Məzmun
  1. 1
  2. 2
  3. 3
  4. 4
  5. 5

Səhifə 1 / 3

1

Gecənin bir aləmində Durmuş kişi yerindən qalxıb, ətrafa göz gəzdirdi. Axşamkı qaranlıq, ayaqlanan palçıq kimi bərkimiş, qatılaşmışdı. Göz gözü görmürdü. Qardaşı Kərbəlayı Tapdığın üzüm bağı bir ləkə kimi güclə seçilirdi. Hava bürkü idi. Hər şey əriyirmiş kimi, göy yerə qarışmışdı.

– İş yiyəsi işdə gərək! - deyən Durmuş kişi çoxdan bəri suvarılmadığından qurumuş və torpağı çatlamış ləklərin arası ilə gedirdi. Quru otlara, yemiş tağlarının süfrə kimi enli yarpaqlarına dəyib, səs salmamaq üçün şalvarını dizinə qədər çırmadı, papağını qoltuğuna vurub, sinə-sinə yeridi. Sonra özünə ürək verməyə başladı: "Heç qorxmaq istəməz! Yatıbsa, işim işdir. Oyaq olsa, deyərəm: "Söhbətə gəlmişəm. Tutdu hənək, tutmadı dəyənək!"

Kərbəlayı Tapdığın dəyəsinə yaxınlaşanda qulağına səs gəldi. Deyəsən, haradansa: "Ey-hey-hey, ey!" çağırırdılar. Qızılgül kollarının dibinə çöküb, qulaqlarını şəklədi. Bir şey xışıldayırdı. Durmuşun fıkrinə gəldi ki, "kişi pusquda dayanmış olar, məni oğru bilib, doldurar qırmanı qarnıma". Bu fikir çəkic kimi onun başına dəydi, bədənini odlandırdı. Kişi diksindi. Ayağa qalxıb, qardaşını səsləmək istədi. Bir dəqiqə də gözlədi. Xışıldayan şeyin kərtənkələ olduğuna inandı.

Heyvan, Durmuşun vedrəyə oxşayan gövdəsini görüb hürkmüş, rahatsız olmuşdu.

Durmuş dəyənin yanında barmaqları üstə yeriyib, xəyal kimi səssizcə Kərbəlayı Tapdığın yatağına yanaşdı. Kişi şirincə yuxuda xoruldayırdı. Əyilib, Tapdığın üzünə diqqətlə baxdı. İnandı ki, "yeddi gün, yeddi gecə!" div yuxusuna gedib. Kərbəlayının plov yeməkdən böyüyən ağzı elə geniş açılmışdı ki, oraya dolan yuxunu yeddi gün, yeddi gecədə ancaq həzm edə bilərdi.

Durmuş özünü tənəklərin arasına verdi...

Kərbəlayı Tapdığın bağında bir lək yaylıq üzüm var idi. Bu xırda, yumrugilə, ağ, şirin, sıxsalxım üzümdür. Tez yetişdiyinə görə novar olur, çox sevilir, az tapılır, baha satılır. Neçə ildir ki, Kərbəlayı Tapdıq altı tənəkdən altı salxım üzüm dərə bilmirdi. Üzümləri gülünü tökər-tökməz ala-qora vaxtında yoluşdurub aparırdılar. Kərbəlayı xəbər tutanadək bir salxım da qalmırdı. Arvad onu çox danlayırdı. Axırda özü də hirsləndi.

– Canım, - dedi, - belə şey olmaz axı, görüm bu zəhrimara dadanan kimdir? Onun qarnını yırtmasam, mən Kərbəlayı Tapdıq deyiləm...

Oğlunu, nökərini də göndərmədi. Üzümlər gül tökəndə iyun ayının axırlarında yorğan-döşəyini götürüb bağda, dəyədə yatardı. Niyə də yatmasın? Qoruya bilsə, tənəkdə bir pud üzümü var. Qol-qanad açıb, isti torpaqlarda yatan tənəklər bulud kimi dolu salxımlar verir. Dolmalıq vaxtını ötən və baş qaldırıb tac kimi şax duran yarpaqlar, sanki günəşin almaz zərrələrini, sabahın ilhamlı təranələrini sorub salxımlara və şəffaf gilələrə doldurur. Yarpaqlar yaşıl ətəkləri ilə salxımları örtüb bəsləyir. Salxımlar isə, pərvazlanmış quş kimi, yuvasına sığmayıb kənara boylanır, quşları çağırır və bəlkə də yoldan ötənlərə zavalına gəlir...

Üzüm, nə üzüm! Şəkər kimi şaqqıldayır, diş vuran kimi şirəsi keçir, ürəyə axır, gözə işıq, dizə taqət verir. Tənəklərdən sallanan salxım deyil, onluq çervonlardır.

Vaqon pəncərələrindən baxan bəzəkli xanımların gözü bu üzümə sataşdımı, deyəcəklər: "Vinoqrad davay!" Belə olanda hansı axmaq güzəştə gedər? Mən də deyəcəyəm: "Kilosuna ədin çervon davay!"

Bu ağıllı fikirlər yalnız Kərbəlayı Tapdığın başına gəlməmişdi. "ürəkdən ürəyə yol var" deyərlər. Bunları Durmuş da yaxşıca kəlləsinə vurmuşdu.

Gecənin bu vaxtında, porsuq kimi tənəklərin arasına soxulub, salxımları şirin yuxusundan oyadan və yoluşduran Durmuş da hər salxımdan "bir çervon" gözləyirdi. Fikirləşdi ki: "Atadan mənə biri çatı da düşmədi, boğazıma salım. Böyük qardaş (Kərbəlayı Tapdıq) mənə kəbin kəsdi, hamısını içəri ötürdü, məni məğmun elədi. Qapısında bir donuzu əskikdir. Bağı özünə bəsdir. Heç olmasa bu yaylıq üzümü də mənə çatmazmı?"

2

Durmuş "işini" görüb, bostanına qayıtdı. Üzümü yerbəyer elədi. Bir gilə də ağzına qoyub, şirinliyindən dodağını marçıldatdı. Bu üzüm, cavan vaxtında min bir qorxu və ürək döyüntüsü ilə gecə xəlvət görüşündə nişanlısından aldığı "haram öpüş" kimi ləzzətli idi.

Həmlələr pozmuş, qoşun sındırmış, qala fəth etmiş əsgər sevinci ilə Durmuş yatağına girdi.

Kərbəlayı Tapdığı elə bir yuxudan oyatdılar. Qaranlıq, sakitlik, yalnızlıq idi. Nağıllarda söylənən tilsimli gecələr Tapdığın yadına düşdü. Göyə baxdı. Səliqəsiz səpilmiş ulduzlar ona qızıl onluqları xatırlatdı: "Nə ola, bu qızıllar göydən qopa, qızıl yağışı yağaydı. Nə qapaqap olardı, fələk! Qıllı papağımı başıma basıb, bir yüzcə dənə yığsaydım, bir təhər olardım. Şəhərin göbəyində bir mülk alardım, ya da Namazlıların bağını ələ keçirərdim, ildə on beş-iyirmi min manatlıq təkcə "Təbriz üzümü" satardım. Onda Durmuş da paxıllığından çatlardı... Qoy onda mənimlə ha bəhsə girişsin!.."

Kərbəlayı Tapdıq bu dadlı xəyalını udmamışdı ki, nökər qulağına pıçıldadı:

– Vaxtdır! Vaxt keçir!

O, yerindən qalxdı, işarə ilə nökərə qandırdı: "Sən o yandan gəl!"

Özü ağaxların arasından dərəyə endi. Durmuşun bostanına keçdi.

Bağ da, bostanın yeri də qardaşlara atadan qalmışdı. O zaman ayrılanda nə təhər oldusa, Durmuş xali yer yiyəsi oldu. Atıldı, düşdü, çığır-bağır saldı; şəriət yanında, yüzbaşı yanında sözünü eşitmədilər.

Ovladığı bir qazı ətəyinin altında axunda peşkəş apardı. Sən demə, Kərbəlayı Tapdıq da axunda ağzında bir qızıl onluq göstəribmiş. Bağ davası başlananda axund istiot kimi tündləşdi. Kərbəlayı Tapdığın sözünü təsdiqlədi. Durmuşun üstünə qışqırdı:

– Qaz boynu kimi boynunu uzatma! Kişi ağzında qızıl kimi söz danışır!

Durmuş başını aşağı salıb dedi:

– Eybi yoxdur! Qoy böyük qardaş bağa yiyələnsin, can sağ olar,

mən də o xali yerin torpağını qızıla döndərərəm. Heç eybi yoxdur!..

Durmuş doğrudan da dediyini edirdi. Qanqallı, tikanlı, sarmaşıqlı yerin torpağını atım-atım edib, un kimi elədi. Yaxşıca arx çəkdi, su çıxartdı. Yerin ərafına iki cərgə meyvə ağacı əkdi. Yeri isə hər il dirlik bostan edib, çoxlu mənfəət götürürdü. Səliqə ilə əkilmiş, taxtalanmış bostan yaz vaxtı Quba xalçasına bənzəyirdi. Yaşıl, cavan alma, armud, ərik, əncir ağacları saçaq kimi sallanıb sıxlaşırdı.

