Bura haradı
I
..Hayanda ayaqla torpaq görüşür,
Qışmı, baharmı?
Yol olub ayaqlar altına düşür,
Kim gəlir, kim gedir fərqinə varmır..
Biz kimik? Kim bizə nə deyəsiymiş,
Sevgilər pərişan, sevinc dərbədər.
Yoxsa bizdən əvvəl ev yiyəsiymiş,
Bizi içimizdən böyüdən kədər...
Nə niyyət? Bir niyyət etmərəm haşa,
Aşımızı yeyən bu nə niyətmiş?
Gəlib çıxardıqmı bu uzaq yaşa,
Başımızı qatan əbədiyyətmiş.
Ayları, illəri içinə yığıb,
Bir az da çoxalar xatirəm hər gün.
Sıyrılıb, axşamdan sabaha çıxıb
Ölümlə görüşə gedərəm hər gün..
II
Hayana uzanır düşdüyüm çığır,
Bu gecə yarı.
Uzanıb ölümdən yoluma çıxır...
Məzar daşları.
Yoxuşa dirənər yol uzaq başı
Alın yazısından çıxıb gəlir yas?
Yağışdan əyilmiş bir məzar daşı
Üstündə yazısı: “Belə də qalmaz”!
Dünya da doydurmaz gözü acları
Olum gətirəni ölüm itirər.
Zülümlə sulanan dar ağacları,
ölüm gətirir...
Dumanlar içində düşüncəli dağ,
Vurup ürəyindən üzünə dərdi.
Bir qara yarpaqlı yağış yağacaq,
qara xəbərli..
Qoşub durnaların gərib səfinə
Dumanda əriyir bir qərib atlı.
Dünyanın ümütsiz bir tərəfinə
məni kim atdı?
Bürüyür qürbətin sularını qəm,
Keçir ayrılığın səssiz paradı.
Mən hansı dənizin sahilindəyəm,
bura haradı?
Kitabxana.az · https://kitabxana.az/works/memmed-ismayil-bura-haradi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Ölüm
Qürbət eldə düşdüm xəstə,Yerim silkib salam yoxdu.
Yavaş-yavaşDəli könlüm xəyal etmə, gəlirəm yavaş-yavaş,Cismim hicranın bölürəm yavaş-yavaş.
AnaMahir Tahiroğlu bəstələmişdir*Sən getdin, dəyişdi həyatın özü,
Səni gər çəksələr, ey dil, bu meydan içrə dar üstəSəni gər çəksələr, ey dil, bu meydan içrə dar üstə,Budur şərti-vəfa kim, dutmayasan yar yar üstə.