Gör fələk nə sayır
Talib Fətiroğlu öz işini bilən adamdır. İki-üç ildir işləyir. Rayonun, necə deyərlər, cikini də bilir, bikini də. Özü əmanət kassasında hesabdardır. Ancaq adamların təkcə pulları yox, ürəyi də onun yanında əmanətdir.
Bir də görürsən bığlı bir kişi qapıdan girib barmağı ilə işarə verdi:
– Talib qardaş, bir bura zəhmət çək!
Talib da qələmi yerə qoyub piştaxtanın qabağına gəldi:
– Nə deyirsən, alım, ya almayım?
Bığlı kişi lotereya satan plakatı göstərib məsləhət istəyir.
– Al, al! Ancaq buralardan yox, fəhlə rayonlarından al! Oraların şansı çoxdur.
Ya görürsən işin qızğın vaxtında telefon özünü öldürür. Talib dəstəyi götürən kimi, dərdi-dil eləyirdi:
– A filankəs, axşamüstü bir zəng vur. İndi hava buluddur.
Bəli, Talib hesabdar işləyir, rəqəmlərə baxırdı. Amma dünyanın bütün işlərini bilirdi.
Gün o gün oldu ki, Talib evlənmək eşqinə düşdü. Evlənmək insanın həyatında dedikcə məsuliyyətli və ağır bir işdir. Bəlkə buna görə Talib çox düşünür, götür-qoy eləyirdi. Pul məsələsi, məhəbbət, gələcək həyat, səadət...
Talib bunlarımı düşünürdü?
Yox!
Sizi inandırıram ki, bunlar onun heç nəzərində yox idi. Pulu kifayət qədər idi. Məhəbbət də heç vecinə deyildi. Bəs nəyi düşünürdü? "Kimi alım?"
Deyəcəksiniz bu sual təbii və qanuni sualdır. Amma Talibin mətləbi ayrı idi. O, alacağı qızı yox, onun qohumlarını, valideynlərini öyrənirdi.
Talib gözəl qız axtarırdı? Xeyr, axtarmırdı.
Talib varlı-karlı yerdən qız, ya arvad axtarırdı.
Bir axşam festivalda öyrəndi ki, bu eynəkli qız ispalkomun qızıdır.
– Nə danışırsan?
– Başın haqqı, ispalkomun qızıdır. AMİ-də oxuyur.
– Boşdurmu, görəsən?
– Boşdur.
– Onu mənə Allah yetirib.
– Qaraquşun payı yuvasında çatar.
Talib kəmərini çəkdi, saçını daradı, yaxasını bağladı, damağına bir papiros alıb qıza yanaşdı:
– Tanış olaq, deyəsən, siz ərəb qızından avtoqraf almaq istəyirdiniz?
– Camaat əlindən yanaşmaq olur ki heç?
– Dəftərçənizi mənə verin, bu saat!
Qız dəftərini çıxardı, Talib alıcı quş kimi özünü növbəyə duran cavanların içinə toxudu:
– Yoldaş, bir dayan görüm!..
O günlərdə şəhəri gəzən ərəb aktrisası Nəimə Akifin şöhrəti dünyanı tutmuşdu. Hər kəs ondan bir yadigar almaq istəyirdi. Talib bir şey itirmiş uşaq kimi yerə yatdı, dayananların qıçı arasından qabağa sürüşüb aktrisanın yanında bitdi. Dəftərçəni düz Nəimənin sinəsinə dayadı. Nəimə birdən-birə peyda olmuş bu adama təəccüb elədi. Sonra onun zirəkliyinə güldü. Əlindəki qələmlə dəftərçəyə bir sətir yazdı:
"Daha sənə sözüm yoxdur, afərin!"
Talib göründüyü kimi də yox oldu, dəftərçəni hörmətlə gətirib qıza təqdim elədi:
– Xanım, ayrı nə qulluq?
İspalkom qızı bütün arzularına nail olmuş kimi sevindi, gözləri bövüdü: J
– Çox sağ olun, necə yazdırdın, nə tez?
Talib qürrələndi:
– Belə şeylər mənim əlimdə su içməkdir, başqa nə qulluq?
O gündən sonra ispalkom qızını Talibin qolunda tez-tez görmək olardı.
– Tamilla, çox xoşbəxtəm ki, sənin mərhəmətinə nail ola bilmişəm.
– Ədə, az qırıldat, bura sənə şeir dərnəyi deyil.
– Vallah, düzünü deyirəm. Sənin yanında özümü şah balası kimi hiss eləyirəm.
– Gedək, bəsdir, anam savaşar.
İspalkomun evinə ayaq basmağı Talıbm həyatında, demək olar, əlamətdar bir gün oldu. İçəri girən kimi, Talib döşəmədən tavana qədər otaqları süzdü. Burada almalı-satmalı nə desən, yox idi? Quba xalçası, çex şüşəsi, macar kürsüləri, Kiyev servizləri...
Talib sevincini gizlədə bilmədi.
– Tamilla, – dedi, – bura sizin zalınız sayılır, eləmi?
– Nə hesab eləyirsən elə.
Tamillanın bu cavabı Talıbm canına yağ kimi yayıldı: "Nə hesab eləyirsən, elə." "Qız açıq deyir, deyir ki, bu ev-eşik sənə qurbandır. Hələ bu harasıdır, qoy bir camaat bilsin ki, mən filankəsin kürəkəniyəm, gör ondan sonra nələr olacaq, nə hörmət, nə izzət başlanacaq!.."
Doğrudan da, Talib yanılmamışdı. Toy gününün sabahı onu əmanət kassasına müdir təyin elədilər. Ondan bir neçə ay sonra Talibi maliyyə şöbəsində müdir stolunun qabağında oturan gördülər. Amma havıf ki, bu ucalma, yoxuşa dırmaşma uzun sürmədi. Bütün yoxuşu çıxanlar kimi, Talib da yoruldu. Demirəm ki, təngnəfəs oldu. Yox, Talib özü dayanmadı, onu yolda dayandırdılar.
Əhvalat belə oldu. Növbəti seçkilərdə ispalkomun adı yeşikdə qaldı, camaat onu seçmədi.
Qayınata seçilməyəndən sonra maliyyə şöbəsində Talıbm kürsüsü də laxladı. Ona xəbər verdilər ki, "qardaşoğlu, özünə ayrı idarədə iş tap, bura sənin yerin deyil!"
Elə bil Talibi ilan vurdu: ay dad, ay bidad!
– Canım, qayınatamın işlərinin mənə nə dəxli?.. O, böyük partiyaçı, mən hesabdar adam...
– Dəxli çoxdur, sən evlənən kimi burada müdir oldun.
– Məni hökumət müdir elədi.
– İndi də səni hökumət çıxardır!
– Axı, mənim qayınatam...
– A kişi, qayınatanın adını niyə çəkirsən?
– Əşi, onu bəyəm, mən çəkirəm? Onun adının üstündən gəlib bura çıxmışdım, indi də ki... Eşşəyə minmək bir ayıb, düşmək iki.
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-gor-felek-ne-sayir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nuxadan yuxarılara, dağlara doğru dırmaşdıqca quru və ya çəmən yerlər azalır, meşəlik, cəngəllik çoxalır.Qafqaz dağlarının cənuba sallanıb gələn ətəklərində hər qarış yer yaşıllıq, kolluq, ağaclıqdır. Göyün vüsətini yerə, yerin qüdrətini göyə göstərən zümrüd gözlü şamlar baş-başa verir, günəşdən nur, torpaqdan qürur alır, ətrafa sağlamlıq yayırlar. Ağaclar, otlar arasından, hər addımda sağa-sola burulan nazik cığırlar içindən həzin bir şırıltı eşidirsiniz. Əvvəlcə göyə baxır, ağac başında hansı bir quşun səsləndiyini güman edirsiniz. Diqqətlə fikir verəndə kollar altından bulaq suyunun işıldadığını, şırıldadığını görürsünüz. Bu sular nə qədər təmiz, duru, nə qədər də sərin olur! Buralarda elə kənd olmaz ki, bu cür bulaqları ilə fəxr eləməsin, elə kəndli olmaz ki, yayın istisində, beşdə-üçdə bir, işini qurtarandan sonra uşaqlarını başına yığıb bu yerlərə dincəlməyə, süfrə açmağa, kabab yeməyə gəlməsin.
Zəhmət, ağıl, bəxt(Nağıl kimi)*Yamacda, qara torpaqda kotan sürən bir kişinin başında mübahisə düşdü.
HavapərəstlərHəkim, Əsədə tapşırmışdı ki:– Sizin müalicəniz dəniz havasıdır. Gündə iki-üç saat sahildə əyləşin, əsəblərinizi dincəldin. Ayn dava-dərman lazım deyil.
Kəhərin son günləriBir zaman yeriyəndə yer titrər, kişnəyəndə göy gurlardı. Hanı vuruşma meydanları, hanı ötüşmələr, hanı igid süvarilər, pəhləvanlar, qılınc, qalxan şaqqıltısı!?Çiynimdə Rüstəmi Rüstəm eləmişəm, Suvorovu Karpatlardan keçirmişəm, Koroğlunun silahdaşı olmuşam, Napoleonu yer üzündə gəzdirmişəm, süvari ordusunda neçə-neçə cəbhələr yarmışam, hünərlər göstərmişəm. Gör indi iş hara çatıb ki, məni gətirib əyləncə arabasına qoşublar, cilovumu uşaqların əlinə veriblər...
Başqa şairlərin şeirləri
Olubdu qəm yatağı, şad gördüyün könlümDağıldı qüssədən, abad gördüyün könlüm.
Qoşa qartalO qartal şəninə mən,Nəğmə yazdım sübhə kimi.
AlçaAlçadan özgə məgər yoxdu təamın, Yusif,Alçadan oldu mənə töhfə salamın, Yusif.
Gəraylı: Xəbər olsun yar-dostaXəbər olsun yar-dosta,Bu fanidən köçdü Qubad.