Mənalı gülüş
Sabit Rəhmana
Şirin gülüşlərlə gəl güldür bizi,Çox duzlu-məzəli bir aləmin var.Sabit! Cəfər kimi sev səhnəmizi,Sənin öz nəfəsin, öz qələmin var.
“Toy”un səhnəmizə qədəm qoyalı,Neçə Kərəmova toy tutub keçdin.Səhnə üçün yazdıqca əli sayalı,Gülüşü xoşladın, gülüşü seçdin.
Pərdələr açıldı, pərdələr endi,Bizim “Nişanlı qız” gəzdi səhnədə.Beşi pərt oldusa, yüzü sevindi,Qələmin çoxunu əzdi səhnədə.
Uymadın şöhrətə, uymadın ada,Dedin, səhnəmizə yazmaq gərəkdir.Deyirlər, bu günlər təzə binada,Dostun Əliqulu evlənəcəkdir?!
Nə deyim, çox gözəl ustadımızsan,Dərdini dostlarla bölüşən oldun.Boş-boş nitqlərlə ucalmaz insan,Döşünə döymədin, döyüşən oldun.
“Xoşbəxtlər” yüz dəfə açdı pərdəni,“Aydınlıq” aydınlıq gətirdi bizə.Yürüşə səsləyir “Koroğlu” səniSənət müjdəsi ver ellərimizə.
Gah Mirzə Qərənfili, gah Mindillini,Gah usta Segahı dilə salmısan.Bəlkə daddığımız bu şirinliyi,Baban Səbuhidən sən borc almısan?..
Gülüş şərbətindən içdikcə ellər,O qaynar bulağın gözü sən oldun.Çoxuna məzhəkə yazan deyirlər,Bunun ən yaxşısı, düzü sən oldun.
Kitabxana.az · https://kitabxana.az/works/islam-seferli-menali-gulus
← → düymələri ilə keçid, R — təsadüfi şeir