Bu dünya ibrətdi, bu dünya dərsdi,İtirən uduzur,Götürən udur.İnsanın varlığı quruca səsdi,Sonu da qəfəsdi... Sonrası yoxdur.

Dağ aşar, çay adlar insan qədəmi,Bir qaçmaq olmayır söz gürzəsindən.Vaxt olur götürüb kağız-qələmi,Qaçmaq istəyirəm Yer kürrəsindən.

Bu göy Allahındır,Bu Yer Allahın,İnsana pay verdi – didişmə düşür.Allahı dananlar Allaha yaxın,Allahı sevənə gor eşmək düşür.

Doğudan Batıya yol uçub deyən,İnsandan-insana yol gözə dəymir.Kimsə, deyirlər ki, yol tapıb göyə,Dəymir gözlərimə möcüzə, dəymir.

Əl verib, əl tutmaq nə dəb, nə vərdiş,Əl tutan bir isə, əl kəsən min-min.Əkindi, səpindi, biçindi, vərdi,Torpaqdı mayası mənim şerimin.

Yada mərhəm deyil hər yadda qalan,Var kürsü «dahisi», yığnaq «dahisi».Dahilər – hər sözü bir dağ, bir qalaCahillər – dağıtmaq, yıxmaq «dahisi».

Əməl muzeyidir insan yaddaşı,Ad ki həkk olundu – şöhrət daşı var.Torpağın üstündə bünövrə daşı,Torpağın altında əhlət daşı var.

Tale bir xoş ömrü çox gördü mənə,Tikan da əkilməz qəbrimin üstə;Ha qovdum özümü mən öz zirvəmə,Ha qovdum... dərd yığdı dərdimin üstə.

Torpağa söykəndim – gücüm dağ gücü,Torpaqdan üzüldüm – çürümüş dənəm.

Mən halal zəmidən bərəkət biçib,Haram xırmanında döyə bilmərəm.

Qaçana çatmarıq, çatmaq da nahaq,Uzaqlar uzaqdı, yaxın görünmür:Bu gözdən o gözü görmürəm daha,Gözümün içi də yaxşı görünmür.

Torpaqsız bu yurdda min bölgü olur,Böyüyən iddiam – bəlkə də sonum!Ey atamın ruhu, mənə həyan dur,Quş olum, bir kola, bir daşa qonum...

Nə göydə göyüm var, nə yerdə yerim,Yolçuyam Yer ilə göy arasında;Haradır mənzilim – hələ bilmirəm,Taleyin tay-təkər arabasında...

4-5 mart 1991

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən