Bir əhvalat var ki, heç mənim yadımdan çıxmır. Əhvalat budur ki, keçən il Ağdaşdan Tiflisə gürcü qəzetlərinin birinə rusca bir teleqraf çəkilmişdi. Teleqrafı göndərən bir müsəlman qardaş idi ki, adı yadımdan çıxıbdır (yəni adında bir iş yoxdur). Teleqrafın məzmunu belə idi: mən flankəs pasxa bayramı münasibətilə cəmi gürcü qardaşlarımı təbrik edirəm. Bu teleqrafın mənası budur ki, mən, yəni Ağdaşda flan müsəlman qardaş ancaq gürcü qardaşlara mübarəkbadlıq göndərirəm, yoxsa rus və erməni qardaş [.. . ]; amma doğrusu məhəbbətin şiddətindən dəxi gürcü qardaşdan savayı bir özgə qardaş yadıma düşmür.

Çox gözəl! Amma bildirdən bu teleqraf heç mənim yadımdan çıxmır və çıxmamağın da səbəbi budur ki, mən bildir bu teleqrafı oxuyanda bir şey nəzərimə gəldi. Mənim nəzərimə gəldi ki, müsəlman qardaşın, deyəsən, məhəbbəti o dərəcədə cuşa gəlib ki, teleqrafın duzunu artıq salıb; o qədər artıq salıb ki, qır duz olub.

Bəli, il dolandı, yaz keçdi, yay qurtardı və payız gəldi və xəta oldu ki, ittifaqən müsəlman cəmiyyəti-xeyriyyəsinin üzvlərinin yolu Acariya müsəlmanlarının içinə düşdü və cəmiyyəti-xeyriyyə müsəlmanları baxıb gördülər ki, Acariyada gürcü müsəlman qardaşların dini əldən gedir: nə məscid, nə vaiz, nə şaxsey, nə doqquz yaşında qızları zornan ərə vermək. Bəlkə on doqquz yaşında qızlar hələ elm dalınca getmək istəyirlər. Amma o yerlərdə ki, gürcü qardaşlar islam dinini möhkəm saxlayıblar, həmin müsəlman gürcüsünün evinə girirsən, görürsən Yevropa libasında bir xanım birdən qapının dalından səninlə gizlənpaç oynayan kimi üzünü örtüb qaçdı. Onda yadına düşür ki, bəli, bu müsəlman evidir.

İndi gələk mətləb üstünə.

Haram olsun gürcü qardaşların bivəfa qəzetçilərinə Ağdaşdan çəkilən bildirki teleqraf! Heç olmasa teleqraf sahibinin xatirəsi üçün lazım idi hövsələ eləmək.

Bir saatlığa tutaq ki, din təəssübü xeyriyyə üzvlərini həddindən bir balaca artıq şövqə gətirmişdi; amma bununla belə lazım gəlirdi bunu bilmək ki, necə ki, məhəbbətin duzu artıq olanda, dadı şor olur, habelə umu-küsünün də duzunu qədərindən artıq salsan, söz yox ki, o da şor dadı verəcək.

Nə keçən il lazım idi küçədə görüşəndə uşaq kimi qucaqlaşıb öpüşmək (Ağdaş teleqrafı), nə də bu il lazım idi uşaq kimi küçədə gülüşmək (ağzı köpüklü gürcü qəzetləri).

“Gər betədric mirəvəd” – bunun heç kəsə zərəri olmazdı.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 23 fevral 1917, №3

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Hindarx, Həmidə xanım Cavanşirə (30. 04. 1916)

Bakı*Pyes qeyri-adi bir müvəffəqiyyət qazandı. Ağzına qədər dolu olan teatr hər fasilədə müəllifi gurultulu alqışla təbrik edirdi. Tamaşadan iki min beş yüz manat hasil olub. Bu günlərdə Aşqabada gedirəm. Hamıya salam.

1 dəq
İzhari təşəkkür

“Ölülər” faciəsinin tamaşasında əyləşən müsəlman xanımları tərəfindən bəndəyə bir töhfə göndərilmiş ki, ibarət olsun bir səccadədən. Səccadənin üstündə əlvan ipək ilə çiçəklər toxunmuş və gözəl xətt ilə: “Sübhanə rəbbiəl-əla” ibarəsi yazılmışdır. Səccadə ilə bərabər göndərilən məktubda xanım bacılar bəndəni təsirli ibarələrlə alqışlayırlar.Məni yad edənlərə möhtərəm qəzetiniz vasitəsilə izhari-təşəkkürdən əlavə, öz ixlasımı təqdim edirəm və səmimi–qəlbdən deyirəm ki, həmin töhfə gələcək ömrümdə bəndə üçün bir qiymətli yadigar hesab olunacaq.

1 dəq
Həmidə! (12 iyul 1916)

Bu gün iyulun 12-də Həştərxandan gəmi ilə Petrovska yola düşürəm. Oradan Vladiqafqaza da dəyəcəyəm. Avqustun əvvəli üçün Şuşaya gəlmək fikrindəyəm. Ev üçün bərk darıxıram.Sənin, uşaqların və Ələkbərin kefi necədir? Mənə Vladiqafqaza, İran səfirliyinin adresinə kağız yaz.

1 dəq
Əzizim Məmmədəli! (10 fevral 1917)

Kağızın mənə bu gün çatdı və haman saat poçt banderolu ilə “Sovqat” idarəsinə sənin adına yüz dənə jurnal göndərdim...Bə hər hal bu dəfə belə oldu. Gələn həftə sənə üç yüz göndərərəm.

1 dəq

Başqa şairlərin şeirləri · Satira