Axır vaxtlarda çün kəndli və fəhlələr arasında yazıb oxumaq o qədər yuxarı dərəcəyə qalxıb ki, dəxi gündəlik poçt ilə jurnalımızı kəndlərə göndərəndə bu gün Bakıdan çıxanda sübh tezdən, sabahı günü ancaq Qazaxa və Qaryaginə və Gəncəyə çatır; belə olanda “Molla Nəsrəddin” jurnalının Bakıdan mahallara gedib çatmağı 24 saat çəkir.

Məlumdur ki, kəndlilər buna razı ola bilməzlər; ondan ötrü ki, savadsızlığı ortalıqdan qaldıran idarələrin dövlətindən indi dəxi gündəlik qəzetlər kəndlilərin iştəhasını söndürə bilməz və lazım gəlir ki, kəndlərə qəzet karvanı bir dəfə səhər daxil ola, bir dəfə günorta daxil ola, bir dəfə də axşam daxil ola.

Məlumdur ki, bunun öhdəsindən bircə aeroplan gələr ki, jurnalımızı götürsün göyə və Azərbaycan kəndlərinə yarpaq kimi səpələsin və kəndlilər də bir-birini basa-basa qapış-qapış edib oxusunlar, necə ki, bir az vaxtdan sonra, inşallah, qeyri aeroplanlı qəzetləri oxumaq xoşbəxtliyinə çatacaqlar.

İş ki belə oldu, biz bununla elan edirik ki, “Molla Nəsrəddin” adında bir aeroplan bina etmək qəsdinə gəlmişik və ümidvarıq ki, tez vaxtda camaat tərəfindən idarəmizə o qədər qızıl pul daxil ola ki, biz də bir aeroplan ala bilək. Və yəqin edirik ki, bir surətdə ki, qeyri, qəzetlərin aeroplanı üçün Qazaxdan, Gəncədən, Şamxordan və Naxçıvandan neçə min manat qızıl cəm olub göndərilir, səbəb nədir ki, “Molla Nəsrəddin” aeroplanına göndərilməsin. Halbuki, “Molla Nəsrəddin” jurnalı hələ qazaxlıların və şamxorluların öz ana dilində yazılır. Amma bunu da qeyd edirəm ki, necə ki, üç yüz manatlıq kəhər atı şamxorlular “Bakinski raboçi”nin aeroplanına qurban etdilər, nəqd min manat qızıl pulu naxçıvanlılar yenə həmin qəzetin aeroplanı üçün vəqf ediblər, eybi yoxdur, mən paxıl adam deyiləm, amma Allah rizasına ümidvar olacağam ki, dostum şamxorlular və həmşəhərlim naxçıvanlılar, çünki maarifpərəst və qəzetpərəst olmaqların igid kimi sübuta yetirdilər. Molla Əminin aeroplanı yolunda da səxavətə gələrlər və bizə inşallah və yenə də inşallah pul göndərərlər.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 14 iyul 1923, №28

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira