Bismilla xiragima nirragim
Dünən axşam tələsik bazara gecirdim ki, Kasbar ağanın mağazası qapanmamış, dükanıma bir az şey-şüy alam. Yolda qabağıma qonşu Məşədi Məhəmmədin oğlu çıxdı, dedi ki:
– Dadaş, mən hamama gedirəm, gəl sən də bərabər gedək. – Dedim:
– Balam, mən dünən səhər getdim. Bu gün tələsik işim var. – Dedi:
– Mən ölüm, dur gedək, iş sabah da görülər, bir yerə qaçmır ki!
Fikir etdim ki, düz deyir, müftə hamamı əldən qaçırmaq axmaqlıqdır.
Bərabər getdik. İki-üç saat hamamda özümü bir az qızdırdıqdan sonra evə gəldim, gördüm başım çox ağrıyır. Haşa hüzurdan, arvadıma dedim ki, döşəyi rahatlasın.
Bir az sonra bizim Cəfərin anası sevinə-sevinə gəlib dedi ki, ay kişi, bir görsən bizim Cəfərlə seminariyada oxuyan bacıoğlu Həsən işkolada nə xoş quran oxumaq öyrəniblər; amma bizim oxumağa heç bənzəmir. Görünür, qoçaq müəllimləri onlara əsil ərəb-Misir üsulu quran oxumaq öyrədib.
Doğrusu, çox yorulmuşdum, istəyirdim yatam; lakin bizim Cəfərin ərəb üsulu quran öyrənmək xəbəri mənə özgə bir fərəh verdi. O saat: – ay Cəfər, ay Cəfər, gəlin görüm Misir üsulu quran nə cür oxursuz? – deyə qışqırdım.
Uşaqlar gəldilər. Cəfərə dedim:
– Bərəkallah, oğul! Əminin gimnaziyaya verdiyi bir aləm pul müftə getmir. Misir üsulu “əlhəmdüllah”ı oxu görüm, qoçağım.
Cəfər başladı oxumağa:
– Bismilla xiragima nirragim. Əlğəmdü lillaxi yəbibül aləmin. Ərragima nirragim… – Dedim:
– Kəs, kəs!.. Sağın oğlu! Bu ərəbcə deyil, “xaxol”-cadır. Sənin də, sənə öyrədən müəllimin də!..
Övqatım lap təlx oldu, istədim uşağı döyəm, anası qoymadı ki, uşağın təqsirir nədir?
Bir az acığım gedəndən sonra, uşağı çağırdım, xəbər aldım ki, sizə gimnaziyada nə cür dərs verirlər? Uşaq başladı ağlaya-ağlaya nağıl etməyə:
– Dərslər təzə başlananda şəriət müəllimimiz bizə dedi ki, açın quranı oxuyaq. Biz də açdıq. – Dedi:
– Oxuyun: – Dedik:
– Türkcə savadımız yoxdur, haradan oxuyaq? – Dedi:
– Türkcə bilmirsiniz bilməyin, nə eybi var, savad savaddır; türkcə olmasın, rusca olsun. Direktor da deyir hamısı birdir və başladı bizə quran surələrini rusca yazdırıb əzbərlətməyə. Oxudanda da həmişə deyir ki, Misir hafizləri də belə oxurlar. – Dedim:
– Yaxşı, türk dili müəlliminiz sizə savad öyrətmirmi? – Dedi:
– Həftədə iki dərsimiz var, o da beşinci, altıncı dərsdə. Üç-dörd klas bir yerdə qarışıq oxuyuruq. Müəllim çatışdıra bilmir. Yenə yaxşı ki, böyük uşaqlar buraxıb gedirlər. Biz xırdalar qalıb bir az oxuyuruq. – Dedim:
– Yaxşı, böyüklər niyə oxumurlar?
– Deyirlər ki, direktor ki, qulaq asmır, imtahan da ki, yoxdur, – niyə özümüzə zəhmət verək?
Dedim bəlkə Cəfər yalan danışır, Həsənnən soruşdum ki, balam, seminariyada nə cür öyrədirlər?
Həsən qaş-qabağını töküb:
– Bizdə daha pis. Rus uşaqlarından vaxt yox ki, bizə bir zad öyrətsinlər, – dedi, – Dedim:
– Türk dərsində rus uşaqlarının nə işi var?
– Biz də onu müəllimə dedik. Dedi ki, balam, mən nə qayırıram, direktor belə istəyir. Bu iş zakonda da yox: amma böyüklərimiz belə buyururlar. Bizim əlimizdən nə gələr? – Dedim:
– Yaxşı, Bakı müsəlmanları dəxi nədən ötrü Qori seminariyasına artıq pul verir ki, türk dərsi artıq oxunsun? – Dedi:
– Ay əmi…
Doğrusu, dəxi bu qədər açıq zülm və haqsızlığa davam gətirə bilmədim. Üstümü geyirdim ki, gedəm direktoru görəm, deyəm ki, bu nə işdir, bizim başımıza gətirirsiniz? – arvad əlimdən yapışdı, dedi:
– Dəli olma, yatırsan, yat! Bu qədər uşağın atası, bu qədər müsəlman böyükləri səs çıxarmırlar, sənə nə olub? İstəyirsən bu çağında özünü qalmağala salasan?
Bir tərəfdən yorğunluğum, o biri tərəfdən Cəfərin anasının danlamağı məni dayandırdı. – Dedim:
– Allah bəlanızı versin! Qoymursuz ki, adam bir iş görə. Di gəl, corablarımı çıxart yatım.
Yatdım; lakin yuxuda “bismilla xiragima nirragim” heç yadımdan çıxmırdı.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 15 noyabr 1909, №46
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-bismilla-xiragima-nirragim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən dünən səhər saat 6-da sağ-salamat Bakıya gəlib çatdım. Dünən səhərdən axşama qədər başım ağrıdı, qulaqlarım guruldadı, amma bu gün halım yaxşıdı. Evdə hamı sağ-salamatdır. Jurnal çıxır. Bu gün teleqrafla sənə 50 manat pul göndərirəm. Uşaqların yol pulusunu ayrıca göndərəcəyəm. Sənin şeylərini (uzunboğaz çəkmə və s. ) yaxın günlərdə göndərərəm. Amma sənin çay qaşığını itirmişəm və buna heyfslənirəm. Deyəsən, onu Cəlal bağlamanı faytondan avtomobilə aparanda yerə salıb. (Bağlamanı mən Ağdama çatmamış kəlbətini götürəndə tikmişdim).Sabah şəhərə çıxıb texnikuma gedəcəyəm. Dərslərin haçan başlanacağını öyrənib sənə yazaram. Uşaqlar qoy Yevlaxa qədər Müzəffərlə gəlsinlər (sən gəlməsən). Yumşaq vaqonda yol getmək çox rahat olduğuna görə (hərçənd bilet iki dəfə bahadır – 10 manatdır) bileti bərk vaqona yox, yumşaq vaqona almaq lazımdır. Mən çox yaxşı gəldim: müharibədən əvvəlkindən pis olmadı. Bir də bərk vaqonla gedən xeyli çox olur, odur ki, yumşaq vaqona bilet almaq daha asandır.
Əzizim Həmidə! (2 sentyabr 1924)Sənin otkrıtkanı aldım. Boğazın barədə müəyyən bir qərara gəlmək lazımdır, bu işdə başısoyuqluq eləmək olmaz və başqa bir qərar ola bilməz. Sentyabrın on dördündə uşaqlarla bərabər Bakıya yola düş, o vaxta qədər 50 manat yol pulu alacaqsan. Burada mütəxəssislə – həkimlə məsləhətləşərik, dəniz sahilində (yəqin Qara dənizin sahilində) olmağın lazım gəlsə, dərhal oraya gedərik, tamam sağalınca orada qalarsan. Söz verirəm, sənin üçün bunu kənddən kömək almadan düzəldim. Amma eyni zamanda bu barədə Müzəffərə yazıram ki, sən kənddə olmayanda təsərrüfat və dəyirman işlərinə kömək eləsin və pul cəhətdən mümkün qədər sənə əl yetirsin. Çünki, axı, məhz indi əməlli-başlı müalicə etdirmək və başqa xərclər üçün sənə çoxlu pul lazımdır.Mütləq yumşaq vaqonda yer alın. Yevlaxa qədər isə yəqin ki, öz faytonumuzla gələcəksiniz, hərçənd onun rezinləri artıq sürtülüb gedib. Müzəffərə yazıram ki, sən yola düşəndən sonra özün gəlincəyə və Bakıdan təzə rezin gətirincəyə qədər faytonu (işlətməyib) söksün (burada dal çarxı üçün rezinin cütü 40 manatdır). Allah qoysa sən yaza qədər mütləq rezin alıb apararsan, çünki mən istəmirəm sən faytonsuz qalasan.
Həmidə! (8 sentyabr 1924)Başa düşmürəm səndən nə üçün mən bir dənə də məktub almıram. Buraya gələni sənə bir sifarişli məktub yazmışam, iki dəfə poçtla 50 manat pul göndərmişəm, bir dəfə də uşaqlar barədə teleqram vurmuşam ki, gəlməsinlər.Dünən Midhət imtahan verib, o biri sinfə keçdi. O gündə iki dəfə müəllimin yanına, bəzən də habelə Blaqovidovanın yanına gedirdi. Amma çox arıqlayıbdır və indi dincəlir. Mən onun yemək-içməyinə diqqət yetirir, süfrəsinə zövqünə və arzusuna uyğun şeylər düzürəm.
Əziz oğlum Midhət! (Ufa, 1 oktyabr 1924)Buradan Kazana yola düşürük. Ümidvarıq ki, oktyabrın 10-u üçün Bakıda olaq. Bilmirəm anan Bakıya gəlib, ya yox. Əgər gəlməyibsə, mənim bu məktubumu ona göndər. Yəqin sən və Ənvər, sözsüz, məktəbə gedirsiniz. Bilmirəm Teymur imtahan tuta bildi, ya yox. Əliş (Süleymanın oğlu) necə oldu, məktəbə girə bildi, ya yox? Səmədi qəbul elədilərmi? Güzəranınız necə keçir? Hər bir şeyiniz var, ya yox? Yəni paltar, dərs kitabları, yemək xərci və i. a. Jurnalın idarəsindən Polina sizə xərclik verməli idi.Əgər Səmədi qəbul eləməyiblərsə, onda Əliş bəyin oğlanlarından birini Bakıya gətirmək yaxşı olardı.
Başqa şairlərin şeirləri · Satira
Bilməm nə görüb məktəbi-irfanda bizim qız,Təhsili-ədəb, dərsi-dəbistanda bizim qız?
Şuşa mollaları haqqındaHeyf, səd heyf, bu iş bulmadı əncam yenə,Üləma özlərini eylədi bədnam yenə.
Yol verin!Qaçın, qaçın, yol verin, atlandı Nasirəlmülk!Avropadan Tehrana, yollandı Nasirəlmülk!
Özündən razıYaşadı, həmişə özündən dedi,Göydəki günəşə özündən dedi.