Birinci hissə, 12
Səhifə 1 / 2
Şamxal ayağa durub kəmərini daraltdı. Boğazı qaytanlı köynəyinin qırışlarını arxaya tərəf yığdı. Yüngül addımlarla qapıya yaxınlaşdı. Əlini cəftəyə uzatmazdan əvvəl dönüb geri baxdı. Şahnigar xanımın sinəsi qalxıb-enir, Salatın isitməli adamlar tək titrədir, Güləsər isə cəsəd kimi yerindən tərpənə bilmirdi. O bunları görsə də dinmədi, sakitcə divara söykədiyi tüfəngə yaxınlaşdı. Beynində ildırım sürətli fikirlər gəlib keçdi. "Tüfəngi götürsünmü? Yoxsa Çərkəzin qabağına elə-belə, saymazyana, əliboş çıxsın? Onun yanına yaraqlı getmək qorxaqlıq deyilmi? Arvadlar, illah da Güləsər buna nə deyərdi? Elə ilk gündən arvadının gözündən düşməzdimi? Yox, elə-belə, əliboş gedəcəm. Bəlkə onun silahı var? Qapıya çıxan kimi sinəmi nişan alacaq ? Heç əl-ayaq tərpətməyə qoymayacaq? Kimi, məni? Çərkəz mənə Cahandar ağanın oğlu Şamxala əl qaldıracaq? Vallahi onların külünü torba ilə daşıtdıraram. Hünəri var, tərpənsin!"
O, ehmalca tüfəngi götürüb əlində hərlədi. Şahnigar xanım qardaşı oğlunun ürəyindən keçənləri üzündən oxudu. Onun iki su arasında qaldığını və qəti bir qərara gələ bilmədiyini başa düşdü. Sakitcə Şamxala yaxınlaşdı. Gözlərini onun üzünə zillədi.
– Ehtiyat igidin yaraşığıdır, oğul, kişi kişinin qabağına yaraqsız çıxmaz.
Bu sözdən sonra Şamxal tüfəngin çaxmağını çevirdi. Xəzinənin boş olduğunu görüb, taxtın üstündəki qoltuqaltıdan bir daraq patron götürdü və tüfəngi doldurdu. Çaxmaq şaqqıltısı kəsəndən sonra evdə kiminsə təlaşla nəfəs aldığını duydu. Dönüb Güləsərə baxdı. Onun kəlağayısı sürüşüb çiyninə düşmüşdü. Şahnigar xanımın yenicə qulağına taxdığı sırğalar titrəşirdi. Boynundakı damarlar şişib göyərmişdi. Hər dəfə nəfəs aldıqca sinəsi körük kimi qabarırdı. Gəlin boğulurmuş kimi tez-tez udqunurdu. Şamxal Güləsərin lal baxışlarındakı məzlumluqla bərabər, məzəmmət və yalvarışı da duydu. Geniş açılmış gözlərinin ətrafında həlqələnən yaş gah çoxalıb bəbəklərinin üstünü örtür, gah da geri çəkilib kirpiklərinin dibində titrəşirdi. Şamxal hiss etdi ki, Güləsərin başı hərlənir, hər şey onun gözlərində tor görünür. Bir az da belə keçsə, bəlkə də ürəyi sıxılıb yerə səriləcəkdir. O, arvadının qarşısında acizlik edəcəyini duyduğundan, yönünü çevirdi və getmək istədi. Ancaq Güləsərin yaşarmış gözlərini xəyalından çıxarda bilmədi. Ona elə geldi ki, kürəyinin ortasını nə isə yandırır, köz kimi deşib ürəyinə keçir və bütün əzalarını sızıldadır. Elə bil güclü əl onu yerindəcə fırlatdı. Birdən özü də hiss etmədən geri çevrildi. Arvadının üzünə baxdı, yenə lal baxışlarındakı yalvarışı gördü. Astaca addımlarla evin ortasındakı dirəyə yaxınlaşdı, tüfəngi mismardan asdı. Arvadların üzünə baxmadan qapını açıb, ağır-ağır həyətə çıxdı.
Çərkəz təzə düşmüş cığırın ortasında dayanıb papiros çəkirdi. Burnunun deşiklərindən fısqırıb çıxan tüstü uzun qoşa zolaq kimi qabağa vurur, sonra isə bir-birinə qarışır və süd rəngli havada əriyirdi.
Şamxal Çərkəzin fısıldaya-fısıldaya papiros çəkdiyini və çiynindəki tüfəngin qayışını barmaqları ilə didişdirdiyini görəndə, silahsız gəldiyinə peşman oldu. Əlini xəncərin dəstəyinə qoyub, "ölmək ölməkdir, xırıldamaq nədir, əgər bir balaca əl tərpətsə, sıçrayıb üstünə cummaqdanbaşqa əlacım yoxdur" - deyə düşündü və səksəkəli halda irəlilədi, həyəcanını gizlətmək üçün təmkinini pozmamağa çalışdı.
