Müdafiə vəkili
Səhifə 1 / 2
Keçmişdə məktəbli cavanlar arasında bu sözlər çox eşidilirdi: eşq, məhəbbət, hicran, gülü-xəndan, bülbüli-nadan... Çünki onda cavanlar oxuyub qurtaranda evlənməyi, daha doğrusu, aşiq-məşuq münasibətlərini çox düşünürdülər. İndi isə məktəbdə, kitabxanada, institutda, kabinetdə belə sözlər eşidilir:
Tema, opponent, elmi rəhbər, referat, dissertasiya, annotasiya...
Çünki indi cavanların çoxu ali məktəbi bitirəndə istehsalatı, inşaatı, tarlanı yox, dissertasiyanı daha çox düşünürlər. Qüvvəsinə inanan elə cavan tapılmaz ki, dissertasiya yazmaq əzmində olmasın.
Keçmişdə savad öyrənənlər eşqnamə məktubları, albom xatirələri yazırdılar, indi dissertasiya yazırlar.
Keçmişdə məhəbbət məktubu nazlı, nazənin qızlara yazılırdı, xəlvət yazılır, xəlvət oxunurdu. İndi isə, təəssüf ki, dissertasiyanı gərək aşkar yazasan, aşkar da oxuna, nəinki oxuna, hətta müzakirədən keçə! Bu da ki məsələni bir az çətinləşdirir.
Axşamüstü işdən qayıdıb naharımı yemişdim, dincəlməyə hazırlaşırdım ki, qapının zəngi vuruldu. Uşaq qapını açanda qoltuğunda böyük kağız bağlaması olan ucaboy, saçıkəsik bir qızın içəri daxil olduğunu gördüm:
– Salaməleyküm, yoldaş filankəs!
– Əleykəssalam!
– Sizə kim lazımdır?
Tanımadığım adam üzünə dikilən suallı nəzərlərimi hiss etdiyindən dilləndi.
– Yoldaş filankəs, mən sizin yanınıza gəlmişəm, - qoltuğundakı bağlamaya baxıb utana-utana - dissertasiyamı gətirmişəm! Hazırdır! Gələn ay elmi şurada müzakirə olunacaq.
"Hazırdır!"
Bu sözü qonaq ucadan, cəsarətlə dedi və mənim üzümə baxdı. Cavab gözləyirdi ki, mən deyəcəyəm:
– Mübarək olsun!
Cavabım qonağın simasındakı qorxu və intizarı dağıdan kimi oldu. Fərəh və sevinc gəncin üzünü işıqlandırdı.
"Hazırdır!" sözünün cavabında müsahibim məmnun qalmışdı.
Ancaq bu cavab rəsmiyyət və nəzakət üçün idi. Sözün əsl cavabı deyilməmişdi. Əsərin tamam hazır olduğunu deyən gəncin nəzərlərində bir xahiş, həm də bir tələb əlaməti var idi.
O, rektorun əmrini səliqə ilə cildlənmiş kitabın içindən çıxarıb mənə verdi və əlini-əlinin üstə qoyub cavab üçün müntəzir dayandı.
Doğrudur, sakit dayanmışdı, ancaq rektorun əmrinin nəticəsini, daha doğrusu, mənim bu vəzifəyə münasibətimi bilməyə çox tələsirdi. Rektorun əmrində həmin əsərin gələn ay elmi şurada müzakirəyə qoyulacağı və bu işə də mənim əsas vəkil təyin olunmağım yazılmışdı.
Vəkil olmaq, başqa bir adamm işinə, əsərinə, zəhmətinə vəkalət eləmək əslində məsul, çətin işdir. Dövlət işinə, elm işinə vəkil olmaq isə da ha çətin vəzifədir. Bu cavan qız - Həsənova Mənzər ali təhsildən sonra illər uzunu zəhmət çəkib qalın bir əsər yazmış, alimlər məclisinə təqdim etmişdir. Məclisin rəisi də müzakirədən əvvəl həmin əsər haqqında əsas rəy deməyi mənə həvalə etmişdi. Mən çox çətin bir vəzifə qarşısında idim.
Çətinlik bir də ona görə idi ki, əsər gətirən adamı mən bir həvəskar alim kimi, bu məsələ ilə məşğul olan mütəxəssis kimi yaxşı tanımırdım. Bəlkə də çoxları tanımırdı.
Möhtərəm oxucularımıza məlum olmamış deyil, belə hallarda, yəni elmi bir əsərə, məsələyə vəkil təyin ediləndə adamın özündən soruşur, razılaşırlar. Məndən sual edə bilərsiniz ki, çox əcəb, sən bu qızı tanımırsansa, bəs vəkilliyi niyə boynuna alırdın?
