Füzuli
Füzulinin ədəbi fəaliyyətindən dörd yüz il keçmək münasibətilə lazım gəlir ki, onun etdiyi xidmətlərindən və onun güzaranının necə keçdiyindən bir az yazılsın.
Bunu “Molla Nəsrəddin” daha artıq yazmalıdır. Çünki rəhmətlik Füzuli “Molla Nəsrəddin”in birinci nömrəsindən başlayıb, bu günə qədər məcmuəmizdə iştirak etmiş və şerlər yazmışdır. İndi çox adamlar deyəcək ki, Molla səfehləmişdir.
Füzuli bir Hilləli olub, Bağdadda böyüyüb, özü də kitabında and içir, qəsəm edir ki, vallah-billah mən doğulduğum yerdən heç yerə getməmişəm. Buradaca ölüb, basdırılmışam. Özüm də 970-ci ildən sonra heç dünyada olmamışam.
İndi “Molla Nəsrəddin” başlayıb ki, xeyr, Füzuli səhv edib, yazıb. Füzuli bizim məcmuədə işləyir. Yenə də işləyəcəkdir. İnanmırsınız, götürünüz “Molla Nəsrəddin” məcmuələrinin 20 illiyini tökünüz qabağınıza. Hansı şeirə baxsanız, görəcəksiniz ki, onda Füzulidən bir düz vardır. Şairlərimiz burada deyəcəklər ki, “Molla Nəsrəddin” bizi bihörmət elədi. Bizə iqtibasçı dedi. Əstəğfürulla, “Molla Nəsrəddin” bu sözü heç vaxt deməz. Amma nə çarə eləyək? Keçmiş əsrlərdə gələn Sədilər, Füzulilər o qədər xalqın həyatını əhatə edə bilən bir şair olmuşlar ki, birisi türkcə, birisi də farsca deməmiş bir söz qoymayıbdır.
Bu gün Arifin və başqa İran şairlərinin əsərlərini götürüb, axtaranda görərsən ki, yenə şeri yazanda Sədini yadına salmışdır. Onun kimi bizim türk əruz şairlərimiz də şeri yazanda Füzuli gəlib, durur gözünün qabağında. Deyir ki, öləsən də mənim təsirimdən çıxa bilməyəcəksən. Molladan yazmaq istəsən yazmışam, varlıdan yazmışam, rüşvətxordan yazmışam. Bu gün get, sabah gəldən, yəni zaftra-zavtradan yazmışam. Bütün işini-gücünü, dərsini buraxıb şeir yazanlardan yazmışam.
Müxtəsər, hər şeyi əhatə eləmişəm. Nə qədər bu üsul varsa, mən də varam. Mənim üsulumu atıb-gedən məzəçilər daxi Əbülhamidin və başqalarının şeirlərinin başına iqtibas oyunu gətirəcəkdirlər.
Biz vətən cəhətinə yox, ancaq bu kimi cəhətlərə görə deyirdik:
– Füzuli azərbaycanlıdır. Çünki dili Azərbaycan dilidir. Onun məktəbi-ədibəsi bizim şairlərin başına girib, bütün əsərlərində bir Füzuli ruhu görülməkdədir.
Füzuli Sultan Səlim, Sultan Süleyman, Şah İsmayıl, Şah Təhmasib dövrlərindəki insan qırğınlarını görüb, feodal dövrünün ən qızğın vaxtında yetişmiş bir şairdir.
“Molla Nəsrəddin” sözünü qurtarıb deyir ki, Füzuli diridir. Füzuli şeir dövrünün hazırladığı yeniliyə məğlub olmaz və sarsılmaz bir qüvvədir.
“Molla Nəsrəddin”, 23 may 1925-ci il, № 21
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-fuzuli
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Vaqeən bu piyanskalıq böyük bir azardır. Kim bilsin dünyada minlərcə məxluq bədməstlik mərəzindən qurtara bilməyib spirtin zəhəri ilə bədənlərini zəhərləyib ölüb gedirlər.Yaman iş budur ki, bu zəhirmar xəstəlik indiyədək müalicəpəzir olmayıb və nə qədər haziq təbiblər bu yolda nə qədər sümük sındırıblarsa da, yenə bu kefliliyə giriftar olanları bu yoldan yadırğada bilməyiblər.
Şəhərə doğruMəlumdur ki, kənd əhalisinin əhvalını yaxşılaşdırmaq məqsədi ilə “Kəndə doğru!” şüarın dalısı “Şəhərə doğru!” olacaqdır. O səbəbə ki, kənd əhalisinin əhvalı kənd dairəsində nə qədər gözəlləşsə, yenə kənd əhalisi şəhərsiz ötüşə bilməyəcək və bu hal o qədər açıq və vazehdir ki, bunu bəyan etməyə daha bir lüzum qalmır.Onun üçün də kəndlilərin qədim dostu “Molla Nəsrəddin” əmi “piş əzvəqt” öz çarıqlı köhnə dostlarının qeydinə qalmaq babətindən bu söhbəti vaxt ikən ortalığa atır ki, sonra iş işdən keçməmiş olsun və fürsət itməmiş olsun.
Hələ dəm alırİyirmi il bundan qabaq millətimizin halını təsvir eləmək lazım gələndə məcmuəmizin birinci nömrəsində, birinci səhifədə bir şəkil çəkdik və o şəkildə göstərdik ki, millətimiz yan-yana yatışıb yuxuluyur.O vaxt çoxları bizdən sual edərdi ki, xub, bəs, millət ki, bu şirinlik ilə yuxuya cumub, bəs, nə vaxt yuxudan oyanacaq?
Yağış suyuİnsanlar gəldikcə ağıllanırlar.Qabaqlarda xalq yağış suyunu bəyənmirdi. Gedib dağlardan bulaq suyu çəkib, şəhərə gətirirdilər. Belə axmaq işi də əlli-altmış il bundan qabaq Şuşa şəhərində görmüşlərmiş.