Düşünmək istəyirəm
Səhifə 1 / 2
Bakının isti iyul günlərindən birində, uca, çoxmərtəbəli, daş binanın qabağında adam əlindən keçmək çətin idi.
Güman etməyin ki, bir mərasim, ya yığıncaq var idi. Bu dəhşətli istidə nə mərasim? Göydən tökülən, daş-divardan, asfaltdan qalxan təndir havasına dözüb-dayanmaq mümkün deyildi. Ancaq buraya yığılanlar məcbur idilər. Cavanların aylardan bəri həsrətlə gözlədiyi gün gəlib çatmışdı. İçəri otaqlarda sənət institutuna qəbul imtahanı gedirdi. Yüzlərlə cavanlar gözləyirdilər.
İmtahanın adı böyük, çətinliyi çox, intizarı üzücüdür. Dünyada çox iş var ki, yoldaşın, dostun, qohumun köməyi ilə aşır. Amma imtahanda, komissiya qabağında tək dayananda, bu yolu keçənlər bilirlər, ancaq özünə, başına, bilik məlumatına gümanın gəlir. Başqa heç kəsə!..
Cavanlar beş-bir, üç-bir ağac altına, divar dibinə – kölgəyə çəkilib söhbət edir, gəlib-gedəndən imtahan işləri, qəbul şərtləri haqqında soruşurdular.
Əfzəl Balacayev də intizar çəkənlərin içində idi. O, bilirdi ki, yarım saat sonra "A " qrupuna yazıdan imtahan olacaq. Ancaq bu barədə düşünür, başqa söhbətlərlə maraqlanmırdı.
Adətən texniki elmlərdən imtahan verənlər dildən, humanitar fənlərdən imtahan verənlər isə texniki elmlərdən ehtiyat edirdilər.
Yazı imtahanı Əfzəli qorxutmurdu. Çünki, o, rayon qəzetində iki il əməkdaşlıq eləmişdi. Müasir yazı-pozu qaydalarını pis bilmirdi. Xoşbəxtlikdən, bu il əli-dili dinc durmayan dilçilər hələ macal tapıb növbəti dəyişmələri hökumət qərarlarından keçirə bilməmişdilər.
Əfzəl Balacayev güman edirdi ki, yazı temaları şair və ədiblərin həyatından, ya əsərlərindən olacaq, ədəbiyyatı bilən üçün belə temanı yazmağa nə var!
Arıq, ağbaş, çeşməkli professor möhürlü zərfi açıb temaları elan etdi. Burada Mirzə Cəlilin, S.Vurğunun əsərlərindən, qəhrəmanlarından söhbət gedirdi. Ancaq Əfzəlin diqqətini ayrı şey cəlb elədi: üçüncü tema sərbəst idi və belə adlanırdı:
"Gözəllik ondur, doqquzu dondur!"
Bu, ataların məşhur bir məsəlidir. Çox işlənir, çox yazılır, mənası Əfzələ məlumdur.
Hazırkı imtahanda bu kəlamın təhlili tələb olunur. Bunun mənşəyi, mövzusu, mənası haqqında iki-üç səhifə yazmaq lazımdır. Bəlkə də mətləbi indiki həyatla, mübarizələrlə bağlamaq olar. Əlbəttə ki, yazının səliqəli, savadlı, təmiz olmasına fikir verəcəklər.
Bayaq demişdik ki, Əfzəlin indiki yazı qaydalarından qorxusu yox idi. Nə yazsa, savadlı yazacaq idi. Əsl mətləb kəlamın təhlili, sovet elmi cəbhəsindən qiymətləndirilməsi, mənalandırılması idi.
Əfzəlin fikrinə bu da gəldi ki, həmin yazıda məna və məzmuna yox, ən çox zahiri cəhətlərə, qrammatika, imla qaydalarının gözlənməsinə fikir verəcəklər. Səhvi də bu cəhətdən tutub, tələbənin biliyini daş-tərəziyə vuracaqlar. Təhlilin dərinliyini bəlkə də heç axtarmayacaqlar. Niyə? Çünki belə bir təşəbbüs hər şeydən əvvəl temanın, kəlamın öz hökmünə, ruhuna zidd olardı: gözəllik ondur, doqquzu dondur!
İndiki məqamda bu, o deməkdir ki, tema haqqında nə fikir, nə mülahizə yazırsan yaz, elə yaz ki, savad, şəkil cəhətdən qüsur tapılmasın. Yəni kəlmələri düz yaz, cümləni düzgün qur, durğu işarələrini yerində qoy, mətləb qurtaranda təzə sətrə keç, mətləbin başı, ayağı aydın olsun...
Bəs fikir?
Fikri atalar deyib, temanın özündə, hazır şəkildə təqdim olunur: burada mübahisə, müzakirəyə ehtiyac yoxdur!
Dünyada – təbiət olsun, cəmiyyət olsun, məfkurə olsun, hər hansı bir hadisə, insan olsun, onun gözəlliyini əsasən zahiri şəkli ilə, donu ilə ölçüb təyin etmək lazımdır. Təmiz, gözəl, səliqəli geyinmiş adamın, sifətdən də qəşəng olan bir adamın gözəlliyi haqqında hamı hökm verə bilər.
