Səhifə 2 / 2 · 50%

Mahnını qurtaran kimi yenə qəhqəhə çəkdi. Fırlana-fırlana gəlib tastın üstündə oturdu. Güləsərin qəlbinə çökən qurğuşun ağırlıqlı kədər elə bil yoxa çıxdı. Salatın da uğunub getdi.

– Sən lap aşıqsanmış ki, ay bibi, nə yaman oxuyursan?!

– Məni dərd oxudur, a bala, dərd. Qıraqdan baxan da adımı arsız qoyur.

– Allaha şükür, sənə nə olub ki, ay bibi, varın, dövlətin.

– Eh, neyləyirəm varı, ay bala, bir bığıburma ərim olsaydı, onların hamısına dəyərdi.

– Qabağına duran ha yoxdur.

– Ağzın isti yerdədi deyin, ərə getmək sənə asan gəlir. Elə bilirsən hər papaq geyinənlə bir yastığa baş qoymaq olar? Ağrım ürəklərinə, onların çoxunun elə qaraltısı var. Kişi gərək axır nəfəsinə qədər qırğı kimi şövqlü ola, qucaqlaya, dişləyə, sən də ləzzət alasan. Kürt toyuq kimi yanını kəsdirib oturan yatağan öküzdən nə çıxar?

– Ay bibi, acığın tutmasın, - deyə Salatın çəkinə-çəkinə çoxdan ürəyində dolaşan sualı verdi. - Rəhmətlik Əbil dayını özün sevib-seçmişdin?

– Yox, ay bala, - deyə arvad dərindən köksünü ötürdü. - Mən istəyən oğlan dədəyin qorxusundan heç papağının ucunu göstərə bilmədi. Sıxma-boğmaya salıb. mənciyəzi Əbilə verdilər. Rəhmətlik pis kişi deyildi, birtəhər dolanırdıq- Allah onu da mənə çox gördü, apardı qara torpağın altına. İndi qalmışam qara daram altında tək. Bilmirəm dulam, yoxsa gəlin. Salatın bibisinin kövrəldiyini və bu saat uşaq kimi doluxsunub ağlayacağını duydu. Araya söz qatmaq və onun fikrini yayındırmaq üçün arvadı qucaqladı.

– Sənə nə olub, qocalmayıbsan ha?!

– Düz deyirsən, amma eşitməyibsənmi "Ömür keçir, gün keçir, cavan olmaram bir də mən". Cavanlıq gözəl şeydir, onun qədrini bilin. Nə qədər bacarırsınız kefinizi sürün, sonra peşman olarsınız.

Şahnigar gözünün yaşını silib, gülümsəməyə çalışdı. Onun nəm bəbəkləri parıldadı.

– Məni danışdırıb, dərdləndirdiyiniz bəsdir. Başımı qatmayın.

Mən buraya vacib iş üçün gəlmişəm.

O, taxtın yuxarı başında, idincə yığılmış yorğan-döşəyə ötəri nəzər saldı. Sonra da ehmalca Güləsərin böyrünə toxundu.

– Üz ağlığım göstər görüm.

– Bibi!..

– Sən işində ol, mən nə elədiyimi bilirəm. Niyə durursan?

Güləsər həyadan yerə girəcək olsa da, arvadı şübhəyə salmamaq üçün gözünün ucu ilə taxtın yuxarı tərəfinə doğru baxdı. Salatın üzünü çevirib, qapıya sarı getdi və dayandı. Şahnigar yorğan-döşəyin arasındakı mələfəni tapdı və birdən uşaq kimi evin ortasında oynadı. Güləsər üzünü əlləri ilə qapadı. Ancaq Şahnigar onun qolundan yapışıb, bacadan süzülən işığa gətirdi. Qızı qucaqlayıb marça-marçla öpdü.

– Üzün ağ olsun, qızım, indən sonra sənə canımı da qurban eləyərəm. O, yenicə görürmüş kimi qızın əynindəki nimdaş paltarlarına, yalın ayaqlarına baxdı. Dərindən köksünü ötürdü. Qardaşıgildə olub-keçənləri unutmağa çalışıb gülümsündü. Əvvəlcə barmağındakı yaqut qaşlı üzüyü çıxartdı. Sonra da ağ buğumhı biləyindən bilərziyi açdı.

– Yaxın gəl, görüm. Bax bu sənin nişan üzüyün, keçirt barmağına, bu da bilərziyin, bibi payıdır, götür. Sonra nəyin çatışmır?

Salatın özünü sındırmaq istəmədi. Həm də qardaşının evdə dava salacağından qorxduğıı üçün verilən şeyləri Güləsərdən alıb, geri qaytarmaq fikrinə düşdü.

– Ay bibi, özünün üzüyünə nə gəlib, hər şeyi var.

– Hər şeyi var, bəs niyə bu kökdədir, hanı gəlinin paltarı? Tez ol, sandığı aç.

Salatından qabaq özü yük yerinin yanındakı sandığa yaxınlaşıb qapağını qaldırdı. Qardaşı qızının ipək paltarlarından bir dəst çıxarıb Güləsərin üstünə atdı.

– Tez ol, geyin. İkiniz də bir boydasınız.

– Lazım deyil.

– Götür, götür, - deyə Salatın sözə qarışdı. - Mənim ya sənin, nə təfavütü var?

Şahnigar özü Güləsəri soyundurdu. Təzə paltar, ayaqqabı geyindirdi. Bilərziyi qoluna taxdı. Barmağına üzük keçirtdi. Belindəki qızıl suyuna çəkümiş enli gümüş kəməri də açdı.

_ Al, bağla görüm necə yaraşır? Bax belə. İndi oldun nazənin sənəm. Dayan, dayan. Al, bu da baş qızılın. Üç qatardı. Rəhmətlik kişi Tiflisdən, bir ləzgi zərgərindən almışdı. Qara məxmərin üstündə lap qəşəng görünür. Kəlağayının altından bağla. Bəh-bəh, lap gül kimi açıldın. Hanı, qulağını göstər görüm. Deşdirməmisən? Niyə? Belə şeyləri adam atası evində deşdirər. Yoxsa sırğasız gəzmək istəyirsən? Qoymaram, hər şeyi özüm düzəldəcəyəm. Bu saat qulağını da deşəcəyəm, sırğa da taxacağam. Ay Salatın, kömək elə, mənə iynə-sap, bir az da kömür gətir.

– Ay bibi, başımıza oyun açma.

– Dedim ki, əl-ayağıma dolaşma.

Güləsərin etirazına fikir vermədən iynəni sapladı. Gəlinin qulağını deşdi. Kömür sürtüb, qanı kəsdi. Dərhal da sırğalarını çıxarıb, Güləsərin qulağına keçirtdi.

– Ağrımadı ki?

Gəlin üz-gözünü turşutmuş olsa da, gülümsəməyə çalışdı.

– Yox, ağrımadı.

– Ay Salatın, bir az sünnə ver,

– Hardan alım?

– Yoxundu? Özümdə tapılar.

– Ay bibi, sən Allah, qızın üz-gözünü qaralama.

– Sən belə şeyləri başa düşməzsən, kənara dur. Bax belə. İndi oldun sudan gələn sürməli qız. Bəh-bəh... Qoy indi qardaşım oğlunun hünəri var, qabağında dursun.

Təzə paltar və zinətdən sıxılan Güləsər həyadan puçur-puçur tər tökdükcə, Şahnigar onun ətrafına fırlanıb çırtıq çalır, gah oxuyur, gah da şaqqıldayıb gülürdü.

– Vallah, sənin işlərindən baş açmaq çətindir, ay bibi. -Nə baş açacaqsan, a-az, tez ol çaydan, çörəkdən gətir... Bə bu qırışmal harda qaldı?

– Burdayam, ay bibi.

Bıy, boyuna qurban, gəlibsənmi? Bə niyə dinmirsən? Qapının arxasındaca durub bizi pusursan?

Şahnigar quş kimi qanadlanıb Şamxalı qucaqladı. Onun əlindəki qırqovulu taxtın üstünə qoymağa imkan vermədi. Uşaq kimi qardaşı oğlunun boynundan asıldı. Salatın Şamxalın vurduğu quşları və tüfəngi qardaşının əlindən aldı. Güləsər ayağa qalxdı. Şahnigar bəzəndirdiyi gəlini qardaşı oğluna göstərdi.

– Hə, necədir, xoşuna gəlirmi?

– Bu nədir, ay bibi?