Çərkəz yerindən tərpənmədi. Şamxal ona yaxınlaşanda belə başını qaldırmadı. Dostlar xeyli sakitcə dayandılar.
– Xeyirdimi?
Çərkəz hərisliklə sümürdüyü papirosu yerə atıb, tüfəngin qayışını çiynində düzəltdi. Yalnız bundan sonra Şamxalın üzünə baxdı.
– Tüfəngin hanı?
– Neyləyirsən?
– Lazımdır.
– Nəyə lazımdır?
Şamxal Çərkəzin bu saat "Mən yaraqsız adama əl qaldırmaram. Get tüfəngini gətir, sonra danışarıq. Özünü də bilməməzliyə vurma", - deyəcəyini gözlədi. Amma Çərkəz suala sualla cavab verdi.
– Başımıza gələni eşitməyibsənmi?.. Qızı götürüb qaçıblar.
Şamxal dərindən nəfəs aldı. Əlini xəncərin dəstəyindən çəkib, papiros qutusunu çıxartdı. Barmaqları əsə-əsə tütün eşdi. Çərkəzin heç nədən xəbəri olmadığını biləndən sonra daha da həyəcanlandı.
– Yaxşı, indi fikrin nədir?
– İşin yoxdur ki?
– Nədir ki?
– Gedək qızı axtaraq.
Şamxal sakitcə papirosunu sümürüb, tüstünü göyə üfürdü, Çərkəz dostunun da həyəcan keçirəcəyini, bu xəbəri eşidən kimi əl-ayağa düşəcəyini və onun dərdinə şərik olacağını gözləyirdi. O, elə zənn edirdi ki, Şamxal dərhal tüfəngi götürəcək, yerin altında da olsa, Güləsəri axtarıb tapacaqlar. Çərkəz xeyli vaxtdan bəri Şamxalın Güləsərə meyl saldığını duyduğundan, buna daha çox əmin idi. O, üzdə bir söz deməsə də, bunu etiraf etməyə məcbur olur, elə ona görə də dar ayaqda Şamxala dərdini açıb kömək istəyirdi. Ancaq Çərkəzin gözlədiyinin əksinə bu xəbər Şamxalı narahat etmədi. O, sakitcə papirosunu sümürdü, sonra da xəncərini yana çəkib çöməldi. Çərkəz də tüfəngini dizinin üstünə qoyub, onun yanında sallağı oturdu. Aralığa sükut çökdü. Çərkəz ondan cavab gözləyir, həm də bir az tələsmək lazım olduğunu söyləmək istəyirdi. Şamxal isə tüstünü ciyərlərinə doldurur, heç nədən xəbəri olmayan Çərkəzə nə deyəcəyini, qızı özü götürüb qaçdığını necə xəbər verəcəyini bilmirdi. Əsl həqiqəti ondan gizlətsinmi, yoxsa "bacın burdadır, görüşmək istəyirsənsə dur, evə gedəkmi" - desin? Bu xəbəri Çərkəz necə qarşılayacaq?
Samxal papirosunu sümürüb kənara atdı. Səbirsizliklə cavab gözləyən Çərkəzin üzünə belə baxmadan sakitcə dilləndi;
– Hansı tərəfə getmək fikrindəsən?
– O taya. Deyirlər qızı Kürdən keçiriblər.
– Gümanın kimə gəlir, qızı kim aparmış olar?
– Nə bilim?
Onlar yenə susdular. Şamxal mümkün qədər səbirli olmağa çalışdığından, Çərkəzi sakitləşdirmək üçün münasib söz axtarırdı. O hələ də elə etmək istəyirdi ki, Çərkəz vaxtından əvvəl şübhələnməsin. O, "işim var"
– deyə boyun qaçırda bilərdi. Ancaq bunu kişiliyinə sığışdırmırdı. O istəmirdi ki, Çərkəz onu qorxaqlıqda ittiham etsin, məsələnin əslini biləndən sonra isə təzədən üstünə gəlib, dava-qalmaqal salsın: "Qızı götürüb qaçmağı bilirsən, amma boynuna almağa kişiliyin çatmır?" - deyə onu yamanlasın.
Aralıqdakı sükut Çərkəzi darıxdırdı. O tələsir, bir quş kimi qanadlanıb, gümanı gəldiyi yerlərə baş vurmaq istəyirdi. Başqa vaxtda bircə işarəyə bənd olan dostu isə indi karvanı batmış kimi daşa dönüb dinmirdi. Ona nə olduğunu basa düşmək çətin idi.
– Nə yaman fikrə getdin?
