Çölün düzündən bülbül ötür
Səhifə 4 / 5 · 60%
Eyni sözü nə qədər təkrar eləmək olardı? Az qaldı yalvarmağa başlayım:
– Ay qardaş, zəhmət çəkməyin, bu vəziyyətdə uşağı havaya çıxarmağı doktor məsləhət görmür.
– O hansı doktordur, ağəz? Mollayevin adını eşidən kimi özü tullana-tullana gəlib, sənin yanını kəsəcək, qoymayacaq uşağın başından bir tük əskik olsun.
– Körpə təzəcə yumurtadan çıxmış cücəyə oxşayır, başında tükü nə gəzir ki?.. – deyib güldüm. – Axı, bu qədər adama niyə zəhmət verək? Mənim qonaqlığa gəlməyim nə vacib olub ki? Əgər oxuya bilsəydim o başqa məsələ.
– Evdə ol, saat yeddidə gələcəyəm! – O, dəstəyi bərkdən yerinə çırpdı.
Sabahısı, axşam, düz vaxtında, nə bir dəqiqə tez, nə də bir dəqiqə gec, qapımızın zəngi çalındı. Dünənki tanış səsi eşitdim, qapını açdım, yoğun, ucaboy, yanaqlarından qan daman yekəpər bir kişi, əlləri boz şinelin ciblərində, qarnını irəli verib dayanmışdı:
– Hazırsan, ağəz? Buyur, gedək. Bah, sən heç paltarını da geyməmisən ki?
– Gərək məni bağışlayasınız, gedə bilməyəcəyəm. Təəssüf eləyirəm. O cür hörmətli bir kişinin ziyafətindən boyun qaçırmağa məcburam.
– Boyun qaçırmaq nədir, ağəz? Heç bilirsən bu söz sənə necə baha oturar?
O, gözlərini necə bərəltdisə, qorxumdan boğazım qurudu. Əlbəttə, Mollayevin adamları ilə danışan hər bir kəs gərək son dərəcə ehtiyatlı olaydı, hər sözünün dalını-qabağını fikirləşəydi.
– Tez ol, get paltarını geyin, bu cür xalatda əyibdü...
– Axı, mən getmirəm. Görürsünüz ki, hava necə soyuqdur. Xəzrinin vıyıltısından qulaq tutulur. Mənim adımdan Mollayev yoldaşa çox-çox təşəkkür eləyin, deyin ki, tezliklə sağalıb, konsert verəcəyəm, lap Mollayev yoldaşın qabağında onun dostları, aşnaları üçün istədiyi qədər oxuyacağam. İndi körpəmi eşiyə çıxara bilmərəm...
– Ağəz, sən nə inad adamsan. Mən sənsiz onun yanına qayıtsam, bilirsən neylər? Xirtdəyimi üzər. Dəlinin biridir, atamı dalıma səriyər.
– A kişi, sən nə danışırsan, – dedim, – necə yəni dəlinin biridir? Mollayev yoldaş bu boyda respublikaya rəhbərlik eləyir. Dəlidən nə rəhbər?
Kişi necə böyük qələt dartdığını yalnız indicə başa düşüb, bənizi qaçmış halda kəkələdi:
– Aaağəz, sssöz gəlişi dedim. Elə dəli yox ey, yəni acıqlı dəli... Beyni qızanda, allah göstərməsin, heç öz doğma qardaşına da xətir qoymur. Tez ol, geyin, tez ol!.. Vaxtında gedib çatmasaq, səni də mənə qatar, hələ onu tanımamısan...