– Görmürsənmi, təzə gəlinimizdir. Yoxsa arvadını tanıya bilmədin? - O əlini əlinə vurub şaqqıldadı. - Deyəsən, gözün qamaşdı? Siz kişilərə belə lazımdır. Bura bax, qardaşoğlu, gəlin gərək tovuz kimi bəzəkli olsun, bildinmi? Yoxsa bu nədir, qızı çılım-çılpaq gətirib soxubsan qara dama. Əynində abırlı bir paltarı da yoxdur.

– Alacam.

– Alacam? Bə nə vaxt? Toydan sonra nağara? Yox, xoşuma gəlmirsən. Adam bir iş görəndə əməlli-başlı fikirləşər, böyük-kiçiyə məsləhət elər. Niyə əvvəlcə mənim yanıma gəlmirdin? Allaha şükür, bibin hələ sağdır.

– Özün ki, hər şeyi bilirsən?

Şamxalın qaşqabağı töküldü. Şahnigar nahaq yerə onun üstünə düşdüyünü dərk etdi. "Deyib-gülmək əvəzinə köhnə yaraları tezələməyin nə mənası var?" - deyə düşündü. Vəziyyətdən çıxmaq üçün yenə zarafata başlamağı münasib bildi. Özünəməxsus bir şuxluqla gözünü qıyıb, qardaşı oğlunu barmağı ilə hədələdi:

– Bax, gəlini incitmə ha, yoxsa dostluğu pozarıq. Yaxşı, de görüm belə tezdən cavan arvadı qoyub hara getmişdin? Ova? Göstər görüm nə vurmusan? Qırqovul? Bax buna varam. Vallah, xoşuma gəldin. Deyəsən, arvadın qədrin bilən olacaqsan. - O, Salatının əlindən qırqovulları alıb diqqətlə baxdı. Düz gəlinin yanına gəldi. Quşları yuxarı qaldırıb, parıldayan zərli lələklərini, yaşılı rəngə çalan xınalı boynunu sığalladı.

– Daha nə istəyirsən, ay Güləsər, ərin indidən səni qırqovul əti ilə yemləmək istəyir. Gərək sən də onun əməyini itirməyəsən. Qırqovula dönüb ortada süzəsən. Buğum-buğum cığa tökəsən. Hə, niyə durubsunuz? Tez olun, ocağa qazan asın.

Şamxal bibisinin yanında oturdu. Salatın quşları götürüb həyətə çıxanda Güləsər də getmək istədi. Şahnigar qızın qolundan tutdu:

– Sən hara? Təzə gəlin bir-iki həftə evdən bayıra ayaq basmaz. Sən gərək bu saat heç gərdəkdən çıxmayasan. Otur yanımda.

Güləsər Şahnigarın böyrünə qısıldı.

Aralığa sükut çökdü. Şamxal söhbətə başlamaq üçün münasib söz tapa bilmədiyindən əllərini ovuşdurur, tutduğu bu işə camaatin, ələlxüsus atasının nə deyəcəyini bibisindən soruşmağa cəsarət etmirdi. Sahnigar da bir anlığa çətinlik çəkdi. Qızların yanında özünü nə qədər sərbəst aparsa da, Şamxalla o qədər açıq danışa bilmirdi. Necə deyərlər cavan da olsa kişi idi. Kişinin zəhmi isə həmişə ağır olur. Qazma evin yoxsul və ürəksıxıcı görkəmi onları daha da darıxdırdı. Bir anlığa elə bil hava da çatışmadı. Şahnigar qardaşı oğlunun tutqun çöhrəsinə baxıb, köksünü ötürdü:

– Sənnən küsmüşəm.

– Niyə?

– Bunun niyəsini soruşmazlar, çox etibarsızsan. Başına and olsun, düz sözümdür. Özümə söz vermişdim ki, səni qiyamətəcən dindirməyim. Amma neyləyim, yenə ürəyim tab gətirmədi.

– Mən ki, sənə bir pislik eləməmişəm.

– Eləmisən.

– Vallah, yadıma gəlmir.

– Gəlmir, salaram. Əvvəla, de görüm, bu nədir? Heç sənə, Cahandar ağa kimi bir kişinin oğluna, qara damda yaşamaq yaraşarmı? Hə?

Niyə dinmirsən?

– Nə eləyəydim?

– Bibin ölmüşdü? O eyvanlı qoşa otaqları sənin əlindən alan vardı? Niyə gəlmirdin? Yoxsa qorxursan, yerimi dar eləyərsən? Görünür, sən bibini hələ yaxşı tanımırsan, qardaşoğlu, mənim varım, dövlətim, nəyim varsa, hamısı sənə qurbandır. Heç bilirsən sənin qapına nədən ötəri gəlmişəm?

– Gələndə nə olar, öz evindir.

– Orası elədir. Ancaq mən sizi köçürməyə gəlmişəm?

– Hara?

– Oz yanıma. Ə, insafın yoxdur? Qalmışam qu quşu kimi damın altında tək. Nə olar mənim yanıma köçəndə? Otağın biri sənindir. Divarda xalısı, asma lampası, qab-qacağı, hər şeyi var. Sənə öz əlimlə gərdək də qurmuşam. Heç o yan, bu yanı yoxdur, gedəcəksən. Başını tərpətmə, zornan da olsa aparacam. Salatınla mən bir otaqda qalaram, siz də bir.

– Çox sağ ol, ay bibi, kişi gərək qoltuqda yaşamasın.

– Bərəkallah, qardaşoğlu, yaxşı cavab verdin. Ə, mən yadammı belə söz danışırsan? Mənim sizdən başqa kimim var? Ərim yox, uşağım yox, bir sizsiniz. İndi bu nə cavabdır, mənə verirsən?

Arvad kövrəldi. Şamxal dediyi sözə peşman oldu. Əslinə baxsan o, bibisinin könlünə toxunmaq istəmirdi.

– İncimə, bibi, ele-belə, sözgəlişi dedim.

– Gərək deməyəsən. Mən sidq ürəklə sənə söz danışıram, sən də...

– O, gözünü quruladı. - Bax heç o yan, bu yanı yoxdur. Qaranlıq qarışıb, əl-ayaq yığışdırılanda arabanı qoşursan, evində nə var doldurub birbaş gəlirsən bizə. Eşidirsənmi?

– Hələ axşama çox var, fikirləşərik.

– Heç nə fikirləşmək lazım deyil.

Salatın ehmalca içəri girdi. Bir xeyli tərəddüd içində qardaşının üzünə baxdı. Onun saralmış sifəti yarıqaranlıq evdə daha da solğun görünürdü. Şamxal bacısının nə isə bir söz demək istədiyini, ancaq qorxudan dillənə bilmədiyini anladı. O da həyəcanlandı. "Yoxsa atası bu xəbəri eşidib gəlmişdi? Yenə ata-oğul üz-üzə dayanacaqdır?" O ehmalca ayağa durdu. Dirəyə söykənən bacısına yaxınlaşdı.

– Nə olub?

Salatının dodaqları güclən tərpəndi.

– Səni çağırırlar.

– Kim?

– Çərkəz...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

II fəsil, 1

O, yuxudan ayılan kimi əlini yaslığın altına uzatdı və naqanın dəstəyini ovcunda hiss edib sakitləşdi. Yorğanı üstündən atıb çarpayıda oturdu və ayaqlarını salladı. Paçasının arasına və dizlərinə qara dəri tikilmiş qalife şalvarını soyunmamışdı, corablarını da çıxartmamışdı. Tələsik uzunboğaz xrom çəkmələrini geyindi, naqanı şalvarının cibinə qoyub gərnəşdi. Otağın küncündəki əl-üz yuyulana yaxınlaşdı, lüləyi açıb möhkəm yuyundu. Dəsmalla qurulandıqdan sonra gəlib frenç pencəyini geyindi. Yaxasının düymələrini, iri döş və yan ciblərinin ağzını bağladı, kəmərini qurşadı, çalın-çarpaz qoltuqaltılarını çiynindən aşırdı, patron daraqlarının yerində olub-olmadığını yoxladıqdan sonra naqanı qoburuna qoydu, onaçılanı isə yanından salladı. Adəti üzrə mauzerin taxta qoburuna bərkidilmiş qızıl lövhənin üstündəki yazıları oxudu. Bu onaçılanı ona Zaqataladakı qaçaqlarla döyüşlərdə göstərdiyi şücaətə görə vermişdilər. Onun göy gümüşü və şabalıdı rəngli buxara papaqları olmasına baxmayaraq iri, dəyirmi, boz saçaqlı papaq geyinərdi. İndi də elə elədi. Bu papağı geyinəndə elə bil çiyni bir az da enlənir, qan sağılmış gözləri adamı qılınc kimi kəsir, qarşısındakıları vahimələndirirdi. Çox vaxt saçaqlı papağın altından baxan baxışların nə ifadə etdiyini ayırd etmək olmurdu.Qapı astaca aralandı. Növbətçi milisioner əlində səhər yeməyi içəri daxil oldu. Küncdəki stolun üstünə yeməkləri səliqə ilə düzdü. Növbətçi getdikdən sonra o, söseyə yaxınlaşdı: soyutma yumurtanı, bal ilə qaymağı bir göz qırpımında yeyib üstündən bir stəkan südlü çay içdi. Üst-başını səliqəyə salıb iş otağına keçdi.

199512 dəq
II fəsil, 2

Qəza firqə özəyinin qapısında dayanan keşikçilər Kəsəmənlini görən kimi gülümsünüb ona yol verdilər. Kabı kişi üst-başını düzəltdi, saçaqlı papağını gözünün üstündən azca geri itələdi və şax addımlarla dəhliz boyu getdi. Üstünə qəza firqə özək katibinin adı yazılmış qapını aralayıb içəridəkilərə salam verdi. Firqə özək katibi Abdal kişi qaş-qabaqlı idi. Telefonda kiminləsə acı-acı danışırdı. O, dilucu salamı aldı və Kəsnmənliyə oturmaq üçün yer göstərdi. Kəsəmənli neçə aydan bəri qəzaya təhkim olunmuş Çekanın nümayəndəsilə qabaq-qənşər oturası oldu. O, adəti üzrə ayağını ayağının üstünə aşırmışdı. Biləkləri didilmiş qara tumac gödəkçəsinin ortasını enli qalın kəmərlə boğmalamışdı. Bir yandan naqanı, bir yandan da çantası sallanırdı. Başındakı papaq da nimdaş idi. Bircə ulduzdan başqa. Elə bil ulduzu qəsdən seçmişdi; hər gün tozunu alıb papağının alnına yapışdırırdı.Onların baxışları ani olaraq toqquşdu. Kəsəmənliyə elə gəldi ki, Fətullayevin gözlərində qıvrılıb yatan ilan fısıldayıb ayıldı və qarşısındakı adamın üstünə atılmağa hazırlaşdı. Fətullayev də Kəsəmənlinin gözlərində ildırım kimi şaxıyan amansız baxışları gördü. Lakin özlərini çox sakit apardılar. Kəsəmənli başa düşdü ki, onu buraya boş-boşuna çağırmayıblar.

19954 dəq
II fəsil, 3

Qapının ağzında domuşuqlu oturan uşaq Kəsəmənlini görən kimi ayağa durdu və hörmətlə ona salam verdi. Kabı kişi bu üstü-başı cırıq uşağın mərifətinə heyran qaldı. Ayaq saxlayıb onun tükü tökülmüş papağına, çiyinləri yamaqlı köynəyinə və didik-didik olmuş şalvarına baxdı. Uşağın ayağındakı çarığın burnu deşilmişdi. Çirkli corabı görünürdü. Amma özünü əkə-bükə kişi kimi aparırdı.– Kimi istəyirsən, bala?

19954 dəq
III fəsil, 1

Son vaxtlar Ömər koxanın yuxusu ərşə çəkilmişdi. Mal-qara tövləyə, xalxala salındıqdan, əl-ayaq yığışdırılıb kənd camaatı qapı-bacasına çəkildikdən sonra eyvanda xeyli oturardı. Qapı-bacalarda ləngiyən mal-qaranın mələşməsinə qulaq asar, Kürün bəri üzündəki tülkülərin, çaqqalların vaqqıltısını dinləyərdi. Çaqqal- tülkü yaman çoxalmışdı. Günün qulağı yaxıb qaranlıq düşməmiş cələyə yığışır və kəndə doluşmağa hazırlaşırdılar. Ömər koxa onlara sakitcə qulaq asır və görürdü ki, kənd itləri nəyisə qabaqlarına qatıb cələyə qədər qovurdular. "Bu qırılmışlar yaman çoxalıb. Az qalırlar evlərə doluşsunlar. Eh, zamana yaman dəyişib. Əvvəllər bizim kəndin həndəvərində ağzı qatılı canavarlar dolaşardı. İndi də çaqqal-maqqal dolaşır. Belə getsə, camaat özü də çaqqala dönəcək".Ömər koxa qaratikan kolundan düzəldilmiş gümüş örtüklü qəlyanını közərdir, fikrində dağı arana, aranı da dağa köçürürdü.

19954 dəq

Başqa şairlərin şeirləri