Səhifə 3 / 3 · 67%

Qanmır ki, o ikitəkərli bir adamlıqdır. Yenə allahın mənə yazığı gelib. Yoxsa evim yıxılırmış".

– Qızım, sən də get paltarını dəyiş, onacan mən də çay-çörək hazırlayım. Gör üstün-başın nə abırdadı!

Zeynəb bayıra çıxdı.

Çay-çörəkdən sonra Tükəzban xala üç yer saldı. Bir şey duyubmuş kimi Zeynəbi evə buraxmadı. Öz yanında yatızdırdı. Gecə yarıdan keçənə qədər oyaq qaldı.

O sakit ola bilmirdi. Uşaqların üzünə deməsə də, onların maşından yıxıldığına inanmırdı. "Yox, bunda nə isə bir iş var, məndən gizlədirlər. Maşından yıxılan adam da bu kökə düşər? Üz-gözlərindən elə bil dalaşıblar. İmran kiminlə dalaşar? Onun heç kəslə işi yoxdur. Bəs Zeynəb?"

Tükəzban xala yerin içində çevrilir, gah şirin-şirin yatan oğluna, gah da yorğanın altında büzüşən Zeynəbə baxır, heç nə başa düşə bilmirdi. O, ehmalca durub yerin içində oturdu. "Yox, maşın işi deyil, deyəsən, gədəciyi vurublar. Bax, bax...Sifətində barmaq izi var. Əli qurumuş buna necə qıyıb? Allah, sən özün saxla!"

Tükəzban xala vahimələndi. Əri Səmədin öldürüldüyü gecəni xatırladı, canına lərzə düşdü. Onda da belə qaranlıq gecə idi. Göz-gözü görmürdü. Səməd axşam çörəyindən sonra pencəyini götürüb ayağa durdu.

– Ay Tükəzban, - dedi, - məni gözləmə. Yıxıl yat. Bu axşam xırmanda qalacam.

– Əyə, soyuq-zad dəyər, axı xırmanın qaraulçusu var.

– Yox, gərək özüm gedəm. Köpək uşağı kolxozu dağıdır. Hər gecə taxılı daşıyıb aparırlar. Sabah camaat ac qalsa, kim cavab verəcək?

Tükəzban ərinin xasiyyətini bildiyindən dinmədi. Səməd oğlunun üzündən öpüb çıxdı. Tükəzban onu doqqaza qedər ötürdü. Nədənsə ürəyi uçundu.

– Ə, özündən muğayat ol.

– Yeri get evə, uşaq təkdir.

Səməd gedəndən sonra Tükəzban xeyli dayanıb ərinin dalınca baxdı...

Onda "İyirmi altılar" kolxozu təzəcə təşkil olunmuşdu. Səmədi sədr seçmişdilər. İşlər yaman ağır idi.

Tükəzban evə qayıdıb yer saldı, ancaq yata bilmədi. Həmişə bütün gecəni kəsik-kəsik xırıldayan traktorun səsi və taxıldöyən maşının gurultusu eşidilərdi. İndi isə sakitlik idi, yəqin yenə maşını xarab etmişdilər. Bayırda çısələmə yağış yağırdı. Həyətdəki tut ağaclarının yarpaqları xışıldayırdı. Evin üstündən süzülən yağış suyu navalçaları danqıldadıb şırıldayırdı. Kəndin yuxarı başında itlər hürüşürdülər. Bir azdan onlar da sakitləşdi.

Tükəzbanın yalnız səhərə yaxm gözünə yuxu getdi.

Birdən xırman tərəfdə boğuq tappıltı eşidildi. Tükəzban dik atıldı. Tüfəng bir də açıldı. "Kimi isə vurdular, güllə ətə dəydi" – deyə düşünən Tükəzban tələsik ayağa durdu. Paltarını əyninə keçirib bayıra çıxdı; İşıqlaşırdı. Toyuqlar yavaş- yavaş tardan tökülürdü.

"Görəsən bu nə idi, yenə kimin evini yıxdılar". Tükəzban içəri girib sönməkdə olan lampanın piltəsini qaldırdı. Ancaq çıraq bir-iki dəfə parıldayıb söndü. Evə qaranlıq çökdü. Arvad lap darıxdı.

Birdən onu çağırdılar. Tükəzban doqqaza yüyürdü.

Oradakı adamları görüb özünü itirdi.

– Nə olub, ay qızlar?

– Xırmanda adam vurublar.

O heç nə soruşmadı. Başı alovlu xırmana qaçdı. Kəlağayısı sürüşüb çiyninə düşmüşdü. Saçı dağılmışdı. Yanaqlarından qan axırdı.

Sovrulub ortaya tığlanmış sarı buğdanın yanında toplaşanlar Tükəzbanın gəldiyini görüb azca geri çəkildilər. Kim isə onun qolundan tutdu. Yıxılmağa qoymadı.

Səməd taxılın yanında arxası üstə yıxılmışdı. Güllə düz alnından dəymişdi...