Ağlamaqdan özünü yırtan qızım, söhbəti yarımçıq kəsməyə məni məcbur elədi. İçəri yüyürdüm. İndi qəsdən vaxtı uzatmağa çalışırdım. O kişi isə qır-saqqız olub yapışmışdı, əl çəkmirdi ki, çəkmirdi. Yaxşı, körpəni də aparıb qonaqlığa getsəydim, nə ləzzət alacaqdım? Mən ki, oxuya bilməyəcəkdim, səsim hələ doğrudan da yerinə gəlməmişdi. Belə hallarda musiqini, ifaçılıq sənətini az-çox qanan adamlar bizi oxumağa məcbur eləmirlər, bunun ağır nəticəsini yaxşı bilirlər. Axı, mən bu yekəpər kişini necə başa salaydım ki, mədəni insanlar hər cür şəraitdə müğənninin səsini qoruyurlar, öz kaprizlərinə qurban vermirlər?..
– Ağəz, qurtar də... Bax, yoldaş Mollayevin cavabını özün verəcəksən, – deyə kişi, bir vaxt gördüm, şinelli-şinelli içəri girib, yataq otağının qapısı ağzına qədər gəlib. – Hələ də paltarını geyinməmisən?
Onun bu hərəkəti məni bərk qəzəbləndirdi:
– Bağışlayın, adınızı da bilmirəm, – dedim, – axı, mən uşaq deyiləm ki, şıltaqlıq eləyəm, siz də mənim könlümü alasınız, sözüm-sözdür, getməyəcəyəm, vəssalam!
O, mənim bu sözləri qəti dediyimə yenə də inanmaq istəmirdi, görünür doğrudan da Mollayevin bir sözü heç vaxt iki olmamışdı. Mən uşağın yanından qalxdım, yataq otağının qapısını bərk örtdüm və daldan açarla kilidlədim. Daha bundan sonra onun rədd olub gedəcəyinə şübhəm qala bilməzdi. Ancaq mən yanılmışdım, beş-on dəqiqədən sonra qapı ardından yenə onun səsini eşitdim:
– Ceyran xanım, ay Ceyran xanım, axı, bu yaxşı deyil, kişi orda xörəyini yeməyib sizi gözləyəcək... Mən onun yanına tək qayıda bilmərəm, mənə yazığınız gəlsin...
Mənə əvvəlcə “siz”, sonra “sən”, ən axırda yenə “siz” deyə, müraciət eləyən bu adam, indi mənim nəzərimdə kobud və pəzəvəng bir hərif idi. İnanırdım ki, Mollayev onun ədəbsizliyindən xəbər tutsaydı, məndən də çox qəzəblənərdi. Əlbəttə, “respublikanın sahibi”nin məni pis məqsədlə bağına dəvət elədiyini ağlıma gətirmirdim. Adəti üzrə, yenə də tanışlarını, dostlarını yığıb, istirahət saatlarını onlarla birgə keçirdiyini, mənim kimi bir neçə artisti də çağırtdırıb, məclisdəkiləri əyləndirmək istədiyini düşünürdüm. Əlbəttə, bizim üçün bu da təhqirdi, amma neyliyəsən, ixtiyar sahibi idi, etiraz eləməyə, boyun qaçırmağa adamın üzü gəlmirdi. Bu dəfə isə cana doydum, bir növ kəfənimi boğazıma doladım, daha dinməməyi qərara alıb yekəpər kişinin qapı ardından dediyi sözləri də cavabsız qoydum. O, ucadan deyinərək, çəkmələrinin zorba dabanlarını bərkdən döşəməyə vura-vura çıxıb getdi və mən “allah, sənə şükür!” deyib, qızıma laylay çalmağa başladım... Doğrusu, bir azdan sonra ona yazığım gəldi. Axı, tək mən yox, çoxları Mollayevi sözünün üstündə möhkəm duran, inadını yeritmək üçün hətta güllə qabağına getməkdən də qorxmayan bir adam kimi tanıyırdı. İndi bu yekəpər bədbəxtin inadkarlığını da şefinin ayağına yazırdım, düşünürdüm ki, məni aparmamış getdiyi üçün Mollayevdən ağır tənbeh alacaq, bəlkə də işdən qovulacaq. Daha mən hardan biləydim ki, bu zırpı hərif illərdən bəri onun oğraşlığını eləyirmiş? Axı indiyəcən təmiz ailədən və saf əxlaqdan söhbət gedən yerdə Mollayevi hamıya nümunə göstərmişdilər, əxlaq pozğunluğu üstündə neçə nəfər görkəmli işçinin vəzifədən və partiya sırasından necə çıxartdığını Elman özü mənə danışmışdı. “Kişi əsil kommunistdir, həm düz siyasət aparır, həm də xalqın adətinə, ənənəsinə hörmət eləyir” demişdi. Onun barəsində bu sözləri tək Elmandan yox, yaxşı tanıdığım və inandığım qocaman sənət ustalarından da çox eşitmişdim...
Yekəpər kişi gedəndən yarım saat belə keçməmiş telefonun zəngi bir də cingildədi, özümə söz verdim ki, dəstəyi götürməyəcəyəm. Bir yox, beş yox, ən azı iyirmi, iyirmi beş dəfə səsləndi: “Lap səhərəcən zəng eləsə də götürməyəcəyəm” deyib, yorğanı başıma çəkdim. Görünür məndən cavab gözləyən adam nəhayət təngə gəlib, dəstəyi yerindən asdı. Amma, deyəsən o, məndən hayıf almaq fikrində idi. O gecə zəng səsindən yata bilmədim. Kimə şikayət eləyəydim? Məsəl var: “camaat dəli olanda mollanın yanına gedər, molla dəli olanda kimin yanına gedər?”.
Səhər rayondan qayınanam gəldi. Mən çox sevindim. Elə bil meydanda tək qalmışdım, o mənə arxa olacaqdı.
Günorta vaxtı telefon yenə cingildədi. Qaynanam dəstəyi götürüb, adəti üzrə, sorğu-suala başladı: “Kimdir danışan? Hardandır? Uşağı əmizdirir. Sonra zəng eləyəmməzsən?”.
Mənim gözüm arvadda idi. O, birdən nitqi tutulmuş kimi duruxdu: “Hə, bu saat, bu saat” deyib, dəstəyi mənə sarı uzatdı. Götürdüm və o dəqiqə də yerimdə donub qaldım. Sanki günün günorta çağı məni ildırım vurdu. Danışan – Mollayevin özü idi. Çox nəzakətli başladı:
– Deyir bikefsiniz. Olmasın azar. Səhiyyə nazirliyinə tapşırmışam. Ən yaxşı həkimlərdən bir neçəsini yollayacaqlar.
Mən təşəkkür elədim, dedim ki, bu xəstəlik – müalicəsiz keçib gedəcək, uşaq olandan sonra həkimlər yarım ay evdən eşiyə çıxmağımı məsləhət görüblər.
– Dünən bizi sayıb gəlmədiniz. Telefona cavab verməyə də tənəzzül buyurmadınız...
Mən yataq otağından telefonun səsini yaxşı eşidilmədiyini bəhanə gətirdim, amma bu yalanımdan dərhal özüm də dəhşətə gəldim və tezcə səhvimi düzəltdim:
– Ola bilər bərk yatmışam, telefonun səsinə oyanmamışam.
– Əmr verərəm, yataq otağınıza paralel aparat qoyarlar...
– Zəhmət çəkməyin, nə lazımdır? Çox sağ olun, – dedim, ancaq nə üçün təşəkkür elədiyimi heç özüm də bilmədim.
– Sağalın, sağalın, – dedi və dəstəyi asdı.
O gün həkimlər qapının kandarını ağartdılar. Biri qapıdan çıxmamış o biri gəldi. Mollayev kimi bir adamın bu qayğıkeşliyi məni çox həyəcanlandırırdı. Amma bunun mənə nə xeyri vardı? Hansı doktor içəri girirdisə, “nədən şikayət eləyirsiniz?” deyə soruşur, heç bir xəstəliyim olmadığını öyrənəndən sonra da uzun və yorucu bir müayinə başlamağı özünə borc bilir, fonendoskopunu, tonometrini işə salır, ürəyimi dinləyir, qarnımı əlləşdirir, axırda da dərman yazıb gedirdi. (Reseptləri bir-birinin üstünə yığanda, az qalmışdı kitab düzəlsin). Doktorların məsləhətini eşidəndən sonra qorxdum ki, doğrudan da xəstələnəm. Hansı kitabdasa oxuduğum bir sözü xatırladım: “Doktorlara işi düşənin canı gərək möhkəm olsun”.
O gündən sonra Mollayev mənə göz verdi, işıq vermədi. Səhər, axşam, günorta telefon zənglərinin ardı-arası kəsilmədi. Hər dəfə də halımı soruşur, “siz oxumayanda, konsertlər çox maraqsız keçir” deyə qoltuğuma qarpız verirdi. Əlbəttə bunu eşitmək mənim üçün xoş idi, çünki bu sözləri adi, sıravi bir adam demirdi, Mollayev deyirdi. Bilirdim ki, onun bu sözlərini eşidən başqa adamlar da istər-istəməz mənə hörmət eləyəcək, yeri düşəndə maaşımı artıracaq, böyük konsertlərin proqramında adımı başdan yazacaq, təltif olunmaq məsələsi gələndə, məni yaddan çıxarmayacaqlar. Mən yaxşı bilirdim ki, yuxarıdan verilən bu cür komandanı hamı eşidir, hər kəs öz növbəsində sənə ehtiram göstərir, qəzetlər portretini tez-tez çap eləyir, səni tərif üçün daha ifadəli sözlər axtarır. Axı, kim belə şeyi xoşlamır? Şöhrət elə bir çərəzdir ki, onu yedikcə, daha da iştahan artır...
Kitabxana.az · https://kitabxana.az/works/mehdi-huseyn-colun-duzunden-bulbul-otur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şəhərin ucqar küçələrindən birində, hər zaman saralan kərpic evin qabağında gözəl bir bağça vardı. Yaz fəsli gələndə, bu bağçanı görən hər kəs azı bir neçə dəqiqə hərəkətsiz durub, yeni açılmış güllərə, çiçəklərə heyran-heyran baxardı. Oradan səhərdən axşama kimi əlləşən qoca bağban, kənarda duran tamaşaçılara nəzər salmasa da, qızların və oğlanların bu bağçaya daha ürəkdən vurulduğunu bilirdi.Qoca bağban sərt təbiətli, əsəbi və daima savaşan, uzun, arıq bir kişi idi. Kənardan baxanlara sevindiyi halda, bağçaya girənləri söyüb qovardı.
Kor atKənd toyu qurtarırdı.Oğlan evindən gəlmiş dəliqanlılar geri qayıtmağa hazırlaşırdılar. Gəlinlər, qızlar, nişanlının cehizini həyətin ortasında duran ikitəkərli arabaya yükləyirdilər. Hamı əl-ayağa düşmüşdü. Arabanı rəngbərəng xalılarla bəzəyənlərin sevinci yerə-göyə sığmırdı. Onların hamısı bəzənmişdi. Bəziləri, ayaqyalın da olsalar, qanovuzdan don geyinmişdilər.
KonsertI**Balaca otaqda iki yoldaş oturmuşdu. Səbri piano çalırdı, Ədhəm isə papiros çəkə-çəkə onu dinləyirdi.
Çarpayıİsfəndiyar yuxudan oyanıb sakit-sakit ətrafına boylandı. Evdə ondan başqa heç kim yox idi. Qapı örtülü idi. Həyətə baxan balaca pəncərədən buludlu səmanın kiçik bir parçası görünürdü.– Ana, ay ana!..
Başqa şairlərin şeirləri
Bəndədən utanmaz, hakimdən qorxmaz,Nədə baxmaz o movlaya dul arvad.
Məhəbbət gələndə insan ömrünəMəhəbbət gələndə insan ömrünə,Sanırsan hər yerə ilk bahar gəlib,
Cığalı MüsəlləsDad əlindən sənin yaman həmsayəHaqq rəhmət eyləsin bədirnsayə
Yol ayrıcındaYazda gömgöy olan bağlar,Payızda tez sovuşurlar.