“Kovdan” qanmaz adama deyərlər. Bu istilahı mən birinci dəfə Mirzə Fətəli Axundovun kitabında görmüşəm. Orada birisi üzünü bir nəfər bizim azərbaycanlıya tutub deyir: siz qəribə “kovdan adamsınız”.

O vaxt mən qəlbən kitab sahibindən bir növ rəncidə xatir oldum; çünki atadan və babadan mən özüm azərbaycanlıyam, onunçün də mənim qeyrətim bir az mıqqıldadı.

Amma axırda belə məlum oldu ki, o vaxtlar mən xam idim və ələlxüsus ki, dünən mən “Kommunist” və “Gənc işçi” qəzetlərini Tehranda nəşr olunan “Vətən” və Həmədanda nəşr olunan “Gülgün” ruznamələrini oxuyandan sonra, mərhum Mirzə Fətəlinin söyüşü yadıma düşür: siz qəribə “kovdan” adamsınız”...

Allah da bilir ki, bu söz haqdır, ya yox!..

Mən heç özüm də bilmirəm ki, bu sözləri burada yazmaqdan məqsəd nədir; çünki o mətləb ki, onun barəsində indi yazmaq istəyirəm – həmin qabaqkı sözlərə onun heç bir rabitə və əlaqəsi yoxdur.

“Kommunist” qəzeti 252-ci nömrəsində arvadı çarşablı kommunistlərin bir uzun siyahısını yazır və bu yoldaşların adlarını və qulluq elədiyi yerləri bir-bir və aşkar yazır.

Burada bir qədər dayanıb düşünmək lazım gəlir. Biz deyəndə “arvadı çadralı kommunist” – biz elə bilirik bu bir adi söhbətdir. Ancaq bir qədər düşünmək gərək: əhyana bu qəzet nömrələri gedib düşə Moskvada bir rus kommunist yoldaşın əlinə, ya Yerevanda bir erməni kommunist yoldaşın əlinə – heyhat! Onlar biz Azərbaycan milləti barəsində nə fikirlərə gedə bilərlər və bizim barəmizdə nə bir əqidə bağlaya bilərlər?

Hələ bu səhldir. “Kommunist” ruznaməsi gedib çıxa Həmədanda bir nəfər iranlının əlinə; Allahın Həmədanında da “Gülgün” qəzetinin 41-ci nömrəsinin yazdığına görə və habelə “Vətən” qəzetinin yazdığına görə qadınlara azadlıq vermək məsələsini müzakirəyə qoyurlar. Amma biz şuralı azərbaycanlılar, biz Oktyabr inqilabının on illiyini keçirən azərbaycanlılar kommunistlərimizin arvadlarını çarşablı görürük.

Hələ övqatımın bu təlx vaxtında dünən qəzet paylayan oğlan “Gənc işçi”nin 85-ci nömrəsini gətirib deyir: oxu.

Açam görəm Azərbaycan proletar yazıçıları cəmiyyəti barəsində tamam bir səhifə məqalədir.

Bu da yaxşı olmadı: bəs, biz gözümüzü dikdiyimiz və ümidlərimizi bağladığımız cavan proletar şairlərimizin barəsində bu qədər töhməti qəzet sütunlarında oxuyanda köhnə qafalı və köhnə məfkurəli qocalmış şair və ədiblərnmizə nə cavab verə biləcəyik?

Heyhat!

Ancaq yenə deyirəm ki, burada söhbət olunan mövzuların– məqalənin başında yazılan müqəddəməyə heç bir əlaqə və heç bir rəbti yoxdur.

O, öz yerində.

Bu, öz yerində.

Vəssəlam.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 1 noyabr 1928, №44

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İsgəndəri-kəbirlər

Qədim əsrlər çox da fəxr eləməsinlər ki, onların İsgəndəri-kəbiri var imiş.İndiki əsrin İsgəndəri-kəbirləri qədimki isgəndərlərə bir təpik də hələ vurublar.

2 dəq
Teatr söhbətləri

İstəyirdim bu barədə danışmayım; çünki bizdən savayı qeyri millətlər də var. İstəmirdim ki, eybimiz dünya və aləmə faş olsun. Onunçün oxucularımızdan iltimasım budur ki, qonşularımızdan rus, erməni, gürcü və yəhudi – hansı birisi rast gəlsə və soruşsa da, Molla Əmi baş məqaləsində nə yazır, ancaq bunu desinlər ki, burada, qəzalarımızın dairə Şura sədrləri büdcə pullarını artıq bir səliqə ilə xərcləməyi barəsində yazılır və israf-məsrəf, Əlinin və Vəlinin papaqlarının komediyabazlığından dairə Şura sədrləri çox uzaqdırlar–inşallah...Komediya dedim, oktyabrın beşində işçi teatrımızda qurulan teatr müsahibəsi yadıma düşdü. Burada dəxi bilmirəm mən nə danışım; o qədər ki, orada uzun-uzun nitqlər, bəhslər, deyişmələr (az qala hələ vuruşma) oldu, – dəxi artıq müzakirəyə lüzum qalmadı.

2 dəq
Məktəbdə çarşab, yaxud çarşabda məktəb

Səkkizinci şura məktəbinin qızları (başqa məktəblər hələ qalsın) nə qədər ki, birinci, ikinci və üçüncü sinifdədirlər, evlərindən məktəbə və məktəbdən evlərinə başıaçıq və dizətək ayaqları açıq gedib gəlirlər (necə ki, sair millətlərin qızları).Amma elə ki, dördüncü sinfə ayaq basdılar, ta yeddinci sinfi qurtarana kimi məktəbə çarşablı gəlib gedirlər.

1 dəq
Çadra və papaq

Çadra məsələsi bir kiçik məsələdir: çadranı başa salmaqla salmamaqda bir o qədər fərq yoxdur. Biz deyə bilmənik ki, çadrasız gəzən arvadlar çadra örtən arvadlardan həyasızdırlar, ya həyalıdırlar və habelə demək olmaz çadra örtmək arvadı həyasızlıqdan təmin edir, ya təmin etmir. Həyalı arvad çadrasız da gəzə bilər, çadralı da gəzə bilər; həyasız arvad çadrasız da gəzə bilər, çadralı da gəzə bilər. Burada ancaq tək bircə təfavüt vardır: o təfavüt də budur ki, çadra qədim vəhşi zəmanələrin yadigarıdır, onunçün də bir arvadın başında çadra görəndə keçmişlərdə vəhşi və yırtıcı insanların əsri yada düşür.Amma, papaq məsələsi bam-başqa bir məsələdir. Burada dəxi bir vəhşilik və yırtıcılıq söhbəti yoxdur; fikir verməli məsələlərin biridir.

2 dəq

Başqa şairlərin şeirləri · Satira