ona qışqıra-qışqıra cavab verəcək. Umudun qışqırmaqdan zəhləsi gedirdi, ona görə də daha qışqırmadı. Xəyalına gətirdi ki, guya traktorun motoru bir anlığa susub, guya traktor işləmir. Umud bayaqkı səslərin arasından traktorun gurultusunu çıxarıb atdı. Bu ucsuz-bucaqsız çölə dərin bir sükut çökdü, bu sükutun içində təkcə Umudla Tubunun sual-cavabı qaldı. Umud gördü ki, onlar yan-yana dayanıb elə qışqırırlar ki, səsləri sahənin o başında eşidilir. Bu mənzərə Umuda çox gülməli göründü, ancaq Umud gülməyə macal tapmadı, çünki Tubu ilə özünün qışqırığına neçə il bundan qabaq eşitdiyi bir qışqırıq da qarışmışdı. “Anqır, tayını tap!” Tofiq göyümtül tumanda gəlib durdu Umudun gözlərinin qabağında.
Umud fikirləşdi ki, görəsən, bu çölün düzündə “ay mənim tayım, hardasan?” deyib qışqırsa, onun harayına hay verən tapılarmı? Tubunun başını sığallayıb, “elə sənsən mənim tayım” desə, Tubu neynər? Yəqin qaramtıl, güclü barmaqları ilə Umudun qulağını dartıb yerindən çıxardar. Umud traktorun çətirindən bərk-bərk yapışıb, Tubunun nazik barmaqlarına baxdı və hiss elədi ki, qız tərəfdəki qulağı gicişir.
Traktor dövrə vurub qayıtdı. Umud xeyli aralıda işləyən qızları indi gördü. Uzaqdan-uzağa qızları tanıya bilmədi. Düzü, onların kimliyi də Umudu maraqlandırmırdı. Umud susmamaq üçün elə-belə soruşdu:
– Bunlar kimdi?
Tubu gözlərini cərgədən çəkib üzünü Umuda tutdu:
– Mənim briqadamın qızlarıdı, – dedi, – hamısını tanıyırsan. Bizim məktəbi qurtarıblar.
Umud atasını xatırladı. “Yəqin kişi nigarandır”.
– Salamat qal, Tubu! – Umud traktordan yerə tullandı. O dəqiqə traktor dayandı.
– Qal, biznən nahar elə, saldat! Odu ey, qızlar da gəlirlər!
Səhərdən bəri Umudun dilinin altından bir damcı su da keçməmişdi. Amma:
– Toxam, – dedi. – Xirtdəyəcən yemişəm.
Umud yolun qırağındakı motosiklə tərəf qaça-qaça yenə Xalığın sözlərini xatırladı: “Tubunu da alarsan, yumurta kimi qızdı”.
Umud motosikli işə salıb yəhərə oturdu və özü də anlamadı ki, birdən-birə niyə xəcalət çəkdi. Elə bildi ki, o, motosikli yox, motosikl onu minib...
Motosikl gurultu ilə həyətə girəndə quyunun başında dayananlar dönüb baxdılar. Xalıq əllərini belinə vurub motosiklə tamaşa eləyirdi, sanki bunu harda gördüyünü yadına salmaq istəyirdi. Onun duruşundan Umud xoflandı. Güman elədi ki, bu dəqiqə Xalıq onun gözlərini ovub ovcuna tökəcək və ağzı köpüklənə-köpüklənə deyəcək: “Ə, qoduq, sənə kim icazə verib bunu götürmüsən?!”
Umud motosikli pasnaya söykəyib, imdad diləyən nəzərlərlə Piriyə baxdı. Piri çox sakit görünürdü, hətta, deyəsən, irişirdi də.
Xalıq başı ilə motosiklə işarə elədi:
– Eşitdim Əsli bacın bunu sənə bağışlayıb... Yaxşı eləyib. Onsuz da toz-torpağın içində çürüyürdü. – Əllərini belindən götürüb üzünü bağçaya tutdu. – Ay Güləndam, bir az tez olsana!
