Mırt-mırt
Vacib və lazımlı bir məsələ var ki, ona da heç diqqət eləmirik və qulaq asmırıq, deyirik: “Eh, necə olacaq olsun!”.
Sözüm buradadır ki, bu axır vaxtlarda bizim yetişmiş qızlarımıza ər tapılmır və bir neçə il gözləyirlər, – axırda da hər kəs rast gəlir, – gedirlər, amma çoxu da qalır evdə və özünə layiq oğlan tapa bilmir ki, getsin (Dövlətli qoca kişilərin kefidir ha!).
Bunun səbəbi nədir? Niyə qızlarımız çoxalıb və evlənən cavanlarımız azalıb?
Bunun səbəbi budur ki, oğlanlarımız gedib Avropa dərsi oxuyurlar və Avropa tərbiyəsi alırlar. Bunların da bir parası dərsi qurtarıb, vətənə qayıdıb gələndə öz yanlarınca rus, yəhudi, ya qeyri bir millətlərin qızlarından birini seçib gətirirlər və kəbin kəsdirib, özlərinə övrət eləyirlər.
Cavanlarımızın da bir parası qayıdıb gəlir vətənə ki, burada öz səliqəsinə müvafiq bir müsəlman qızı tapıb alsın. Amma gəzir, dolanır, xəbərləşir və axırda görür ki, dərs oxumuş və tərbiyə tapmış müsəlman qızı yoxdur. Bir neçə il də gözləyir, gözləyir və lap axırda ya bu da gəlir bir rus qızı, ya yəhudi qızı tapır, ya da “cəhənnəmə, gora!” – deyib, gedir bir müsəlman qızı alır.
Bəli, qızı alıb gətirir evə və öz özünə deyir ki, “bəlkə bir tövr ötüşək!”.
Bir gün səhər tezdən övrət yerindən durur, istəyir geyinsin getsin anasıgilə, kişi soruşur ki, “niyə gedirsən?”, övrət cavab verir ki, “bu gecə yuxu görmüşəm, gedirəm anama deyim, getsin Molla Haqverdiyə kitaba baxdırsın”. Kişi deyir ki, “nahaq yerə zəhmət çəkib getmə, ondan ötrü ki, yuxudan heç bir şey bilmək olmaz”.
Övrətin bu sözlər xoşuna gəlmir, ərindən küsür və iki gün ərilə danışmır.
Bir neçə gün də keçir. Bir gün kişi diqqət eləyib görür ki, övrəti gündüzlər ayağına corab geymir, qardaşının da və qeyri yad kişilərin də yanında ayaqları çılpaq dolanır; amma, söz yox, üzünü və başını çarqatnan bərk-bərk gizləyir. Əri deyir ki, “ayıbdır, ayaqlarına corab gey”, övrət cavab verir ki, “sən Allah ətimizi tökmə, evdə adam corab geyməz, adam yasa gedəndə, ya hamama gedəndə corab geyər”.
Bu da kişinin acığına gəlir və burada da kişi iki gün övrətindən küsüb danışmır.
Bir neçə gün də keçir. Övrət görür ki, həmişə axşamlar əri qabağına kitab qoyub oxuyur, ya bir kağız götürüb yazır. Övrət bikar oturub başlayır əsnəməyə. Bir az keçir, övrətin yuxusu gəlir və kişi də kitabından və kağızından əl çəkmir. Bir az da gözətləyəndən sonra, övrət hirsli girir ərinin otağına və başlayır bu cür məzəmmət eləməyə: “A kişi, sən olasan Allah, bu kitabları və kağızları tulla cəhənnəmə, az bu cinlərnən və şəyatinlərnən mırt-mırt danış, canına yazığın gəlsin! Bu nədir yuxunu özünə haram eləyirsən ki, nə bilim nə var? Bir canına yazığın gəlsin, bir usan, ay bu kitab-mitabı icad eləyənin evi yıxılsın!”.
Bu bir lazımlı və yenə lazımlı məsələdir. Əgər bu məsələni elə bu halətdə qoysaq, oxumuş cavanlarımızın heç biri müsəlman qızı almaz. Bu dərdə bir çarə tapmaq lazımdır; elə bu saat tapmaq lazımdır, sabaha da qoymaq olmaz!
Bizə qalsa, biz buna iki çarə bilirik:
Bunun bir çarəsi budur ki, oğlanlarımızı dəxi bundan sonra Avropa tərbiyəsinə qoymayaq; məsələn, Nehrəmin, Ordubadın cavan oğlanları həmişə Təbrizdə “elm” təhsil eləyirlər və vətənlərinə qayıdıb gələndən sonra evlənirlər və ömrlərinin axırına kimi də xoşbəxt yaşayırlar. Ya gərək belə ola.
Ya da ki, oğlanlarımızı Avropa dərsinə göndərəndə qızlarımızı da qoyaq dərsə ki, heç olmasa Avropa elmindən və tərbiyəsindən barı yarımçıq da olsa, bir az oxusunlar və öyrənsinlər.
Biz belə qanırıq və belə də deyirik. Hər kəs nə cür qanır, elə də qansın.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 10 fevral 1908, №6
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-mirt-mirt
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dəlixanada salon otağı, ortalıqda miz, ətrafında üç-dörd səndəlliyə, mizin üstə kağız, qələm, mürəkkəb qabı, zəng. Divardan saat asılıb. Mıxdan həkimin papağı, paltosu asılıb. Mizin qabağında dəlixananın müdiri doktor Ruhzad və yanında 5-10 nəfər tələbə. Bir tərəfində dəlilərin qilü-qalı eşidilir. Hərdənbir xəstələr hırıldayıb gülürlər. O dərəcədə ki, dam-divar uçmaq istəyir. Və gah sakit olurlar. Dəlilərə tərəf açılan qapının yanında bir kişi xidmətçisi durub, müdirin hökmünə müntəzirdir və dəlilərin mərəkəsi ucalan zaman qapını yavaşca açır, ucadan deyir:Qapıçı. Qalmaqal olmasın (Qilü-qal yatır).
Üçüncü məclisMərcan xanımın evində böyük qonaqlığa hazırlaşırlar. Zal otağında uzun stol açılıb. Üstündə belə qonaqlıqlara yaraşan hər növ qab-qacaq, hər növ içki, meyvəcat, şirniyyat, qəlyanaltı və qeyri düzülüb hazırdır. Stolun ətrafında dolanan Mərcan xanım,38 Zərəfşan xanım, Çiçək, Püstə, Həsrət xala, Şərəf xala, Vələmir (kişi qulluqçusu) . Hərdənbir İzzət nənə də vayıldaya-vayıldaya görsənir. Mürşüd dayı da hərdənbir bazardan gəlib, bazarlıq işlərinə dair baş çəkmək xidməti göstərir və gedir. Pərdə açı-landa otaqda olur Mürşüd dayı, Mərcan xanım və Zərəfşan.
Dördüncü məclisXəstəxananın səhnəsi, baş doktor və rejissor. Baş doktor tədbir tökür. Binagüzarlıq edir, rejissor gah səhnənin qabağına çıxıb pərdəyə baxır, gah baş doktorun yanına gəlib, onun əmrini dinləyir.Baş doktor. Mən elə güman edirəm ki, keçən dəfə Şahzadə qrimi namüvafiq idi. Belə ki, Türküstan şahzadəsinin başında tac olmağı yanlışdır. Ondan ötrü ki, tac ancaq onun atasına mütəlliqdir. Şahzadəyə isə, tac əvəzinə Buxara dərisi üstünə müzəyyən Kirman şalı sərilmiş ancaq bir papaq nisbət ola gərək. Ayaqqabıları gərək indiki əsri yox, keçmiş əsri yada sala. Təqriri və tələffüzü də gərək bir növ şahanə ola. Adi olmaya.
Poçt qutusuNoyabr ayının 12-ci günü idi. Hava çox soyuq idi. Amma hələ qar əlaməti görsənmirdi. Həkim axırıncı dəfə xanın naxoş övrətini yoluxub, cavab verdi ki, dəxi naxoşun əhvalı yaxşıdır; belə ki, bir həftəyədək səfərə çıxmaq mümkün olar. Xan çox tələsirdi İrəvana getməyə; çünki xanı orada çox vacib işlər gözləyirdi. Və bir də ki, qorxurdu qar yağa və hava dəxi də soyuya və naxoş üçün yola çıxmaq qeyri mümkün ola. Xan götürdü qələmi, irəvanlı dostu Cəfər ağaya bu məzmunda bir müxtəsər kağız yazdı:“Əzizim! Bir həftəyədək, ümidvaram, İrəvana gəlim övrət-uşaq ilə. Artıq-artıq təvəqqe edirəm, buyurasan bizim otaqlara fərş salıb, əlbəttə-əlbəttə peçləri yandırsınlar ki, otaqların havası pişəzvəqt təmizlənsin və isinsin, bəlkə naxoş üçün orada narahatçılıq üz verməsin. Bu kağızın cavabını mənə teleqraf vasitəsilə yetirəsən. Sən mənə dediyin işlərin hamısını yerbəyer eləmişəm. Xudahafiz!
Başqa şairlərin şeirləri · Satira
Şarj-nəzirə*Günlərin bir günündə
Orucluğun proqrammasıGəldi yenə orucluqMeydanə, ay can, ay can!
Üsuli və Şeyxi təriqət mollaların həcviNeçələr silsileyi-təbimə təhrik verir,Rişteyi-nəzmə çəkəm yəni düri-qəltani.
XaliMehri-ünqasını qıl, kuhi-vəfadən xali,Kəbəyi-məqsədin et, səyü səfadən xali.