İran fəhlələrinin pulu hara gedir?
Keçən vaxtlarda Culfa qəsəbəsinə mənim çox vaxt yolum düşərdi. Hər dəfə orada olanda gömrükxana həyətinə girib, gömrükxana əməllərinə tamaşa edərdim.
Məlumdur, İrandan Rusiyaya və Rusiyadan İrana keçənləri axtarırlar ki, sərhəddən o tərəfə, ya bu tərəfə kondrabat malı keçirtməsinlər. Çox vaxt payız fəsli görərdim ki, gömrükxana məmurları Rusiyadan İrana qayıdan İran fəhlələrini düzüb, bunların ciblərini axtarırlar. Fəhlələr özləri ciblərindən şeylərini çıxarıb və dəstmallarını açıb, düzərdilər yerə ki, qulluqçular gəlib görsünlər.
Mən bunlara yavıq gedib, tamaşa edərdim. Bunların ciblərindən və dəstmallarından çıxan çox vaxt bu cür şeylər olardı: iki dənə qurumuş lavaş, qara saplı bıçaq, çaxmaq və çaxmaq daşı, çubuq, tənbəki və kisə, iynə, sap və pul kisəsi, içində üç şahı, iki dənə üç qəpik və iki dənə iki qəpik qara pul, iki abbası, iki dənə üç şahı və bir dənə manat gümüş pul, cəmi eləsin bir manat 95 qəpik.
Bəzi fəhlənin şeylərinin içində bunlardan savayı olardı üç arşın yarım qırmızı çit, bəzinin olardı balaca ayna, bir parasının şeylərinin içində olardı təpəsi qırmızı uşaq börkü, bir para Rusiyət mıncığı ki, beş dəsti bir qəpik tutur.
Xülasə, şeylərnən işim yoxdur; amma pulları iki manatdan artıq olmazdı.
Bunların bir parası ilə mən çox vaxt söhbət edərdim; məsəla, deyərdim ki, “nə qəsd ilə İrandan Rusiyaya gəlibsiniz?”. Cavab verərdilər ki, “əhli-əyalımız İranda acdırlar, “gəlmüşüx” onlara çörək pulu qazanaq”. Mən soruşardım:
– Nə səbəb əhli-əyalınız acdırlar?
Cavab verərdilər ki, “bunu bizdən soruşma, İranın “üləma” və “hakim”lərindən soruş”.
İran fəhlələri Rusiya məmləkətində gündə bir manat, manat yarım və bəlkə iki manat muzd alırlar. Hər bir fəhlənin xərci gündə altı qəpiklik çörək, bir qəpiklik penir, otuzaltı qəpiklik qovun ya qarpız və bir qəpiklik tənbəkidir ki, cəmi eləsin qırx dörd qəpik.
Bəs fəhlələr qazandığı pulların qalanı hara gedir?
İndiyə kimi heç kəs mənim bu sualıma cavab verə bilməyib.
Axırda gəlib çıxdım Tiflisə. Amma yaxşı ki, gəldim. Çünki Tiflisə gələndən sonra başladım yavaş-yavaş bir para sirlərdən agah və bir para mətləblərdən xəbərdar olmağa. Bir gün bir Allah bəndəsi məni küçədə fikirli görüb dedi:
– Molla Nəsrəddin, bilirəm nə fikir eləyirsən.
Dedim: – Necə?
Dedi: – Fikir edirsən ki, bu İran fəhlələrinin pulu hara məsrəf olunur?
Dedim: – Bəli.
Allah bəndəsi yapışdı mənim əlimdən və çəkə-çəkə apardı Qudoviç küçəsinə (Tiflisin mötəbər küçələrindəndir). Bir böyük və gözəl imarətin qabağında durub, mənə dedi:
– Bilirsənmi bu imarət kimindir?
Dedim: – Xeyr.
Rəfiqim başladı ki, bu imarət cənab müstətab əcəllü Əşrəf Ərfəüddövlənindir.
Dedim: – Kimdir Ərfəüddövlə?
Cavab verdi ki, “bu vücud dövləti-əliyyeyi-İranın İstambul səfirikəbiridir”.
Dedim: – Çox əcəb, bunun mətləbə nə dəxli var? İstanbul hara, Qafqaz və Rusiyada işləyən İran fəhlələri hara?
Yoldaşım başladı nağıl eləməyə:
– Əmrini-rövşənzəmir Mirzə Rza xan cənabları on-onbeş il bundan irəli müinul-vüzəra rütbəsində, general-konsul məsnədində Tiflisdə iqamət buyururdular. Həmin imarət “taci-sərimiz”in haman vaxt vətən və millət yolunda göstərdiyi xidmətin yadigarıdır və bu imarətdən savayı “ağa”nın Barjomda və qeyri yerlərdə dəxi əla mülkləri vardır.
Dedim: – Bəli.
Rəfiqim başladı:
– Həmin gördüyümüz imarətin qiyməti əqəllən olar əlli-altmış min manat.
Dedim: – Bəli.
– Və qalan əmlakı bir-birinin üstündə hesab etsək, cəminin qiyməti iki yüz min manata çatar.
Dedim: – Çox əcəb.
– Tiflis konsulunun dövlət tərəfindən təyin olunduğu məvacibi, hər bir özgə xərclərindən savayı, ayda yüz iyirmi manat və ildə min dörd yüz manatdır. İki yüz min manat yüz əlli konsulun məvacibidir; yainki bir konsulun yüz əlli ilin müddətində aldığı məvacibdir. Bəs üç-dörd il konsulluq eləməklə nə cür iki yüz min manatı cəm etmək olar?
Dedim: – Bilmirəm.
Sonra yoldaşım yapışdı əlimdən və yenə çəkə-çəkə apardı Alekseyev küçəsinə və bir imarət nişan verib dedi ki, “bu da flan xanın mülküdür ki, indi flan şəhərdə konsulluq xidmətindədir”. Sonra rəfiqim yenə məni dolandırmaq istədi, amma mən dəxi yorulmuşdum və dostuma dedim:
– Əzizim, bu imarətlərə yox yerdən sahib olmaq üçün tək bircə vasitə var. Həmin vasitəyə farsi kitablarında deyirlər: “Tətavili-yəd” və türki kitablarında deyirlər: “zəlilik”.
Yoldaşım başa düşmədi. Dedim:
– Barama qurdu.
Yenə başa düşmədi. Dedim:
– Hörümçək, cəllad, quldur.
Dedi: – Başa düşmürəm.
Dedim: – Əgər başa düşmürsən, gələn nömrədə səni başa salaram.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 6 oktyabr 1906, №27
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-iran-fehlelerinin-pulu-hara-gedir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hərçənd ki, bu saat ingilis əmələlərinin tətil söhbəti nəinki tək bircə küreyi-ərzin bütün “məhafilin”də danışılır, hələ bəlkə Marsa da gedib çıxıbdır. Bununla bərabər, biz Molla Nəsrəddin əmi, – möhtərəm oxucularımız da bunu görür və Allah da buna şahiddir, – bu məsələyə nə keçmişdə qarışmışıq, nə indi qarışmaq istəyirik və nə də gələcəkdə qarışmaq xəyali-fasidində olacağıq.Buna da səbəblər var.
Çox eşitməli xəbərlərAşqabad da “Türkmənistan” qəzetəsi yanında nəşr olunan bir nadinc “Zəhmət” adlı ruznamə Ərdəbil fazili Mirzə Ələkbər ağanın 45 nəfər müridi tərəfindən 20-ci nömrəsində bir belə məzəli elan buraxıbdır:“Biz, Krasnovodski şəhərinin bütün mömin-müqəddəs dükançıları və qulağı təvəkküllü ağsaqqalları və Mirzə Ələkbər Ağanın cəmi müridləri Krasnovodskinin Həbib ibn Məzahiri və uzun müddət cahan diplomaları arasında birincilik qazanmış olan ”Əminürröəya” yəni bütün Krasnovodskidə olan iranlıların əmanətdarı cənablarına Paltaratskidən gələn qarabağlı mallanı bir ilə qədər min manata danışıb, Krasnovodskidə saxlaması qarşısında öz səmimi təşəkküratımızı bildiririz. İnşallah bundan sonra Krasnovodski iranlıların üzü güləcəyinə ümid etmək olar.
Dirsək bilərMənə əmr etdiyin sözlərə qarşı mənim heç bir etirazım yoxdur: İsrafı qaldırmaq? – baş üstə. Qənaət yolunda səy etmək? – bu da göz üstə. Bunlar hamısı mümkündür və burada heç kəsin sözü ola bilməz və bu yolda hər bir mübarizə mümkündür: israfdır eləməzsən, rədd olar; qənaətdir gözlərsən, olar.Ancaq bircə məsəl qabağında bəndeyi-həqir aciz və sərgərdan qalıbdır; əgər bu məsələni həll edə bilsəm, həm qənaət və israf məsələlərini həll etmiş olaram, həm də yüz il yaşaram.
DostMən deyirəm ki, yer üzündə yaşayan cəmi müsəlmanların birinci həqiqi dostu İngiltərə hökumətidir. Mən sübutsuz və dəlilsiz heç bir söz danışmamışam və danışmaram da inşallah. Buna görə yuxarıda danışdığım sözə də sübut gətirmək istəyirəm və bu sübutlarım da iki qəbildir.Birinci qismi dünya sübutlarıdır.
Başqa şairlərin şeirləri · Satira
Kimdir şəkk eləyən Sabirabad möcüzünə?Gəlməyibdir belə bir möcüzə dünya üzünə!
“Kəlniyət”ə məxsus ədəbiyyat“Kəlniyət” az çək daha zəhmət, dadaş,Xəlqi nahaq etmə məzəmmət, dadaş,
VıveskalarımızVıveskayı türkcə yaz,Latınca yaz, rusca yaz.
GapBirdən-birə dünyaya böyük ğülğülə düşdü,Bu ğülğülədən ali-Roman müşkülə düşdü.