Səhifə 2 / 5 · 20%

– Çox baxırsan!

Gəldiyev boğazının ətini çəkdi:

– Mən ölüm, İslam, bir gör nə qayırırsan.

– Bizim qonşuluqda olur.

Verdiyev əvvəl bir zala göz gəzdirdi. Tanış adam görmədikdə gəlinə sarı döndü:

– Ağca xanım, tək nə üçün, kürsünü yaxına çəksəniz!

Ağca xanım dedi:

– Sağ olun, mən içdim.

Qurşağından ağ, qırağı tikməli, kəpənək boyda bir yaylıq çıxardıb, boyası pozulmasın deyə, çox ehtiyatla dodağının yanlarını sildi. Ağca xanım haqq-hesabını vermişdisə də durmurdu. Gəldiyev Verdiyevin sözünə qüvvətlə israr elədi:

– Bəri çəkin stolunuzu! Kollektivin... dadı ayrıdır.

Verdiyev işarə edib, stəkan gətirtdi. Ağca xanım onlara yanaşanda Gəldiyev qalxıb yer elədi. Verdiyev dedi:

– Ağca xanım, tanış olun, bizim institut tələbələrindəndir. Qurban da mənim köhnə yoldaşımdır, Şəmkirdə işləyir.

Gəldiyev qırmızı iri əli ilə Ağca xanımın zərif, xırda, pambıq kimi ağ əlini sıxdı. Əyləşən kimi yumruğunu stola döydü:

– Qrajdanka, qarj... altı butulka pivə, isqəri!

Qurban onun səhvini düzəltdi:

– Butılka yox, adə, qrafika.

Verdiyev Gəldiyevi Ağca xanıma təqdim edəndə "tələbə" deməsi ona bərk toxunmuşdu. Qurbanın təshihi də bir yandan pərt elədi. Verdiyev xanımla söhbətə başladı:

– Bəs tək nə üçün?

Ağca xanım dizi üstə qoyduğu redikuluna baxa-baxa dedi:

– Partnixaya gelmişdim. İt qızı da məni zavtra-zavtraya salmaqdan təngə gətirib. Platiyam hazır deyil, istidən boğulurdum, dedim, bir stəkan sərin pivə içim, ürəyim yanırdı.

Gəldiyev söhbətə qarışdı.

– Sənətkarlarda yalançılıq adətdir, xanım!

Qurban soruşdu:

– Xüsusidir, ya arteldir?

– Xeyr, xüsusidir. Biz artel-martelə paltar vermərik. Onun oçer-moçerine kim dayanacaq. Beş şahi baha olsun, çasni olsun. Bir də artel belə tikməz axı! Bu çoxdan bizə tanış müştəridir.

Gəldiyev istədi desin: "Tanışdır, bəs niyə yalan satır?". "Tanış" sözü ağzından çıxanda bu sualın yersiz olduğunu dərk edib dəyişdi:

– Tanış olmayanların da paltarını tikər, ya yox?

Ağca xanım Gəldiyevə baxdı. Onun sözündə bir istehza güman edib dedi:

– Xeyr, tikməz! - Sonra əlavə etdi, - kişi paltarları tikmir!

Gəldiyev yenə hazırcavablıq eləyib demək istədi ki, "Siz nə bildiniz mən kişi paltan tikdirəcəyəm?". Bu sözü ağlına vurdu, özünü məzəmmətlədi: "Ay bədbəxt, qadın paltarı tikdirınək istədiyini deyərsən, işi korlarsan, heç hənanın yeridir?".

Sözünün çəp gəldiyini görüb şüşələri götürdü, stəkanları doldurdu:

– Dünyada gözəllik yaxşı nemətdir!

Müqəddiməsindən sezilirdi ki, mənalı bir şey demək istəyir. Oturanların susduğunu görüb, daha da ruhlandı:

– Gözəllik yaxşı nemətdir, heyif ki, hər adamda olmur.

– Hər adamda olsa nemətliyi qalmaz.

Verdiyev Qurbanı susdurmaq istədi: "Toxta!".

– ...Yaxşı nemətdir, demək olar ki, anadangəlmə xoşbəxtlikdir.

– Bəzən də bədbəxtlikdir.