İndi Tükəzban xala İmranın üzündəki ləkələri görəndə özünü itirdi: "Allah, sən özün bircə balamın pənahı ol!" Sonra yavaşca yorğanı açıb oğlunun yanına girdi, başını ehmalca qolunun üstünə qoydu. Uşaqlıqda olduğu kimi, onu sinəsinə basdı. Yalnız bundan sonra gözünə yuxu getdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü hissə, 17

Cahandar ağa bütün gecəni at belində yol gəldi. Qalın meşələrdən necə keçdiyini, köpüklü çayları nə vaxt adladığını, dolama cığırlarla bələnləri haçan aşdığını bilmədi. Qəmər arada addımlarını yavaşıdanda onu mahmızladı, atın yorulmasına fikir vermədi. Bütün yolu çaparaq gəldi. O, mənzilə yaxınlaşdıqca daha da həyəcanlanırdı. Ürəyi yumaq kimi bükülür, nəfəsi darıxırdı. Kişi qorxurdu. Yaylağa yetişən kimi binədə bədbəxt bir hadisə ilə qarşılaşa biləcəyini xəyalına gətirdikcə bədəni buz kimi soyuyur, alnına tor gətirdi. O, evdəkilərin birinin ölümünə, mal-qaranın oğurlanınasına dözə bilərdi. Ancaq arvad-uşağın namusuna sataşılmış olsaydı... Aman Allah, sən belə bir rüsvayçılıq eləmə!!!Cahandar ağa istəyirdi ki, lap tezdən binələr yuxudan ayılmamış özünü yaylağa yetirsin, heç kəsin gözünə görünmədən alaçığa girsin, əhvalatın nə yerdə olduğunu öyrənsin. Əgər bir bədbəxtlik üz veribsə, onun keçirdiyi iztirabları heç kəs görməsin. Camaatın gözü qabağında zərbə almaq və qovşurulub-qıvrılmaqdan dəhşətli nə ola bilərdi?

19578 dəq
Üçüncü hissə, 18

Cahandar ağa səhər tezdən atın örüyünü dəyişdirmək üçün dəyədən çıxdı. Tüfəngini əlinə alıb, binələrin aşağı tərəfindəki çəmənliyə getdi. Çisəkləyirdi. Hər yeri duman bürümüşdü. Beş-on addımlıqdakı qaraltılar güclə seçilirdi. Otlar yuyulub sürüşkənləşmişdi. Havanın soyuqluğunu adam nəfəs aldıqca ciyərlərində hiss edirdi. Dəyələrin ətrafında dolaşan itlər tənbəl-tənbəl hürürdü, xalxaldakı dana-buzov mələşirdi. Binə mürgüləyirdi.Cahandar ağa səksəkəli idi. Axşam, əl-ayaq yığışdırılandan sonra itlərin arasına çaxnaşma düşmüşdü. Sığırçılar kimi isə qıya basmışdılar. İtlər binələrin üstündəki yola qədər getmişdi. Nökərlər hər yeri, arxacı, xalxalı dönə-dönə yoxlamış, atın örüyünü dəyişmiş, hər şeyin yerində olduğunu söyləmişdilər. "Yəqin yol adamları imiş", – deyə kişini sakit etmişdilər.

19578 dəq
Dördüncü hissə, 1

Axşam qaranlığı qatı bir kölgə kimi Qorinin üzərinə çökmüşdü. Yarımca saat bundan əvvəl zirvəsində günəşin son sarılıqlarını əks etdirən dağlar boyun-boyuna verib mürgüləyirdi. Buranın təbiəti şimala bənzəmirdi, nə bəyaz gecələr, nə də uzun sürən yay axşamları var idi. Birdən-birə zil qaranlıq çökür, birdən-birə də dan yerində şəfəqlər oynaşırdı.Semyonov artıq bunlara vərdiş etmişdi. Əvvəllər Peterburqun bəyaz gecələrinə vurğun olan Dmitri Dmitriyeviç indi də cənub axşamlarına məftunluq göstərirdi. O hər axşam pəncərə qabağında dayanıb qüruba tamaşa etməyi sevirdi. Bu gün də adəti üzrə, həmişəki yerində durub üfüqlərə baxırdı, bağ-bağat içində itən Qorinin kiçik daxmalarında yanan çıraqlar qaranlıqda parıldayan yalqız qurdları kimi işıldayırdı.

195710 dəq
Dördüncü hissə, 2

Damların və çardaqların üstündə axşamdan təzək yandırmışdılar. Gecədən xeyli keçməsinə baxmayaraq, hava durğun olduğundan kəsif tüstü layları kəndin üstünə çökmüşdü. Bir yarpaq, bir ot belə tərpənmirdi. Ağcaqanad sürüsünün vızıltısı bir-birinə qarışıb kəndə züy tuturdu. Hər şey susmuşdu. Anası Osmana axşamdan damın üstündə yer salmışdı. O, yatıb yuxuya qalmamaq üçün tezdən yorğan-döşəyə girmişdi, ancaq gözünə yuxu getmirdi.Mina xala oğlunun yanında oturmuşdu. Arvad Osmanın köynəyini dizinin üstünə qoyub yamayırdı. Düz üç gün hər yeri gəzmiş, qonum-qonşuya ağız açmış, hətta şəhərə gedənlərə yalvarmışdı ki, ona beş-altı metr parça alsınlar, sonra əlinə pul düşən kimi borcu qaytarar. Ona əl tutan olmamışdı. Axırda hər yerdən əlacı kəsildiyindən, oğlundan xəlvət qapılarındakı yeganə xoruzu tutmuş, qonşu kənddəki dükana gedib parça istəmişdi. Dükançı bir arşından artıq parça verə bilməyəcəyini söylədikdə isə "ağrım ürəyinə, xoruzu sənə verməkdənsə, kəsərəm, uşağım yeyər" – demiş və birbaş evə qayıtmışdı. O, oğlunun əynini təzələməyə çalışmış, yoldaşlarının yanında Osmanın utanmasını istəməmişdi. İstəmişdi ki, Osman qərib yerə ürəyi sınqın, əyni çılpaq getməsin. Ancaq nə edəsən ki, yoxdan Allah da bezardır.

195710 dəq

Başqa şairlərin şeirləri