Ziyarət
Sən deyirsən “mənim qulağım var, hər şeyi eşidirəm”.
Həyə sən hər şeyi eşidirsən, elədə de görüm, eşidibsənmi mənim nəvəm Güllünün əhvalatını?
Həyə eşidibsən – heç, həyə eşitməyibsən, elədə bəs necə deyirsən ki, mənim qulağım var?
Bir gün oturmuşdum, nəvəm Güllü ağlaya-ağlaya gəldi yanıma ki, “ay nənə, atam məni istəyir versin bir lotu piyan adama, amma mən getmək istəmirəm”.
Haman saat çarşabı başıma atıb qaçdım yeznəmgilə və başladım nəsihəti ki, “ay Allahın bəlasına gəlmiş, yazıq gül kimi qıza necə heyifin gəlmir ki, istəmədiyi bir adama zornan verirsən”.
Xülasə, başa gəlmədi, yəni yeznəm sözümü qəbul eləmədi.
Bəs sən deyirsən ki, “mənim qulağım var, hər şeyi eşidirəm?”
Bəs sən hər şeyi eşidirsən, elədə de görüm, niyə bu əhvalatı eşitməyibsən?
Əlacım kəsilib nəvəm Güllüyə dedim: “balam, bunun özgə çarəsi yoxdu, dur səni xəlvətcə aparım başımızın, ölümüzün və dirimizin sahibi şəriətmədar Hacı Seyid Ağagilə, çünki o bir əmin, dindar və etibarlı vücuddur və ondan başqa bir ümidgahımız yoxdur. Nəvəm Güllü razı oldu.
Bəs əgər sənin hər bir şeyi eşitməyə qulağın var, nə səbəbə bu fəqərəni eşitməyibsən?
Nəvəm Güllünü aparıb qoydum Hacı Seyid Ağagildə və ağanın ayaqlarına düşüb yalvardım ki, bir neçə gün mənim nəvəmi saxlasın,
Amma bunu da deyim ki, Güllü nə Güllü, Allah sizə də belə nəvə qismət eləsin: ətli, qanlı, sərv qamətli, saçlı, boylu-buxunlu, özü də yengi yetişmə, yanaqları elə bil ki, Zünuz alması, “sənəmi-sərvqədü laləüzar və...”. Xülasə.
Sən deyirsən ki, “mənim gözüm var və hər şeyi görürəm”.
Bəs bir surətdə ki, sənin gözün var, niyə bu işləri görmürsən? Bəs sən ki, bunları görmürsən, bir de görüm, nəyi görürsən?
Belə məlum olur ki, sən bircə əba və ridanı görürsən.
Müxtəsər, mən evə qayıdandan sonra Hacı Ağa bir qədər nəvəmə tamaşa edib qıza deyir: “Qızım, əvvəla sən xatircəm ol ki, mən heç kəsə sənin nikahını oxumanam, əgər razılığın olmasa. Və ikinci də budur, sənin burada qalmağın şəriət üzrə dürüst deyil, ya gərək buradan çıxıb gedəsən, ya da ki mən gərək sənə bir siğə oxuyam ki, mənə məhrəm olasan və bunu da görürsən ki, mənim övrətim gedib Kərbəlaya ziyarətə və övrətim gələnə kimi sən də mənə qulluq elərsən, həm Allah səndən razı olar, həmi də peyğəmbər”. Vəssalam.
Dəxi də bir sən mənə demə ki, mənim qulaqlarım var eşitməkdən ötrü və gözlərim var görməkdən ötrü.
Görsənən budur ki, sən bircə əba və qəbanı görürsən və “Ənin boğazdan gələn məxrəcini eşidirsən”.
Görsənən budur ki, dəxi bundan başqa sən nə bir şey görürsən, nə də bir şey eşidirsən.
Haman gün nəvəm Güllü başmaqlarını da Seyid Ağaya qurban edib ayaqyalın qaçıb gəldi mənim yanıma.
Bəs sən deyirsən “mənim gözüm var”?
Bəs deyirsən “mənim qulağım var”?
Bə hanı?...
Nağıl eləyib Məşədi “Xakəndaz”,
Yazıya götürüb “Lağlağı”
“Molla Nəsrəddin”, 28 aprel 1908, №17
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-ziyaret
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Axunda, milləti etmə həvayiBizə lazım deyil bangi-dərayi
Lay-layLay-lay deyim, yat, ciyərim parəsi,Ağlama çox, ey gözümün qarəsi,
DedilərGördülər yuxlamışam, şad olub oxqay dedilərBir deyirdim ki, duram, yox hələ lay-lay dedilər.
O kimdir?O kimdir: Dəndəli dəndəlani – Küçələri dolaniAxırda alim olar, amma bilməz Qurani?
Başqa şairlərin şeirləri · Satira
Nə oldu, Şirvan əhli bəs –Mədrəseyi – “Üxüvvət”in?
Qurban BayramıBayram olcaq şövkətlilər, şanlılar,Dövlətlilər, pullular, milyanlılar,
Acı gülüşlərBu mollanın qəribə təqvası var,Hansı güruhun belə mollası var?!
DemərəmMən vətənsizlərə ömrüm boyu insan demərəm,Özümə hörmət üçün qanmaza, gəl qan, demərəm.