Hərdəm əz in bağ bəri mirəvəd.

Gözəl məmləkət, müqəddəs vilayət, mübarək torpaq, dindar millət, pakdamən əhali, Əli şiələri...

Xoşa sizin halınıza!

Vaqeən xoşbəxtdirlər o insanlar ki, mahi-məhərrəmül-həramın əsrində İran qəzetlərini oxumağa nail olurlar!.. Necə səadət! Necə ləzzət! Ləzzəti-ruhani-ki, ləzzəti-üxrəvi!

Vaqeən özgə cürə ola bilməz; səbəb budur ki, bir vilayətdə ki, yövmi-aşurada yer və göy titrəyir, çaylar dayanır, daşlar ağlayır, ot və ağacların rəngi bir günün içində saralıb sarıkökə bənzəyir, bir belə müqəddəs vətənin əhli qələmləri və qəzet yazanları da əlbəttə öz qəzetlərini gərək Hüseyn qarasına geyindirsinlər, növhə desinlər və mömin müqəddəs oxucularını ağlatsınlar; elə ağlatsınlar ki, Naxçıvanın firqəçi seyyid Bağır ağalarından geri qalmasınlar.

İrandan məhərrəmül-həramda idarəmizə gələn farsi ruznamələr imam təziyəsi münasibətilə qan ağlayırlar. Əlbəttə, bir para şəkkak qəzetçilər İranda da tapılır; necə ki, iyirmi il bundan qabaq Tiflis kafirləri içində çıxan türk jurnalları şəbihbazlığa və zövci-axərə lağ eləyəndə Bakıda milyonçuların pulu ilə nəşr olunan türk qəzetləri şeyxlərə və qazılərə, məscidə və minbərə havadar olurdular.

Xülasə...

İrandan məhərrəmül-həramda idarəmizə gələn qəzetlərin biri baş məqaləsinin axırında belə yazır; yazır ki, İran qədimül-əyyamdan “məhdi-hübbi-Hüseyni” sayılıbdır, onunçün də aşura günü cəmi Əli şiələri ilə biz ruznaməçilər də gərək qan ağlayaq.

Amma Molla Nəsrəddin əmi də belə yazır; deyir ki, hər bir ağacın iki ucu olar: bir ucunda imam məhəbbəti, məhşər qurğusu, mövhumat və muzəxrəfat. O biri ucunda da savadlı olmaq, dünya elmlərini bilmək, məmləkəti texnik və sənaye ilə yüksəltmək.

Bu ağacın hansı bir ucuna yavuqlaşmaq istəsən, o biri ucundan uzaq düşəcəksən.

Və əgər doğrudan da gecə və gündüz məsciddə vaxtını axirət qazanmağa sərf edəcəksən, o vaxt iranlı qardaşlar kimi texnik və təməddündən bilmərrə uzaq düşüb müntəzir olacaqsan ki, görüm Yevropa kapitalist hökumətlərinin hanki biri mədəniyyət gətirmək bəhanəsi ilə gəlib vətənini əlindən alacaq və səni özünə əsir edəcəkdir.

Bax gör, hansı məsləhətdir, elə də elə: ağacın ya bu başını götür, ya o başını.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 28 iyul 1927, №31

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İzhari təşəkkür

“Ölülər” faciəsinin tamaşasında əyləşən müsəlman xanımları tərəfindən bəndəyə bir töhfə göndərilmiş ki, ibarət olsun bir səccadədən. Səccadənin üstündə əlvan ipək ilə çiçəklər toxunmuş və gözəl xətt ilə: “Sübhanə rəbbiəl-əla” ibarəsi yazılmışdır. Səccadə ilə bərabər göndərilən məktubda xanım bacılar bəndəni təsirli ibarələrlə alqışlayırlar.Məni yad edənlərə möhtərəm qəzetiniz vasitəsilə izhari-təşəkkürdən əlavə, öz ixlasımı təqdim edirəm və səmimi–qəlbdən deyirəm ki, həmin töhfə gələcək ömrümdə bəndə üçün bir qiymətli yadigar hesab olunacaq.

1 dəq
Həmidə! (12 iyul 1916)

Bu gün iyulun 12-də Həştərxandan gəmi ilə Petrovska yola düşürəm. Oradan Vladiqafqaza da dəyəcəyəm. Avqustun əvvəli üçün Şuşaya gəlmək fikrindəyəm. Ev üçün bərk darıxıram.Sənin, uşaqların və Ələkbərin kefi necədir? Mənə Vladiqafqaza, İran səfirliyinin adresinə kağız yaz.

1 dəq
Əzizim Məmmədəli! (10 fevral 1917)

Kağızın mənə bu gün çatdı və haman saat poçt banderolu ilə “Sovqat” idarəsinə sənin adına yüz dənə jurnal göndərdim...Bə hər hal bu dəfə belə oldu. Gələn həftə sənə üç yüz göndərərəm.

1 dəq
Məmmədəli! (23 ya 24 fevral 1917)

Bakıdan Məhəmmədəli Rəsulzadə, Abdulla Heydərzadə, Abdullayev – ki, Vrangelski küçədə olur – və bir də “Sabir kitabxanası” sahibi Abbasov məndən teleqrafla jurnal istəyirlər satmağa. Bəlkə sən onlarla yollaşasan ki, onlar da sənə kömək edələr. Və bir də mənim balaxanılı dostlarımın adresini mənə yaz, onlara jurnal göndərim; Xeyrulla və yoldaşını deyirəm və Əmirhacıyan dostumuzu.“Sabir kitabxanası” əlli manat göndərmişdi qabaqca. Bu gün geri göndərirəm pulunu.

1 dəq

Başqa şairlərin şeirləri · Satira