Səhifə 2 / 2 · 50%

Bunların heç birinə mənim üzüm gəlməzdi və gəlməyəcək idi.

Belə hallarda mən, adətən, üçüncü bir tədbirə əl atırdım. Müəllifi yanıma çağırır və ikilikdə ona danışırdım:

– Əzizim, sənin yazdığın bir əsər deyil, dediyin məqsəd üçün də yaramaz, bunun vəkalətini məhz öhdəmə ala bilmərəm. Ancaq mən bu fikrimi aşkara salmaq, səni ad almaqdan məhrum eləmək niyyətində deyiləm. Ona görə də bir daş altdan, bir daş üstdən! Nə sən bu əsəri bura gətirmisən, nə də mən bunu oxumuşam. Apar bacarırsansa, başqa alimlərlə müdafiəni keçir, Allah xeyir versin! Mən bu əsər barədə heç yerdə heç kəsə heç bir söz deyəsi deyiləm. Mən oxumamışam, xəbərim də yoxdur. Müdafiə şurasına da gəlmərəm. Vəssalam!

Canımı dişimə tutub dediyim bu sözlər Mənzərə çox ağır təsir bağışlamışdı. Üz-gözündə tər damlalarını aşkar görür, görməməzliyə vururdum. Qız dilləndi:

– Sizsiz bunu müdafiəyə buraxarlarmı, yoldaş filankəs?

– Niyə buraxmırlar? Buraxarlar, mənfi rəy olmasa, buraxarlar.

– Bəlkə, elmi şurada mütəxəssis kimi sizin rəyiniz zəruri oldu.

– Elə eləmək lazımdır ki, belə bir zərurət yaranmasın.

Qorxuram yarana.

Üçüncü tədbir də burada kömək edə bilmədi.

– Bəs nə etməli?

Aralığa qəmli bir sükut çökdü...

Əsər yazan qız, əllərini dizinin üstünə qoyub məyus-məyus üzümə baxır, susurdu.

İndi onun susmaqdan başqa əlacı yox idi. O susur, bir möhtac, bir məzlum kimi mənim üzümə baxırdı.

Doğrudan da ona zülm olunmuşdur. Bu zülm döymək, söymək, məhrum eləmək yolu ilə yox, əksinə, tərif və güzəştlər yolu ilə edilmişdi. Ali məktəbdə, sinifdən-sinfə keçəndə, kamal imtahanlarında, aspirant qəbulunda... Hər yerdə ona güzəşt eləmişdilər. Bəlkə də, bu güzəştlərə özü imkan və şərait yaratmışdı. Axı, o, məktəbdə tələbə vaxtı həmkarlar komitəsi sədri idi, ictimai işlərdə çalışmaq cəhətindən professorların yoxlama saatlarına gec gedir, tez çıxırdı, özü də bu vəziyyətindən çox məmnun idi. Ondan kitab səhifələri, tarix, fakt, düstur soruşurdular. Hamı onu "imtahan etdim" demir, "buraxdım" deyirdi. İclas, müşavirə, yürüş, konsert, ötüşmə tədbirləri onu daha çox məşğul edirdi. Mənzər ancaq indi dərk edirdi ki, buna edilən hörmət və güzəştlər nəticə etibarilə zülm və məhrumiyyət imiş.

O, bu acı həqiqəti dərk etdiyi üçün sakitcə oturub mənim üzümə baxır, öyrəndiyi, adət etdiyi güzəştli sözlərdən heç olmasa, birini, heç olmasa, axırıncısını eşitmək istəyirdi.

Bəlkə də yox, sürətlə addımlayıb sağa gəldiyi çətin yollara baxır, keçilməz bir çəpər qarşısında dayanıb məndən kömək istəyirdi.

Mən dillənməli oldum, elm yollarına çıxan və köməyə möhtac olan bir azərbaycanlı qızın ağır vəziyyəti məni dillənməyə məcbur etdi:

– Sən ali məktəbdə oxumusan, tədqiqat işinə bələdsən: elmi işin xarakterini bilməmiş deyilsən, bəs necə olub ki, belə başdansovma bir yazını hazırlayıb cildə vermisən, müzakirəyə gətirmisən, bəs, bir diqqətlə yoxlamamısan?

– Müəllim, rəhbərim xəstədir, az görüşmüşük.

– Rəhbər adama əsər yazmaz, o yan-bu yandan surət çıxarmaq yox, tədqiqat aparmaq, axtarmaq, əhatə etmək, dərin düşünüb ümumiləşdirmək, yeni, maraqlı, əsaslı elmi nəticələr vermək lazım idi.

– Müəllim... məni...

Mən görürdüm ki, Mənzər indi öz vəziyyətini dərk etmişdir. İlk gəlişində hiss etdiyim tələb və iddia tamam ötüb getmişdir.

– Müəllim, ancaq, güman edirəm ki, mən bu sahədə tamam itmiş bir adam da deyiləm. Göstəriş olsa, mən zəhmətə qatlaşanam! Sizi inandırıram!

– Qətiyyən mən sizin işinizi ümidsiz saymıram. Ancaq atalar de-mişkən, bu xəmir çox su götürər! Xanım, mən heç kimsəyə pislik etməmişəm, handa qalmış sizin kimi gənc bir azərbaycanlı qızın əsərinə mənfi rəy deməyə dilim gəlməz. O biri tərəfdən də elmin öz tələbi, səviyyəsi var. Aşağılara enmək, onun səviyyəsini ibtidai pilləyə gətirmək deməkdir. Bunu da mən bacarmaram. Elmin şərəfini gərək qoruyaq!

