Riyazətsiz, könül, bu nəfs bir tövsəndi, ram olmaz,

Buna cövlangəh ərsə-ərz ola, seyri tamam olmaz.

Cahanı dust tutduqca edər düşmənçilik peyda,

Bu düşmən kamdən, ey nəfs, hasil hiç kam olmaz.

Cahan məmurəsində künci-üzlət ixtiyar eylə,

Qənaət əhlinə, ey dil, belə rahət məqam olmaz.

Ayaqdan düşməmiş səy eylə əldən vermə mey camin,

Cavanlıq şuri qalmaz başda, bu nəşə müdam olmaz.

Nə təşviş eyləyirsən cam əlində ruzi-məhşərdən,

Əgər piri-muğan vermişsə, qorxma, heç həram olmaz.

Təmənna eyləsəm, saqi, ləbindən busə, məzurəm,

Bu rövşən əmrdir kim, məst olan kəsdə nizam olmaz.

Bürünmə xirqeyi-salusə, Bixud, tənədən qorxub,

Bu, meydani-məhəbbətdir, bu yerdə nəngü nam olmaz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana