Kişmiş oyunu
Səhifə 2 / 2 · 50%
Sərkiz (təəccüblə, qorxa-qorxa). Yəni istəyirsiz gedib zor ilə gətirəsiniz?
Nurəli. Xeyr, aşna, nə lazım olub zor ilə gətirək. Biz bir tay çatarıq at üstə; dinməz-söyləməz gətirrik. İki dəvəçi bizim qabağımızda nə danışacaq ki, zor da lazım ola.
Vəlisoltan. Vallah, Nurəli, mən qorxuram izin verməyə; çünki qorxuram gedəsiz, əlinizdən bir xata baş verə, ondan sonra di gəl divana düş, cavab ver.
Ermənilər hər ikisi. Doğrudan xatalı işdir.
Nurəli. And olsun o bizi yaradana, bu işdən heç bir xata bizə və sizə toxunmaz. Belə tutaq ki, elə dəvəçilər bizim qabağımıza durdular. Biz onların başını batırdıq, kim nə biləcək ki, bizik? Məgər biz işi o qədər ehtiyatsız tutacayıq ki, altımıza su çıxa?
Vəlisoltan. Vallah, dəxi nə deyim? Əgər özünüzə belə arxayınsız, özünüz bilin, gedin. Amma aman günüdür, uşaqlar, ehtiyatı əldən qoymayın!
Nurəli. Soltan ağa, sən lap arxayın ol (Yoldaşlarına). Yoldaşlar, durun, gedin. Hamınız yaraq-əsbablarınızı hazır eləyin, gəlin bura; buradan bir yerdə yola düşək gedək.
Kəndlilər. Baş üstə.
Çıxırlar.
Karapet. Soltan ağa, gərək uşaqlara izin verməyəydin. Bu iş çox qorxulu işə bənzəyir. Soltan ağa, gərək izin verməyəydin. Məssəb haqqı, bu işdən qan qoxusu gəlir.
Vəlisoltan. Vallah, elə mən özüm də peşmanam ki, izin verdim. A kişi, axı nə çarə qılım başıma? Deyərəm xeyr, olmaz, qoymaram, izin vermərəm, başlayıllar and-amanı ki, bu işdə bir xata yoxdu. Doğrusu, öhdələrindən gələ bilmirəm. Bir ay yoxdu ki, haman cahıllar ki, getdilər kişmiş oğurluğuna, üç ermənini padşahlıq yolunda soyub, birini də yaralayıb, beş-on manat pullarını, bir gümüş kəmərlərini gətirmişdilər. Elə indi bu saat hamısı silist altındadılar. Eh, doğrudan, aşnalar, müsəlman çox nadinc millətdi.
Sərkiz. Soltan ağa, bizi yola sal gedək. Allah atana rəhmət eləsin. Yolumuz uzaqdır.
Karapet. Soltan ağa, bizi yola sal gedək. Allah ömrünü uzun eləsin.
Vəlisoltan. Yox, yox, heç olmaz. Bu saat nökər çay və çörək gətirəcək sizə. Və bir də ki, gecə vaxtı nə olubdu ki, gedəsiz? İnşallah, gecə qalarsız burda, tezdən öküzün də pulun alıb, yola düşərsiz. İndi Nurəligil kişmiş gətirəcək, bir az da qoyarsız dəsmalınıza, apararsız uşaqlarınıza.
Karapet. Yox, yox, Soltan ağa, başına dönüm, bizə kişmiş lazım deyil. Bizi yola sal.
Nurəli yaraqlı və qıvraq girir içəri.
Nurəli. Hələ uşaqlar gəlməyiblər, ağa?
Vəlisoltan. Yox, hələ gəlməyiblər. Nurəli, gələsiz, bu daşı ətəyinizdən tökəsiz. Doğrusu, mən qorxuram.
Nurəli. Soltan ağa, nədən qorxursan? İnşallah, heç zad olmaz.
Karapet (Nurəliyə). Ay Allah bəndəsi, belə işlərdən nə töküləcək? Xatadı, vallah, oturun aşağa. Bir tay kişmiş nədi ki, ondan ötərü özünüzü bəlaya salırsız?
Nurəli. Doğrusu, Karapet, xonaxa, belə fürsət ələ düşməz. Bu kişmiş belə o sən deyən kişmişlərdən deyil. Heyifdir bu cür kişmişi əldən çıxartmaq. Yoxsa əlbəttə kişmiş nə bir elə bahalı şeydir ki?
Karapet (Sərkizə). Zarmaneli bana.
Daxil olurlar kəndlilər, qıvraq və yaraqlı.
Kəndlilər (Nurəliyə). Nurəli, biz də hazırıq, gedirsən, gedək.
Nurəli. Yaxşı, gedək.
Hamı kəndlilər uzaqlaşırlar.
Vəlisoltan. Xoş gəldiz. Aman günüdür, uşaqlar, ehtiyatlı tərpəşin.
Kəndlilər (uzaqdan). Arxayın ol, Soltan ağa, heç xof eləmə!
Vəlisoltan (ermənilərə). Bir də, dostum, siz nahaq yerə ehtiyat eləyirsiz. İnsanın alnına hər nə ki, yazılıb, o olacaqdır. Hər kəsə hər nə qismətdi – yetişəcəkdir. Əgər o kişmişlər bizim uşaqlara qismətdi, göydə də olsa, gətirəcəklər. Yoxsa nə olacaqdı bir mənə de görüm. Karapet kirvə, əgər mən səndən aldığım öküzün pulu sənə qismətdi, hər vaxt olsa, yetişəcək; yoxsa qismət deyil, al görüm, pulunu məndən necə alacaqsan!
Karapet. Soltan ağa, hərgah öküz indi bu saat sənə lazım deyil, elə yaxşısı budur ki, ver aparaq. İndi mənim özümə öküz çox lazımdı.
Vəlisoltan. Yox, dostum, verə bilmərəm. Öküz mənim özümə də lazımdır. Ancaq puluna sözüm yoxdur. İnşallah, gedəndə pullarını sanıyıb, qoyaram ovcunuza, apararsız.
Uzaqdan bir neçə güllə səsi gəlir.
Vəlisoltan. Bu nə tüfəng səsidir? Yəqin ki, bizim uşaqlar olacaq.
Karapet və Sərkiz qorxa-qorxa dururlar ayağa.
Sərkiz. Karapet, yaxşısı budur, biz gedək, sonra gəlluq, pulu alluq.
Karapet. Soltan ağa, heç zərəri yoxdur, qoy pul qalsın. Doğru indi bizim yolumuzu kənddə gözətləyirlər. Əgər getməsəm, çox nigarançılıq olar. Allah qoysa, bir özgə vaxt gəlluq qulluğunuza.
Vəlisoltan. Yox, yox, vallah, mən sizi gecənin bu vaxtı ac və susuz heç vədə yola salanmaram.
Karapet. Yox, vallah, Soltan ağa, heç zəhmət çəkmə. Biz çörək-zad yeməyəcəyik. Elə biz getsək, çox yaxşıdır.
Sərkiz (yapışır Karapetin qolundan). Elə, Karapet, gedək. Getməyimiz yaxşıdır. Pulu sonra gəlib alarsan.
Vəlisoltan (qabaqların kəsib). A kişi, siz nə təhər adammışsınız? Axı bu soyuqda gəlmisiz, bir istəkan çay içməyə nə var? Ondan sonra genə gedərsiz da. Yoxsa belə də zad olar ki, mənim evimə gəlib bir istəkan da çay içməyəsiz? Bu harada görünübdür? Gədə, Kərim, çay necə oldu?
Karapet. Ağa, elə çaydan vacib o Kərimi yolla görək kimmiş tüfəng atan?
Bu heyndə kənardan tappıltı və qiylüqal səsi gəlir, ermənilər istəyirlər qapını açıb çıxsınlar. Nurəli və Şirəli və Cəfər və Hüseynqulu bir tay sürüyürlər otağın içinə. Ermənilər qorxub çəkilib qısılırlar bucağa və mat-mat baxırlar və kəndlilər tövşüyürlər.
