Mən uşaqlıqdan eşitmişdim ki, təmizlik yaxşı şeydir. Hətta şəriət də təmizliyi xoş tutur (izaleyi-nəcasət).

Sonralar, böyüdükcə görürdüm ki, təmizlik doğrudan da, yaxşı şeydir. Hətta hər barədə geridə qalan İran şəhərlərində də bəzən təmizlik asarını görərdim və bunu da görərdim ki, təmiz olan məkandan azarbezar uzaq gəzir və natəmiz yerləri və insanları azar-bezar dost tutur.

Bununla belə bu axır vaxtlarda təmizlik və natəmizlik barəsində mənim əqidəm busbütün dəyişildi; belə ki, natəmizlikdən azar törənməsinə axır vaxtda mən başladım şəkk eləməyə; səbəb budur ki, əgər bu rəy səhih olsaydı, Bakıdan vəba və taun azarı gərək əskik olmayaydı.

Məlum şeydir ki, natəmizlikdə Bakı şəhərinə qeyri bir şəhər çata bilməz. Allah buna şahiddir ki, (əgər yox olan bir kəsin şahidliyi qəbul olunsa) Bakı yaranandan indiyədək Bakı təmizlik barədə o dərəcədə sahibsizlik çəkməyib, nə qədər ki, axır vaxtlar çəkməkdədir.

Ancaq şükür olsun Allahsızlığa: hardansa Bakı kommunxozunun yadına düşüb ki, axır insaf da yaxşı şeydir! Və Bakının küçələrini pişik ölüsündən təmizləməyə çarə axtarmaqdadır.

Kommunxoz əgər şəhəri təmizləmək istəyir, təmizləsin: təmizlik hər halda pis şey deyil.

Amma əgər kommunxoz əhalinin hifzi-səhhətini mənzur tutmaq nöqteyi-nəzərində[n] bu işə iqdam edirsə, bu barədə heç təşvişə düşməsin; zira Bakının təcrübəsi bunu göstərdi ki, xalera və taun xəstəlikləri də Bakının zibilli küçələrini görmək istəmir.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 17 oktyabr 1929, №42

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira