Küpə
Bizim şeyxin qırx səkkiz arvadı var
Molla Nəsrəddin heç vaxt yalan söz danışmayıb və danışmaz. Bəlkə də qırx səkkiz olmaya, otuz səkkiz ola, otuz ola – söz burada deyil, söz buradadır ki, bizim şeyxin hər kənddə iki arvadı var.
Heç təfavütü yoxdur: Frəngistanda lotuların kefi qalxanda bir gün gedirlər bir fahişəxanaya, o biri dəfə gedirlər o biri fahişəxanaya. Bizim şeyxin də kefi qalxanda bir gün atı minib gedir “Qoşa dizə” kəndinə, o biri gün atı minib gedir “Qahab” kəndinə.
Bircə təfavüt buradadır ki, Frəngistanda fahişəxanaya gedənlərə bir yolluq “lotu” deyirlər; amma bizim içimizdə bu cür adamlara “şeyx” deyirlər. Frəngistanda lotular məclislərə gələndə utana-utana aşağı başda otururlar, amma bizim içimizdə o cür lotular yuxarı başda otururlar. Frəngistanda o qisim lotuları övrət-uşaq içinə qoymazlar, amma bizim övrət-uşaqlar bu cür lotulardan “Cameyi-Abbas” məsələləri öyrənirlər.
Xülasə.
Bu söz ki, indi mən burada danışıram – çox böyük sözdür; ondan ötrü ki, şeyx cənabları şəhərimizdə nüfuzlu və hörmətli əşxasın birincisidir. Hər bir sahibi-bəsirət, hər bir qeyrət və namus əhli, hər bir vicdan sahibi gərək bu sözü oxuyandan sonra öz-özlüyündə bir qədər fikir eləyə və görə bu nə sözdür ki, burada danışırıq.
Əgər bu danışdığımız sözlərin içində bir xırda iftira və yalan olsa, hər bir insaf əhlinin borcudur məcmuəmizin vərəqlərini cırıb atsın arxın içinə.
Amma bir şey də var. Bəlkə baxıb gördü ki, danışdıqlarımızda xilaf yoxdur, – o vədə də hər bir kəs öz təklifini özü bilər.
Keçək söhbətə.
Bizim şeyxin qırx səkkiz arvadı var.
Şeyxin damağı qalxanda atı minib gedir “Badaşxan” kəndinə. Yol ilə keçəndə görür ki, “Yarımca” deyilən kənddə camaat yığışıb bir meydana və Kalantar adlı bir alim maşınları və alətləri bir stol üstünə yığıb, kəndlilərə maşın vasitəsilə yağ qayırmaq üsulunu təlim edir. Keşiş də durub qabaqda və kəndlilərə Kalantarın sözlərini təkrarən bəyan eləyir.
Bəli, şeyx cənabları yetişir “Badaşxan” kəndinə və düşür bir dövlətli hacının evində. Camaat xəbərdar olub yığışır. Şeyx yeyib-içəndən sonra başlayır vəzini: “Sudməndtərin daruyi ki, çirbi xarxari şahidani gülüzarra füru minişanəd, əmri təzvic nikahi mütəəst; tədbirist mətin dər mühafizəti şəhristani iyman əz taraci türkani qəmzəhayi canstan, hisnist həsin dər təqlili xuni fasid”.
Bu əsnada şeyx cənabları birdən üzünü naxoş kimi turşudub əlini qoyur belinə və “boy, boy!”, – deyib üzüqoylu düşür. Camaat diksinib qorxa-qorxa gəlib əhvalpürsan olur. Şeyx yenə bir qədər “vay, vay!” eləyib nazü qəmzə ilə cavab verir ki, “qulunc” olmuşam.
Bəli, səs düşür ki, şeyx cənablarına soyuq dəyib və qulunc olub.
İndi bunun çarəsi? Çarəsi budur ki, şeyx cənablarının dalına gərək küpə qoymaq və sonra canını ovmaq. Bəs bunu kim eləsin? Əlbəttə, məhrəm adam lazımdır. Bu da ki, övrət işidir.
Çox əcəb. Adam göndərirlər Kərbəlayı Qəhrəmanın qızı Sonanı gətirirlər. Siğəni şeyx özü haman saat cari edir, – vəssalam.
Dəxi nə baş ağrısı verək, – iş qurtardı getdi və camaat da şeyxə dua eləyə-eləyə dağılıb gedir evinə.
