Dünya və axirət məsələsi bu biçarə mömin müsəlmanları lap çaşdırıbdır.

Bilmirsən kimə inanasan, hansını atıb, hansını tutasan.

Bir tərəfdən baxıb görürsən ki, bu gün sabah ölüb, gedəcəksən. Bəs necə olsun? Hara gedəcəksən və öləndən sonra qəbir evində başıva nə iş gələcəkdir. Məgər Nəkir-Münkir yalandır? Məgər o zalım oğlanlarının sual-cavablarından qurtara biləcəksən?

Bu tərəfdən də dünyanın işlərinə baxanda görürsən ki, dünyasız da dolanmaq mümkün olmur. Məsələn:

Görürsən ki, istəyirsən ki, yerdən durub dəstamaz alasan, bir də görürsən ki, qocalıqdan belin və ya qıçın quruyub və ya başın gicəlləndi, məcbur olursan filan professorun yanına gedəsən və onların murdar dərmanlarını içəsən.

Xülasəyi-kəlam insan bimir hansının dalınca getsin: dunyanınmı, axirətinmi? Mollanınmı, professorunmu? Məscidəmi gedəsən, darülfununamı gedəsən? Namazmı qılasan, fənni kitabmı oxuyasan?

Xülasə biz mömin bəndələrin işi çox xarabdır. Hamıdan çətin iş budur ki, bi iki aləmin hər ikisi mənim üçün lazımdır. Nə dünyasız ötüşə bilərəm, nə axirəti tullaya bilərəm.

Əgər dünyanı tullasam, bəs, bu gözəl dünyanın nemətlərindən mən nə səbəbə məhrum olum? Və tibb elmini feyzlərindən nə səbəbə istifadə etməyib?

Nə üçün diri-diri gözüm baxa-baxa haziq xaçpərəst həkimdən dərman qəbul etməyim ki, o binamus du. Onun fərmayişinə niyə əməl etməyim? Bu surətdə ki, mənə yaşamaq lazımdır.

Bəs, dədə Molla Ruhullanın duası necə olsun? Bəs, Mollanın istixarəsi necə olsun? Bəs, Kərbəla ziyarətinə müşərrəf olmaq necə olsun? Məgər bunlar yalandı? Bəs, cənnət-cəhənnəm, Huri-qılman, bunlar necə olsun.

Bunların hansı həqdir?

Darvinmi, müctəhidmi?

Təbibmi, duanəbismi?

Mühəndismi, cadugərmi?

Xülasə, lap çaşmışam.

Dəli

“Molla Nəsrəddin”, 28 noyabr 1929, №48

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Heç bilirikmi?

Heç bilirikmi nə qayırırıq? Vallah, heç özümüz də bilmirik.Bax, bu günlər Qafqazda və qeyri müsəlman vilayətlərində mərhum Mirzə Fətəlini yad edirlər. Hələ necə yad edirlər! Tiflisdə ərbabi-maarif gecə-gündüz çalışmaqdadırlar ki, mərhumun anadan olmağının yüzilliyini layiqincə bayram saxlasınlar. Bakıda dəxi də artıq: bircə “Nicat” cəmiyyəti səkkiz yüz manat təyin edib ki, bu işə sərf olunsun. Köçərli Mirzə Fətəlinin yüzillik yadigarı naminə bir kitab yazıb. Haqverdiyev habelə. Gəncədə teatr məclisi tərtib ediblər. Hələ gələcəkdə nələr olacaq, nələr olacaq...

3 dəq
Milli bayram

Qorxuram genə xalq elə bilə ki, bayramından danışacağam.Bəli, dekabrın beşində Tiflis müsəlmanları mərhum Mirzə Fətəli Axundovu, necə ki, lazımdır, yada saldılar və yaxşıca məscidə cəm oldular və haman mollalar ki, mərhum vəfat edəndə adını dinsiz qoyub onu götürmək və dəfn etmək istəmədilər, indi məscidə gəlib, Mirzəni yaxşılıq ilə yada saldılar və rəhmət oxudular.

2 dəq
Jurnalımıza abunə yazılmaq şərtləri

Məlumdur ki, bu ovqat qəhətlikdir. Demirəm bahalıqdır: genə tapılan şey qənimətdir. Pəs jurnalımızı indi biz qəhətlik zamanında çıxartmağa başlayırıq. Kağız yox, rəng yox, əmələ yox, hürufat yox, mətbəələr pəcmürdə.Ola bilər ki, qəzavü qədər içində çıxartdığımız jurnalı biri əlinə alıb qiymətinə baxıb deyə ki: Paha! Atovnan yeri! Belə də bahalıq olar?

2 dəq
Cümhuriyyət

(Respublika)Vətəndaşlar!

4 dəq

Başqa şairlərin şeirləri · Satira