Söhbət məktəb şagirdlərinə tənbeh etmək barəsindədir. Tənbeh də ona deməzlər ki, başlayasan şagirdə uzun-uzadı nəsihət eləyəsən. Çünki sən ona nəsihət edincə o da Krilovun “Dayının pişiyi” kimi bir ucdan əti yeyib, qurtaracaq. Hətta atalar da bunu deyiblər ki, Quran oxumağınan donquz darıdan çıxmaz.

Müxtəsər ki, kötək lazımdır.

Amma kötəyi də bir qayda ilə, bir üsul ilə istemal etmək lazımdır. Yoxsa Maştağa müəllimi kimi vurub uşağın gözünü çıxardandan sonra, söz yox ki, axırda peşmançılıq olacaq.

Bu günlərdə aldığımız məlumata görə Maştağa müəllimlərinin biri on ikinci şura məktəbində ikinci sinifdə bir şagirdə hirsi tutub, yumruğunan vurub uşağın gözünü şişirdib, göndərib atasının üstünə. Atası da gedib İspolkoma şikayət edib. Allah rast salıb ki, İspolkom iltifat edib və işi ört-yat eləyib. Yoxsa belə səhvdən böyük xəta törəyə bilər. Əvvəla, şagirdi döyəndə gərək biləsən ki, necə döyəsən. Mümkündür üzünə şapalağ vurmaq, mümkündür qulaqlarından tutub elə çəkəsən ki, uşağın çığırtısı küçəyə gedib çata. Necə ki, Bakı məktəblərinin birində mən öz qulağımnan eşitdim. Bunun eybi yoxdur, çünki qulağa bir şey olmaz. Mümkündür şivəkə ilə uşağın kürəyinə, yainki ayaqlarına çırpasan (amma mən falaqqanın tərəfdarı deyiləm). Hələ bunu da rəva görürəm ki, başının tükündən yapışıb, qalxızasan yuxarı və o qədər saxlayasan ki, gözləri kəlləyə çıxa.

Amma uşağın gözündən vurmaq üsulunu mən nəhy edirəm. Zira ki, ola bilə gözünə bir sədəmə toxuna. Gedə İspalkoma şikayətə və iş axırda böyüyə və içindən bir böyük həngamə törəyə.

Şagirdləri döymək məsələsində mən gözdən vurmağın tərəfdarı ola bilmərəm.

Bu, mənim rəyim.

Özgələr də öz rəylərini söyləyə bilərlər.

Cırcırama

“Molla Nəsrəddin”, 23 may 1925-ci il, №21

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Əliqulu Nəcəfov

“Molla Nəsrəddin”– tək bir nəfər müəllifin əsəri deyil. “Molla Nəsrəddin” bir neçə mənim əziz yoldaşlarımın qələmlərinin əsərinin məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam.Bu əziz yoldaşlarımızın biri də mərhum Əliqulu Nəcəfovdur.

1 dəq
Şeir nəşəsi

“Şərq qadını” məcmuəsinin 3-cü nömrəsinin 49-cu səhifəsində yazılıb:“İdarəmizə gənc yazıçılarımız tərəfindən gələn yazıların çoxusu şeir və nəzmdən ibarətdir. Bu üçüncü nömrəmiz təb olunana kimi idarəmizə qırx beşə qədər mənzum əsərlər gəlmişdir. Bunların yüzdə həştadının məzmunu bir-birinə oxşar olub hamısı eşqdən, məhəbbətdən, vüsaldan, kaman qaşlardan, lalədən, bülbüldən, güldən, pəridən, ulduz gözlərdən və habelə şairanə nazik mətləblərdən bəhs etməkdədir”.

2 dəq
Köhnə dərdim

Şərq qadını məsələsi mənim dərdimdir. Bütün ömrümdə vurduğum qələmin çox hissəsi Şərq qadını məsələsi üstündə vurulub. Onunçün də “Şərq qadınçılar”ın dərdini mən hamıdan artıq anlaya bilirəm.Nədir onların dərdi?

1 dəq
Füzuli

Füzulinin ədəbi fəaliyyətindən dörd yüz il keçmək münasibətilə lazım gəlir ki, onun etdiyi xidmətlərindən və onun güzaranının necə keçdiyindən bir az yazılsın.Bunu “Molla Nəsrəddin” daha artıq yazmalıdır. Çünki rəhmətlik Füzuli “Molla Nəsrəddin”in birinci nömrəsindən başlayıb, bu günə qədər məcmuəmizdə iştirak etmiş və şerlər yazmışdır. İndi çox adamlar deyəcək ki, Molla səfehləmişdir.

2 dəq

Başqa şairlərin şeirləri · Satira