Durmuşun bostandan dəsmal-dəsmal pul götürməyi, hələ bağ salmaq fikrinə düşməməyi Kərbəlayı Tapdığı narahat edirdi. Fikrinə gəlirdi ki: "Bu gədə məni ötəcək, mənim var-dövlətim yalan olacaq..."

Kərbəlayı Tapdıq bu dərdi sinirə bilmirdi. Durmuşa badalaq qurmağa çalışırdı.

Son zamanlarda gözünü onun yemişlərinə dikmişdi. Dəfələrlə gündüzlər kiçik qardaşının bostanına keçib "əhvalpürsanlıq" bəhanəsi ilə yemişləri belləmişdi. İki-üç kisə yemiş "daş-baş" eləyib satdırmaq, bostanın xeyrindən "feyziyab" olmaq iştahasında idi".

Gündüzdən nökəri öyrətmişdi ki, kisə götürüb, bağa gəlsin.

Yemiş tağları göyləri əmib, yerləri sormuş, ərköyün oğlan kimi köks gərib, qol-qanad açmışdı.

Tağların hər qolunda bir neçə yemiş böyrünü sərin torpağa verib, kotana qoşulmalı cöngə kimi yatırdı, sanki göyşəyirdi. Qalın və şax yarpaqları, başında boşqab kimi tutan uzun zoğlar deyil, qonaqcıl gəlin biləkləri idi. Yemişlərin bəzisi qaraqabaq adamlar kimi burnunu yerə dikmişdi. Çoxusu ağaran qabarıq gövdəsi ilə yelkənə bənzəyirdi. Eləsi də vardı ki, yupyumru şamama kimi...

Kərbəlayı Tapdıq bellədiyi tağların dibinə sindi. Nökərə him elədi:

– Çırpışdır! Nə durmusan?

Çopur, ağır və böyük yemişlərə əl dəyən kimi tağdan üzülürdü. Bəzi yemişləri tağdan üzmək çətin idi. Toy və bəylik günləri Tapdığın gözü önünə gəldi. Xəncəri çəkib, yemişlərin saplağını kəsdi.

Yemiş, nə yemiş! Öz-özünə tağda cathacat cırılan yemiş!

Tapdıq dayaz ləklərdə sürünə-sürünə yemişləri seçib dərir, nökər isə kisəyə yığıb, dərəyə endirirdi. Çox çəkmədi tağlar boşaldı, kisələr doldu. Dan yeri sökülməkdə idi ki, onlar kolların arasında itdilər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

“Matışqə”

Məşədi Hənifə şəhərə yaxın kəndlərdən birində yaşayırdı. Yayda biçinə gedər, qışda kənkanlıq edər, payız vaxtı kürəxanalarda günəmuzd kərpic kəsərdi. Arazı bu taya keçəndən sonra Məşədi Hənifə bütün qorxu və qeydlərdən qurtarmışdı. Onu aylarla işlədib, pulunu kəsən, biyara çağıran, qamçılayan xan və mirbaşılardan canı qurtarmışdı.Şəhərə çox az gələrdi. Xüsusilə, bu dəfə İrandan gələndən sonra Bakını heç görməmişdi. Bircə dəfə "şuluqluq" vaxtlarda gəldiyi idi.

19344 dəq
Kartoşka məsələsi

1Pansionda ikən bir müdirimiz vardı. "Kartoşka yevropeyski xörəkdir, kartoşka qərblilərin yumurtasıdır", deyərdi. O, bizi "avropalaşdırmaq" üçün "aziyatski" xörəkləri qadağan etmişdi. Çoxlu qartoşka yedirdərdi. Biz də alışdıq. Evə dönəndə kartoşkanı külə basdırır, "kabab" eyləyib yeyərdik. Sonrakı evimizin buxarısı yox idi. Demək, kartoşka basdırmağa kül də yox idi. Anamın əlacı kəsilib qazanda qaynadırdı. Mən səhər tezdən qalxıb, yağda qızardırdım. Yağ canına hopdurulmuş, yumşalmış kartoşkanı yedikcə ləzzət verirdi. Adamı bir kasa yağ kimi tutur, doydurur, qızışdırırdı. Odur ki, Çirdəxan kəndi komsomol özəyində kartoşka məsələsinin bu qədər qızğın müzakirə olunmasına təəccüb etməyin.

193413 dəq
Sınaq günü

1Məni məktəbə, pansiona götürdülər. Anamdan ayrıldığım gün birlikdə sevindik də, ağladıq da... Səhər açılar-açılmaz o, yataqxanaya girib, şirin yuxuda yatan uşaqlar arasından məni tapmışdı.

193510 dəq
Ayaz

1Hələlik darıxmayın, mən Əkbərin cavanlığından danışmaq istəyirəm.

193620 dəq

Başqa şairlərin şeirləri