Gəldiyev kiridi. Qurban elə bildi ki, o pərt olub, daha danışmaq istəmir. Ancaq belə deyildi. Gəldiyev ayrı şey düşünürdü:

– Yoldaş Qurban burada bir təzə söz danışdı. Guya gözəllik bədbəxtlikdir, nesçastiyedir. Qurban ağıllı adamdır, amma mən ha fıkirləşirəm, bu sözü başıma yerləşdirə bilmirəm.

– Hansı sözü başına yerləşdirə bilmirsən? Qurbanın ağıllı olmağınımı?

Oturanlar qəhqəhə çəkib güləndə Gəldiyev qızardı.

– Yoldaşlar, bilmirəm bu gün niyə belə şair kimi olublar, hər sözlə kritka çıxartmağı mən də bacararam. Xahiş edirəm, yanımızda əziz qonaq var.

Verdiyev dedi:

– Bu məclis adamı şair də eləyər, o yana da keçər.

Gəldiyev Ağca xanımın üzünə baxdı:

– Mən bu sözü ağlıma sığışdıra bilmirəm ki, gözəllik bədbəxtlik ola!

Qurban dedi:

– Gözəllikdən doğan fəlakəti Allah heç bəndəsinə göstərınəsin.

Məsəl üçün, mənim bir çopur bacım var, indi də evdədir. Nə istəyən, nə tamah salan oldu. Qız rahat-farağat ağa kimi yaşayır. Amma Mina adlı göyçək bir qız tanıyırdım, üstündə dava düşdü. Biri bıçaqlandı, ikisi tutuldu, biri də baş götürüb getdi. Axırda qız özü də ürəkkeçmə azarına düşüb, Semaşkoda öldü. Yazıq Mina çirkin olsaydı, indi mənim bacım kimi asudə dolanardı. Yoldaş Kərim, görürsənmi gözəllik adamın başına nə bəla gətirir!

Gəldiyev qabağındakı şüşəni götürüb ortalığa qoydu, sözünə davam etdi:

– Qurban mətləbi çox uzaqdan başladı. Pervi mən söz almışam, qoyun bir-iki kəlmə danışım. Kompaniyamızda, xotya kompaniya demək olmaz, stolumuzun başında adam da var. Qurbanın tanışı nə bilim Semaşkoya düşüb, ya bacısı evdə oturub qab-qaşıq yuyur, filan, behman... Allah bu barədə Qurbana səbir versin. Gəlin biz qayıdaq əsil mətləbə. O mətləb nədir? O mətləb gözəllikdir. Mən bu gün çox şadam ki, Ağca xanım kimi gözəl, nəcib bir qızla tanış oluram. Qabaq-qabağa oturub, kəlmə verib, kəlmə alıram. Bilirsən, İslam, bu nə priyatnıdır! İçək, bu qabları boşaldaq həmin nəcib xanımın sağlığına!

Ağca xanım da stəkam araq qədəhi kimi iki barmağı ilə tutub, havada saxlayır, içənlərə başı ilə razılıq edir, gülümsəyirdi. Axırda özü də başına çəkir, sanki, ağzının acısı getsin deyə, tez-tez noxud çeynəyirdi.

Onun məclisdə sərbəst hərəkətini, qayda-qanunu yaxşı bildiyini, kişilərdən az içmədiyini gördükcə, Geldiyev Verdiyevin üzünə baxır, Ağcanı göstərirdi. Verdiyev işarə ilə cavab verirdi: "Görüb götürmüş arvaddır..." Gəldiyev Ağcanın göz çuxurlarna, alın cizgilərinə, yanaqlarından aşağı an çökəklərinə diqqət edəndə, üzündəki boyaları seçəndə qadının yaşlı olduğunu, ancaq özünü cavan saxlamağı bacardığını duydu.

Dostlar qalxanda Verdiyev Gəldiyevə dedi:

– Mən yataqxanaya gedəcəyəm, tələbələrin yer-yurduna baxmağa.

Gecdirsə də gərək dəyəm. Zəhmət də olsa sən Ağca xanımı evlərinə ötür. Yuxarıda, Sovetski tərəfdə olurlar. Xahiş edirəm tək buraxma!

Ağca xanım razılıq elədi:

– Zəhmət çəkməyin, özüm gedərəm, hələ gec deyil.

Gəldiyev kişiləndi:

– Bizə nə deyərlər, ay Ağca xanım! Deməzlər bəs üç başı papaqlıdan bir qanacaqlı tapılmadı?..

Onlar Kommunist küçəsindən diklənib, sağa buruldular. Oradan da qaranlıq, tərəddüdsüz döngələrin birinə keçib, gözdən itdilər. Gəldiyev bu görüşdən sonra Ağca xanımın həyat yoluna beləd oldu. Bildi ki, o Zakirbəyovlardandır. Firavan güzəran görmüş adamdır. Altı ay ərdə olub. Xasiyyətləri tutmadığından ayrılıblar. Dörd yaş yarımlıq bir oğlu var, övlad haqqı verirlərsə də almır, ehtiyacı yoxdur. Özü işləmək istəyir.

Ağca xanım keçmiş ərini deyəndə, rıədənsə, Gəldiyev Zoyanı xatırlamadı. Ancaq övlad haqqı adı gələndə xəyal elədi ki: "Deyəsən, taleyimiz arasında oxşayış var. O, nəcibdir, aliment istəmir, mənimki nanəcibdir, əl çəkmir". Ürəyinə gəldi ki: "Belə şeyin üstünü vurmazlar".

Gəldiyev Ağca xanımı lap evlərinə qədər gətirdi. Qayıtmaq istəyəndə Ağca təklif elədi.

– Buyurun, çay için.

– İndicə pivə içmişik ki!

– Pivədən sonra pis olmaz.

Kərim boyun qaçırmaq istəmədi. Ürəyində "Fürsətdi, bismillah!" - deyib içəri girdi.

Ağca xanımın evi, səliqə-sahmanı onu valeh elədi. Xanım böyük və uca pəncərələrin şüşəsini örtməsə də qara, ağır və qotazlı, piləkli pərdələri saldı. Sanki bununla otağın və otaqdakıların kənar aləmdən əlaqəsi kəsildi. Gəldiyevdə xoş bir məhrəmlik hissi oyandı. Oturan kimi ev sahibi onun qabağına bir albom qoydu, özü mətbəxə çay hazırlamağa getdi. Gəldiyev köhnə, divarı naxışlı, varlı bir adamın olduğu seçilən otaqları nəzərdən keçirdi. Albomu varaqlayıb, dalısı ərəb hərfləri ilə yazılan şəkillərə baxdı. Bunların içində ticarət palatası, yarmarka komitəsi, tomojna məmurları vardı.

İçəri otaqda çarpayı səsi Gəldiyevi diksindirdi. Özü kimi başqa bir vaxtsız qonağın olacağından qorxdu. Əyilib baxanda uşaq çarpayısını gördü. Yadına düşdü ki, Ağca xanımın oğlu var. Bu haman uşaqdır ki, Ağca xanım həyatında buraxdığı ikinci səhv adlandırır.

Deyirlər hər şey var-dövlətdən asılıdır.

Ağca xanımın atası Hacı Abdulla təkcə Bakıda yox, bütün Qafqazda beş kişinin biri idi. Dərbənddə, Aşqabadda, Mərvdə, Buxarada, Vladiqafqazda, Batumda onun adını çəkəndə tanıyırdılar. "Hansı, o gödək Hacı Abdulla? O milyonçudur!"

Bəli, Hacı Abdulla milyonçu idi. Ancaq onun yeganə istəkli və göyçək qızı Ağca nə atasının milyonçuluğunu, nə də bunun nə demək olduğunu bilirdi. Onun yadında qalan budur ki, səhər anası ilə faytona oturar, əmiləri evinə, toya, qonaqlığa, nişana, xeyrata, görüşə, oyuna gedərdi. İkinci bir fayton da nökərləri, ayrı-ayrı qutulara bağladığı peşkəşləri gətirərdi. Bunları Ağca güc ilə yerdən qaldırıb qohumlarına paylardı. İpəksaplı qutunun bağından tutub ortalığa sürüyərdi:

– Bu Zibanınkıdır.

– Bu da sənin!

Əmisi uşaqları peşkəş qutularını açmamış Ağcanın ürəyi sakitləşməzdi. Elə bilərdi gətirdiklərini yerinə çatdırmayıb. Qutunu bəzən Ağca özü açardı. Budur, Zibaya çəkmə, corab, oyuncaqlar. Lətifınki qara məxmərdən bir dəst paltar, bir də gümüş toqqa, gümüş xəncər, gümüş vəznələr. Əmilərə çal papaq, Tələtə qatı açılmamış ləzgi şalı, yaylı uşaq avtomobili...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri