Səkkizinci fəsil
Səhifə 11 / 12 · 83%
– Kəndir gətirin! – dedi və fənərini belindən açdığı nazik kəmərinə bağlayıb boynundan aşağı salladı.
Bu anda Heydər kəndir tapıb gətirdi. Tahir özü onu belinə bağladı.
– İndi, bu kəndirdən bərk yapışın, məni bərk tutun, yıxılıb suya düşsəm boğulmağa qoymayın, yuxarı çəkin. Yaxşımı? – O yenə cavab almamış, ayağını ehtiyatla taxtaların kəsiyinə dayaya-dayaya aşağı endi və məftil qırılan yerə çatanda, bir əlilə taxtadan yapışıb, o biri əli ilə cibindəki məftili çıxardı, fənərlə qırıq məftili tapıb dişinin arasına aldı, cib bıçağı ilə onun bir tərəfini qazıyıb əlindəki məftilə caladı.
– Qrişa, – deyə yoldaşını çağırdı, – izolyator tap gətir, o da olmasa, hələlik bir parça cındır ver.
O ayağının altını bir də yoxlayaraq, xəttin birini calayıb qurtardı. İzolyator əvəzinə bir əli və dişilə yaylığını cırıb məftilin açıq yerini sarıdı. Onun necə sürətlə işlədiyini görmək olmurdu. Fənər işığı tez-tez yerini dəyişir, Tahir isə yalnız sövq təbii gücünə o biri məftili sürtüb calaşdırırdı.
– Tahir, Tahir, – deyə bu anda Qrişa səsləndi. – İzolyator yoxdur, brezent parçası var, ala!
– Ondan özümdə də var. Lazım deyil! – deyə Tahir məftilin o birini də calaşdırdı, və ucadan səsləndi: – Rubilniki basın görüm!..
Bu anda işıqlar elə bil əvvəlkindən on dəfə qüvvətlə yandı. Cavanlar atılıb-düşdülər və təzə montyorun məharətinə əl vurdular.
Tahir quyuya tərəf gələndə, onun alnından axan soyuq tər damcılarını görənlər elektrik xəttini nə qədər gərgin bir vəziyyətdə düzəltdiyini anlayıb brezent plaşını çiyninə saldılar. Tahir sustalmış kimi yanı üstə uzanıb dincini almağa başladı.
– Deyirdim axı. Zənnimdə yanılmamışam, – deyə qoca usta Vasilyevə baxıb fəxrlə başını tərpətdi...
9
O günün səhərisi külək birdən-birə zəifləməyə başlayıb, günortaya yaxın xırp kəsildi. Lakin dəniz hələ də təlatümdə idi. Axşama yaxın onun da hirsi soyudu.
Usta Ramazanın briqadası proekt dərinliyinə çatıb işi dayandırdı. “Çapayev” qayığı bu günün qəzetlərini gətirdi. Hamını tufan günlərində neft istehsalı və qazıma işlərinin gedişi maraqlandırırdı. Qəzetlərin birinci səhifəsində çap olunmuş və neft sahəsində işləməyənlərin nəzərini o qədər də cəlb eləməyən məlumatı, usta Ramazanla dostları hər bir xəbərdən tez oxudular. İllik planın səviyyəsinə qalxmamış bircə trestdən başqa hamı vuruşdan qalib çıxmışdı.
İndi briqadanı düşündürən bir məsələ idi: yeni buruğu harada qazacaqlar?
Sergey Timofeyeviç Vasilyev əlilə Nargin adasının bərabərini, buruqdan dörd-beş kilometr uzağı göstərdi: – Ramazan İsgəndəroviç, – dedi, – orada bizim ustalardan kim isə buruq qoyur!
Doğrudan da, briqada üzvləri dənizdə ucalan təzə vışkanı görüb təəccüblə baxdılar.
– Olmazmı biz təzə buruğu ondan da bir az irəlidə qoyaq, hə?
Ramazan başını buladı:
– Yox, Sergey Timofeyeviç, neftçinin hünəri təkcə dəniz üstündən getdiyi yolun uzunluğu ilə yox, bir də qazdığı quyunun dərinliyi ilə ölçülür. Mən hələlik buradan başqa yerə köçmək fikrində deyiləm.
Ustanın müavini qoca dostunun fikrini əvvəlcə başa düşmədi.
– Axı biz burada işimizi qurtarmışıq. Yeni buruq qazacağıq, ya yox?
Usta Ramazan bu barədə çoxdan düşünmüşdü:
– Əlbəttə qazacağıq. Amma, bax, burda! – O, şəhadət barmağını aşağıya tərəf şaquli tutaraq, öz quyularının özülünü göstərdi: – Semyom Vladimiroviç Volkovu tanıyırsanmı?
– Bəli, tanıyıram. Maili qazıma üsulunu icad eləyəni demirsinizmi?
– Bəli, onu deyirəm. Bax, bax, bu günkü qəzetdə yazıblar ki, o buruğunu qurtarıb, işə buraxıb. Deməli, o, evlərin altından neft çıxarır. Biz də onun üsulilə bax burada bir yox, üç-dörd buruq qazacağıq. Usta Volkov maili qazıma üsulunu tapmışsa, mən də kütdə üsulunu tapmışam. Deməli, biz bu qurğunun üstündə üç-dörd quyu qazacağıq, hərəsi də ayrı-ayrı yerlərdən neft verəcək. Başa düşdün?
Ustaların söhbətini dinləyən Cəmil də sözə qarışdı:
– Elə isə, biz sabahda-biri gündə təzə quyunu başlaya bilərik. Daha ondan ayrı vışka qurulmağını gözləməyə ehtiyac qalmır.
– Elədir ki, var oğlum. Volkov dağın kəlləsində oturub şəhərin altından neft çıxaranda, biz də burada oturub Narginin neftini niyə çəkə bilmirik? Bu gün bu mümkün olmasa da, sabah olacaq, ya yox?
Tahir dinmirdisə də, bu söhbəti hədsiz maraq içində, udquna udquna dinləyirdi.
Sergey Timofeyeviç briqada üzvlərinin “Çapayev” qayığına tərəf getdiklərini görüb, brezent plaşını qoltuğuna vurdu və kənarda qurdalanan Heydərə döndü:
– Oğlum, – dedi, – camaata xəbər vermisənmi?
Heydərin başı sinəsinə endi. O, utana-utana dilləndi:
– Xeyr, Sergey Timofeyeviç, özünüz xəbər verin.
– Nəyi? – deyə usta Ramazan təəccüblə soruşdu.
Vasilyev bütün briqadaya üz tutdu:
– Bu gün hamınızı Heydərin toyuna dəvət edirəm! Şərtimiz bu idi ki, quyunu qazıb qurtaran günü olsun. Saat onda buyurun, gəlin.
Lətifə də sözə qarışdı:
– Kimi alır, kimi alır?
– Bilmirsən? – deyə Tahir qıza baxıb hiyləgərcəsinə gülümsədi. – Seygey Timofeyeviçlə qohum olur da.
Hamı yorğunluğunu unudub, sevinclə Heydərə baxırdı.
Ramazan isə mənalı-mənalı dostlarını süzərək deyirdi:
– Seygey Timofeyeviç köhnə dünyadan hayıf alır, uşaqlar. Bizim dostluğumuz qohumluğa keçir.
“Çapayev”in motoru guruldadı.
Hamı sürətlə qayığa doluşdu. O, hərəkətə gələndə Tahir sazını çıxardı və köhnə bir aşıq mahnısı oxudu:
Görüm, ay bəy, toyun mübarək olsun,
Sağdışına, solduşuna borc olsun!
Bütün briqadanın gözü Heydərə zillənmişdi. Yalnız Tahirlə, Lətifə bir-birinə baxırdı...
10
On gün sonra, Lalə öz kabinetində oturub dünənki işlərin yekununa dair məlumat cədvəlini gözdən keçirəndə, eşikdə qarmonda çalınan oyun havasını eşidib, ayağa qalxdı və pəncərəyə yanaşdı. Trestin həyətində böyük bir dəstə durub, ortada oynayan adama əl çalırdı.
– Bu nədir, günün günorta çağı nə konsertdir? – deyə Lalə, içəri girən baş mühəndisdən soruşdu.
– Aparmağa gəliblər?
– Nəyi?
– Axı onlar yarışda qalib çıxdılar!
İndi hər şey Laləyə aydın oldu: bu adamlar Dövlət Müdafiə Komitəsinin keçici bayrağını Qüdrətin trestinə aparmağa gəlmişdilər.
– Gərək onlar Ramazanın briqadasına təşəkkür eləsinlər! – deyə Lalə, baş mühəndisin üzünə baxmadı, qaşqabağını salladı.
– Siz Qüdrətə altı ay vaxt vermişdiniz. Ancaq görünür nəyi isə nəzərdən qaçırmısınız.
Lalə həyətdəki dəstənin ikinci mərtəbəyə qalxdığını görüb söhbətə ara verdi. Qapı açıldı. Əlində qarmon tutmuş Mişa, sazını qoltuğuna vurmuş Tahir hamıdan qabaqda gəlirdi. Dəstə nəfərlərinin çoxusu cavanlardı. Bayramlıların da hamısı burda idi.
Cəmil Tahirlə yanaşı durmuşdu.
– Salam, yoldaş İsmayılzadə! – deyə Mişa sözə başladı və Lalənin stolu arxasındakı divardan asılmış bayrağı göstərdi. – Yarışda qalib gəldiyimiz üçün, Mərkəzi Komitənin göstərişi ilə bu bayraq indi bizim trestə verilir!
Məmməd Bayramlı ucadan qışqırdı:
– U-u-u-r-ra!..
Hamı gülüşdü və ura səsləri kabineti titrətdi.
Lalə nə isə bir söz deməli, bu məğlubiyyətdən pərt olmadığını söyləməli idi:
– Biz sevinirik, yoldaşlar!.. – dedi və bir an duruxdu. – Sevinirik ki, bizim dostlarımız çətin vuruşmadan qalib çıxıb, belə bir şərəfə nail oldular. Lakin... – Lalə gülümsündü. – Lakin bu hələ işimizin başlanğıcıdır. Bizim trest də özü üçün nəticə çıxaracaq! – Lalə bayrağa yanaşdı, onu divardan götürüb, döşündə hərbi medallar parıldayan Məmməd Bayramlıya verdi. – İki cəbhənin qəhrəmanına verilsə yaxşıdır, – dedi.
Məmməd Bayramlı daha da ucadan qışqırdı:
– Biz söz veririk ki, bu bayraq həmişəlik bi-bizdə qalacaq!
Bu anda telefon zəngi cingildədi. Lalə dəstəyi götürdü:
– Mənəm!.. – dedi. – Sol əlini yanaqlarına çəkdi. Otaqdakı adamların hamısı kiridi.
Kiminsə, məhz bayraq haqqında danışdığını hamı aydın hiss edirdi. Lalə aralıqdakı həyəcanlı sükutu pozdu:
– Nə olar ki? Dava iki faizin üstündədir. Siz yüz iyirmi iki, bir yüz iyirmi... Bundan sonra canımıza cəfa basarıq, Qüdrət! – Lalə qızardı, – unutma ki, iki il saxlamışıq, bir ay da sizdə olsun görərik!..
Lalə dəstəyi yerindən asanda, qarmon səsləndi. Mişa qaytağı çaldı. Səməndəri xatırladı.
Bütün dəstə hərəkətə gəldi. Məmməd Bayramlı qabağa düşdü və hamı onun dalınca eşiyə çıxdı. Lalə gülə-gülə trestin baş mühəndisinə baxdı.
– Ramazanın buruğu gündə neçə ton verir?
– Beş yüzdən çox...
– Mən çox şadam, – deyə Lalə, narahat halda, qeyri-ixtiyari olaraq, stolun üstündəki kağız-kuğuzları araşdırdı. Ancaq o, birdən baş mühəndisə durğun bir nəzər saldı. – Bəs biz?
Müharibənin ən ağır günlərində neft istehsalını bir faiz də aşağı salmamış bu trest üçün, bayrağın əldən çıxması əlbəttə ağırdı.
Kitabxana.az · https://kitabxana.az/works/mehdi-huseyn-sekkizinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
I**Onun arvadı, sağ tərəfdəki böyük taxtın üstündə oturub, namaz qılan ərinin üzünə baxırdı. Süleyman kişi tez-tez əyilib qalxır, dodaqlarını yavaşcadan qımıldadıb nə isə oxuyurdu...
Bahar sularıI**Qeysər, oğlunun ölümündən iki il sonra belə ağır və iztirablı düşüncələrdən ayrıla bilmədi. Qadın nümayəndələri iclası, savad kursu, əl işi dərnəyi, klub məşğələsi – bunlar hamısı onu gələcək həyatında baş verə biləcək bütün fəna hallara dair düşünməkdən saqındıra bilmədi. Çox zaman, maraqlı məruzələr eşitdikdə də, sevimli oğlu gözləri qarşısında canlanır, bütün xəyalını uzaqlara, ucsuz-bucaqsız dərinliklərə çəkib aparırdı. Qeysər, sifətdən çirkin idi. O, adamları yalançı baxışlarla aldada bilən iri qara, cazibəli gözlərdən məhrum olduğunu hələ oğlu ölməmişdən bilirdi. Qeysər, çirkinliyini özü üçün bir nöqsan saymır, hətta qadınlarla bu xüsusda söhbət edərkən, heç bir işdə gözəllərdən geri qalmadığını söyləyirdi.
QayıtmadıI**Surxay kənddə menşevik ordusunun sınıq körpünü tutması xəbərini eşitdi, osmanlı əsgərləri qayıdan zamandan bəri mal damında saxladığı tüfəngini götürdü, cəbhəyə getdi. Bu zaman onun arvadı Şirmayı sağ-salamatdı. O, pendir-çörəyi də heybəyə öz əlilə qoymuş, titrək dodaqları arasından yalnız bu sözləri deyə bilmişdi.
QuzuŞəhərin ucqar küçələrindən birində, hər zaman saralan kərpic evin qabağında gözəl bir bağça vardı. Yaz fəsli gələndə, bu bağçanı görən hər kəs azı bir neçə dəqiqə hərəkətsiz durub, yeni açılmış güllərə, çiçəklərə heyran-heyran baxardı. Oradan səhərdən axşama kimi əlləşən qoca bağban, kənarda duran tamaşaçılara nəzər salmasa da, qızların və oğlanların bu bağçaya daha ürəkdən vurulduğunu bilirdi.Qoca bağban sərt təbiətli, əsəbi və daima savaşan, uzun, arıq bir kişi idi. Kənardan baxanlara sevindiyi halda, bağçaya girənləri söyüb qovardı.