Mən ölüm diqqətnən oxu

Tiflis–Bakı dəmir yolu əlahiddə və müstəqil bir hökumətdir. Bu hökumət heç kəsə tabe deyil: nə Gürcüstana, nə Azərbaycana, nə İrəvana və nə də Moskvaya.

Həmin bu hökumət bir neçə əlahiddə ştatlardan təşkil tapıb; necə ki, məsələn, Amerika cümhuriyyəti. Bu balaca ştatlar ibarətdirlər ayrı–ayrı poyezdlərdən: poçtavoy poyezd, skori poyezd, tavarni poyezd, neft poyezdi, qoşun poyezdi, təmirat poyezdi, ekspres, azarlı poyezdi və qeyriləri.

Hər bir ştat özlüyündə bir müstəqil hökumətdir. Bu hökumətlərin baş vəziri “naçalnik poyezda” və qeyri vəzirlərin adı kanduktorlardır.

Bu hökumətlərin də heç biri o birisinə tabe deyil. Bu müttəfiq dəmir yol hökumətinin torpağının məsafəsi Tiflisdən Bakıya kimi 726 verst və eni 352 sacındır.

Bu torpağın heç bir özgə hökumətə təəllüqü yoxdur, savayı Tiflis–Bakı müttəfiq dəmir yol hökumətlərindən. Həmin müttəfiq dəmir yol hökumətinin nüfuzu ancaq on mindən iyirmi minə kimidir ki, ibarət olsun Tiflisdən Bakıya gələn miniklərdən. Demək hökumətin təbəələri məhz bunlardır.

Maşınlar Tiflisdən Bakıya tərəf çıxan vaxt yol uzunu kiçik və böyük stansiyalarda baş vəzirdən teleqraf göndərilir ki, bu üzdə də yer yoxdur; yəni heç kəsə bilet satılmasın. Yəni dəmir yol müttəfiq cümhuriyyəti, məlumdur öz miniklərindən savayı digər bir hökumət təbəələri ilə əlaqədə olmaq istəmir (çünki aralarında bir müəyyən müahidə yoxdur).

Bəli stansiyalarda, yəni, məsələn, Gəncədə, Yevlaxda, Kürdəmirdə, Hacıqabulda, xülasə, stansiyaların hər birində ki, belə teleqraf alındı, dəxi maşın gözləyən camaata bilet satılmır; çünki Tiflisdən teleqraf çıxıb ki, yer yoxdur.

Doğrudur, gahdan bir belə olur ki, üsyançı və nadinclər tərəfindən danışıq başlanır ki, baba, bu nə sözdü, iki gündür gözləyirik, necə yanı yer yoxdur? Nə səbəbə? Tiflisdə yerlərin hamısını tuturlar; nə səbəbə Ağstafada ya Gəncədə ya Yevlaxda ayrı vaqon qoşmurlar?

Müxtəsər, belə–belə mərdüməzar sözlər hərçənd eşidilir, amma bir nəticə bağışlamır.

Elə ki poyezd gəlib dayanır, üsyançılar şeylərini dallarına alıb qaçırlar maşının yanına (biletləri kassanın dal qapısından xəlvətcə və baha qiymətlə alıblar).

Poyezdən bir cavan oğlan atılıb düşür səkiyə və deyir:

– Yer yoxdur.

Hərçənd hər stansiyada maşından düşən, minən də olur; yəni məlum olur ki, boş yer gərək olsun. Amma naçalnik vaqonun qapısını açarla bağlayıb, yenə də deyir:

– Yer yoxdur.

Nə stansiya naçalniki bu işə qarışır, nə haman stansiyanın ispalkomu, nə milis naçalniki; heç kəsin ixtiyarı yoxdur maşının içinə girə və yerlərin olmağını və ya olmamağını təhqiq eləyə. O səbəbə ki, dəmir yol müttəfiq cümhuriyyəti bir müstəqil hökumətdir ki, beynəlmiləl rüşvətxorların “liğası” tərəfindən təsdiq olunubdur.

Yer yoxdur.

Yer yoxdur o səbəbə ki, vaqonlar Tiflisdən dolu gəlirlər. Kimdir Tiflis minikləri? Ticarət spekulyantları, millət spekulyantları. Biri Batumdan gəlir, biri İtaliyadan gəlir, biri Kitaydan gəlir, biri cəhənnəmdən gəlir (hamısının cibləri dolu).

Amma Gəncə azarlısına yer yoxdur, Yevlax kəndlisinə yer yoxdur, Ağcaqabul mütəəlliminə yer yoxdur.

Buradan bir haşiyə çıxaq.

Bildir Bakıda bir idarənin qapısının üstünə qızıl suyu ilə bir yekə lövhə yapışdırmışdılar.