Güləndam bir vedrə su gətirdi, iri mis dolça gətirdi, bir qəlib də sabun.
Xalıq hələ də yuxuda olan Minnət qarını döşəkağılı-zadlı qucaqlayıb götürdü. Qarı bapbalaca qırmızı gözlərini açıb səmaya baxdı. Ağzına girmiş dodaqlarını tərpətdi və çağa kimi bircə dəfə qığıldadı.
Xalıq Minnət qarını bağçadakı teştin içinə ehmalca qoyub nəfəsini dərdi.
– Ayaqlarının tozu olum, ay ana, – dedi.
Kitabxana.az · https://kitabxana.az/works/isi-melikzade-quyu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?
Evin kişisiÇəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...
Küçələrə su səpmişəm...Xəlil qapıdan girəndə arvadı təəccübləndi; Xəlilin vacib işi olmasaydı günortalar evə gəlməzdi. Teybə çox vaxt axşam xörəyindən saxlayıb çörəyin arasına qoyar, onu qəzetə yaxşı-yaxşı bükərdi. Xəlil də səhər evdən çıxanda həmin bükülünü qoltuğuna vurardı. Aparmaq üçün fərqli xörək olmayanda Xəlil günorta hamamın yanındakı yeməkxanaya gedərdi. Bir də ki, onun yeməyi nə idi? Uşaq kimi, dörd yarpaq dolması onu xirtdəyəcən doyuzdurardı. Teybə yeddi il idi ki, onunla bir damın altında yaşayırdı və bu yeddi ildə Xəlilin istirahət günlərindən başqa günortalar evdə tikə kəsdiyini görməmişdi.Teybə ərinə nəzər saldı və qorxdu. Xəlilin arıq, uzunsov sifəti bozarmışdı. Damağındakı “Kazbek”in islanmış kötüyünü çeynədikcə batıq ovurdları tərpənirdi. Qıyılmış xırda gözləri otağın künc-bucağında nəsə axtarırdı. O, papirosun kötüyünü dişləyib tüpürdü.
Dədə palıdKürün sağ yaxasında yaşıl zolaq kimi uzanıb gedən meşədə Bağır düz iyirmi il idi ki, gözətçi işləyirdi. Ən uca, ən qoca palıdın otuz-qırx addımlığında balaca bir koma qaralamışdı və Bağır bu komada olanda ən uca, an qoca palıdın hənirini eşidirdi. Hərdən Bağıra elə gəlirdi ki, bu meşədə qoca palıddan savayı acac yoxdur və Bağır iyirmi ildir ki, yalnız bu ağacın keşiyini çəkir.Bağır bu palıdı hər gün görürdü; səhərdən axşamacan onun yanından bəlkə yüz dəfə ötürdü. Onun kölgəsində süfrə açırdı, dincəlirdi. Bürkülü gecələrdə bəzən elə buradaca – palıdın çətiri altındakı taxta çarpayıda yatırdı. Bu palıd Bağırçın dünyanın özü qədər qədim idi, əbədi idi. Bağır bu palıdın bozumtul, çat-çat gövdəsinə kürəyini bəlkə min dəfə, milyon dəfə söykəmişdi, ancaq elə bil palıdın təpəsinə baxmamışdı, fikir verməmişdi. Yəqin ki, baxmışdı, amma Bağır bu gün, bu yay səhərində gördüyünü əvvəllər görməmişdi.
Başqa şairlərin şeirləri
Gecə gündüz dad-fəryad eylərəmMəni bu hicrana salan yar hanı
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.
Əlli il yaşadımƏlli il! Bəsimdir orta bir ömür,Taleyin hökmü də vaxtını bilir.
Qəzəl: Aftabi-aləmi-candır ruxi-zibayi-dostAftabi-aləmi-candır ruxi-zibayi-dost,Rövnəqi-bağı-candır hüsni-bihəmtayi-dost