Daha bu adamın göyçək sifətinin, qəşəng paltarının altındakı şikəstlik, ya eyiblərlə kimsə maraqlanmaz. Xasiyyətini də arayıb axtaran olmaz.
Bu gözəl görünən adam əslində oğru, əclaf, ya öz anasının əmcəyini kəsən olsun. Tanımayan heç kəsin eyninə gəlməz. Zahir burada üstünlük təşkil edəcək: don!
Atalar demişkən, gözəlliyin doqquzu dondur!
Atalar sözünün, temada verilən hikmətli kəlamın məğzi, mənası, mətləbi budur! Bunu belə də yazmaq lazımdır.
Əfzəl müəllimin payladığı möhürlü kağızlardan birini qabağına çəkib plan tutmağa, misal, qeyd yazmağa, tezislərini müəyyənləşdirməyə başladı. Çox qeydlər elədi, yazdı, pozdu, yazdı. Onu düşündürən, zehnini məşğul edən ilk fikir bu oldu ki, kəlamın verdiyi hökm birtərəfli, bəlkə də səhvdir!
Axı, gözəlliyi yalnız görkəmdə, donda, zahirdə axtarmaq olmaz. Zahir insanı aldada bilər. Çox təmtəraqlı libas altında çirkinliklər gizlənir. Çirkin görünən don, görkəmsiz zahir dalında da bəzən gözəl məna, məzmun, ali fikirlər olur. Bu, kimə məlum deyil? Klassik şairlərdən kiminsə bir beyti Əfzəlin hafizəsində canlandı. Şair zahirinə aldandığı bir əclafı yaxşı tanıyandan sonra onun haqqında belə demişdi:
Ey batini bəd, zahiri göyçək, köpək oğlu,
Səgdən törənən axır olur sək, köpək oğlu!
Şairin beytinə qüvvət, atalar misalına zidd olaraq Əfzəlin zehnində neçə misallar baş qaldırırdı:
Adam tanıyıram ki, zahirdə quzu kimi məsumdur. Bir baxanda, bir də baxmaq istəyirsən. Mələsə, əti halaldır."
Amma mən bilirəm ki, o, neçə-neçə başlar kəsib, evlər yıxıb, uşaqlar yetim qoyub. Beləsi şirin dilini işə salanda, ilanı yuvasından çıxarır. Danışanda, deyərsən bu necə pak məxluqdur! Dünyada pisliyə dil bulamaz! Amma həmin adamın saman altdan su yox, sel yeritdiyini, fitnələrə fitva verdiyini mən öz gözümlə görmüşəm.
Düşündükləri Əfzəlin qələmini dayandırdı: aşkar səhv görünən bir mətləbi atalar sözü" deyə doğru, müqəddəs kimi qəbul etmək, əyri hökmə qol qoymaq necə olar?
– Yox!
Əfzəl bir fikirləşdi ki, təhlil deyəndə, müəllimlər bu atalar sözünün mənasını açıb izah etməyi istəyirlər. Atalar necə deyib, nə düşünüb, onu yazıb bildirmək bəsdir. Bəlkə özündən bir şey əlavə lazım deyil? Öz təsəvvürlərinə gülərək Əfzəl qələmi əlinə aldı.
Axı, bizdən təhlil tələb edirlər! Təhlil ona deyilməz ki, özgələrin hazır fikrini tutuquşu kimi təkrar edəsən. Təhlil zehnin, mühakimənin, ağlın hökmünü aşkara çıxarmaqdır. Burada hər kəsdən, hər kitabdan əvvəl sənin öz sözün, sərbəst fikrin görünməlidir. Təhlil buna deyərlər.
Əfzəl fikrinin bir hökm üzərində dayanmasından, sanki, inam, qüvvət alıb stuluna möhkəm söykəndi, təhlilini davam etdirmək istədi.
Nəzərini gəzdirəndə bütün sinfi sükut içində gördü. Hər kəs başını aşağı salıb öz taleyini həll edən imtahan yazısı ilə məşğul idi. Ancaq baş divardakı saatın tıqqıltısı və nəzarət üçün sıralar arasında gəzən qıvrımsaç müəllimin addım səsləri eşidilirdi. Bir an ətrafa göz gəzdirəndən sonra Əfzəl öz düşüncələrinə qayıtdı.
İlk baxışda asan, aydın görünən bir misalın içindən gör nə şübhələr, mübahisələr, suallar çıxır! Atalar və onların min illərdən bəri deyib, təkrar etdiyi hikmətli sözlərə hamının ehtiramı, əməl etməsi lazımdır. Mən də bu kəlamlar haqqında hörmətlə danışmalıyam. Amma! Amma, bu sözün mənasında səhv görsəm necə? Buna gözümü yummalıyammı?