Vəlisoltan. Ədə, Nurəli, nə tez gəldiniz? Deyəsən, qoçaqlarım, əlidolu gəlmisiniz?
Nurəli. Soltan ağa, oqatımız təlxdi, işimiz pis getdi. Allah axırın xeyir eləsin.
Vəlisoltan. Nə var, Nurəli, olmaya əlinizdən bir xata çıxmış ola? O tüfəng səsi nə idi bayaq gəlirdi?
Nurəli. Eh Soltan ağa, qəzadı da. Adam nə bilir ki, başına nə gələcək? Bir işdi olubdur.
Vəlisoltan. Gədə, Nurəli, nə danışırsan? Yoxsa əlinizdən bir xata çıxıbdır?
Qalan kəndlilər dəvəçinin ölüsünü sürüyüb salırlar otağa. Vəlisoltan mat qalıb, ermənilərin rəngi qaçıb və gözləri böyüyüb.
Nurəli. Soltan ağa, gördün başımıza nə iş gəldi, necə xataya düşdük? Aman günüdür, Soltan ağa, bizə bir tədbir elə!
Kəndlilər dəvəçinin ölüsünü salıb ortaya kor-peşiman çəkilib, kənarda başıaşağı mütəfəkkir baxırlar.
Vəlisoltan (kəndlilərə). Olan, səfeh uşağı səfeh, bu nə iş idi elədiz? Gədə, köpək uşağı, dəli olmusuz? Adam da bir tay kişmişdən ötəri adam öldürər? La-ilahə illəllah! Nələt sənə şeytan! Haramzadalar! İndi mən nə tədbir töküm? Siz dəli olmuşduz, keflənmişdiz ki, getdiz nahaq qana bais olduz, ay it uşağı! Siz hələ silisdən qurtarmamısınız. Siz lap elə quldurmuşsuz, yol kəsən imişsiz. Siz vilayətin adın batırdız. Bərgüşad hara, belə işlər hara? İndi gəl divana cavab ver.
Nurəli. Soltan ağa, iş-işdən keçibdir, durmaq vaxtı deyil. Sən bizə bir tədbir tök. Sən genə dünya görmüş adamsan.
Vəlisoltan. Nələtə gələsiz sizi görüm! (Bir az fikir eyləyir). Gədə, durmayın daxı götürün ölünü də, kişmişi də, aparın töylədə peyin içində basdırın. Sabah olsun görək başımıza nə gəlir.
Nurəli. Soltan ağa, xeyr, ondan fayda yoxdur; iş çox pis gətirəcək. Biz qəflət eləmişik.
Vəlisoltan. Necə qəflət eləmisiz? Yoxsa gələndə adama-zada rast gəlmisiz?
Nurəli. Xeyr, biz heç kəsə rast gəlməmişik. Deyirəm çox xam iş tutduq.
Vəlisoltan. Necə məgər!
Nurəli. (ermənilərə tərəf başı ilə işarə edib Vəlisoltana). Heç, deyirəm ki… (yenə baxır ermənilərə və başını buluyur).
Cəfər (öz-özünə). Mən bilmirəm bu ermənilər hardan gəlib çıxdılar bura! Zəhrimar olsun buların öküzü də, haqq-hesabı da!
Kəndlilər başlayırlar pıçıldaşmağa.
Nurəli. Doğrudan, Soltan ağa, çox xam iş tutmuşuq. Gərək biz işin əvvəlindən tədbiri elə götürəydik ki, kənar adam bizim işimizdən xəbərdar olmayaydı.
Vəlisoltan. Necə kənar adam? Bilmirəm siz kənar adam kimi hesab eləyirsiz?
Kəndlilərin bir neçəsi əyilib baxır ermənilərin üzünə, pıçıldaşırlar.
Nurəli. Doğrusu, Soltan ağa, biz bu işi heç vədə basdıra bilməyəcəyik. Bu ermənilər bizi girə verəcəklər. Bunlara nə etibar var? Erməni heç vədə müsəlmanın sirrini saxlamaz.
Karapet. A canım, biz sizə nə vaxt yamanlıq eləmişik? Nə vaxt sizi girə vermişik? Ermənidən heç belə işlər görünməyib. Yer haqqı, göy haqqı, biz bu işi heç bir yerdə açıb-ağartmarıq, arxayın olun.
Sərkiz. Va, olan, niyə deyiruq? Biz qonşu deyilük? Qonşu qonşunun sirrin açar?
Vəlisoltan. Xeyr, Nurəli, siz bulardan arxayın olun. Yox, yox, bular elə adam deyillər.
Nurəli. Xeyr, Soltan ağa, heç olmaz. Yox, heç ağlım kəsmir, bizi bular gurultuya verəcəklər. Erməniyə etibar yoxdur.
Şirəli. Allaha and olsun, elə burdan çıxan kimi gedib pristova xəbər verəcəklər.
Kəndlilər. Əlbəttə, belədir. Yəqin ki, xəbər verəcəklər.
Karapet (yalvara-yalvara). Başına dönüm, Soltan ağa, bizi əldən qoy, çıxaq gedək Allah rizasına.
Nurəli (qeyz ilə). Yox, dostum, gedə bilmərsiz; heç yana tərpəşə bilməssiz.
Sərkiz. Canım, biz gedirik. Karapet, gəl düş qabağa, gedək. Cəfər. Nurəli, aman günüdür, qoyma getsinlər! Yoxsa bular bizim evimizi yıxar!
Nurəli. Ədə, kimin nə cürəti var ayağın bayıra bassın?
Kəndlilər başlayır pıçıldaşmağa.
Karapet (yavaşca). Soltan ağa, aman günüdür, bizə bir çarə elə, o uşaqların fikri özgədir. Bizi çövür balalarının başına.
Vəlisoltan. Dostum, qaçmaqdan savay bir əlacı yoxdur. Görün bir təhər qaça bilərsiz.
Ermənilər qaçırlar, kəndlilər “Ədə, qoyma!” deyib ermənilərin dalısınca, erməniləri bir az qovub qayıdırlar otağa. Ölü qalxır.
Nurəli. Soltan ağa, mən ölüm, bu ermənilər bir də bu kəndə ayaq basallar?
Vəlisoltan. Bəli, o hörməti ki, biz bulara qoyduq, tez gələllər. Afərin!
Kəndlilər hamı birdən. Sağ ol, Nurəli!
Tamam olur, pərdə salınır
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-kismis-oyunu-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qorxma, osmanlıca yazmıram! Öz dilimizdə yazacağam. Yoxsa başdan “Etidaliyyun” sözünü görüb elə xəyal elərsən ki, biz də “osmanlılaşdıq”, yəni “ərəbləşdik”, yəni mötəbər qələm sahiblərinin cərgəsinə soxulduq. Maşallah, qəzetlərimizi görəndə adamın “tamahı” düşür: lap elə bil ki, təzə Osmanlıda çıxan “Hikmət” qəzetidir ki, mərhum Məlkümxan deyən kimi, maşallah adını da oxumaq olmur ki, biləsən bari nə qəzetidir.Bəli, yenə Osmanlı padşahının tərifi başlanır. Nə olar, qoy başlansın. Amma dəxi demə ki, “dünyanın yox yerdən vücuda gəlməyinə bais sultanımızdır”.
