İngiltərə vaizi ser Deterdinq öz moizələrinin birində irad edirmiş ki, dünyada neft iki qismdir: bir qismi murdar və bir qismi pakdır.

Vaizin mülahizəsincə murdar neftlərin cərgəsinə Şuralar nefti də daxildir.

Bunu qabaqca ərz edirəm ki, mən murdar və pak nəsihətlərini indiyədək ancaq məscid moizələrində eşitmişdim və indiyədək elə bilirdim ki, pak ona deyərlər ki, əli dəstəmazlı ola və murdar ona deyərlər ki, binamaz ola və məscidə getməyə; necə ki, məsələn, rus, erməni və binamaz müsəlmanlar.

Neftin də sifətlərinə gəldikdə mən eşitmişdim ki, neft ya xalis olar, ya su ilə qarışıq olar; necə ki, Şuşa qalasında dükanlarda satılan neft. Bu qədər var ki, neftin pak və murdar olduğu söhbəti qədim söhbətdir: hələ Nəsrəddin şahın əsrində amerikalılar İrana gəlib neft mədənlərini tapanda və İran neftini çıxartmaq imtiyazını istəyəndə müctəhidlər şaha ərz elədilər ki, dəxi bu neft murdar oldu getdi. Onunçün də o vaxt İran hökuməti asanlıqla neftin imtiyazını başından “rədd” elədi və çox da yaxşı elədi; çünki İran öz yaxasını kənara çəkəndən sonra, bu otuz ilin müddətində ağır-arxayın öz ibadətinə məşğul olub, qulağı dinc tamaşa edir. Nəyə tamaşa edir? İngilislərlə amerikalıların İran nefti üstə bir-birilə it kimi sümük üstə boğuşmaqlarına.

Demək, “murdar” sözü təzə bir istilah deyil; bunu ingilislər İran müctəhidlərindən öyrənib yadda saxlayıblar və indi də uzaqdan-uzağa Şuralar İttifaqının neftinə baxıb qalıblar mat-məəttəl. Əlbəttə, əgər gedib zor ilə Şura neftinə sahiblənmək olsa idi, pəh, pəh, pəh, nə gözəl olardı!.. Nə qədər milyardlara asanlıqla sahib olmaq olardı! Amma çifayda? Şura zəhmətkeşi qoymayacaq.

Bəs nə eləmək? Mən də acıqnan deyərəm ki, Şura nefti murdardır.

Tülkünün əli ağacdakı üzümə çatmayanda deyir: “murdardır”.

Həriflərin əli Bakı neftinə çatmayanda deyir: “murdardır”.

Bir surətdə o da yalandır, bu da yalandır; murdar o şeyə deyərlər ki, ona binamazın yaş əli dəyə.

Amma cəmi əli dəstəmazlı keçəl və bitli Əli şiələri həmişə pakdırlar.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 1 sentyabr 1927, №36

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira