Yanvarın 27-də yazdığın kağızı mənə İsmayıl bəy gətirdi. Aptekçidən də kağız aldım.

Bir neçə gün bundan əvvəl sənə özümün və uşaqların məktubunu göndərmişdim.

Mən görürəm ki, orada başın daim qalmaqaldadır, hər yandan sənin xətrinə dəyirlər. Amma çox fikir eləmə, narahat olma və mümkün olan yerdə güzəştə get.

Mən məsləhət görmürəm ki, sən mərkəzin əmrlərinin köməyi ilə iş aparasan. Yaxşısı budur ki, Yerli hökumətin rəyilə iş gör. Kəndlilərin istədiyi kimi işləsən, daha yaxşı olar. Hər halda kəndlilər qiymət verər və bir gün başa düşərlər.

Şahadı 2–3 girvənkə, yəni icraiyyə komitəsinin müəyyən elədiyi qədər al. Yoxsa, hətta mərkəzdən əmr olsa da, hər halda yerli hökumət narazı qalacaq, yenə səni narahat eləməyə başlayacaq və dedi-qodu başlanacaq.

Bu yaxınlarda “Əkinçi” qəzetində Ağdamdan Kəştazdakı bir dəyirman sahibi haqqında yazmışdılar ki, o çox şahad alır. Çalış ki, sənin dəyirmanın barədə bu cür söz-söhbət olmasın.

Tezliklə sənə qəhvə, çay və qənd göndərəcəyəm. Uşaqların bütün dərslərdən qiyamətdirlər. Midhət isə həm rəssam, həm də texnikdir.

Bütün cəncəlləri boşla və köç gəl. Fikrim var yayda uşaqları Bakurianiyə aparım. Odur ki, bunu nəzərə alıb, gəlməyə hazırlaş. Əgər indi soyuqlara görə gələ bilməsən, onda mütləq bayram üçün özünü yetir.

Hazırda Teymurdan başqa, Allahyar da naxoşdur; hər ikisi qızdırır. İşim-gücüm onlara baxmaqdır.

Əgər var isə, göndərdiyin süfrədən birini də və mənim üçün yay kostyumu (köynək) tikdirməyə parça göndər.

Qəzet alırsanmı?

Hamıya salam.

Cəlil

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Əzizim Həmidə! (14 sentyabr 1917)

Yaxın günlərdə türk qoşunlarının Əsgərana hücumu gözlənilir. Onlara kömək üçün bu gün atlıların siyahısı tutulur. Mən gəlmişəm əlimdən gələn köməyi göstərim və qoşunlarla birgə döyüşdə iştirak eləyim. Bu gün Ağdamda deyirlər ki, Şuşada aclıqdır. Bu məni yaman pərişan eləyib. Dünən, bu gün Ağdama dalbadal türk qoşunları gəlir. Axmaq ermənilər doğrudanmı müqavimət göstərəcəklər? Heydərin harada olduğunu və onların bazar günü yazdığım xəbərləri sənə çatdırıb-çatdırmadıqlarını bilmirəm. İndi Şuşadan nümayəndə heyəti gəlmişdi, baxırdılar görsünlər ki, bütün bu işlər necə qurtaracaq. Bu gün sənə poçtla pul göndərə bilmədim, çünki cümə günü olduğuna görə bu gün tacirlərin heç biri yerində deyil. Bazar günü üç araba un göndərəcəyəm, qoy uşaqlar sənin üçün [... ] hazırlasınlar. Özümsə imkan olan kimi gələcəyəm. Sənin təsərrüfat işlərin hamısı öz qaydasındadır.Cəlil

1 dəq
Məmmədəli! (17 sentyabr 1917)

Bu gün litoqrafiyanın təzə şərtlərini mülahizə edib, jurnala bu qiymətləri qoymağa məcbur oldum: satıcı əlində – 50 qəpik, idarəmizə 42 qəpik göndərməlisən. Buna görə də abunə iki dəfə artır.Neçə ədəd göndərilməlidir? Tez xəbər ver.

1 dəq
Həmidə! (24 fevral 1919)

Uşaqlar sağ-salamatdırlar. İşlər öz qaydasınca gedir. Sabah çuğun çarxı yerinə qoymağa başlayırlar. Dünən müstəntiq gəlmişdi, artıq o, Plovinski ilə istintaq keçirib. İş daha yaxşı bir hal alıb; nəticəni vaxtı gələndə yazıb bildirərəm. Səhhətin necədir, yaranı deşdilərmi? Bu kağızla birgə 5 dənə vergi vərəqəsi və 2 dənə ərizə blankı göndərirəm. Malikanənin planını apardığın üçün ərizədə rəqəmləri yerinə qoya bilmədim, bu rəqəmləri dürüst yazmaq vacibdir. Ərizəni martın 1-nə qədər vermək lazım olduğu halda, mənə dünən təqdim etmişlər və mən elə bu gün vergi inspektoruna kağız yazıb xahiş eləyəcəyəm ki, sənin xəstəliyinə görə və ərizəyə özün qol çəkməli olduğuna görə bizə möhlət versin. Sən “mərzölçmə məlumatı” qrafasına birtəhər rəqəmlər qoyub qol çək və poçtla sifarişli məktub şəklində Şuşa məntəqəsi vergi inspektorunun adına göndər. Sonra Hindarx poçtu rəisinin adına ərizə göndər ki, sənin adına göndərilən sifarişi və adi kağızları və sairəni mənə versinlər, çünki bankdan elə kağızlar gəlir ki, onları dərhal almaq və işin nə yerdə olduğunu bilmək lazımdır. Nəhayət, toxumlar bağlamasını gözləyirəm ki, onları da mənə verməyəcəklər. Sonra onu da deyim ki, burada təzə ipək yorğanlardan birisi əskik gəldi. Bizə elə gəlir ki, siz özünüzlə aparmısınız. Qoy Manya sənin barəndə tez-tez kağız yazsın. Hələlik. Tezliklə sağalmağını arzulayıram.Cəlil

1 dəq
Naxçıvan İnqilab Komitəsinin sədri Qədimova

11 may (1921), 3 Ramazan, çərşənbə, Culfa*Təvəqqe edirəm zəhmət çəkib təcili olaraq Bakıya hərbi komissar Qarayevə teleqrafla xəbər verəsiniz ki, bir həftəyədək Culfa yolu ilə Bakıya gələcəyəm.

1 dəq

Başqa şairlərin şeirləri