On birinci şəkil
Cavanşirin sarayı, Qılınc daxil olur.
Qılınc
Mənim əziz hökmdarım, biz sənin əmrinlə Kayan tacidarının hüzuruna getdik... Bütün tələblərini ona yetirdik. Dedi ki, əgər əsgərlərinizin nahaq qanına bais olmaq istəmirsinizsə, tezliklə Muğandan geri çəkilməlisiniz, Ağvana dəymiş bütün ziyanları ödəməlisiniz. Lakin Kayan tacidarı bizim təkliflərimizdən qəzəbləndi... Rədd cavabı verdi.
Cavanşir
Rədd cavabı?
Qılınc
Bəli, hökmdar, rədd cavabı... Hətta məni də, dostlarımı da dar ağacı ilə hədələdi... Axır sözündə yalnız bunu söylədi ki, Cavanşir xam xəyala qapılmasın. Bundan sonra Ağvan diyarı Kayan hökmdarlığına xərac verən bir əyalət olaraq qalacaqdır. Doğrusu bu sözləri eşidərkən qan beynimə vurdu. Ürəyim kin və qəzəb ilə alışıb yandı. Cavabında dedim ki, Ağvan cəngavərləri mərdliklə ölməyi ana torpağının əsarətindən min qat üstün tutur.
Cavanşir
Afərin, mənim qəhrəman şairim, mən səndən həmişə belə mərd cavablar eşitməyə alışmışam. İnsanın səbri tükənməz deyil... İndi bizim ancaq bir yolumuz qaldı. Muğan diyarını yadların tapdağından bu odlu qılınclarımız xilas edəcəkdir.
Fərid (gəlir)
Böyük hökmdar, sənin tapşırığınla Ağvan kübarlarını, tacirlərini, ipək karxanaçılarını çağırmışam... Hamısı əmrinizi gözləyir.
Cavanşir
Çox gözəl, Fərid... Onlarla mən özüm danışacağam. Gəlsinlər... (Kübarlar, tacirlər, ipək karxanaçıları daxil olurlar) Əyləşin... Əyləşin... Sizi nə məqsədlə çağırtdırdığımı yəqin ki, bilirsiniz. Dövlətimiz elin gücünə arxalanır. Vətənin ağır günlərində siz Ağvan qoşunlarından köməyinizi əsirgəməməlisiniz. Mən sizdən cavab gözləyirəm... Sən söylə.
Dəmirdaş
Mən bütün var-yoxumdan keçməyə hazıram. Ancaq çox təəssüf ki, Muğana getmiş dəvə karvanımızı Bəhram tutub saxlamışdır.
Cavanşir
Muğan tezliklə Sasanilərin əsarətindən xilas ediləcəkdir. Ümidvaram ki, karvan tezliklə qayıdacaqdır.
Dəmirdaş
Əgər qayıtsa, dəvələri də, qazandığı pulları da sənə bağışlayıram.
Saran
Bu nisyə oldu. Nəğd nə verə bilərsən?
Dəmirdaş
Evim bomboşdur. Özgə heç nəyə ümidim gəlmir.
Söhrab
Yalan demə kişi, neyçün bizi aldadırsan... Sən sərvətini Cavanşirdən gizlədib, əl altından Sasanilərə kömək vermək istəyirsən...
Cavanşir
Dayan Söhrab, qoy o fikirləşsin... Hamını xəyanətdə təqsirləndirmək lazım deyil... İndi sən cavab ver.
Alov
Mən qızıl verə bilmərəm... Üç sürü qoyunumu cəngavərlərə bağışlayıram... Oğlum Fəridi də sənin yolunda ölümə yollayıram...
Saran
Qızıl lazımdır, qızıl. Qoyunu xəzinədə saxlamaq olmaz...
Alov
Qoyunu qızıla dəyişmək asandır...
Cavanşir
Oğlun Fərid bütün vuruşmalarda əsil igid olduğunu sübut etmişdir...
Alov
Öz hesabıma beş yüz təzə qılınc, bir qədər də qalxan tədarük etmişəm. Oğlum Fəridin dəstəsinə beş yüz at vermişəm. Mümkün edə bilsəm yenə qılınc hazırladaram...
Cavanşir
Mənim adımdan qılınc ustalarına salam söylə.
Alov
Çox sağ ol, böyük hökmdar... Onlar gecə-gündüz əlləşib cəngavərlərə kömək edəcəklər.
Cavanşir
İndi sizdən cavab gözləyirəm...
Karxana sahibi
Doğrusu mən özüm də kömək verərdim... Amma iş burasındadır ki... Əslinə baxsan...
Cavanşir
Yaxşı... Yaxşı, əgər ürəyinizdə məhəbbət əvəzinə qara yellər əsirsə, mənim sizə deyiləcək heç bir sözüm yoxdur... Sən nə üçün danışmırsan, Qızıltac?
Qızıltac
Mən hökmdarın xəzinəsinə həmişə qızıl vermişəm. İndi isə...
Söhrab
Məni əfv edin, hökmdar... Qızıltac belə ağır günlərdə həmişə yaxasını kənara çəkir. Heç utanırsanmı? Son dəfə xəzinəyə nə vaxt qızıl vermişsən?
Saran
Sənin rəhmətlik atan vəzir olanda...
Söhrab
Tamaşa edin, tamaşa edin... O vaxtdan ən azı 7 il keçir... Bəs indi, bu xəyanət deyil də nədir?
Cavanşir
Cavab ver, Qızıltac...
Qızıltac
Mən axı...
Cavanşir
Aydındır... Bir az dərindən düşünün, ağalar... Unutmayın ki, sizin dəvə karvanlarınıza yol açan, dövlətinizin keşiyində duran Ağvan cəngavərləridir... Ona verdiyiniz bugünkü cavabdan bir az sonra özünüz utanacaqsınız... Siz öz sərvətinizi düşünürsünüz. Lakin yadların zülmü altında inləyən qan qardaşlarınızın taleyini isə düşünmürsünüz. Gedin, mənim əmrimi gözləyin...
Xidmətçi
Bu xatunun sizə sözü var, böyük hökmdar...
Günəş ana və iki qızı daxil olurlar.
Cavanşir
Buyursunlar.
Günəş ana
Mən tacir Altuntacın zövcəsiyəm. Bunlar da mənim oğlanlarımdır... Hökmdarımıza iki hədiyyə gətirmişəm... Bu sandıqda yüz min dinar bahasında daş-qaş, cavahirat vardır.
Saran
Yüz min dinar...
Söhrab
Afərin, Günəş ana... Afərin...
Günəş ana
Ərimdən mənə miras qalmışdır... Dedilər ki, Cavanşir Muğanı yadlardan qurtarmağa gedir. Böyük sərkərdə, məndən bu hədiyyələri qəbul et. Müqəddəs günəş qollarına qüvvət versin. Vuran əllərin titrəməsin, oğlanlarımı da sənə cəngavər verirəm. Onlar vuruşmada aman bilməyəcəklər.
Cavanşir
Bahar günəşinə and içirəm ki, mən onları da öz balam kimi sevəcəyəm...
Günəş ana
Ərimi Sasanilər tikə-tikə doğradılar. Sən indi mənim də intiqamımı almağa gedirsən... İzn ver o müqəddəs qılıncdan öpüm...
Cavanşir
Ağvan analarının xeyir-duası mənimlədir. Lakin siz... Siz bu qadına baxın və utanın... Siz hələ uşaqsınız, övladlarım...
Fərid
Mən bilən gərək Altuntacın oğlu yoxdur, xala. Böyük hökmdar, and içirəm ki, bu gənclər Altuntacın qızlarıdır.
Cavanşir
Doğrudanmı?
Günəş ana
Qorxub qaçsalar mən onlara aman vermərəm.
Cavanşir
İnanıram, Günəş ana. Lakin mən bu körpələri müharibə meydanına apara bilmərəm...
Qıvrımtel
Nə üçün, böyük ata? Biz at çapmağı da, qılınc oynatmağı da bacarırıq. Bizim yalnız bircə diləyimiz var. Vətənimizin yaşıl zəmiləri düşmən atlarının ayaqları altında tapdalanmasın... Analarımız övlad dağı görməsin... Namusumuza ləkə toxunmasın... İntiqam... İntiqam...
Cavanşir
Bu cəsur aslanlardan utanırsınızmı?
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/mehdi-huseyn-cavansir-on-birinci-sekil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Cavanşirin sarayı. Ordu başçıları və məsləhətçilər Cavanşirin başına toplaşmışlar.*Cavanşir xəritədə nə isə göstərir, hamının diqqəti ondadır.*
On üçüncü şəkilBəhramın sarayında Reyhanın otağı, Reyhan və Qaratel çox qəmgindirlər.*Qaratel udda çalır və oxuyur.*
On dördüncü şəkilBəhramın sarayı*Bəhram**
On beşinci şəkilBəhramın sarayı. Cavanşir çox məyus gəzişir, Söhrab daxil olur.*Söhrab**
Başqa şairlərin şeirləri
İki əl örtdü gözlərimi.Söndü işığı dünyanın.
Gəraylı: Ey ağalar necə olurEy ağalar necə olurHalı yardan ayrılanın
Çıxmaz başımdan eşq ilə sevdası dilbərinÇıxmaz başımdan eşq ilə sevdası dilbərin,Könlümdə var həmişə təmmənnası dilbərin,
Qəzəl: Sevmişəm ta səni, ey muğbəçeyi-xəndan, deyiləmSevmişəm ta səni, ey muğbəçeyi-xəndan, deyiləm,Maili-sərv ü gül ü bağ-gülüstan deyiləm