(Oğrunun düşüncələri)

Dünyada hər şey tədriclə olur. Böyük şəhərlər də birdən-birə tikilməyib, yavaş-yavaş, pillə-pillə. Hər iş belədir.

Görürsən, birini böyüdüb qoyublar lap yuxarı qulluqda, nərdivanın başında. Adam ona baxanda ulduza baxan kimi, az qala papağı düşür.

Elə bilirsən, o da həmişəlikdir, yox. Bir də görürsən budur, hərif kəlləmayallaq gəldi yerə. Bir də, yerdə də bənd almadı. Yerdən də keçdi. Getdi lap quyunun təkinə. Niyə belə oldu? Çünki kəlləçarxa tədricən çıxmamışdı. Danqırat ilə, kranla birdən-birə qalxmışdı. Pillə-pillə çıxsaydı, pillə-pillə də düşərdi, hər şeyin qaydası var.

Amma mənimki elə olmadı. Mənim çıxmağım da düşməyim kimi, ağıllı, qaydasında oldu. Nərdivanın pilləsi ilə pişik necə səliqə ilə düşər, mən də elə düşdüm. Heç ruhum da incimədi.

Ticarət Nazirliyində müfəttiş olanda gözüm ayağımın altını görmürdü. Hara getsəm, yer titrəyirdi, yer yerişimdən minnət çəkirdi. Mağaza müdirləri başıma dolanırdı:

– Yoldaş Qürbətov, bura buyur, yoldaş Qürbətov, bəridən əyləş! Deyirəm, adə, adə, a filan-filan olmuş, Qürbətov, sənin dəxilinə girəsi deyil, bədbəxt oğlu bədbəxt, neyləmisən, eləmisən, şotunu düz çıxart, hesabını düzəlt qoy ora! Qürbətov da yuxarını-aşağını mülahizə eləsin. Müsəlmanı bəyəm başa salmaq olur, nə yazdılar və yazmadılar, bir də gördüm, böyüklərim məndən üz döndərir. Daha gözləmədim. Tez özüm ərizə verdim, çıxdım.

Yoldaş nazir, deyirəm, yorulmuşam, inspektor işini apara bilmirəm, qadan alım, məni yüngül işə!...

Nazir özü Allahdan istəyirmiş. Tez götürdü rayon univermağma şöbə müdiri qoydu.

Burda həm işim az, həm də gəlirim çox. Allah bərəkət versin. Həm dolanırdım, həm dolandırırdım. Qaydasında gedirdim. Su bir yerdə qalanda iylənər, bir-iki il işlədim, gördüm, doğrudan da, mən iylənirəm. Yəni üfunətim yan-yörəmə düşür. İnsan gərək artıqtamah olmasın, müdir işarə vuran kimi, götürdüm, ərizə verdim, döngə mağazaya müdir getdim. Oradan raymağa, oradan xırdavat dükanına, oradan gəldim çıxdım su budkasına!

Su budkası... Görürəm ki, mənim düşməyim lap səliqə ilə, pillə-pillə olur. Nə özüm inciyirəm, nə də böyüklərim. Futbol topu kimi, balaca bir təkan ilə gillənib gedirəm üzüaşağı.

Əlbəttə, belə yaxşıdır. Kəlləçarxdan gələndə aləmə səs-səda düşür. Elə bil, mağaza uçdu. Hamı qulağını şəkləyir ki, görəsən, filankəsin başında nə var, ayağında nə var.

Amma indi mənim nə başıma, nə ayağıma baxan var. Oturmuşam balaca bir su budkasında, şüşələrin arasında, başardıqca camaatı sərinlədirəm. Allahın sirop kranını Uruset inəyindən çox sağıram. Sağıram, hələ ki, dindirib tərpədən yoxdur. Tərpətmək deyəndə, bundan sonra daha aşağıda bir pillə yoxdur ki, enəm. Budkadan aşağı haraya enəcəyəm, pensiya vaxtım da hələ hara, məndə o baş, o yaş hanı?

Bir pillə də ensəm, gərək düz qəbiristanlığa enəm.

Əlbəttə ki, o da olacaq. Gün gələcək ki, tabuta qoyub yaş qəbrə də sallayacaqlar.

Amma yenə şükür, şükür ki, ehmallıca sallayacaqlar, daha kəlləçarxdan atmayacaqlar. Yavaşca qoyacaqlar. Bir qarış yerim var, order olsa da, olmasa da, mənə verəcəklər. Onu yəqin bilirəm ki, verəcəklər. Çünki mən öz yerimə pillə-pillə gəlmişəm, təsadüfən, birdən-birə gəlməmişəm. Bu yer mənə ana südü kimi halaldır.

Kimin nə sözü var.

Nə dalımca müfəttiş, nə yoxlama, nə akt, nə milis, nə istintaq! Tabutun içində uzananda insan doğrudan da, necə rahatlamr, dünyanın bütün ağrıları canından çıxır. Axır mənzil həmişəlik olur, qismət olsa görərik.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Silah qardaşları

1Böyük otaqdan dəhlizə, dəhlizdən də dalana açılan qapılar örtülməmişdi. Üzü pəncərəyə, arxası qapıya dayanıb namaz qılan Səltənət yenicə başını qaldırmışdı ki, həyət qapısı açıldı. Mehribanın uşağı kim ilə, nə isə danışdı. Dalanda və sonra daş pilləkənlərdə ayaq səsləri eşidildi. Səltənət bu zaman əllərini göyə qaldırıb dua edirdi: kim bilir, bu saat hansı səngərlərdə dayanan, ya çətin yollarda at sürən, düşmənlə tutuşan, gülləni-gülləyə calayıb, qan-tər içində top atan oğlunu – Nəcəfi nəzərinə gətirir, özü hiss etmədən səsini ucaldırdı:

194520 dəq
Mənim də haqqım var

Konduktor Kazımı kadr şöbəsinə çağırıb dedilər ki: "Sabahdan sən qatarda müfəttiş olacaqsan!" O, təəccüblə soruşdu:– Niyə?

19458 dəq
Salam

Vağzal səkisinin enli, daş pilləkənlərindən enib uzaqlaşanda, köç yolunun başına çıxanda Salamın ürəyi döyündü. Buraya iri, yeyin və bərk addımlarla yeriyərək, ətrafındakı hər şeyə etinasız olan ucaboy gənc əsgər atəşi azalmış maşın kimi yavaşıdı və yerişini dəyişdi. O yalnız yerişini yox, duruşunu, baxışını, hərəkətini, fikir-xəyalını da dəyişdi.Atəşi... yox, atəşi azalmadı. İgidlər damarında yanan bu atəş istiqamətini dəyişdi. Alov Salamın qəlbinə axdı. Əsgər sinəsində yeni, isti bir hərarət duydu. Şiddətli və sərt boranlar qoparaq, ilıq yaz günəşinin hərarəti ilə köpürüb oyanan və çoxdan quruyub saxladığı bitkilərə: "Ç ıxın!" – deyən məhsuldar şum zəmiləri Salamın yadına düşdü. Ona elə gəldi ki, sinəsindən isti qalxır, ürəyindəkilər-buradan apardığı və sağ-salamat qaytarıb gətirdiyi bütün hisslər bahar suları kimi qaynamaq, aşıb-daşmaq istəyir.

19459 dəq
Gözətçi

Yayın yandırıcı günlərindən biri idi. Günəş günorta yerindən xeyli enmiş, kölgələr düşmüşdüsə də, isti şiddətlə davam etməkdə idi. Şəhərdən Mərdəkana doğru yollanan minik maşınları gümüş kimi şümal asfalt üzərində süzüb gedirdi.Bu maşınlardakıların çoxu işdən çıxıb bağa, ailəsinin yanına gedən şəhər fəhlə və qulluqçuları idilər. Onlar, deyəsən, istidən qaçırdılar. Bağda, əncir ağaclarının kölgəsində oturub sərinləməyə tələsirdilər.

19456 dəq

Başqa şairlərin şeirləri