Hacı İbrahimov“Rusiyada Əbdürrəşid İbrahimov həzrətlərini tanımayan kimsə yoxdur”. Bu adamın barəsində Əhməd bəy Ağayev belə deyir. Və belə deyəndən sonra başlayır hacının hünərlərini və xidmətlərini birbir saymağa. Məsələn, İstambulda “Əsrari-Qasimi” elmlərini oxuyub qurtarandan sonra gəldi Peterburqa və başladı “Ülfət” qəzetini çıxartmağa. Axırda baş götürüb getdi Yaponiyaya və orada 35 nəfər məbus və mühərrirlərdən və vəzirlərdən islam dininə çöndərdi. Elə az qalmışdı ki, Yaponiya imperatoru da islamı qəbul edə ki, dəxi İbrahimov istixarə eləyib, artıq qala bilmədi və oradan düz Məkkəyə tərəf yola düşdü və “Tərcüman” qəzetini elə indiyədək təəccübdə qoydu ki, aya, görəsən, İbrahimov yaponlarla hansı dildə danışırdı; çünki İbrahimov öz dilindən savayı bir qeyri dil bilmir, yaponlar da müsəlmanca bilmirlər.Bunların heç birini mən hesaba qoymuram. Allah şahiddir ki, Əbdürrəşid İbrahimovu Rusiyada tanımayan yoxdur. Amma söz burasındadır ki, əgər sən elə belə deyib dursan, mən də deyərəm ki, İranda şeyx Fəzllulahı da tanımayan yoxdur. Ya gərək sözünü geri götürəsən, ya da gərək mətləbi açasan; yoxsa İstambulda təhsil tapmaq, sonra “Ülfət” qəzetini çıxartmaq və sonra da “Bəyanül-həqq” qəzetinə müxbirlik eləmək artıq bir iş deyil.
ŞeyxülislamMərizxana elə bir yerə deyirlər ki, orada naxoşlar müalicə olunur. Yevropada mərizxana çoxdur, amma İranda və müsəlman məmləkətlərində yoxdur və bunun da səbəbi var; səbəbsiz dünyada heç şey yoxdur. Səbəbi odur ki, əcnəbilər naxoş olanda onlar mərizxanaya və təbibə möhtac olurlar, amma müsəlmanlar naxoş olanda çağırırlar cindar Seyid Bağırı, o da naxoşun qabağında bir tas qurur, içinə su tökür və bir yazılı kağız salır və üfürə-üfürə başlayır oxumağa: “Bağladım, bağladım, çıxın cinlər, şəyatinlər”. Bu cindar işini tamam edir və pulunu alıb gedəndən sonra Qışlaqlı cənab filosof Baxış daxil olur və əlini cibinə uzadıb dərmanlarını çıxarır və bir-bir naxoşun qabağına açıb başlayır tərifləməyə: “Bad zəncburya, quş üzümü, toxmi-xərdəl, inəbüləq-ləb, cövzi-hindi, qaqleyi-kübar, qaqleyi-süğar və dörd dirhəm dərdi mülki-ərzəq. Bunları qarışdırıb naxoşa verəndən sonra nə olsa, haman saat kəsəcək”.Budur mərizxana, budur müalicə, budur təbib. Yoxsa Yevropada bir böyük imarəti mətəl eləyirlər və başdan-başa qravat düzürlər və dünyanın zəhərli və acı murdar davalarını gətirib ortaya yığırlar, çağırırlar binamaz həkimləri və naxoşları doldurub həftələr ilə, aylar ilə orada saxlayırlar ki, nə var, nə var “biz bu naxoşlara müalicə eləyirik”.
Helmi PaşaXəyalım möhtərəm oxuculara artıq başağrısı vermək deyil. Onsuz da hava istidir: nə uzun-uzadı yazmağa damağım var, nə uzun-uzadı oxumağa xalqın həvəsi var. Bir neçə söz müxtəsər ərz edib, qoyacağam qələmi yerə.Bircə bunu soruşmaq istəyirəm: nə əcəb Rusiya hökuməti razı oldu ki, Helmi paşa Rusiyanın müsəlman şəhərini gəzib dolansın, müsəlmanlarla görüşüb danışsın? Qəzetlərdən məlum oldu ki, Helmi paşa Peterburqun müsəlman camaatının içində oldu, onlarla qonuşdu, sonra Moskvaya, Kazana, Orenburqa və Samaraya getdi və müsəlmanların başçılarının məclisində söhbətlər elədi, nitqlər oxudu. Buna nə əcəb Rusiya hökuməti razı oldu?