Beşinci şəkil
Cavanşirin sarayında bir otaq
Zibeydə
Oğlum, Elçin, səni and verirəm o müqəddəs günəşə, at yerə o qılıncı...
Elçin
Qılıncı yerə atmaq günahdır, ana... Bax, görürsənmi atam Cavanşir odlu qılınca nə qədər hörmət edir.
Zibeydə
Mən onsuz da səni heç yana buraxmayacağam. Hələ doyunca üzünə də baxmamışam. Üç illik həsrətin ürəyimdə tabi-təvan qoymayıb, oğlum, Elçin... Elçin...
Elçin
Anacan, mən bir an belə yubanmadan atamın yanına – vuruş meydanına getməliyəm. Mən də onunla qəsbkarlara qarşı qılınc oynadıb, ox süzdürməliyəm. Qoy qanlı vuruşmalar tezliklə qurtarsın. Ana torpağımızın hər tərəfindən həyat səsi, sevinc nəğməsi ucalsın...
Söhrab daxil olur.
Söhrab
Elçin... Elçin hara? Ananın sözündən çıxma. Zübeydə xatun, Elçinlə gəlmiş qonaqlar səni gözləyir. Buyur... Mən ana ürəyinin müqəddəs arzusunu oğluna anladaram.
Zibeydə
Çox sağ ol, Söhrab... Sən Elçindən təcrübəlisən, onu fikrindən daşındır. (Gedir)
Elçin
Bilmirəm nə üçün heç kəs mənim vuruş meydanına getməyimə razı deyil..
Söhrab
Çünki sən həm anan üçün, həm də elimiz üçün əzizsən... Elçin, unutma ki, sən Cavanşirin yeganə oğlusan...
Elçin
Mən atamla vuruş meydanında görüşərsəm, bu daha gözəl olmazmı?
Söhrab
Əgər o sənin gəlişindən xəbər tutsaydı, inan ki, quş kimi qanad açıb ongünlük yolu bir nəfəsə gələrdi.
Elçin
Atam çox qocalmışdır, eləmi?
Söhrab
Əsla... Yox, Elçin, saysız vuruşmaların hamısından qalib çıxmış bir sərkərdə də qocalarmı? İnan ki, o səni görəndən sonra ürəyinə yeni sevinc, qollarına yeni bir qüvvə gələcəkdir.
Elçin
Bu daha gözəl... Mən gedirəm, dostum, artıq səbr edə bilmirəm...
Söhrab
Tələsmə, Elçin, tələsmə, aldığımız son xəbərlərə görə o, xəzəriləri tar-mar etmişdir. Əgər bu xəbər doğrudursa, Cavanşir bu gün, sabah mütləq qayıdar...
Elçin
Bir yandan ata həsrəti, bir yandan da... Eh, əziz dostum. Bu ağır intizar qəlbimi didib parçalayır.
Söhrab
Aha, sən eşq odunda yanan aşiqlərə bənzəyirsən.
Elçin
Sən bunu nədən bildin, qardaşım?
Söhrab
Bax, bax, bax, sevgi bəlasına tutulmasaydın, səsin çalınmış bir sim kimi titrəməzdi...
Elçin
Sən haqlısan, qardaşım... İndi mənim qəlbimin hər bir teli doğrudan da, çalınmış bir simə bənzəyir. O mənim bütün varlığıma hakimdir.
Söhrab
Kim, Elçin?
Elçin
Mən onu ilk dəfə gördüyüm andan bu günə kimi heç bir vaxt onun xəyalından ayrılmamışam. Kayan gözəlinin adını bax buraya, qəlbimə yazmışam... Reyhan... Reyhan, indi sən haralardasan?
Söhrab
Nə, Reyhan? Yox, yox, bu ola bilməz...
Elçin
Reyhan mavi göylərdən yerə enmiş bir ayparadır. Onun yolunda həyatımı yüz min kərə qurban vermək mümkün olsaydı, bir yol da uf deməzdim. Ey müqəddəs günəş, səndən yalnız bir xahişim var, mənim ömrümdən kəsib Reyhanın ömrünə cala...
Söhrab
Elçin... Elçin, sus, eşidərlər... Bəs bu necə ola bilər ki, Cavanşirin oğlu onun düşməninin qızına vurulsun...
Elçin
Ən böyük fəlakət də elə budur, dostum... Ancaq inanıram ki, mən gec-tez Reyhana qovuşacağam.
Zibeydə xatun daxil olur.
Zibeydə
Elçin, qonaqlarımız səni gözləyir...
Elçin
Mənim qəlbimsə başqa bir arzu ilə çırpınır, anacan!..
Zibeydə
Unutma ki, atan burada deyil, onu sən əvəz etməlisən...
Elçin
Gedək, ana, mən inanıram ki, taleyim günəş tək gülümsəyəcək.
Zibeydə
Elədir, oğlum, sənin taleyin günəşdən belə parlaq olacaq. (Gedirlər)
Söhrab
Taleyim günəşdən belə parlaq olacaq. Yox, mən öz miskin taleyi ilə barışan acizlərdən olmaq istəmirəm. Cavanşirin adını göylərə ucaldan bu odlu qılınca mən də sarılacağam.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/mehdi-huseyn-cavansir-besinci-sekil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Sahiba, bir nəfərəm dövlətü izzətdən uzaq,Düşmüşəm şəhrdən avarə, vilayətdən uzaq.
SevdiyimEy ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,
Qəzəl: Sızıldar üstüxanım, bilmən, ey can, sən nə sızlarsənSızıldar üstüxanım, bilmən, ey can, sən nə sızlarsən,Yanar bərqi-bəladan ol neyistan, sən nə sızlarsən
ÖzgəsinəUçdu meylim quşu qondu, yar, sənə,Mən necə dil verim bir özgəsinə?!