Çərkəzin səsini eşidəndən sonra Şamxal başını qaldırıb ürkək nəzərlərlə müsahibinin üzünə baxdı.
– Gec deyilmi?
– Nə gec deyilmi?
– Deyirəm, qızı axtarmaq gec deyilmi?.. Dünən aparıblar... İndi yəqin iş işdən keçmiş olar... Təzədən...
– Mənim bacıma heç kəs əl vura bilməz!
Şamxalın dodaqları qaçdı. Bığının altından astaca qımışdı. Çərkəz güclə sezilən bu təbəssümdə özündən razı qalan arxayın bir adam istehzasını gördü.
– Niyə əl vura bilməz?
– Onun anasını ağladaram!
Şamxal nə qədər səbirli olmağa çalışsa da, son sözə dözmədi. Çərkəzə toxunmalı bir cavab verməsə, sakitləşə bilməyəcəyini duydu.
– Çox sinənə döymə, gecikmisən.
– Bura bax, - deyə Çərkəz hirslə ayağa durdu. – Getmək meylin yoxdursa, açıq de, çərən-pərən danışma.
– Ə, nə odlu-odlu danışırsan? Tutaq ki, qızı tapdın, baş kəsəcəksən?
– Niyə kəsmirəm.
– Əlinə nə keçəcək?
– Heç olmasa, ürəyim soyuyar.
– Bacın da qalar ortalıqda, eləmi?
– Bə nə olsun deyirsən, qızın başından keçim?
– Keçmə, niyə keçirsən?
Şamxal yenə qutusunu çıxartdı. Əvvəlcədən bükdüyü papiroslardan birini götürdü. Çərkəz onun alışqanı yandırarkən barmaqlarının titrədiyini gördü. Əgər Şamxalın baxışlarındakı ürkəklik olmasaydı, Çərkəz onun həyəcanlanmasına fikir verməzdi. Ancaq Şamxalın hərəkətləri onu ayıldan kimi oldu. Səhərdən dostunun bir dəfə də olsun onun üzünə şax baxa bilmədiyini, nəzərlərini yayındırıb, yan-yörəsinə boylandığının fərqinə vardı. "Niyə suçlu adamlar kimi gözlərini məndən gizlədir? Söz danışanda gah yerə baxır, gah da çiynimin üstündən o yana boylanır? Heç boynunu da dik qaldırmır. Pələ camış kimi yalmanıb fısıldayır. Yoxsa bu işdən xəbəri var? Onun üçün də dilini sürüyür?"
Çərkəzin sinəsi qabardı. Gözləri ilə Şamxalı yeyəcək oldu.
– İndi nə məsləhət görürsən?
– Bir az gözlə.
– Gözləyə bilmirəm. Heç olmasa qızı hansı köpək oğlunun apardığını öyrənməliyəm, ya yox?!
Şamxal dik atıldı. Əlini xəncərin dəstəyinə aparması ilə yarıya qədər siyirməsi bir oldu. Sinəsini qabağa verib, səsini ucaltdı:
– Ağzını təmiz saxla!
– Nə deyirsən?!
– Deyirəm artıq-əskik danışma!
– Bura bax, sən niyə özündən çıxırsan? Soğan yemiş adamlar kimi için niyə göynəyir?
Şamxal qabağa yeriyib, Çərkəzlə üzbəüz dayandı. O, qəsdən aradakı məsafəni qısaltdı və söhbət müddətində ilk dəfə şəstlə müsahibinin gözlərinin içinə baxdı. Elə bil zəhmli baxışları ilə qarşısındakını sarsıtmaq, ürəyindən keçənləri üzündən oxumaq və eşidəcəyi sözdən sonra onun necə hərəkət edəcəyini əvvəlcədən öyrənmək istədi. Döyüşə hazırlaşan xoruzlar kimi dimdik-dimdiyə dayananların nəfəsi bir-birini vurdu. Şamxal, bir şey olsa, dərhal rəqibinin əl-qolunu tutmaq üçün özünü bir az irəli verdi və təmkinlə dilləndi:
Kitabxana.az · https://kitabxana.az/works/ismayil-sixli-deli-kur-birinci-hisse-12