Gəlin belə şərtləşək: sən bu əsəri nə mənə gətirmisən, nə mən oxumuşam, nə də xəbərim var. Bu barədə heç bir şey bilmirəm və kimsəyə də bir söz demirəm. Aparın başqa bir mütəxəssis baxsın, bəlkə müsbət fikir deyəcək, buraxacaqlar. Sizə ad verilməyinə mən əmin olun ki, mane olmaram. Belə xəyal eləyin ki, xəbərim yoxdur, deyin xəstə idi, oxuya bilmədi və belə şərtləşək, narazı qalmazsınız ki?

Mənzər xanım mənim imtina etdiyimi eşidəndə çox məyus oldu, pul kimi qızardı, başını aşağı saldı. Xeyli sükutdan sonra deyə bildi:

– Müəllim, mən əməkdən qorxan deyiləm, aylar yox, illər ilə işləməyə hazıram. İndi mənə aydın olub ki, əsərdə çatışmazlıq çoxdur. Siz ki o zəhmət və diqqətlə oxumuşunuz, bilmirəm, nə dil ilə minnətdarlıq eləyim.

– Bunları bilə-bilə müdafiəyə tələsmək nə üçün?

– Xeyr, mən tələsmirəm, institut plana salmışdı. Onlar deyirdilər.

– instituta raport lazımdır, yəqin, sizə isə əsər, adam qabağına çıxası ləyaqətli əsər!

– Mən bunun üçün gecə-gündüz çalışmağa hazıram! Kömək üçün sizə ömrüm boyu minnətdar olaram. Sizin tələbləriniz mənim üçün qa nundur. Hərfinəcən düzəltməyə söz verirəm.

– O halda, sənə institutda raport hazırlanmağına tələsmə.

Səliqə ilə maşında yazılmış, gözəl cildlənmiş, üstünə müsbət rəylər qoyulmuş əsər sökülüb dağıldı, fəsil-fəsil təzədən işləndi. Hər fəsli işlədikcə, Mənzər yeni mənbələrə əl atır, yeni nəticələrə gəlir, hökmlərini əsaslandırırdı. Mənzər üç dəfə başqa respublikaların arxivlərində, tədqiqat idarələrində işləməli, əsərində gətirdiyi faktları yoxlamalı, dərinləşdirməli oldu. Elmi konfransların birində məruzə etdi, məruzəsini də həm ana dilində, həm rusca nəşr elətdirdi. Mən qızın işləmək əzminə, dözümünə, arxivlərdə, kağızlar arasında gün keçirməyinə şad idim. Hər fəsil əldən çıxanda, bəyəniləndə Mənzər bir boy ucalır, özünə inamı artırdı. Hər görüşündə qız səmimi etiraf edirdi:

– Mənim bu yazı-pozumun birinci xeyirxahı siz oldunuz, məni qəflətdən ayıltdınız. Ömrümdə unutmaram!

Mənzərin əsəri bir il sonra müzakirəyə gəldi. Bir səslə də qəbul olundu.

Odur-budur, Mənzər əsərini birinci növbədə diqqətli, inadcıl, müşkülpəsənd adamlara oxuyur, tənqidləri eşitməkdən, düşünməkdən qorxmur.

Kitabçasmda "əla" qiymət yazılan bir neçə elmi bəhsi yenidən öyrənmək üçün leksiyalara gəlir, vaxtının çoxunu kitablar, arxivlər, elmi seminarlarda keçirir. Gündən-günə mütaliəyə meyil və marağı artır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Həkim Cinayətov

Gənc tələbə Ramazan Əlizadə səhiyyə şöbəsində ərizəsinə dərkənar qoydurub, tələsik müalicəxanaya yollandı, qırmızı mürəkkəblə və xırda xətlə yazılmış dərkənar bu məzmunda idi: "Təcili tibbi yardım göstərməli".Ramazan atasının başına gələn bədbəxt hadisədən təşvişə düşmüşdü. Atasız qalacağını təsəvvür etdikcə beyninə bir ağrı dolurdu.

19304 dəq
İstifadə

– Yolçu, oradan müəlliməni səslə, bir az söhbət eliyək...İdris bunu deyəndə, mən həm sevindim, həm də narazı qaldım. Sevindim, ona görə ki, bilikli, məlumatlı adamlar ilə həmsöhbət olmaq adamın məlumatını artırar. Belə adamlardan çox istifadə etmək olar. Narazı qaldım ona görə ki, yazın günündə, istirahətə çıxdığımız yerdə nə istifadə bazlıqdır.

193213 dəq
Təzə toyun nəzakət qaydaları

Qardaşlığım kooperativdə işləyirdi. Anası da mağazaların hansındasa satıcılığa təyin edilmişdi. Vaxtı yox idi, görüşə bilmirdik. Bu axşam ona rast gəldim.– Soyuq! Etibarsız! - deyə məni çox danladı. Bərk tapşırdı ki, sabah Bəhlulun toyudur, gələrsən.

193412 dəq
Bostan oğrusu

1Gecənin bir aləmində Durmuş kişi yerindən qalxıb, ətrafa göz gəzdirdi. Axşamkı qaranlıq, ayaqlanan palçıq kimi bərkimiş, qatılaşmışdı. Göz gözü görmürdü. Qardaşı Kərbəlayı Tapdığın üzüm bağı bir ləkə kimi güclə seçilirdi. Hava bürkü idi. Hər şey əriyirmiş kimi, göy yerə qarışmışdı.

193512 dəq

Başqa şairlərin şeirləri