Seyid Əbülqasım Nəbati
Səhifə 5 / 5 · 80%
Nəbati istəməz sənsiz dünyani,
İzzəti, hörməti, şövkəti, şani,
Bir zada qalmayıb dəxi gümani,
Bu baş o meydanə gəlsin, gəlməsin?
Əyzən qafiyeyi-Nəbati:
Şeyda bülbül, fəqan etmə, qəm yemə,
Bu gün-sabah gül açılır, yaz olur.
Əziz saxla, qənimət bil vücudun,
Vəfası yox gülün, ömrü az olur.
Degilən Fərhada, ey möhnətpişə,
Şirindən incimə, çal daşa tişə
Aşiq-məşuq arasında həmişə
İşvə olur, qəmzə olur, naz olur.
Gedər, candan çıxar daği-həsrətin,
Artar gündən-günə şanü şövkətin,
Sübhi-vəslə yetər şami-firqətin,
Diləyin, mətləbin hamı saz olur.
Xədəmələr durar sağü solunda,
Cəvahir bazubənd iki qolunda,
Fəvvarələr işlər daim gölündə,
Yaşıl başlı ördək olur, qaz olur.
Nəbati, sevmişəm bir dilsitanı,
Bir sözü gülşəkər, qönçədəhanı,
Dəxi faş eyləmə sirri-nihanı,
Aşiqin könlündə yüz min raz olur.
Əyzən mürəbbeati-Nəbati:
Yenə İskəndər tək düşdüm zülmətə,
Qabaşmı kəsib yüz min bəhrü bər,
İgidliyin, mürüvvətin çağıdır,
Yetiş fəryadıma, ey Xizri-rəhbər!
Tülu etməz nədən "şəmsi-vəzzüha"?!
Fənayə baş çəksin leylətüd-düca,
Yoxsa yatıb məgər nəsimi-səba,
Məşamıma yetməz nəfxeyi-səhər?!
Yarə qurban deyən dili lal etdim,
Möhr edib ağzımı tərki-qal etdim,
Əlif tək qəddimi bükdüm, dal etdim,
İndi görək bu kəmanı kim əyər?
Nəbati, mingilən Rəxşi-himməti,
Seyr elə sərbəsər dəşti-vəhdəti,
Qoyma çıxsın əldən vəqti-fürsəti,
Heyifsən, dünyadan getmə bixəbər!
Təcnisi-Nəbati:
Sənin tək şəhbazi-sərvqamətə
Bir cürə tərlanın ayağı gərək,
Gəmişən saatda kəbkü turaca
Qaynağının dəmi, ayağı gərək.
Əyninə geyəsən gündə minalı,
Beli bağlı xəncər, dəstə minalı,
Qurulsun məclisin cəngü minalı,
Əlində saqinin əyağı gərək.
Qabağınca neçə yedək çəkilə,
Səni görcək xanzadələr çəkilə,
Erişə şöhrətin Çinü Çəkilə,
Deyələr şahlığa ayağı gərək.
Səhər-axşam təblü nayın buğlana,
Çəkilə düşmənin darə bağlana,
Plov qazanların üstə buğlana,
Yaxşı bollu əti-ayağı gərək.
Səba, bu ərzəni ələ salma ya!
Mənim salamımı yetir Səlmaya[5],
Niyə gərək məni yada salmaya,
Onun Nəbati tək ayağı gərək.
[5]Səlma — şairin sevgilisinin adıdır.
Yenə təcnisi-Nəbati:
Məcnunlar adını çəkən təhrirə,
Nola sərdəftərə o, yaza məni.
Deyirlər bu idi zikri Mahmudun:
Durun qurban edin Əyaza məni.
Yenə sağ qalmışam, belə yarə, mən,
Kəlbin tək kuyində yatam yerə mən,
Gizlin sirrim gedim deyim yarə mən,
Bir ağaç götürə, ay əzə məni.
Saçı sünbül, üzü gül-gül, göz ala,
Göz istəməz gözlərindən göz ala,
Bu şan-şan bağrımı gül-gül göz ala,
Qənaət verginən a yaza məni.
Nəbati tək dəryaları üzəsən,
Siyah zülfün əfşan eylə üzə sən,
Qəmər tək buluddan bir çıx üzə sən,
Çox da verməgilən ayaza məni.
Eşqi başa vurub söz deyən aşiq,
Gəl [görüm] görmüsən bu göz kimi göz?
And olsun allaha, həyyü layəzəl
Xəlq edəməz bir də bu göz kimi göz.
Niyə zülfün yenə üzdən yan durmuş,
Məni oxlamağa Gəzgəz yan durmuş,
Çox fəqiri fələk yaxıb yandırmış,
Heç kafir görməsin bu göz kimi göz.
Bu müşkülün heç görünməz asanı,
Dağ-düyünün yoxdur dəxi a sanı,
Görüm allah hifz eləsin a səni,
Bədnəzər düşməyib bu göz kimi göz.
Bilməm fələk məni kimə cur etdi,
Eşqim qurmamış qapdı, çur etdi,
Gözüm yaşı Nəbatini çürütdi,
Dilim yandı dedim: bu göz kimi göz.
Qafqaziyada və Azərbaycanın bəzi nöqtələrində Molla Pənah dövrünə daxil olan və fövqdə isimləri zikr olunan şüəradan başqa bir çoxları da vardır ki, onların, məəttəəssüf, tərcümeyi-hallarından və isim-nəsəblərindən, azacıq da olsa, məlumat kəsb etməkdə aciz qaldıq və bu yolda çox cüstücu etdiksə də, səyü təlaşımız bir nəticə vermədi.
Bu şairlərdən məşhur olanları Ağaməsih Şirvanidən və Xacə Nişatdan sonra Şamaxı və Şirvan torpağında vücuda gələnləridir ki, fəzlü kəmalda və xüsusən şer yazmaqda iştihar bulmuşlar.
Mərhuməl-məğfur Ağaəli bəy Əfəndizadənin bizə verdiyi məlumata görə Ağaməsihdən və Nişatdan sonra xaki-mübarəki-Şirvanda ərseyi-vücuda gələn şüəra --ki, ibarət ola Məhvəşidən, Zülalidən, Vaiz əfəndi Şirvanidən, Əsgər Şirvanidən, Nabi əfəndi Şirvanidən, Arif Şirvanidəi, Lahici Şirvanidən, Hümməti Şirvanidən, Asəf Şirvanidən, Nəsim(i) Şirvanidən, Məhzun Şirvanidən, Molla Qədir Naci Şirvanidən və qeyrilərindən — hicrətin on üçüncü əsrinin əvvəllərində və bəziləri əvasitində zildəganlıq edib əşari-mütəfərriqədən səva bir namü nişan qoymayıblar. Bu şairlərin içində Məhvəşi, Vaiz Şirvani və Naci Şirvani kimi müqtədir, süxənvər və danişməndləri də olubdur ki, hər biri təbi-səlim sahibi imiş. Bunların ismlərini zikr-edib də lazım gördük ki, hər birinin əşarü kəlamından bəzilərini nümunə olaraq məcmuəmizə daxil edək.
