İyirmi il bundan qabaq millətimizin halını təsvir eləmək lazım gələndə məcmuəmizin birinci nömrəsində, birinci səhifədə bir şəkil çəkdik və o şəkildə göstərdik ki, millətimiz yan-yana yatışıb yuxuluyur.

O vaxt çoxları bizdən sual edərdi ki, xub, bəs, millət ki, bu şirinlik ilə yuxuya cumub, bəs, nə vaxt yuxudan oyanacaq?

Biz həmişə bu suala cavab verərdik ki, Suri-İsrafil çalınanda. Ta ki, il dolandı, cahan müharibəsi vaqe oldu, millətlər bir-birinə toxundu, qan su yerinə axdı və axirül-əmr elə bir cahan inqilabı əmələ gəldi ki, dağları və daşları titrətdi və yer üzünün cəmi yatmışları üçün elə bir Suri-İsrafil çalındı ki, dəxi mən dedim: məcmuənin birinci nömrəsinin, birinci səhifəsində yatan millətim dəxi inşallah yuxudan ayıldı!

Və yəqin eləmişdim ki, ayıldı və inşallah ki, ayıldı və mən bu axır vaxtlara kimi həmişə bu fikrə rast gələndə özüm-özümə deyərdim: xeyr inşallah ki, ayılıbdır.

Və demək olar ki, bu əqidəmdə mən sabit-qədəm var idim və bəlkə bu dari-fənadən dari-bəqaya rehlət edən günə kimi həmin əqidədə sabit-qədəm qalacaq idim...

Ta ki, bu gün Buzovna şəhərinə dəryada çimmək məqsədi ilə səfər etmək bəndəyə qismət oldu və dəryanın kənarında suda çiməndən sonra gözəl havanın şəhdindən bir qədər tənəffüs edib gəldim mənzilə və lap axşamdan yatdım; çox yorğun idim.

Dəryanın təlatümünün nəğmələri gahdan bir məni bir azca oyadırdı; mən oyanıb bir-iki dəqiqə aya tamaşa edib yenə yuxuya getdim.

Bu heyndə qonşuluqda bir böyük həngamə qulağıma çatdı. Bir neçə balaca uşaq səs-səsə verib çığırışırdılar: şaxsey, vaxsey! Və sonra da bir neçə kişi səsi bunlara qüvvət verib başladılar çığırmağa: şaxsey, vaxsey!..

Məlum oldu ki, həmin gün ərbəin imiş; yəni imamın qırxı imiş.

Qeyri məhəllələrdən də şaxsey səsi ucalıb Buzovna vilayətini əhatə elədi və dəxi o gözəl dəryanın təlatümünün tərənnümünü bilmərrə kəsdi və batırdı. Məhz haman axşam mən durdum oturdum yerimin içində və başladım öz-özümə sayıqlamağa və öz-özümə dedim ki: xeyr, hələ ayılmayıb!

Qonşuluğumda yatan ev sahibi deməginən mənim bu sözlərimi eşidib. Məndən soruşdu:

– Molla əmi, kimdir hələ ayılmayan? Mən cavab verdim ki:

– Ayılmayan həmin mənim millətimdir ki, iyirmi il bundan qabaq mən onu yuxuda qoyub gəldim.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 26 sentyabr 1925, №39

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Həmidə! (24 fevral 1919)

Uşaqlar sağ-salamatdırlar. İşlər öz qaydasınca gedir. Sabah çuğun çarxı yerinə qoymağa başlayırlar. Dünən müstəntiq gəlmişdi, artıq o, Plovinski ilə istintaq keçirib. İş daha yaxşı bir hal alıb; nəticəni vaxtı gələndə yazıb bildirərəm. Səhhətin necədir, yaranı deşdilərmi? Bu kağızla birgə 5 dənə vergi vərəqəsi və 2 dənə ərizə blankı göndərirəm. Malikanənin planını apardığın üçün ərizədə rəqəmləri yerinə qoya bilmədim, bu rəqəmləri dürüst yazmaq vacibdir. Ərizəni martın 1-nə qədər vermək lazım olduğu halda, mənə dünən təqdim etmişlər və mən elə bu gün vergi inspektoruna kağız yazıb xahiş eləyəcəyəm ki, sənin xəstəliyinə görə və ərizəyə özün qol çəkməli olduğuna görə bizə möhlət versin. Sən “mərzölçmə məlumatı” qrafasına birtəhər rəqəmlər qoyub qol çək və poçtla sifarişli məktub şəklində Şuşa məntəqəsi vergi inspektorunun adına göndər. Sonra Hindarx poçtu rəisinin adına ərizə göndər ki, sənin adına göndərilən sifarişi və adi kağızları və sairəni mənə versinlər, çünki bankdan elə kağızlar gəlir ki, onları dərhal almaq və işin nə yerdə olduğunu bilmək lazımdır. Nəhayət, toxumlar bağlamasını gözləyirəm ki, onları da mənə verməyəcəklər. Sonra onu da deyim ki, burada təzə ipək yorğanlardan birisi əskik gəldi. Bizə elə gəlir ki, siz özünüzlə aparmısınız. Qoy Manya sənin barəndə tez-tez kağız yazsın. Hələlik. Tezliklə sağalmağını arzulayıram.Cəlil

1 dəq
Naxçıvan İnqilab Komitəsinin sədri Qədimova

11 may (1921), 3 Ramazan, çərşənbə, Culfa*Təvəqqe edirəm zəhmət çəkib təcili olaraq Bakıya hərbi komissar Qarayevə teleqrafla xəbər verəsiniz ki, bir həftəyədək Culfa yolu ilə Bakıya gələcəyəm.

1 dəq
Müzəffər! (6 sentyabr 1922)

Deyirlər Həmidə xanım indiyəcən Şuşadadır. Halbuki bu gün sentyabrın 6-sıdır. Uşaqlar isə 15-indən gec olmayaraq burada olmalıdır. Yaxşı olardı ki, bir az tez gəlsinlər ki, dərs vəsaiti və pal-paltarlarını hazırlayaq. Sən Allah, uşaqları ləngitməyin və vaxtında gətirin. Qoy Həmidə xanım da uşaqlarla gəlsin.Cəlil

1 dəq
Həmidə! (7 noyabr 1922)

Bakı*Kağızını alıb sənin və uşaqların naxoşlamağından bərk təşvişə düşdüm. Odur ki, qət elədim gəlim Kəhrizliyə. Sənin üçün fayton və istədiyin bütün şeyləri almışam. Yolda atları da alacaq və elə güman eləyirəm ki, hazır faytonla gələcəyəm. Amma bu vacib işlər gəlməyimi ləngidir: 1) Kəhrizlilərin işi. 2) Dəzgahların, yunun və pambığın sənə qaytarılması və 3) Dəyirmanı təmir eləmək üçün 10 dənə taxta verilməsi. Bütün günü bu işlər üçün idarələri dolaşıram. Bilirsən də, bizdə iş necə daşdan çıxır. Hamımız sağ-salamatıq və Müzəffər universitetə gedir. Əsədin oğlunu tez yola salmağa tələsir və məktubu bu ümidlə qurtarıram ki, yaxın günlərdə görüşəcəyik.

1 dəq

Başqa şairlərin şeirləri · Satira