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şamxalın Güləsəri götürüb qaçması xəbərini eşidəndə Cahandar ağa üç gün, üç gecə ağzı üstə yatdı. Hirsindən gözləri qan çanağına döndü. Onsuz da boğuq olan sifəti daha da qaralıb, tunc kimi bozardı. Dişinin arasından su da keçmədi. Kişinin həndəvərinə hərlənmək olmadı. Mələk qorxa-qorxa, barmaqlarının ucunda, otağa girib, onun üstünə yorğan salanda, ərinin kürəklərinin titrədiyini, iri və cod barmaqlarının gəbənin ilgəklərini didib tökdüyünü gördü, amma cıqqırını da çıxartmadı, söz deməyə cəsarət etmədi. Kişinin əlindən xata çıxa biləcəyini düşünəndə evdəki arvadlar yarpaq kimi əsdilər.Hər biri bir ilə qədər sürən üzücü günlər gəlib keçdi. Cahandar ağa bir axşam div yuxusundan ayılan kimi ayağa durdu. Dinməz-söyləməz paltarını geyindi. Qoltuqaltısını götürdü. Darağı xəzinəyə basıb çaxmağı hərlədi, gülləni lüləyə verdi. Bunlar azmış kimi xəncəri də belinə bağladı. Hava isti olsa da, dəvə yunundan toxunmuş ağ başlığını boynuna doladı. Yenə heç kəs dinib-danışmadı. Zərnigar xanım qorxusundan cəsədə dönmüşdü. Yazığın nəfəsi güclə gedib-gəlirdi. Necə deyərlər, diri gözlü ölmüşdü. O, ərinin nə isə dəhşətli bir iş düşündüyünü yəqin etmişdi. Bir analıq sövq-təbiisi ilə oğlunun başında qaranlıq olduğunu duyurdu. Amma nə dinir, nə də ərinə bir söz deyə bilirdi. Arvad lap özünü itirmişdi. Mələk də Cahandar ağanın daş kimi lal və qaradinməz olduğundan təşvişə düşdü: "Acıqlı başda ağıl olmaz",- deyə fikirləşdi. Əvvəlcə Zərnigar xanımı hərəkətə gətirmək, "kişinin əl-ayağına düş, getməyə qoyma", - demək istədi. Amma onun dilinin gödək olduğunu yadına salıb dayandı. Əslinə baxsan, Zərnigar xanım özü də Şamxaldan narazı idi.
İkinci hissə, 1Göytəpə kəndinin ucqarında, xır yolunun üst tərəfində üçotaqlı bir bina var. El arasında buraya "Zayej" ("Zayezjiy dom" sözünün el arasında işlənən şəkli) deyirlər. Qocaların söylədiyinə görə, bu evi vaxtilə xır yolunu çəkənlər tikiblər. Onlar gündüzlər yolda işləyir, axşamlar isə burada yatırmışlar.Göytəpəlilərdən bu yolun necə çəkilməsini xatırlayanlar az deyil. Hətta onların çoxu yola döşəmək üçün Kürün sahilindəki çaylaqdan araba ilə xır daşıdıqlarını indi də unutmamışdır.
İkinci hissə, 2Təpələrin ətəyindəki xır yolla irəliləyən fayton kəndə yaxınlaşırdı. Atlar yorulmuşdu. Faytonçunun cidd-cəhdinə baxmayaraq, yerişlərinə haram qatmaq istəmirdilər. Havada şaqqıldayan qamçının səsini eşitdikdə azca hərəkətə gəlib daş yola səs salsalar da, qaçmır, beş-on addımdan sonra yenə də yerişlərini yavaşıdırdılar. Faytonçu da yorulmuşdu. Görünür, uzun və kimsəsiz yol onu da taqətdən salmışdı. Ancaq həvəsdən düşmür, necə olursa-olsun axşama Tiflisə çatmaq istəyirdi.Faytonda oturan müsafir isə heç nəyə fikir vermədən sakitcə ətrafı seyr edirdi. O, ayağını-ayağının üstünə aşıraraq, yanpörtü əyləşmişdi. Xırdaca gözlərini qıyıb boz təpələrə, lap uzaqdan güclə görünən Kürün sahilinə səpələnmiş kənd evlərinə, düzənliyə dağılmış mal-qaraya tamaşa edirdi. Hava isti idi. Təpələrin ətəyindən qalxan boğanaq toz-torpağı göyə sovurub, yay kimi burula-burula yuxarı qalxdı və yolun ortasında xeyli dayandıqdan sonra üzü aşağı, Kürə doğru süründü.
İkinci hissə, 3Gecədən xeyli keçmiş "Zayej"in qapısı döyüldü. "Bu zaman kim olar?" - deyə Əhməd təəccüblə çiyinlərini çəkdi. Qapı bir də döyüldü. Əhməd şüşəsi hislənmiş lampanın fitilini aşağı çəkib, işığı öləzitdi. Hər ehtimala qarşı qoşalüləsini götürüb, qapıya yaxınlaşdı. Səsini çıxarmadan bir xeyli dayandı. Həyətdən at fınxırtısı və xısın-xısın danışan kişi səsi gəlirdi. Əhməd ehtiyatlandı. Onun bu kənddə düşməni olmasa da, gecələr qapını möhkəm bağlayır, pəncərə taxtalarını da qapayırdı.– Ay ev yiyəsi.