İndiyədək bizim, – eyib olmasın – qəzetlərimiz Naxçıvan drazguşlarına belə rəvayət eləyiblər ki, Avropa millətlərinin kişiləri və övrətləri bihəya və ismətsizdirlər; amma indi bir mənə də qulaq ver, gör nə deyirəm.
Mən deyirəm ki, bizim şeyxin evdə övrəti ola-ola hər kəndə gedəndə ikisini də orada alır. Əgər Avropada bu əməl, keşiş demirəm, bir dəmirçidən baş versə, hökumət onu tutub qatar mərizxanaya ki, müalicə olunsun; çünki Avropada belə adama naxoş deyirlər. Amma bizim aramızda bunlar behişt kandidatlarıdır.
Bizim şeyxin qırx səkkiz arvadı var!..
Mən desəm ki, əgər işlər bir neçə il də belə getsə qonşularımız vilayətimizi sahiblənəcəklər, sən deyəcəksən ki, yox, inşallah, sahiblənə bilməzlər.
Ey əzizim, mənim dəlilim var, bəs sən nə deyirsən? Bir surətdə ki, dəlilin yoxdur – deginən ki, bəli, doğru deyirsən, ey əmi!
Və əgər istəyirsən, belə də deyə bilərsən:
Ey əmi, kəşf elədin sirri-qəmi-dildari,
Dəmbədəm əşki-bəsər çöhrəyə oldu cari,
Bundan əfzun eləmə şərhi-qəmi-qəmxari,
Binəvada dəxi yox tabü təvan, ağlamasın.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 23 avqust 1909, №34
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-kupe
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
(Əxirən həyatına fəcianə bir surətdə xatimə çəkilən sabiq topçu ofiseri Məmmədqulubəy Kəngərli)*Bu il avqust ayının 29-da Batum şəhərində Məmmədqulubəy Kəngərlinin erməni komiteti tərəfindən göndərilən ermənilər tərəfindən şəhid edildiyini duyub qəlbən ağlamayan qafqazlı bir müsəlman yoxdur. Zənn edirəm, məhz millət yolunda qurban olan belə bir vücudi-müqəddəsin tərcümeyi-halını yazmaq, bilməyənlərə tanıtmaq, onu bilən hər sahibqələmimizin, əlbəttə, ən birinci borcu idi. Nə fayda ki, indiyə qədər bu borcu yerinə yetirən bir kəs meydana çıxmadı. Doğrusu, bu hal bu qədrnaşünaslıq ümumi–millətin üstə bihədd naşükürlük töhməti qoyacağından qorxdum. Sevgili millətimə öylə böyük bir təqsiri rəva görmədim. Bu səbəblədir ki, sahibqələm olmaya-olmaya, mərhumun vətənindən minlərcə verst uzaqda ola-ola qəlbim razı olmadı ki, öylə bir mücəssəmi – həmiyyənin, fədakari-millətin tərcümeyi-halı yazılmamış qalsın. Buna görə millətin qədrşünaslığı naminə mərhumun tərcümeyi-halından bildiyim qədər yazıram:
OxucularımızaMəcmuəmizin 15-ci nömrəsində “Təzə həyat”ın məsləki barəsində bir neçə söz danışmışdıq. Bizim bu sözlərimizə “Təzə həyat”ın acığı tutub, başlayıb bizim xüsusumuzda küçə söyüşləri söyməyə. Bu söyüşlərə biz cavab yazmayacağıq və buna da iki səbəb var: əvvəla, məcmuəmizdə yer azdır və ixtiyarımız yoxdur bu az yeri qərəzi -şəxsi münasibətlə vuruşma meydanı edək.Saniyən indiki halımızı nəzərə alıb Qafqazda müsəlman qəzetlərinin çoxalmasını qənimət hesab edirik və “Təzə həyat”ın özünün də camaatımız üçün nafe olmağını danmırıq, bu şərt ilə ki, əvvəlinci nömrənin baş məqaləsini və qalan nömrələrdə bir para məddahanə mənzumələri cırıb tullayaq Kaspi dəryasına.
Türkiyə məşrutəsinin keçmişindənTürkiyə sultanlarına hələ XVIII əsrdə aydın olmuşdu ki, ümumiyyətlə, dövlət quruluşunda və xüsusilə-hərbi təsisatda olan anomaliya Türkiyənin mədəni inkişafını və habelə işğalçılıqdakı müvəffəqiyyətli hərəkətini ləngidir.Böyük sərkərdələr Napalyon və Suvorov bütün dünyaya səs saldıqları zaman, onlardan birincisinin müzəffər qoşunları Misrə, digərininkilər isə Qərbi Avropaya hücum etdikləri zaman, nəhayət, türk qoşunları Avstriya və Rusiyanın birləşmiş qoşunları tərəfindən Serbiya və Rumıniyada büsbütün darmadağın edildikləri zaman dahi Sultan Səlim salis çox aydın başa düşdü ki, onun dövründəki dövlət quruluşu Türkiyə imperiyasını açıq-aşkar uçuruma doğru aparmaqdadır.
Hicab məsələsi və cavabımızDünyada hər cür çətin və xariqüladə bir məsələ bəsirət və insaf ilə müzakirə olunsa, şəksiz, həqiqət tərəfi axtarılar. Həqiqət axtarılan yerdə də mütləq ixtilaf olur. Şüurlu ixtilaf isə, əlbət şüurlu ittihadı meydana gətirir. Hər halda, möhkəm və davamlı ittihad məhz fəhm və bəsirət yolu ilə olan ixtilafdadır. Bu səbəblədir ki, “ixtilafü ümməti rəhmətün” buyurulubdur. Amma, heyf ki, zəmanəmizin biz mollaları arasındakı ixtilaf aləmin başına böyük bir bəla olubdur. Nə cür olmasın ki, əqli ilə şəri dəlillər ilə mübahisə edib həqiqəti axtaracağımız yerdə, hər birimiz başımıza bir avam dəstəsi yığıb “təkfir” silahilə vuruşmağa başlayırız. Gözəl şəriəti əldə bəhanə edib biçarə avam camaatı öz qərəz və mərəzimizə alət edirik. Dəstə riyasətliyini, avamlıqdan gələn mənfəəti-şəxsiyyəni həmişə saxlamaq üçün araya min cür böhtan və təvil salırıq. Heç mümkün deyil ki, biz mollalar öz aramızda, öz qaydasilə müzakirə və mübahisə edib axırda bir tərəfə tabe olaq: görəcəksən ki, bir paramız əcələ bir dəstə sazlayıb qışqırırıq: filankəs, məsələn, hicabı inkar edib dinindən çıxıb, onun qanı halaldır. Biçarə camaat da elə güman edir ki, bu cür mollaların qeyrət və namusları bu cür həqarətə davam gətirə bilmir; elə zənn edir ki, bir para mollalarımızda doğrudan din, millət və vətən qanı var və o qan qoymur ki, müsəlmanların haqq və etiqadına toxunsunlar.Amma vallah, yalan: gündə yüz kərə milli və dini haqq və ixtiyarımıza toxunurlar. Milli və dini hüquq və namusumuzu ayaqlar altına alırlar. Lakin heç birimizdə dodaq tərpədəcək bir cürət yox. Cümləmiz siçan kimi evlərimizin deşiklərinə soxulub öz canımızın qeydinə qalırıq. Bir saatlıq rahəti, bir qəpiklik mənfəəti heç bir şeyə dəyişmirik. Amma Allah göstərməsin ki, bir adam məhz tərəqqiyi-millət naminə, bir ixtilaflı məsələdən bəhs aça və ya “adət”in ziddinə gedə, hər deşikdən baş qaldırıb başına ildırımlar yağdırırıq. Hər birimiz guya din və millətin ən qeyrətli hamisi, canıyananı donuna girib zəmanə aslanı, qəhrəmanı oluruq. Halbuki bunların hamısı avamı allatmaq, “mən varam” demək, yalançı alimlik göstərmək, asanca şöhrət qazanmaqdır. Nə deyim? Həqq – taala cümləni biz mollaların fəndi felindən, riyasət və mənfəət tamahından, ikiüzlülük sifətindən uzaq eləsin.
Başqa şairlərin şeirləri · Satira
Arif çalışır ki, millət azad olsun,Zahid çığırır ki, məscid abad olsun.
Ramazan, Novruz və MəhərrəmHər rəngə desən girməyə amadəyik, əl’an,Üç rəngə girər ildə bu qayilçə müsəlman:
Ey olan xas şiəyi-HeydərEy olan xas şiəyi-Heydər,Ver qulaq, eyle bu sözü əzbər:
Nuşirəvanü Hatəmi Qanuni dəhrdəHəcv*Nuşirəvanü hatəmü Qanuni dəhrdə,