Yazılmışdı: “İdarələri milliləşdirən komitə”.

Mən bunu oxuyanda çox təəssüf elədim; yəni yazığım gəldi. Yazığım gəldi idarələrdə xidmətdə bulunan minlərcə türk dilini bilməyən millətlərə. Bir gün bu milliləşdirən üzvlərin birinə rast gəldim və dedim:

– Mən ölüm çox tünd getməyək. Yazığınız gəlsin iş başında olan türk dilini bilməyənlərə.

Aşnam dedi:

– Ay molla, deyəsən, gülürsən?

Dedim:

– Sən öləsən, gülmürəm.

Hə, sözüm yadımdan çıxdı. Dəmir yol müttəfiq cümhuriyyətindən danışıram (hələ onun buna nə dəxli var?).

Hə, yer yoxdur.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 26 noyabr 1922, №4

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Qərardad

Qabaqca bunu ərz edim ki, mən özüm zəhmətkeş bir adamam və bütün ömrümdə həmişə çalışmaqda olmuşam; onun üçün də nə qədər ki, rəməzan ayı gəlib keçib, heç bir dəfə də oruc tutmağa vaxt tapa bilməmişəm; çünki heç vaxt bikar olmamışam. Dərsə gedən uşaqlarım da habelə: onlar da kitab və dəftər içində dərs və qələm-kağıza məşğul olduğundan həmçinin oruc tutmağı yada sala bilməyiblər.Yəni oruc-namaz söhbəti keçən vaxtlar heç yadıma da düşməzdi: heç bilməzdim oruc tutan kimdir, namaz qılan kimdir? Məscidə harada gedərlər, orucu nə vaxt tutarlar, nə vaxt başlanar, nə vaxt qurtarar?

3 dəq
İki faciə

İran barəsində bu axır vaxtlarda iki bədbəxtlik üz verib. Biri Ərdəbildə axund Mirzə Ələkbər ağanın tutulub Tehrana göndərilməsi, ikinci də ləqəblərin götürülməsidir. Bu iki fəğərəyə biz o səbəbə bədbəxtlik adı qoyuruq ki, birisi fövt olub dünyadan gedəndə, onun qohum-əqrabası cəm olub, yas tuturlar.Nədir bunun mənası? Bunun mənası budur ki, o şəxs tutuldu, getdi, onun yeri boşalır, onun yeri görsənir və o heyndə dəxi dünyada bir kəs olmur ki, mərhumun özü kimi və özünə oxşar onun yerini tutsun. Axund Mirzə Ələkbər ağanın Tehrana aparılması barəsində bunu deyə bilərik ki, bu işin özü ərdəbillilər üçün həqiqətdə bir böyük dərddir ki, nə qədər dünya var bu dərdin dağı onların ürəyindən getməz. Səbəb də budur ki, Ərdəbil yer üzündə adsız-sansız bir yerdir ki, heç kəsin yadına düşməzdi ki, Ərdəbil varmı dünyada, yoxmu? Oranı şöhrətə mindirən həmən vücudu-zicud ağayi-Mirzə Ələkbər ağa oldu. Bu cənab da ki, bir para mərdümazarların fel və fitnəsi ucundan Ərdəbildən uzaqlaşdı ta bundan sonra bir belə şəxs yerdə haradan tapıla bilər buna əvəz olsun. Allah şahiddir ki, nəinki bütün İranı – dünyanı gəzəsən dəxi bir də bir belə bihəya tapıla bilməz ki, öz Vətənini dost-düşmən içində Ərdəbil halına salsın ki, az qalıbdır binamusluğun zərbülməsəli olsun.

2 dəq
Üsuli-tərbiyə

Söhbət məktəb şagirdlərinə tənbeh etmək barəsindədir. Tənbeh də ona deməzlər ki, başlayasan şagirdə uzun-uzadı nəsihət eləyəsən. Çünki sən ona nəsihət edincə o da Krilovun “Dayının pişiyi” kimi bir ucdan əti yeyib, qurtaracaq. Hətta atalar da bunu deyiblər ki, Quran oxumağınan donquz darıdan çıxmaz.Müxtəsər ki, kötək lazımdır.

1 dəq
Qonaq[lıq] vermək

Qəza şəhərlərində oturan şura xidmətçiləri, əlbəttə xəbərdar oldular ki, hökumətin axırkı qərardadına görə, bundan sonra qəza işçiləri borclu olacaqlar, tez-tez kəndlərə gedib və əlaqələrini kəndlilər ilə sıxı saxlayıb onların harayına hər gün çata bilsinlər və onların ehtiyaclarına hər gün kifayət verə bilsinlər.Amma burada bir balaca söhbət var ki, bu barədə bir neçə söz danışmaq istəyirəm.

2 dəq

Başqa şairlərin şeirləri · Satira