Tap görüm
Oxucularımıza məlumdur ki, indi osmanlılar və italyanlar dava edirlər və bu da məlumdur ki, italyanlar osmanlılara güc gəlirlər. Axırıncı teleqraf xəbərlərindən aşkar olur ki, Trablisdə osmanlı zabiti və əsgəri tələf olubdur.
İdarəmizə axır vaxtda kağızlar gəlir və kağız sahibləri bizdən soruşurlar ki, nə səbəbə osmanlıların başına belə iş gəldi və nə səbəbə osmanlılar italyanlara basılırlar.
Kağız sahiblərinin hər birisinə əlahiddə cavab yazmağı mümkün edə bilmədik; onun əvəzində burada öz mülahizəmizi yazırıq ki, hamıya cavab hesab olunsun.
Osmanlıların, ümumən, dalı düşməsinə və “xüsusən” italyanlara basılmaqlarına üç səbəb var; ikisi bizə əyandır, amma biri Allah yanındadır.
Bizə aşkar olan səbəblərin biri budur ki, osmanlılar ilə İtaliyanın davası elə bir yerdə düşüb ki, oraya osmanlıların qoşun göndərməyə yolları yoxdur; su üstündə dava eləməyə və düşmən qabağında dayanmağa dava gəmiləri lazımdır və axırıncı məsələdə osmanlılar italyanlardan çox zəifdirlər.
Bu bir.
Bizə məlum olan ikinci səbəblərin biri də budur ki, türklər nahaq yerə Həmidi taxtdan saldılar, lap nahaq yerə, yenə də nahaq yerə! Bir neçə il bundan əqdəm Həmidi Salonikə göndərəndə lənkəranlı Molla Məhəmməd demişdi ki, Osmanlı hökuməti Həmidin və şamaxılıların bəd duasının təsirindən bir bəlayi-nagəhana giriftar olacaqdır. O vədə bu sözləri gülünc hesab edirlər. İndi bə necə oldu?!
Üçüncü səbəb də Allah yanındadır. Dünyada heç kəs sahibsiz deyil, osmanlının da bir yaradanı var, italyanın da Allahı var. Dünyada bir iş baş verə bilməz ki, xudavəndi-aləmin ondan xəbəri olmasın. Əgər Osmanlı döyülür, – bu sirr Allah yanındadır; əgər italyanlar Trablisi zəbt edib günahsız müsəlmanların qanını tökürlər, – bu da Allah məsləhətidir; bizə dəxli yoxdur.
Lakin oxuculardan iki təvəqqəm var; biri budur ki, Quba qazısı Axund Molla Zəki cənabları “Nicat” qəzetində müsəlmanların dalı qalmasının (nə bilim “inhitat” deyir, nə deyir, onun) səbəbini yazmışdı; yəni xudanəkərdə yazmışdı ki, müsəlmanların qaranlıqda qalmaqları[nı] adlarını molla qoyanlar törədir (sən Allah sözə bax).
İkinci təvəqqəm də budur ki… budur ki… bıy! Yadımdan çıxdı!
Neynək, qoy barı bir tapmaca deyim.
Tapmaca
Yorğan ağırdı, göz yuxuludu,
Bədən süstdü, gözü açılır-yumulur.
Dəyən dəyənəkdi, çomaqdı,
Demə vuranlar axmaqdı.
Tap görək, Yetim cücə!
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 16 oktyabr 1911, №36
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-tap-gorum
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
“Dəbistan”ın əvvəlinci nüsxəsinin 11-ci səhifəsində rus ədibi Pozdnyakovdan tərcümə*Qız nənəsinə deyir:
“Molla Nəsrəddin”in qıza cavabıQızım, sən bilmirsən, dünyada nə var,Nəql eyləyim, əgər qulaq asarsan,
Axunda müraciətAxunda, milləti etmə həvayiBizə lazım deyil bangi-dərayi
Lay-layLay-lay deyim, yat, ciyərim parəsi,Ağlama çox, ey gözümün qarəsi,
Başqa şairlərin şeirləri · Satira
Üç ildən əfzundur iki fərzəndimSürülüb qürbətə, dağılıb kəndim.
Deyim, deməyim?!Yenə dərdim təzələndi, “Kəlniyət!”Gözlərimə kül ələndi, “Kəlniyət!”
Yubiley aşiqiYubiley istəyirəm, yubiley istəyirəm,Çox az şey istəyirəm, çox az şey istəyirəm,
QadınlarDüşmüşdülər çoxdandı bu sevdaya qadınlar,Seçdirdi özün kənddə də şuraya qadınlar.