Səhifə 3 / 5 · 40%

– Qulluqdasanmı?

– İnşaat institutunda müəlliməm... Fizika müəllimi...

– Allah saxlasın səni. – Arvad, deyəsən, ayaqüstə dayanmağa çətinlik çəkirdi. Əllərini yerə dirəyə-dirəyə çayırlıqda oturdu. – Dədən, nənən varmı? – dedi.

– Böyük qardaşım var.

– O da qulluqdadımı?

Ağarəhim:

– Hə, – dedi və hiss elədi ki, bu, azdır. Qoy bu kök arvad elə bilməsin ki, Ağarəhimin qardaşı hər yetənin tayıdır. – Böyük vəzifədə işləyir, – dedi.

– Allah onnan da yuxarı eləsin!

Ağarəhim anlayırdı ki, kök arvad ona nəsə demək istəyir, nəsə bir niyyəti var bu arvadın, yoxsa ayaqlarını sürüyə-sürüyə, ağır bədənini zorla darta-darta həyətin o başından bu başına gəlməzdi.

– Evlisənmi, dərdin alım?

– Bir uşağım da var... Beş yaşında...

Arvad “Jiquli”yə ötəri nəzər salıb köks ötürdü.

– Sühsünü qırılsın. Binnətin, – dedi. – Qarabəxtdi bu gədə. Anadan olannan xata-bala başından əskik döyül. On yaşınacan azar-bezar qoymadı gözünü açsın. Deyirdik, sağ qalmaz bu, ölər, amma ölmədi. Di gəl ki, fərri də böyümədi – yanıq oldu. Qurban olum allaha, özü bilən məsləhətdi... Xalqın uşaqları oxuyub qulluq yiyəsi oldular. Dərs bu qansızın qafasına batmadı. Qabağında ata vardımı ki, təpəsinə döyə-döyə oxudaydı? Binnətin beş yaşı olanda kişi köçünü sürüb getdi bu dünyadan. Mənim də başım öz əlimdə döyüldü ha. Sovxozda işləyirdim – onda hələ sovxoz olmamışdı, kolxozuydu – hava işıqlanmamış gedirdim, qaş qaralanda qayıdırdım.

Ağarəhim – ağlına hardan gəldisə – Binnətin yaşını soruşdu.

Arvad ürəyində nəyisə hesablayırmış kimi duruxa-duruxa:

– Böyük oğlum Əfəndinin qırx yaşı var, – dedi. – Onnan kiçiyi qızdı – indi kənddə ərdədi, dörd uşaq anasıdı. Qız, Əfəndidən üç yaş balacadı. Qıznan da Binnətin arasında iki yaş tafovut var.

Ağarəhimin hesabına görə Binnətin yaşı gəlib durdu otuz beşdə. “Cırtdan məndən üç yaş böyükdü, amma “dayı” deyir mənə. Cansız-cəsədsiz, onunçün cavan görünür”.

Arvad üzünü göyə tutub ah çəkdi. Ağarəhimə elə gəldi ki, arvadın yarısınacan ağ pərdə enmiş gözü tamam görmür və yəqin ki, nə vaxtsa o biri gözü də tutulacaq.

– Bunnarı müsibətnən böyütmüşəm, dərdin alım. İndi pensiyədəyəm, ayda iyirmi üç manat alıram hökumətdən. Heç onu verməsələr də dolanaram. Mənim nə xərcim, nə çıxarım var ki? Əfəndi sovxozda traktor işlədir, ayrıca ev-eşiyi var, məni də yadından çıxartmır, allah mənim ömrümdən kəsib onun ömrünə calasın. Qızzarı da razıyam. Təkcə bu gədə... – arvad başındakı qıyqacın ucuyla salamat gözünün yaşını sildi. – Ayaqlarıma yel gəlib, – dedi. – Canımın hayındayam, bu baxtıqara da ömrümü bir yannan baltalayır.

Arvadın dərd-gileyinə qulaq asmağa həvəsi yox idi Ağarəhimin. Qorxurdu ki, birdən ürəyi yumşalar, Binnətə rəhmi gələr. Darıxa-darıxa saatına baxdı. İstədi uzaqlaşsın arvaddan, amma arvad onun niyyətini hiss edibmiş kimi burnunu çəkib danışmağa başladı.

– Bir yerdə tikiş tutub dayana bilmir gədə. Gah sovxozda fəhlə oldu, gah dəmir yolunda işlədi. Sonra Əfəndi yaxalayıb apardı yanına, traktor sürmək öyrətdi ona. Ordan da qaçdı. Nə qədər avara-avara gəzdi. Getdi əsgərliyə, orda şoferlik oxudu... Qayıdanda sovxozda köhnə bir maşın verdilər ona. Ağıllanmışdı, başını aşağı salıb işləyirdi. Dedik, day kişi olub, evləndirdik. – Arvad başıyla artırmadakı gəlinə işarə elədi. – O halal süd əmmişi aldıq ona... Bir qızzarı oldu, – odu, o sənin maşınında oturan. Gəlin ikinci uşağa boylu olanda allah Binnətin başına gürşadını tökdü: maşını aşırtdı gədə. Alverçilər telləyib ağlını əlinnən alıblar, o da cavandı dana, pula tamah salıb, gecəynən maşını kələmnən nıxlayıb, sürüb Ermənistana tərəf. Qurban olduğum tanrı da nəzərini çəkib bunnan: maşın budu ha, uçub dərənin dibinə. Alverçilərdən birinin qolu sınmışdı, birinin qılçı şikəst olmuşdu, özünün heç burnu da qanamamışdı. Binnəti tutub damladılar, bir il türmə kəsdilər ona. Gədə türməyə girən günnən gəlinin gözünün yaşı əlində oldu. Səhər-axşam yumdu-tökdü. Nə illah elədim, kirimədi. O qədər xiffət çəkdi, axırda uşaq xarc elədi: ölü uşaq doğdu, vədəsinnən tez... Özü də oğlan uşağı...

Ağarəhim artırmada arxası bəri dümələnən gəlinə baxdı və inandı ki, gəlinin ondan zəhləsi gedir, yoxsa “xoş gəldin” deyərdi, heç olmasa bircə dəfə qonağa nəzər yetirərdi. Yəqin bu kök arvadın da ondan zəhləsi gedir, onu allahın göndərdiyi bəla hesab eləyir. Ağarəhim az qaldı üzünü arvada tutub desin ki, “ay ana, ay xala, məndə günah yoxdu, mən pis adam deyiləm. Əgər mərdimazar olsaydım, sənin oğlunu verərdim inspektorun əlinə, oğlunun da yaxası qurtaranacan dərisi boğazından çıxardı”.

– Türmədən təzəcə gəlib tifağı dağılmışın balası. Yalvar-yaxardan, minnət-sünnətdən sonra sovxoz Nuh əyyamınnan qalma bir maşın verdi ona. Maşınnıq qalmayıb ha onda: təpədən dırnağa calaqdı, yamaq-yumaqdı. Bir gün işləyəndə beş gün özünə gəlmir... Səhər tezzən Binnət dedi, ay ana büyün bazardı, gedim heyvanlara ot-ələf gətirim. Dedim, getmə, bala. Ürəyimə nəsə dammışdı, gecə pis yuxu görmüşdüm. Həm də bilirəm axı, xata bunun boynunun ardınca gəzir... Getdi. Axırda da belə oldu... İndi neynəyəcək, başına haranın daşını salacaq? Pulu-pənəsi hardadı onun?

Ağarəhimin səbri lap bir tikə oldu. Vaxt keçirdi. Günəş bu həyətin, bu evin üstündən uzaqlaşıb aralıdakı dağın şiş təpəsinə dirənmişdi. Günəş bir azdan burnunu göy ədikləmiş dağın arxasına keçəcəkdi və axşam düşəcəkdi.

Arvad kötük qıçlarını çəkə-çəkə evə tərəf gedirdi. Deyəsən, ürəyini boşaltmışdı, nə demək lazımdırsa, demişdi qonağa. İndi qonaq bilər, qonağın allahı bilər...

Tüstülənə-tüstülənə, nərildəyə-nərildəyə həyətə bir “Moskviç” girdi və düz Ağarəhimin yanında dayandı. Binnət maşından düşüb:

– Şükür allaha, – dedi. – Əjdəri tapa bildim.

Əjdər “Moskviç”in qapısını açıb, ayaqlarını salladı. Elə oturduğu yerdəcə Ağarəhimə baxıb, yüz ilin tanışı kimi gülümsədi və Ağarəhim gördü ki, Əjdərin qabaq tərəfdə cəmi üç dişi var: ikisi altda, biri üstdə. Alnı qırış-qırış, ovurdları batıq idi. Göyümtül, süzgün gözlərində bic bir təbəssüm dolanırdı. Bu da eynən Binnət kimi arıq, çəlimsiz idi, bunun da yaşını dürüst demək mümkün deyildi.

Binnət tələsdirdi onu.

– Əyə, düşsənə, a tanrısız!

Əjdər qapıdan yapışıb qalxdı. Ağzına buz qoymuş adam təkin dilini güclə tərpətdi.

– Qonaq... xoş gəlib... – İrəli yeriyib Ağarəhimə əl verdi. – Ürəyini sıxma, bajoğlu, – dedi. – Mən... bu saat...

Burnuna araq iyi dəyəndə Ağarəhim başa düşdü ki, Əjdərin dili niyə topuq çalır.

Əjdər:

– Budumu, ayə, maşın? – deyib ləngərlənə-ləngərlənə “Jiquli”yə tərəf getdi.

Binnət uşağı maşından düşürtdü, oturacağa tökülmüş şüşə qırıntılarını təmizlədi.

Əjdər bir əlini belinə qoyub zəndlə “Jiquli”yə baxdı. Ağarəhim də onun “Moskviç”inə. “Moskviç” çürümüşdü. Üstündəki pasla yamaqların ağırlığı öz ağırlığından güman ki, çox olardı. Nə arxa oturacaq vardı, nə də qapıların şüşəsi; yəqin ki, yol gedəndə içəridə “yel vurub yengələr oynayırdı”. Ağarəhimin ağlı Əjdərdən bir şey kəsmədi, Əjdərin yaxşı usta olmağına Ağarəhim inanmadı. İnanmadı ki, “Alpoud” adlı kənddə qabiliyyətli usta olsun.

Əjdər “Jiquli”nin vurulmuş yerini diqqətlə nəzərdən keçirəndən sonra üzünü Binnətə tutdu.

– Ayə, bekara şeydi... Başın haqqı... canını alacam bunun, cərcənəyini ayıracam, – dedi və çayırlıqda oturub qıçlarını uzatdı. – Qoy bir pap... papiros çək...im. – Damağına “Avrora” qoyub yandırdı.

Ağarəhim arxasını Əjdərə çevirib. Binnətə pıçıldadı:

– Deyəsən, keflidi bu.

– Bu batmışın ayıq vaxtı olurmu heç? Çaxır zavodunda fəhlə işləyir, gündə vurmasa bağrı çatlayar. Amma nə qədər içsə də, huşunu itirmir. Özü də çox zirək adamdı: beş kişinin işini təkbaşına görər, “yoruldum” deməz. Əlləri qızıldı bunun... Sən narahat olma, bircə saat düzəldəcək maşını.

Əjdər siqaretdən dərin qullab alıb çayırlığa dirsəkləndi.

– Ayə!.. A Binnət! Qonaq yoxsa mənnən danışır? Elə bilir... kefliyəm... heləmə?.. Ayə, mən Əjdərəm haa... Bir vedrə içərəm... amma... gülləni iynənin gözünnən keçirdərəm. Qonağa denən, – yumruğunu sinəsinə vurdu, – mən Əjdərəm haa.

Binnət gülümsədi:

– Demişəm, əşi.

– Di get, bir dolça su gətir, ciyərim yanır.

Binnət getdi su gətirməyə: Əjdər barmağını diliylə yaşlayıb siqaretin gözünə basdı. Siqareti çiyninin üstündən dala atıb, dirsəyini yerdən qaldırdı.

– Bajoğlu, – dedi, – sən heç... qəm zad eləmə. Əjdər olan yerdə nə qəm?.. Təptəzə eləyəcəm maşınını... Anadangəlmə... Binnət mənim qohumumdu, bilirsənmi? Min iş görərəm... bir qəpik də almaram... Qohum qohumnan əlmuzdu almaz... Pul nə olan şeydi, ayə? – Tüklü çənəsini qaşıya-qaşıya “Jiquli”yə baxdı, sonra başını döndərib kəndin ayağındakı dağa baxdı. – Ayə, o dağı görürsənmi? – dedi. – “Göyəzən”di onun adı... Eşitmisənmi?.. Görürsənmi nə şişdi ucu? Nizə kimidi... ha deyirəm... dırmaşım ora... vaxt tapa bilmirəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Duz

Seymur paltosunu geyinib qapının ağzında dayandı. Anası balaca qara çamadanı və içi dolu həsir zənbili gətirib onun qarşısına qoydu. Oğlan şeylərə tərəf baxmadı. Gözlərini anasının yanına sallanmış damarlı, quru əllərinə zillədi. Sonra onu umacaqlı baxışla süzdü. Firuzə oğlunun fikrini anlayıb gülümsədi. Əlini dirsəkdən ilməsi qaçmış sarımtıl, nimdaş jaketinin cibinə saldı.– Al, hələlik bunu xərclə...

19685 dəq
Qatarda

Dostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.

198023 dəq
Şehli çəmənlərin işığı

Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?

198526 dəq
Evin kişisi

Çəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...

1 saat 10 dəq

Başqa şairlərin şeirləri