Kitabxana.az · https://kitabxana.az/works/kocerli-azerbaycan-edebiyyati-f-kocerli-i-cild-seyid-ebulqasim-nebati
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şüərayi-mütəqəddimin Əbülülanı "Ustadi-şüəra" ləqəbi ilə yad etmişlər; o cəhətə ki, həkim Xaqani və Fələki onun şagirdləri olub, fünuni-şer və bəlağətdə ondan təlim almışlar. "Atəşkədeyi-Azəri"də Əbülülanın Gəncə əhli olmağı zikr olunubdur. Hicrətin altıncı əsrinin axırlarında şirvanşahların əyyami-səltənətində "Məliküş-şüəra" adlanırmış. Şirvan şahı və onun fərzəndi Cəlaləddin Mənuçehr Əbülülaya lütf və inayət edib, xatirini əziz tutarlarmış və bunlar hər ikisi fəzlü kəmal əhlinə, xüsusən, şüəra və üdəba sinfinə artıq dərəcədə iltifat və ehtiram göstərməkləri səbəbinə onların seytü sədası hər yerə yayılmışdı və adları xeyir ilə zikr olunurdu. Necə ki, bu barədə Əbülülanın, Şeyx Nizaminin, Xaqaninin və Fələkinin divan və əşarında məzkur paşahların maarifpərvər olmaqları tərif və tövsif olunmuşdur.Belə rəvayət olunur ki, şahi-Şirvan və onun oğlu Cəlaləddin Mənuçehr Bəhram Çubinin nəslindəndirlər ki, Ərdəşir Babəkanın övladından mənsubdurlar. Əbülüla Xaqaniyə təlim və tərbiyə verəndən sonra öz qızını ona nikah ilə verdi. Vəli ustadının qızına Fələki dəxi müştəri imiş və bu işdən məyus və mükəddar oldu. Onun xatirini də ələ gətirmək üçün Əbülüla min dirhəm qızıl ona bəzl elədi. Ustadi-şüəra hicrətin 560-cı sənələrində sağ imiş. Altıncı əsrin axırlarında Gəncədə vəfat etmişdir.
Əlişir Nəvai Əmir NizaməddinƏlişir Nəvai hicrətin doqquzuncu əsrinin axırlarında yetişən cığatay (türk) və əcəm şüərasının ən məşhurlarındandır. Bu şair əslən cığatay türklərindən isə də, Azərbaycan şüərası arasında artıq hörmət və şöhrət kəsb etmişdir və onlara Nəvainin təsiri artıq dərəcədə olubdur. Buna da ümdə səbəb onun təbi-lətifindən törəyən asari-nəfisə və əşari-məmduhəsi olubdur ki, çox şirin və dadlı dil ilə rişteyi nəzmə çəkilmişdir. Əmir Əlişir fars lisanını dəxi əkməl vəchdə bilirmiş və fars dilində onun ziyadə mövzun və xoşməzmun kəlamları vardır. Türk və fars dillərinə dara olduğu üçün "Züllisaneyn" ləqəbi ilə müləqtəb olmuşdur.Nəvainin atası sülaleyi-teymuriyyədən Sultan Əbu-səidin vəziri olub oğlunun təlim və tərbiyəsinə artıq səy və diqqət yetirmişdir. Əmir Əlişir özü uşaqlıqda Sultan Hüseyn Bayqara ilə məktəb yoldaşı olub, əyyami-tüfuliyyətdə alinəsəb yoldaşından kəsbi-kəmal və əxzi-ədəb etmişdir. Sultan Hüseyn Bayqara Teymurləng övladından olub, 875-ci tarixdə Xorasan padşahı olmaqla Heratda təxti-səltənətdə əyləşmişdir. Əlişir əvvəlcə bir müddət Xorasanda və bəd Səmərqənddə təhsili-ülum və fünunə məşğul olub, hüsnxətt, rəsm, musiqi və nəqqaşlıq sənətlərində böyük məharət kəsb etmişdir. Amma bu fənlərin cümləsindən artıq onun meyl və şövqü şer deməyə və qəzəl yazmağa idi. Cavanlıq mövsümünün və şəbablıq əyyamının müqtəzasında dimaği-lətifi həvayi-hüsni-xəttü xal ilə, könlü badeyi-eşq ilə dolmuş ikən öz hisslərini gözəl şerlər vasitəsilə bəyan edərdi. Necə ki, Əlişir özü əyyami-şəbabda hali-dilini bu qərar üzrə təhrir qılmışdır: "Bu pərişan əczanın vərəqnigarı və bu aşüftə övraqın qissəgüzarı, möhnət peymanəsinin cürəçeşi və məlamət xümxanəsinin səbukeşi, şeydalıq məhəlləsinin rüsvası və rüsvalıq küçəsinin şeydası:
GəncəGəncə şəhəri çox qədim və böyük şəhərlərdən birisi olduğuna onun ətrafındakı əsari-ətiqə şəhadət verir. Bu asar isə köhnə qəbiristanlıqlardan, əski təmiratın uçuq bünövrələrindən, əski qala və hasarların dağılmış divarlarından və bu növ sair əlamətlərdən ibarətdir. Necə ki, təvarixdə görünür, Gəncənin başında çox böyük hadisələr vüqua gəlmişdir, onun üstündə çox qanlar tökülüb, canlar fədaya getmişdir və müruri-əyyam ilə başıbəlalı Gəncənin yaxası əldən-ələ keçib, müxtəlif miləl və əqvamın yədi-təsərrüfünə düşmüşdür.Miladın yeddinci əsrində Gəncə erməni padşahlarından Tiqranın təhti-hökumətində ikən İran qoşunu onun üstünə hücum edib, əhalisini məğlub və şəhəri təxrib qılmışdır. Haman bu yeddinci əsrin əvaxirində Gəncə İran dövlətinin ixtiyarından ərəblərə keçib və ərəblərin bu yerlərdə xəzərlər ilə bir çox böyük dava və qırğınları vüqua gəlmişdir. Tarixi-miladın 1138-ci sinəsində vüqui-zəlzələdən şəhər bilmərrə dağılıb, sabiqi yerindən qeyri bir məhəllə nəql olunmuşdur. On dördüncü əsrin axırlarında Teymurləngin hücumundan yeni bina tutmuş şəhər dübarə viran və əhalisi pərişan olmuşdur. Tarixi-məsihiyyənin on altıncı əsrində Gəncə yenə İran dövlətinə tabe olur və on yeddinci əsrin ibtidasında Şah Abbas Səfəvi şəhəri indiki məhəllinə köçürüb, möhkəm və xoşsəliqə binalar yapmaqla onu xeyli abad edir və İranzəmindən Azərbaycan türklərindən çoxlu evlər köçürdüb Gəncəyə gətirdir. Bu türklərin səy və ehtimamı və təmirat işlərində onlara məxsus olan məharət və qabiliyyətləri sayəsində şəhər az bir vaxtın içində zayidə, məmur və abad olunur. Şəhərin ortasında Şah Abbas ali və müzəyyən bir cameyi-şərif yapdırıb, müdərris və tələbələr üçün onun ətrafında hücrələr tikdirir. Bu məscidin əmsalı indi də nadir tapılır. Camenin özünün və onda təhsil edən tələbələrin idarə və məxarici üçün böyük və vəsi bir karvansara tikilib vəqf olunmuşdur.
İbrahim İbn Əliyyün-Nəccar XaqaniŞirvan vilayətinin xaki-pakı pərvəriş verib yetirdiyi şüərayi-üzamdan ən məşhuru və müqtədiri İbrahim ibn Əlliyün-nəccar həkim Xaqanidir. Xaqaninin əvvəlcə təxəllüsü "Həqayiqi" imiş, amma sonra Xaqani-kəbirdən "Xaqani" ləqəbini götürmüşdür. Xaqani Azərbaycan torpağında ərseyi-dünyaya gəldiyinə görə, ol cənabı biz öz şüəramız silkinə daxil elədik. Həkim Xaqani, qövli-məşhura görə, Şirvan şahlarından Şah Sultan Xəlil Xaqanın əsrində zindəganlıq edirmiş. "Atəşkədeyi-Azəri"də dəxi həkim Xaqani İbrahim ibn Əliyyün-nəccar Şirvan şahlarından Xaqani-kəbirin və Alp Arslan Səlcuqinin müasiri olmağına şəhadət verilibdir.Xaqaninin əsli Şamaxının yaxınlığında Məlhəm adlı qəryədəndir ki, bu halda dəxi haman kənd durur və əhalisi türk ilə qarışıq fars dilində danışırlar. Xaqaninin əsli Şirvandan olmağına bu şeri dəxi dəlalət edir:
Başqa şairlərin şeirləri
Qafqas… O gözəl yurd, o müəbbəd* vətənimdir,Mən hürr olaraq doğdum o zümrüd yaxasında.
QələmimQələmim seyr edib qəzali-qəzəl,Qurmamış bir fəzadə bir sənə dam.
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
Deyişmə: Səndən bir xəbər alım, a Xəstə Qasım— Ləzgi Əhməd:Səndən bir xəbər alım, a Xəstə Qasım,