Burada çox səbəblər var, hamısını saymaq başağrısı olar. Ancaq bir-ikisini deyim:
Əvvəla, həmin elm sahəsində mən hələ ki, yüksək dərəcəli tək mütəxəssis idim. Rektorun müraciətini rədd etməyə əsasım yox idi. İkincisi, əvvəlcədən tanımadığın müəllifin əsərinə qiymət verəndə daha obyektiv olursan. Başqa amillər bu həqiqətə təsir eləmir. Üçüncüsü də budur ki, tez-tez hazır olub gələn əsərlərin hər birinə tanış mütəxəssis axtarmağa dursan, gərək ölkədə kadr hazırlığı deyilən bu axının, ya cərəyanın qabağında dayana biləsən. Xülasə, Həsənova Mənzərin əsərinə mübarək deyib bir tərəfə qoydum, əyləşməsini xahiş etdim və bəzi suallar verdim:
– Əsər harada hazırlanmışdır?
– Rəhbər kim olub?
– Mənbələrə münasibət necə olub?
– Elmi nəticələr, nəşrə gedən hissələr?
– Tədqiqat institutunda və şöbədəki müzakirələr?
Mənzər suallarıma tutula-tutula cavab verirdi. Demək istəyirdi ki, bunların hamısı aydın məsələlərdi, sözarası tez-tez qeyd edirdi ki, əsərə rektorluqda baxıblar, yaxşı xasiyyətnamələr var, gələn ay müdafiə olacaq. Avtoreferat da çapdan çıxır, sabah, ya biri gün...
"Gələn ay" iki həftənin sözü deməkdir. Bu gün ayın 24-dür. Bir həftədən sonra ay təzələnir. Müdafiəyə gələn bir əsəri də on beş-iyirmi gün qabaqcadan verməsən şuraya qoya bilməzlər.
Belə bir vaxtda iki yüz əlli səhifəlik bir əsəri oxuyub rəy vermək, xüsusən, mənim kimi ehtiyatlı bir adam üçün imkansız idi. Ona görə də rədd eləmək, vaxt azlığını bəhanə gətirmək istədim.
Bir də düşündüm ki, qonaq üçün vaxt uzatmaq asandır. Xahiş edərəm, dilimdən tutularam, əsər boynumda qalar. Qonağa müəyyən bir cavab vermək mümkün olmadı:
– Mən dedim, əsərinizlə müxtəsərcə bir tanış olaram, sonra sizinlə söhbət edərik.
– Vaxt barəsində deyirsinizsə...
– Hər barədə, qoy bir əsərlə tanış olum, sonrası məlum olar.
Qonaq başını aşağı saldı. Xudahafiz eləyib getmək istəyirdi, vacib bir şey xatırlayan kimi, mənə tərəf qayıtdı:
– Onda bəs, yoldaş filankəs, mən sizi bir də haçan narahat eləyə bilərəm?
– Gələn həftənin axırında, zəng vurun, şərtləşək!
– Oldu!
Qonaq getdi, hərçənd müntəzir getdi. Amma mənim üçün xeyli iş qoyub getdi.
Cildxanada səliqə ilə hazırlanmış dörd-beş kilo ağırlığında olan dissertasiyanı vərəqləyib oxumaq istədim.
Müəllif başda bir müqəddimə yazıb, poemanın mədəniyyət üçün əhəmiyyətindən, mənbələrin azlığı və əlçatmazlığından xeyli danışandan sonra nə vaxt, hansı arxivdə, muzeydə, fondda necə çətin şəraitdə fədakarlıqla işlədiyindən uzun-uzadı söhbət açıb, axırda da "temanın işlənməsində öz qiymətli məsləhətləri ilə ona kömək edən" bir sıra alimlərin, vəzifəli şəxslərin adını çəkib və qabaqcadan minnətdarlığını bildirib.
Söz yox ki, ahəngi və yazılışı heç xoşuma gəlməyən bu müqəddimə haqqında bir şey deməyi lüzumsuz saydım. Çünki, bərkə qalanda otuz səhifəlik bu əlavəni çıxarıb atmaq çətin deyil. Əsərin qiymətinə xələl gəlməz, əksinə, bir az da yığcamlaşar.
Əsas mətləbə keçmək lazımdır.
Müəllif dissertasiyasını ədib Ötkəmlinin əsərlərində tərbiyə məsələsinə həsr edib.
Bu mətləbin də öz müqəddiməsi verilir: göstərilir ki, ədəbi əsərin tərbiyəvi əhəmiyyəti var. Dədədən-babadan savadlı uşaqlar, gənclərin oxuduqları əsər həmişə yadında qalır. Hətta, Zaloğlu Rüstəmi, vətənimizdə böyükdən kiçiyə hər kəs tanıyır və məhz məşhur fars yazıçısının əsəri sayəsində tanıyır.
Ötkəmlinin əsərlərindən əvvəl özünün fəaliyyətindən ağızdolusu bəhs olunur: "Xalqımızın ləyaqətli oğlu Ötkəm Ötkəmli ictimai fəaliyyətə filan kənddə, hələ on beş yaşında ikən qolçomaqlar, istismarçılar, parazitlər, tüfeylilər, ruhanilər, mollalar, axundlar, mərsiyəxanlarla qəti, kəskin, inadlı, ardıcıl... mübarizə aparılan zaman başlamışdır..."
Əsərlərin təhlili verilən yerdə də müəllif bu qayda ilə şirin sözlərə olan səxavətini əsirgəmirdi. Əsəbilik, başağrısı, məcburiyyət ilə oxunan neçə kiloluq bir kitabın elə yeri olmadı ki, suallar, xitablar, qeydlər, cızıqlarla qaralanmasın.
Axıra çatanda daha hövsələm gəlmədi, əsəri qatlayıb bir kənara qoydum. Kənara qoydum, ancaq məni fikir götürdü:
– Müəllifə nə cavab verməliyəm? Şairlər demişkən, qaldım xof ilə rica arasında, od ilə su arasında. Sabah ümid və intizar ilə qapıma gələn qıza nə deyəcəyəm? Bizim zəmanəmizdə birisinin əsəri haqqında ən kəskin tənqidi fikri nəzakətlə söyləmək dəbdir.
Bilirsinizmi, yaxşı yazmısmız, göstərmisiniz, vacib tema barəsində bir tərəfdən də, mümkün qədər, arzu olunardı ki, qüvvəniz daxilində, ümumi ahəngə xələl gəlmədən eləmək olardı ki, elmi nəticələr haqqında bir qədər, necə ki lazımdır, məsləhətdir və oxucunun xahişi və mətləbini nəzərə alınmaq babətindən ola bilsin ki, düşünülə bilər., və sairə...
Ancaq nə qədər nəzakətlə deyilsə də, belə yazıların müəllifi inciməli, tərləməli olur.
İncimək bir kənara dursun, dissertasiya, sadə bir əsər deyil, bu, yalnız oxunmaq, yayılmaq üçün yox, ən ümdəsi, elmi ad almaq üçün yazılır. Oxunmasa, yayılmasa da, keçər. Ancaq ad alması vacibdir. Zehnimdə yaranan tənqidi fikirlər belə bir yazının dissertasiya olmağına imkan verə bilməz. "Xatir-könül" üçün də bunların üstündən keçmək, güzəşt eləmək mümkün deyil, xüsusən, mənim üçün mümkün deyil. Heç bir şəkildə mümkün deyil!
Rədd eləmək də, cavan bir həvəskarın illər uzunu, zəhmətini yerə vurmaq, ümidini qırmaq, ailəsini məyusluğa salmaq, insafsızlıq və camaat içində lənətə gəlmək demək idi.
Bəs mən nə etməliyəm?
Bir yandan institut, elmi şura, hazırlıq, müdafiə, bayram tədarükü... o biri yandan peşmançılıq, xəcalət, qan qaralması... Od ilə su arasında qalmışdım. Belə bir vəkaləti öhdəmə aldığım dəqiqəyə, saata nifrət etmək istəyirdim.
İki yol var idi: biri müəllifə açıq demək, rədd etmək, biri də xəstəliyi bəhanə gətirib oxumağa imkan olmadığım demək idi.
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-mudafie-vekili
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gənc tələbə Ramazan Əlizadə səhiyyə şöbəsində ərizəsinə dərkənar qoydurub, tələsik müalicəxanaya yollandı, qırmızı mürəkkəblə və xırda xətlə yazılmış dərkənar bu məzmunda idi: "Təcili tibbi yardım göstərməli".Ramazan atasının başına gələn bədbəxt hadisədən təşvişə düşmüşdü. Atasız qalacağını təsəvvür etdikcə beyninə bir ağrı dolurdu.
İstifadə– Yolçu, oradan müəlliməni səslə, bir az söhbət eliyək...İdris bunu deyəndə, mən həm sevindim, həm də narazı qaldım. Sevindim, ona görə ki, bilikli, məlumatlı adamlar ilə həmsöhbət olmaq adamın məlumatını artırar. Belə adamlardan çox istifadə etmək olar. Narazı qaldım ona görə ki, yazın günündə, istirahətə çıxdığımız yerdə nə istifadə bazlıqdır.
Təzə toyun nəzakət qaydalarıQardaşlığım kooperativdə işləyirdi. Anası da mağazaların hansındasa satıcılığa təyin edilmişdi. Vaxtı yox idi, görüşə bilmirdik. Bu axşam ona rast gəldim.– Soyuq! Etibarsız! - deyə məni çox danladı. Bərk tapşırdı ki, sabah Bəhlulun toyudur, gələrsən.
Bostan oğrusu1Gecənin bir aləmində Durmuş kişi yerindən qalxıb, ətrafa göz gəzdirdi. Axşamkı qaranlıq, ayaqlanan palçıq kimi bərkimiş, qatılaşmışdı. Göz gözü görmürdü. Qardaşı Kərbəlayı Tapdığın üzüm bağı bir ləkə kimi güclə seçilirdi. Hava bürkü idi. Hər şey əriyirmiş kimi, göy yerə qarışmışdı.