Axı, bu misaldakı fikir kökündən səhvdir! Ya da tamam, birtərəflidir! Heç bir vaxt, heç bir yerdə, heç bir gözəlliyin onda doqquzunu donda, zahirdə görmək olmaz! Bu gülünc bir hökm olar. Yox, mən bu misaldakı məhdud, qüsurlu cəhəti görüb göstərməliyəm!
İndi də ayrı bir təsəvvür Əfzəlin qabağını kəsirdi.
Belədə isə, məni atalar sözünə, xalq idrakına hörmətsizlikdə təqsirləndirə bilərlər...
Əfzəl yazdığı sətirlərin üstündən qələm çəkdi, düşünməyə başladı.
"Hörmətsizlik desinlər, amma qoy məni tutuquşu saymasınlar. Heç olmasa öz sözümü oxusunlar. Müəllimlər tələbədə müstəqil söz görəndə bəyənirlər. Buna məktəbdə də çox diqqət yetirirlər, görmüşəm. Tələbənin bu yolda qüsurunu da bağışlayırlar. Hər halda, mən düşündüyümü, ağlımın dediyini yazmalı, gizlətməməliyəm. Belə bir yol, tək yazıda yox, hər yerdə doğru yol olar!
Əfzəl çox çətin və mühüm bir məsələnin həllini tapmış kimi, sevincək qələmi əlinə aldı, yazısını tamamlamağa başladı... imtahan vaxtının bitməsinə az qalmışdı ki, Əfzəl yazısını təhvil verib qan-tər içində, həyətə, açıq havaya, "işıqlı dünyaya" çıxdı.
Hava təmiz, yasəmən ağaclarının altı sərin və sakitlik idi. İmtahandan yorğun çıxan tələbələr əyləşib hər kəs öz yazısından, hünərindən söz salır, şirin danışmaq istəyirdi.
Əfzəl darıxmış, sıxılmış halda dəftər-kitabını qoltuğuna vurub şəhər bağına tərəf getdi. İmtahanın nəticələrini ancaq birisigün, bütün qruplar yazı işini qurtarandan sonra elan edəcəkdilər.
Əfzəlin yazı işi, gözləndiyi kimi, müəllimlər arasında söhbətə, müzakirəyə səbəb oldu. Adətən imtahan yazıları yoxlananda səhv sözlərin altından cızıq çəkilir. Səhv cümlə və hökmlər haşiyədə işarə olunur, axırda da yekunlanıb nömrə qoyulur.
Qıvrımsaç müəllim Əfzəlin yazısında səhv tapmamışdı. Ancaq təhlili bəyənməmiş, iri bir sual işarəsi qoyub, professora təqdim etmişdi.
Professor isə yazını bəyənmiş, yüksək qiymət vermişdi:
– Əlişir, bu iş təmiz, savadlı yazılıb. Nə üçün buna nömrə vermək istəmirsiniz?
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-dusunmek-isteyirem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Taq-taq-taq...Gülər xala qapı döyəni bu səsdən tanıyırdı, yaşına uyğun olmayan bir cəldliklə qalxıb halqalı açarı götürər, qapıya yaxınlaşardı. Nazlı qonşusuna zəhmət verdiyinə görə xəcalət çəkər, sonra açarı alar, sağ ol eləyib gedərdi.
Müdafiə vəkiliKeçmişdə məktəbli cavanlar arasında bu sözlər çox eşidilirdi: eşq, məhəbbət, hicran, gülü-xəndan, bülbüli-nadan... Çünki onda cavanlar oxuyub qurtaranda evlənməyi, daha doğrusu, aşiq-məşuq münasibətlərini çox düşünürdülər. İndi isə məktəbdə, kitabxanada, institutda, kabinetdə belə sözlər eşidilir:Tema, opponent, elmi rəhbər, referat, dissertasiya, annotasiya...
O yana baxanMənim mənzilim şəhərin mərkəzində, gurultulu küçələrdən birindədir. İki həyət sağımda bir heykəltəraşın emalatxanası var. Hərdən karton, brezent üstündə çəkdiyi şəkilləri, palçıqdan düzəltdiyi şeyləri çıxarıb qapısına qoyur, divarına vurur ki, gəlib-gedən baxsın.Məndən gileylənməsin deyə, qonşumun emalatxanasına baxmağa getdim. Sağ olsun, yaxşı qarşıladı. Dəzgahmdan qalxıb məni salamladı, fırçasını yerə qoydu, ağacını götürdü, döşlüyünü çıxardı, çeşməyini taxdı. Bir-bir çəkdiyi şəkilləri, düzəltmək istədiyi heykəlləri mənə göstərdi:
Pillələr(Oğrunun düşüncələri)*Dünyada hər şey tədriclə olur. Böyük şəhərlər də birdən-birə tikilməyib, yavaş-yavaş, pillə-pillə. Hər iş belədir.
Başqa şairlərin şeirləri
Ay ağalar ay qazılarGöy çadırda duran kimdi
OlsunBütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun
Gəraylı: Məgər bir can nolur, bilməmMəgər bir can nolur, bilməm,Bu qədri dərd-ü-qəm çəksin,
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,