İki ildir ki, Şura hökuməti küçələrdə dəstə tutub baş çapmağa mane olur. Təəccüb burasındadır ki, həmin bu iki ilin aşura günlərində çox evlərdə oğurluq olmuşdur. Məsələn, bildir aşura günü ki, baş yaran olmadı, Təzəpir məhəlləsində və habelə qeyri məhəllələrdə on yeddi yerdə oğurluq müşahidə olundu. Məşədi Orucun evindən xalça oğurlandı, bir evdən qaynar samavarı lotular aparmışdılar. Keçəllər məhəlləsində axund Cəfərin evini yarmışdılar. Ərdəbillilər məscadindən mücavirin başmaqlarını aparmışdılar. İmamverdi məhəlləsindən Fatma xalanın corablarını oğurlamışdılar.

Xülasə, belə-belə on yeddi yerdə oğurluq baş vermişdi. Bu hələ müsəlman məhəllələrinin oğurluğudur, yəqin ki, qeyri məhəllələrdə də o gün belə işlər törəyibdir.

Bizim üçün bu işlərin o qədər də əhəmiyyəti yoxdur: Bakı kimi böyük şəhərdə bir gündə yaraşar ki, on yeddi və bəlkə iyirmi yerdə oğurluq ittifaq düşsün.

Sözümüz orada deyil: sözümüz oradadır ki, aya, bu oğurluqlar nə səbəbə köhnə illərin aşurasında baş vermirdi və nə səbəbə bu keçən ilin və altdakı ilin aşurasında baş verdi?

Səbəb budur ki, keçən il və altdakı il dəstə tutmaq və baş yarmaq qadağan oldu.

Pəh, heç bunun dəxli var?

Doğrudan da, bu bir qəribə sözdü: bundan çıxan budur ki, baş yarmaq qadağan olmayan əsrdə aşura günü oğurluq-əyrilik üz vermirdi və bundan belə anlaşılır ki, baş yarmaq qadağan olan ili aşura günü hər məhəllədə oğurluq ittifaq düşdü.

Demək, baş çapmaq oğurluğun qabağını alırmış.

Bizim “Molla Nəsrəddin” dünyasına heç təfavüt eləmir, kim baş çapdı və kim baş çapmadı. Bu məsələnin əhəmiyyəti o yerdədir ki, aya, səbəb nədir ki, baş yarılan günü oğurluq olmur, amma bu vəhşiliklər qadağan olanda olur? Bu məsələ məni çoxdan məşğul eləməkdə idi və bunun sirrini heç kəs mənə bəyan eləyə bilmirdi, ta ki, bu günlər küçə ilə getdikdə tanış bir milis məmuruna rast gəldim və söhbət aşuradan düşdü, haman yuxarıda söylədiyim məsələni milis məmuruna açdım və aşura gününün oğurluq və əyriliklə rabitəsini ondan soruşdum.

Milis məmuru mənə belə dedi:

– Cənab Molla əmi! Allah Şura hökumətinə insaf versin ki, aşura qətlgahını qadağan eləməklə biz milis məmurlarını əngələ qoydu. Çünki nə qədər ki, baş yarmaq azad idi, cəmi lotu-potular aşura günü baş yarmağa məşğul idi; amma keçən il onlar hamısı evləri sahibsiz görüb və fürsəti qənimət bilib, hərəsi özünü bir evə oğurluğa verdi. Məsələn, keçən il Məşədi Orucun xalçasını oğurlayan məşhur dəstəbaşı və məşhur toyuq oğrusu əcəm Rəcəb Alı idi. Qaynar samavarı oğurlayan məşhur baş yaran və məşhur qoçu Gülhüseyn idi. Mücavirin başmaqlarını aşura günü oğurlayan məşhur dəstəbaşı, qolçomaq və baş yaran, daş çıxardan kor Novruzəli idi. Fatma xalanın corablarını aşura günü oğurlayan məşhur dəstəbaşı və ağ köynək və ağ şalvar Məhəmmədəli idi. Xülasə, Allah Şura hökumətinə insaf versin.

Onun üçün də müsəlman camaatı istəyir hökumətə ərzhal versin ki, bu ildən yenə baş çapmağa icazə verilsin, bəlkə culik-muliklər və lotu-potular baş yarmağa məşğul olub, sahibsiz qalan evlərə oğurluğa getməsinlər.

İdarə tərəfindən biz də imza etməyə hazır varıq.

Lağlağı

“Molla Nəsrəddin”, 11 iyul 1925, №28

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Yığıntı

Yığıntı təzə sözdür. Əvvəl elə bildim ki, bu sözü “məşhur İstilah komissiyası” icad edib, amma məlum oldu ki, “yığıntı” sözü özgə bir yerdən törüyüb. Bu günlərdə təzə bir kitab çapdan çıxıb: kitabın üstündə yazılıb, “Hesab məsələlərinin yığıntısı”, yəni bəistilahi-rus “sbornik”, bəistilahi-ərəb “məcmuə”.Yuxarıda İstilah komitəsinə mən ondan ötəri “məşhur” ad qoydum ki, bir vaxt o komitə məzəli-məzəli sözlər çıxartmışdı; məsələn: yerbil (coğrafiya), “dörtiş” (əmali–ərbəə, yəni çetıre deystviya).

1 dəq
Bistü-həştüm

Biz aşağıda qol qoyan mömin müsəlmanlar zəhmət komissarı həmin oktyabr ayının səkkizində bir belə dekret çıxarmışdı ki: oktyabr ayının onuncu günü səfər ayının iyirmi səkkizinci gününə mütabiqdir. Bu səbəbdən lazımdır ki, mömin müsəlmanlar həmin gün tətil eləsinlər; yəni işləməsinlər.Biz mömin müsəlmanlar bu dekreti oxuyandan sonra çıxdıq bazara, hər kəsdən soruşduq ki, səfər ayının iyirmi səkkizi nədir və bunun fəziləti özgə günlərə nisbətən nədədir? – bir kəs bizə bir cavab verə bilmədi. Axırda getdik “Təzəpir” məscidinə cəm olan kor, şil əməleyi-mövtadan bu məsələni soruşanda dedilər ki, səfər ayının iyirmi səkkiz bistü həştümdür; yəni həmin gün vəhşi ərəblərin biri yumruqnan vurub bir özgə vəhşi ərəbin burnunu qanadıb. Onunçün də bizim rizaməndliyimiz yoldaş zəhmət komissarına bu barədədir ki, əgər onun dekreti olmasa idi, Allahın yolundan azan müsəlmanlar bistü həştüm gününün hörmətini saxlamayacaq idilər və belə bir əziz gün yaddan çıxacaq idi və biz mömin müsəlmanlar bu feyzdən məhrum olacaq idik. Heç Nikolay dayının da vəziri biz mömin müsəlmanlara özünü bu dərəcədə dindar göstərmirdi.

1 dəq
Yad etməli

Qəzet sütunlarında dərc olunan məqalələrin çox hissəsi ondan ötrü yazılır ki, oxucular haman gün oxuyub qoysunlar kənara və sabahkı nömrəni gözləsinlər. Amma bu gündəlik məqalələrin içində elələri də var ki, oxucu haman məqaləni oxuyandan sonra qoltuq dəftərinin içinə qoyur, saxlayır ki, yaddan çıxmasın.O məqalələrin biri “Kommunist” qəzetinin 234-cü nömrəsində “Əziz qonaqlara diqqət” sərlövhədə “R” imzası ilə birinci səhifədə dərc olunan məqalədir. Məqalə belə başlanır:

2 dəq
Bəhanə

İnsanın bədəni ki, çox qocalıqdan ölməyə hazırlaşır, həmişə özü üçün qabaqca bir azar tapır və həmin azar bunun ölməyinə bir bəhanə olur, çünki onsuz da öləcək.Şuşa şəhərində yaz fəsli bir qəzet çıxırdı, yazısı ərəb hərfləri ilə idi. İndi Şuşadan yazırlar ki, qəzetin düzəni şəhərdən çıxıb getməyi səbəbindən qəzet dəxi bağlandı.

1 dəq

Başqa şairlərin şeirləri · Satira